Flaş / Gündəm / Publisistika
13:59, 18 dekabr 2022
399
0

Lider və ətrafı

Azərbaycanda belə bir ironik deyim var: biri soruşanda ki "necəsən?",  o biri cavab verir ki, "özüm yaxşıyam, ətrafım pisdir"...
Xalqın bu eyhamı hara vurduğu, əlbəttə, kimsəyə sirr deyil. Ancaq obyektivlik naminə deməliyəm ki, bu problem təkcə bizdə də deyil. Qonşularımız Rusiyada, Türkiyədə, İranda da var. Düşünürəm ki, hətta Amerikada, Fransada da yox deyil.

Ətraf həmişə lideri idarə etməyə, yönləndirməyə, necə deyərlər, "fırlatmağa" çalışır. Bir az da dəqiq ifadə etsək, onu formal fiqura çevirərək, hər şeyə özü qərar verməyə səy göstərir və çox zaman da buna nail olur. Yalnız çox güclü şəxsiyyətlər ətrafın tam girovuna çevrilməyə bilirlər.
 
"Nəsimi" filmində Əmir Teymurun Nəsimini azad etdiyi səhnəni xatırlayırsınız da. Ətrafın bu qərara necə etiraz etdiyini o səhnə açıq göstərir. Ancaq Teymurun onlara "kəsin səsinizi, hanı sizin sözünüzün gücü!" deməsi məsələni həll edir.

Liderlə ətraf arasında da bir balans, tarazlıq olmalıdır. Ətraf liderə güc gələndə, yəni onu tam istəyinə uyğun fırlada biləndə o hakimiyyət tezliklə çökür. Partiya, digər qurum da dağılır. Hətta ailə də...

Elçibəyin hakimiyyətini yıxan ən böyük amil İsa Qəmbərlə Əli Kərimli arasındakı didişmə oldu. Elçibəy onlarla bacara bilmədiyi üçün Heydər Əıiyevi dəvət etdi və özü kənara çəkildi.

Hazırda bizdə Prezidentlə ətrafı arasında ciddi mübarizə gedir. Bütün bu işdən azadetmələr, həbslər də ona xidmət edir. İlham Əliyev başa düşür ki, ətrafı özünə tam tabe etməsə, hakimiyyətini uzun müddət qoruya bilməz. Çünki peoblemlər həddindən artıq çoxdur. 44 günlük müharibə Prezidentin nüfuzunu xeyli artırsa da, cəmiyyətin narazılığını aradan qaldıra bilmədi. Hətta yeni problemlər yaratdı. Sadə insanlar deyir ki, nə olsun torpağım alınıb, mən ki ora gedə bilmirəm. Kasıbçılıq əlindən ölümə gedənlər qazi oldular, ancaq yoxsulluqdan qurtula bilmədilər.

Bəzi dostlar mənə deyir ki, Laçın yolundakı aksiya Rusiya ilə razılaşdırılıb. Çünki Azərbaycanın Qarabağda öz hakimiyyətini tam bərqərar etməsinin başqa yolu yoxdur. Başa düşdük. Yaxşı, bəs sadə Azərbaycan vətəndaşının bunda hansı marağı var? Məgər əlimizdə olan, hakimiyyətin tam nəzarət etdiyi ərazilərdə, sərvətlərdə sadə vətəndaşın payı varmı? Onun hüququ, hətta canı lazımi səviyyədə qorunurmu? Nefti, qızılı Vardanyan satdı yedi, ya Rövnəq Abdullayev, Cavid Qurbanov, bunun sadə xalq üçün nə fərqi var? Xankəndidə erməni məmurların villası olacaq, ya azərbaycanlı məmurların, oranın restoranlarında erməni qızlarla aşotlar, nikollar kef edəcək, yoxsa siyavuşlar, fəzaillər, bunun mənim qonşularım Şahverənə, Əmirquluya, Qılmana, İbrahimə nə isti-soyuğu var? Siz bütün dünyanı da ala bilərsiniz, ancaq bizim orada yerimiz yoxdursa, nəyimizə lazımdır?

Mənim ağzımı boza verə, dostlar vasitəsilə təsir göstərə, başqa vasitələrlə sıxa, suyumu-çörəyimi kəsə bilərsiniz, ay ətrafdakılar, ancaq bunları hökmən izah etmək lazımdır. Çünki bu sualları təkcə mən vermirəm. Mən bu xalqdan eşitdiklərimin cüzi bir hissəsini yazıram.

Nadir Qocabəyli

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)