Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
14:10, 08 aprel 2024
1 049
0

Rusiya 2 il ərzində Ukraynada nəyə nail oldu?


İşimlə bağlı çoxdandır düz-əməlli mətbuat izləmirəm. Özüm də yazı-pozu işindən elə uzaqlaşmışam ki, gündəmdə çox şeyi ötürürəm. Amma hərdən olur ki, ukraynalıların da iştirak etdiyi müzakirələrə qulaq asıram, yazılı müzakirələrini oxuyuram. Son 2 ildə Ukraynanın başına gələnlər haqqında bir az düşündükdə çoxdandır məni də narahat edən sualların çoxşaxəli, geniş cavablarından bir hissəsini tapdım.

Beynimdəki suallar təqribən belədir ki, Rusiyanın Ukraynadakı Xüsusi Hərbi Əməliyyatı niyə bu qədər uzun çəkir? Rusiya niyə məsələni tez və kökündən həll etmir? Bunu edə bilmir, yoxsa bu yubanma əvvəllər anlamadığım hansısa gediş, uğurun şərtidir?

Etiraf etməliyəm ki, bu suallar ancaq dünyada baş verənləri mənim kimi primitiv, səthi şəkildə bilən və şərh etməyə çalışanların beynində yaranan sadə suallardır. Halbu ki, məsələ həddindən artıq mürəkkəbdir və aydınlaşdırılması yalnız çətin sualların qoyuluşu, geniş və dərin araşdırma ilə  mümkündür. Bütün bunlara baxmayaraq, bu sualların milyonlarla obıvatelin beynində yaranan ilk suallar olduğuna və belə suallara nataraz cavablar taparaq dünyagörüşlərini formalaşdırdıqlarına görə, onlara cavab axtarmağın vacib olduğunu düşünürəm.

Qeyd edim ki, Rusiyanın Ukraynadakı Xüsusi Hərbi Əməliyyatı başlayandan bu günə qədər, hadisə ilə maraqlananlar və fikir yürüdənlərin mütləq əksəriyyəti başladılarkən məqsədləri açıq-aşkar, ən yüksək səviyyədə, rəsmən elan edilmiş Əməliyyatı açıq şəkildə məqsədi torpaq zəbt etmək, həyasızcasına aparılan, başqa dövlətin ərazisini zəbt edərək orada öz üsul-idarəsi bərqərar etmək olan işğalçı müharibə ilə səhv salır. Baxmayaraq ki, müasir dövrdə bütün işğalçılar məqsədlərini açıq demir, bütün hərəkətlərinə başqa cür don geyindirir, əsas məqsədlərini gizli saxlayırlar. Lakin hər şey tezvə ya gec ortalığa çıxır. Bəli, deyə bilərsiniz ki, Rusiya da Ukraynanın bir neçə vilayətini öz ərazisinə qatdı, bu da işğalçılıqdır. Lakin nəzərə almaq lazımdır ki, Rusiya artıq on il idi ki, hətta özünün müstəqilliyini elan etmiş, Rusiyadan onları öz tərkibinə qatmağı rəsmi surətdə xahiş etmiş Ukrayna vilayətlərini belə öz tərkibinə qəbul etmirdi. Çünki onun məqsədi Ukraynanın bir hissəsini və ya bütövlükdə işğal etmək deyil, onun neytrallığına nail olmaq, NATO hərbi bazalarının Ukraynadakı mövcudluğuna yol verməməkdir. 2014-cü il Krımın və Sevastopolun Rusiyanın tərkibinə keçməsi, 2023-cü ildə daha dörd vilayətin Rusiya tərəfdən öz tərkibinə qatılması da əvvəlcədən planlaşdırılan məqsəd deyil, məcburi atılan addım idi.

Putinin də elan etdiyi kimi bu Əməliyyatın əsas məqsədləri Donbassda və başqa vilayətlərdə yaşayan rusların müdafiəsi, Ukraynanın demilitarizasiyası və denasifikasiyasıdır.

Gəlin görək Rusiya öz məqsədlərinə nail oldu və ya olmaqdadırmı?

Bilirik ki, Rusiya əvvəlcə Ukraynanın Donetsk və Luqansk vilayətlərində yaranmış Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını müstəqil dövlət kimi tanıdı və dostluq, qarşılıqlı yardım haqqında müqavilə imzaladı. Daha sonra bu Respublikalar və əlavə olaraq Rusiya və Xalq Respublikalarının silahlı qüvvələrinin nəzarətində olan Zaporojye və Xerson vilayətləri də Ukraynadan ayrılaraq Rusiya Federasiyasının tərkibinə keçmək istədilər. Aydın məsələdir ki, Zaporojye və Xerson Krıma və Odessaya quru koridor üçün Rusiyaya çox lazım idi.

Artıq Krımın, həm də Donbasın müdafiəsi üçün heç bir təbii ərazi maneəsi qalmadı. Nəinki qalmadı, bu ərazilər birbaşa olaraq RF Konstitusiyası ilə müdafiə altına alındı. Rusiya artıq bu torpaqları istəsə belə kiməsə güzəştə gedə bilməz. Bunu edən istənilən rəhbər dövlətə xəyanətdə ittiham olunar, devrilər. Odur ki, bu vilayətlərin nə vaxtsa Ukraynaya geri qaytarılması versiyası yaddan çıxarılmalıdır.

Bütün bu şərtləri nəzərə alaraq demək olar ki, Rusiya Xüsusi Hərbi Əməliyyatın başlanmasