Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Azərbaycan
08:14, 16 dekabr 2021
540
0

Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.


Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.

Demotiya.com Sputnik Azərbaycana istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın "El Pais" qəzetinə müsahibəsində postmüharibə dövründə münaqişə bölgəsində vəziyyəti şərh edərkən deyib.

O təəssüflə qeyd edib ki, Ermənistan qisas almaq cəhdlərindən vaz keçməyib. İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Bu məğlubiyyət demək olar ki, onların otuz ildir davam edən "yenilməz ordusu", "gücü", "əsgər və komandirlərinin cəsarəti" haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın edib.

"44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür. Buna görə də Rusiya sülhməramlılarının xidmət etdiyi ərazidə buna imkanın olmadığını dərk edərək onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər", - Əliyev deyib.

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin təyin olunmadığını vurğulayan Əliyev deyib ki, buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsi idi. Buna görə həm fiziki, həm də siyasi olaraq sərhədləri demarkasiya və delimitasiya etmək mümkün deyildi. Beləliklə, keçən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə həmin ərazidə iqlim şəraiti digər ərazilərdən fərqli idi:
"Uca dağlar və qarla dolu bir ərazi idi. Bu ilin may ayında qar əriməyə başladı. Bu baş verən kimi Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı və bu sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, dövlət sərhədində mövqe tutdu. Yəni, hadisə belə olub. Əfsuslar olsun ki, Ermənistan Azərbaycanın hər hansı bir səbəb olmadan Ermənistanın ərazisinə müdaxilə etməsi ilə bağlı iddialar irəli sürməyə başladı. Beləliklə, biz öz ərazimiz hesab etdiyimiz ərazidə dururuq.
Qarabağ müharibəsinin bitməsindən sonra lap ilk günlərdən Ermənistana sərhədlərin demarkasiyası üzərində işləməyə başlamağı və delimitasiya üzrə birgə işçi qrupunu yaratmağı və ərazidə bütün mübahisələri masa üzərində aydınlaşdırmağı təklif etdik. Müharibə bitəndən sonra bir ildən çox müddətdə Ermənistan tərəfindən dövlət sərhədində hərbi təxribatlar törətmək üçün bir neçə cəhd edilib. Onların hamısı uğursuz oldu. Bütün bu səylər nəticəsində onlar öz hərbi mövqelərini itirdi və Azərbaycan dövlət sərhədində mövqelərini gücləndirdi. Eyni hal keçən ay baş verdi. O zaman onlar bilərəkdən Azərbaycan Ordusuna qarşı qəsdən təxribat törətdilər və bu, bir neçə gün davam etdi".

Prezident qeyd edib ki, ilk günlər ərzində atəş açılmırdı, çünki Azərbaycan əsgərləri həmin ərazinin onlara aid olmadığını, getməli olduqlarını onlara başa saldı və onlar da getdilər. Lakin sonra artilleriya hücumlarına başladılar.
"Bizdə bir neçə nəfər həlak oldu və yaralandı. İndi vəziyyət sabitdir. Biz özümüz heç nə planlaşdırmamışdıq, əks halda biz dayanmazdıq. Noyabrın 16-da baş vermiş toqquşma bir gündən az davam etdi. Səhər başladı və axşam saat 6-7 radələrində bitdi. Beləliklə, biz bunu planlaşdırsaydıq dayanmazdıq, çünki Ermənistanın istənilən yerdə bizi dayandırmaq üçün hərbi bacarığı yoxdur. Bizim belə planlarımız yoxdur və buna görə də biz dayandıq", - deyən Əliyev qeyd edib ki, yetərincə müharibə olub və onlar artıq sülh istəyirlər.

Paşinyanın bəyanatı danışıqlar prosesini məhv etdi

"Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik. Buna görə onların bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu bilirlər. Beynəlxalq oyunçular də bunu bilirlər. Müsbət dinamika görsək, biz, əlbəttə ki, bundan yararlanacağıq və sülhün gücləndirilməsinə öz töhfəmizi verəcəyik", - Prezident deyib.

O qeyd edib ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Lakin indiyədək Ermənistan rəhbərliyindən heç bir cavab verilməyib:
"Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq. Ermənistan isə Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir".

Ermənistanın baş naziri Nikol Paşinyanın müharibədən əvvəl verdiyi "Qarabağ Ermənistandır və nöqtə" bəyanatını xatırladan Əliyev bildirib ki, bu bəyanat, əslində, danışıqlar prosesini məhv etdi və onların keçən il yaşadığı acı məğlubiyyətin elementlərindən biri idi. İndi isə Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur:
"Biz çox açıq şəkildə deyirik ki, dərhal Ermənistanla hərtərəfli sülh razılaşması üzərində danışıqlara başlamaq istəyirik. Sizin dediyiniz kimi, bu, atəşkəs razılaşması yox, tam sülh razılaşması olacaq. Lakin ümid edirəm ki, yəqin Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər. Hesab edirəm ki, Azərbaycanla sülh razılaşması olmazsa, onlar gələcəkdə yenə də əziyyət çəkə bilərlər".

Azərbaycan Ermənistanla sərhədləri açmaq istəyir

İlham Əliyev qeyd edib ki, Azərbaycan Ermənistanla sərhədləri açmaq istəyir. O, Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupun fəaliyyəti çərçivəsində kommunikasiyaların açılması barədə danışıqların aparıldığını bildirib. Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq olduğunu vurğulayan Əliyev deyib ki, Ermənistan sərhədi istiqamətində azad edilmiş ərazilərdə sökülmüş dəmir yolu xəttini tikməyə başlayıblar. Həmçinin Ermənistan əvvəl avtomobil yolunun açılmasına etiraz etsə də, indi onları bunun qaçılmaz olduğuna inandıra biliblər və onlar bununla razılaşır.

"İndi biz bu dəhlizlərin, Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimini müzakirə edirik. Burada bizim hələ də açıq qalan müəyyən məsələlərimiz var. Hər iki ölkə bunun baş verməli olduğunu qəbul edir və yeri gəlmişkən, keçən ay Soçidə Prezident Putinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüş zamanı biz kommunikasiyaların açılmasından açıq şəkildə bəhs edən bəyannaməni qəbul etdik. Beləliklə, bu, baş verəcək. Yeri gəlmişkən, hava məkanı artıq aktivləşib. İndi Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvana uçan təyyarələri Ermənistan hava məkanından keçməyə başlayıb", - Azərbaycan lideri deyib.

Əsas beynəlxalq oyunçuların artıq yeni reallığı qəbul etdiklərini və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışdıqlarını söyləyən Əliyev bəyan edib ki, Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən, ərazi iddialarından çəkinməlidir:
"Bizim Ermənistana qarşı ərazi iddialarımızın olması üçün çox tarixi səbəblərimiz var. Onlar sülh razılaşması üzərində işləməli və XXI əsrdə normal davranışa riayət etməlidirlər. Biz istənilən halda qonşuyuq, heç birimiz başqa planetə köçməyəcəyik. Ona görə də, biz xalqlar arasında təmaslar da daxil olmaqla münasibətlərin normallaşması üçün yavaş-yavaş, addım-addım təməl hazırlayaraq yanaşı yaşamağı öyrənməliyik. Biz buna hazırıq. Lakin hələ ki, Ermənistan tərəfdən heç bir müsbət işarə almamışıq".

Əliyev qeyd edib ki, Ermənistanın daxilində müharibədə məğlubiyyətdən sonra məyusluq, narazılıq, şişirdilmiş gözləntilər, hərbi və siyasi potensiallarının qeyri-real qiymətləndirilməsi səbəbilə cəmiyyətində bir növ psixoloji travma yaranıb. Ona görə də, Ermənistan hökumətinin azərbaycanlılara qarşı nifrətin aşılanmasına əsaslanan ictimai rəyin arxasında dayanmaması və normallaşma prosesində öndə getməsi vacibdir. İctimai rəy formalaşdırılmalıdır. Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycanla, Türkiyə ilə əlaqələrin normallaşdırılması, düşmən qonşu deyil, normal qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasıdır:
"Əgər bu formul Ermənistan hökuməti və siyasi elita tərəfindən qəbul edilsə, bizim irəliləyiş üçün şansımız var. Bizə gəlincə, biz Cənubi Qafqaz üçün sülh istəyirik, sabitlik, təhlükəsizlik və çiçəklənən gələcək istəyirik".

İlham Əliyev deyib ki, iki ölkə arasındakı münasibətlərin normallaşmasına kömək etmək üçün Rusiya və Avropa İttifaqının həqiqi istəyini görür. Əks halda onlar bu danışıqlarda tərəflərə vaxt sərf etməzdilər və onların vaxtını almazdılar:
"Mən onu da bilirəm ki, Prezident Putin və Prezident Mişel arasında təmaslar olub, onlar Azərbaycanla Ermənistan arasındakı münasibətlər də daxil olmaqla, bir çox məsələləri müzakirə ediblər. Düşünürəm ki, uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, təsisatların, ölkələrin bu səyləri çox müsbət nəticə verə bilər. Çünki uzun illər davam edən işğaldan və düşmənçilikdən sonra beynəlxalq oyunçular prosesə birmənalı şəkildə dəstək nümayiş etdirməlidirlər. Əgər Ermənistan sülh sazişinin hazırlanmasında bizimlə əməkdaşlıq etməyə razılaşsa, sözsüz ki, fəsilləri, əsas prinsipləri formalaşdırmaq və həll tapmaq üçün bizim beynəlxalq təcrübəyə, beynəlxalq tərəfdaşlara ehtiyacımız olacaq".

İlham Əliyev xatırladıb ki, 30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib. Azərbaycanın şəhər və kəndləri yerlə-yeksan edilib, bütün binalar dağıdılıb, dini abidələr məhv edilib. 67 məsciddən 65-i tamamilə dağıdılıb. Yerdə qalan 2 məsciddə isə ermənilər azərbaycanlıların heysiyyətini təhqir etmək üçün donuz və inək saxlayıblar. Ona görə də, təbiidir ki, Azərbaycanda çox sayda insan, xüsusilə əzizlərini itirən, ərazilərini itirən insanların Ermənistana qarşı mənfi hissləri var.

"Mən "xeyr, müharibə başa çatıb, indi gəlin dost olaq" desəydim, bu, səhv olardı...Tariximizdəki bütün bu faciəvi hadisələrə, dağıntılara, Xocalıdakı soyqırımına baxmayaraq, əgər gələcəyə baxmaq, sabit vəziyyət yaratmaq, yeni müharibə riskini tamamilə minimuma endirmək istəyiriksə, səhifəni çevirməliyik", - deyə Prezident müharibə başa çatandan sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndərilən şəxslərin Ermənistan tərəfindən "hərbi əsir" kimi təqdim edildiyini vurğulayıb. Bildirib ki, onlar terror aktları törədiblər, nəticədə saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Onların bəziləri humanitar məqsədlərlə azad ediliblər:
"İndiyədək biz 100-dən çox saxlanılan şəxsi azad etmişik. Cinayət törədənlər isə mühakimə olunublar. Beləliklə, bu insanlar heç bir beynəlxalq konvensiya ilə hərbi əsir hesab edilə bilməzlər. Saxlanılan şəxslərin bəziləri, biz onları geri qaytarandan sonra, – onlardan 10-unu 10 gün əvvəl qaytarmışıq, – Ermənistanda həbs olunub. Bu, bizə, bu insanlara, onların qohumlarına çox ciddi bir siqnaldır. Biz onları Ermənistana qaytarmışıq, onlar isə həbs ediblər. Ola bilsin ki, onlar bu şəxslərə işgəncə verəcəklər. Onların çox sərt təcrübəsi var, çünki bizim əsirlərin Ermənistan həbsxanasındakı dəhşətli vaxtlar barədə danışdıqları onu göstərir ki, bu insanlar çox ağır işgəncələrə məruz qalacaqlar. Ona görə də, əgər biz daha çox adam qaytarsaq, onlar həbs olunacaqlar. Bu, real faktdır və bunu təsdiq etmək olar".

Prezident bildirib ki, noyabr ayının ortalarında hərbi təxribat həyata keçirərkən 30-dan artıq erməni hərbçisi saxlanılıb. Onların biri yaralı olub və Azərbaycan həkimləri onun qeydinə qalıb, əməliyyat edib sağaldıblar. Həmin əsir geri qaytarılıb. Ötən ilin noyabrından bəri isə 40-a yaxın hərbçisi əsir düşüb. Ermənistan tərəfinə əsirlərin ad, soyad və təvəllüdləri ilə bağlı siyahı təqdim edilib. Ümumilikdə belə şəxslərin sayı 100-dən çoxdur.

Biz bu məsələni heç vaxt Putinlə müzakirə etməmişik

İlham Əliyev Avropa İttifaqı və ümumilikdə regionda yaşanan iqtisadi böhrana da toxunub. Qeyd edib ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, neft və qaz sahəsindən asılılığın azaldılması üzərində fəal çalışır. ÜDM-da neft və qaz amili 50 faizdən aşağıdır. Təbii qaz ixracının artmaqda olduğunu vurğuylayan Əliyev deyib ki, Azərbaycan neft və qaz sektoruna milyardlarla ölçülən sərmayə cəlb edib. XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi üzərində iş aparılıb və həmin layihə ötən ilin son günündə başa çatdırılıb.

"Layihənin dördüncü seqmenti – Transadriatik qaz kəməri 2020-ci il dekabrın 31-də istismara verildi və həmin vaxtdan bizim Avropaya ixracımız başladı. Bundan əvvəl bizim ixrac bazarımız əsasən Türkiyə və Gürcüstan idi. Beləliklə, bizim qazımızı yeni alan ən böyük istehlakçı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur. Bu il artıq biz Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac etmişik. Gələn il biz 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırıq.
Bu rəqəm arta da bilər, ancaq bilirsiniz ki, qaz bazarı neft bazarından fərqlidir. Burada müqavilələr əvvəlcədən bağlanmalıdır. Hazırda ixrac etdiyimiz qaz həcmlərinə dair müqavilələr boru kəmərinin istifadəyə verilməsindən öncə bağlanıb. Qaz sahəsində biznes bu şəkildə aparılır. Beləliklə, hasilatı artırmaq və ya Avropa İttifaqının yeni üzvləri ilə əməkdaşlığı planlaşdırmaq üçün praktiki səviyyədə danışıqlar aparılmalı, həmin bazarın potensialı və Avropada qaz infrastrukturu sistemlərinin bağlılığı qiymətləndirilməlidir. Bilirəm ki, hazırda Avropada yeni bağlantılar üzərində iş gedir. Yəni, bunu planlaşdırmaq lazımdır, çünki bizim qazımız uzunmüddətli müqavilələr əsasında satılır və biz müqavilələri 100 faiz yerinə yetiririk".

Prezident qeyd edib ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır:
"Biz Avropaya təbii qazın ənənəvi təchizat marşrutlarından daha qısa marşruta malikik və bizim mənbə Avropa bazarı üçün yenidir. Avropa İttifaqı və Avropa İttifaqına üzv olmayan bəzi ölkələrdə hasilatın səviyyəsi azalır və hamımız bilirik ki, bəzi dövlətlərin enerji strategiyasına dair qərarlarından irəli gələrək Avropanın təbii qaza ehtiyacı artacaq. Azərbaycan Avropanın etibarlı tərəfdaşı və dostudur. Təsəvvür edin, Azərbaycan Bakıdan İtaliyaya qədər uzanan, bir hissəsi dənizin dibi ilə gedən 3500 kilometrlik boru xəttini inşa edib. Yəni, hər şey hazırdır və qaz idxal olunur. Burada görüləcək iş Avropa Komissiyası və bizdən daha artıq həcmdə qaz almaq istəyən və ya yeni həcmdə qaz idxal etmək arzusunda olan ölkələrlə təmas qurmaq və danışıqlara başlamaqdan ibarətdir".

TAP layihəsinin Rusiya qazına alternativ olduğu üçün Putini narahat edib-etmədiyi barədə suala cavabında Əliyev deyib ki, bu məsələni heç vaxt rusiya həmkarı ilə müzakirə etməyib:
"İl ərzində müntəzəm olaraq görüşməyimizə və tez-tez telefon söhbəti aparmağımıza baxmayaraq, səmimi desəm, biz heç vaxt Prezident Putinlə bu məsələni müzakirə etməmişik. O, bu məsələni heç vaxt qaldırmayıb, çünki zənnimcə, bu rəqabət məsələsi böyük mənada şişirdilib. Bizim təchiz etdiyimiz qazın həcmi Rusiyanın təchizatı ilə müqayisə edilə bilməz. Rusiyanın Avropaya ixracı 100 milyardlarla kubmetr təşkil edir və bu rəqəm artmaqdadır.
Bizim Avropaya ixracımız dediyim kimi, rəqabət təşkil etmir və biz heç vaxt buna rəqabət kimi baxmamışıq. Bizim üçün bu, bir kommersiya layihəsi idi. Bu gün bütün boru kəmərləri və infrastruktur hazır olduğu üçün Avropa və digər ölkələrə qaz təchizatının əsas mənbəyi olan "Şahdəniz" yatağının daxili gəlirlilik dərəcəsi artıb. Yəni, o, kommersiya baxımından çox cəlbedici olub. Biz nəhəng qaz ehtiyatlarına malikik və bizim bazara ehtiyacımız var idi. Bizim üçün bazar hara ola bilərdi? Bu, Rusiya ola bilməzdi, çünki Rusiya özü ixracatçıdır. Bu, Gürcüstan da ola bilməzdi, çünki onun qaza olan ehtiyacı nisbətən azdır. Bu, Türkiyə ola bilərdi və oradan da Avropa. Biz məhz belə də etdik.
Türkiyəyə ixrac 2006-cı ildə başlandı. Həcm getdikcə artırdı və daha sonra Avropaya ixrac başlandı. Yəni, bizim üçün bu, bir kommersiya layihəsi idi, lakin onu siyasiləşdirdilər. Təəssüf ki, böyük mənada bunun heç bir mənası yox idi. Rusiya Federasiyası və onun rəhbərliyi məsələnin əsl mahiyyətini anlayır. Bizim qazımız heç bir halda alternativ deyil. Bu, yalnız istehlakçıların ehtiyacı olduğu əlavə həcmdir. Məsələn, bu gün bizim qazımız Türkiyənin ehtiyacının 20 faizini və Gürcüstanın ehtiyacının təqribən 90 faizini təmin edir. Qazımız artıq Avropaya nəql edildiyindən biz Avropa İttifaqının bəzi üzv ölkələrinin ehtiyaclarının əhəmiyyətli hissəsini təmin edəcəyik".

Azərbaycan XXI əsrin müharibəsini apardı

İlham Əliyev Ermənistanla müharibədə istifadə olunan döyüş texnikası barədə sualı da cavablandırıb. Deyib ki, beynəlxalq hərbi mütəxəssislərin ümumi dəyərləndirməsinə görə, Azərbaycan XXI əsrin müharibəsini aparıb. Bizdən əvvəl heç kim müharibəni bu cür aparmayıb.
"Təkcə dronlar deyildi, çox dəqiq kəşfiyyat var idi... Türkiyə və İsraildən olan dronlar inteqrasiya olunmuşdu. Bizdə olan İsrail dronları kəşfiyyat dronları və kamikadze dronları idi, Türkiyə dronları kəşfiyyat dronları və qırıcı dronlar idi. Bunları bir hərbi əməliyyatda birləşdirmək asan deyildi. Eyni sözü bizim hava hücumundan müdafiə sistemi barədə demək olar. Bizdə İsrailin hava hücumundan müdafiə sistemi var, Rusiyanın hava hücumundan müdafiə sistemi var – S300. Bizim "BUK" tipli hava hücumundan müdafiə sistemimiz var.
Beləliklə, bu hava hücumundan müdafiə sistemlərini birləşdirmək də həmçinin ciddi hədəf idi və hava hücumundan müdafiə sistemlərinin effektiv istifadəsi ilə biz özümüzü böyük faciədən qoruduq. Çünki Ermənistan bizə qarşı ballistik raketlər ataraq yuxuda olan şəhərləri dağıdırdı. Gəncə şəhəri bir neçə dəfə SCUD raketinin hücumuna məruz qaldı.
Onlar yaşayış məntəqələrini dağıtmaq üçün hədəfə alırdılar. Onlar "İsgəndər-M" ballistik raketlərindən istifadə etdilər. Bu, sonuncu gün Şuşanı dağıtmaq üçün istifadə olunmuşdu. Bir dənə deyildi. Bu raketlərin çoxu bizim hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilmişdi. Beləliklə, hava hücumundan müdafiə sistemi, dronlar, artilleriya. Dronlar artilleriyaya hədəfi göstərirdi".

Prezident qeyd edib ki, müharibənin ilk günlərində Azərbaycan Ermənistanın hava hücumundan müdafiə sistemini aşkar etmək üçün kiçik, yüngül təyyarələrdən istifadə edib:
"Pilot tullanırdı və kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş kiçik təyyarə mövqelərə gedirdi, Ermənistanın hava hücumundan müdafiə sistemi bu lazımsız hədəfə hücum etməklə özünü aşkar edirdi. Sonra biz Ermənistanın hava hücumundan müdafiə sistemini məhv edirdik. Bu amillərin birləşməsi, üstəlik, ilk növbədə, öz həyatlarını qurban verən əsgər və zabitlərimizin motivasiyası və cəsarəti. Üç minə yaxın azərbaycanlı öz vətənləri uğrunda həlak oldu. Bütün bu amillər çox çətin coğrafi şəraitdə qələbədə həlledici rol oynadı.
Çünki biz dağlara çıxmalı olurduq, elə şəraitdə ki, ermənilər demək olar, 30 il ərzində 6 istehkam xətti qurmuşdular, minalar basdırmışdılar. Yalnız müharibədən sonra bizdə demək olar ki, 200 nəfər minaya düşərək həlak olub və ya yaralanıb. Sözsüz ki, bütün bunlar bizim qələbəmiz üçün təməl yaratdı. Dronlara gəlincə, biz onları almağa davam edirik. Müharibə başa çatandan sonra biz yeni modifikasiyalar almaq üçün yeni müqavilələr imzaladıq və qeyd etdiyiniz kimi, eyni zamanda, biz qırıcı, kamikadze deyil, kəşfiyyat dronları istehsal edirik və bu dronlar bazara çıxarılır.
Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir və biz artıq əsas ehtiyaclarımızı ödəyən hərbi sənaye kompleksini inkişaf etdirmişik. Biz bunu davam etdiririk, çünki qeyd etdiyim kimi, hələ də erməni revanşizmi təhlükəsi var, hələ də sabitliyin pozulması təhlükəsi var. Beləliklə, biz hər zaman sərhədlərimizi müdafiə etməyə hazır olmalıyıq".

İlham Əliyev müharibənin nəticəsinin Azərbaycanın hərbi məhsullara marağı artırdığını da deyib:
"Çünki biz demək olar ki, 30 il ərzində ermənilərin işğalından, təhqirindən, təkəbbüründən əziyyət çəkirdik. Onlar bütün beynəlxalq təşkilatların sənədlərinə zidd olaraq bizim torpaqlarda oturmuşdular, torpaqlarımızı dağıdırdılar, iddia edirdilər ki, bu torpaq onlara məxsusdur.
BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti - onların hamısı bizi dəstəkləyən qətnamələr qəbul etmişdi, lakin onlar, sadəcə, orada oturmuşdular və bəyan edirdilər ki, həmişəlik orada oturacaqlar. Beləliklə, motivasiya, ruh yüksəkliyi və cəsarət qələbəmizin əsas amili oldu. Bu, milli ləyaqət və qürur məsələsi idi. Baxmayaraq, bir çoxları bizə bunu necə etdiyimizlə bağlı müraciət etsə də, düşünürəm ki, bunu izah etmək üçün uzun illər lazımdır".


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)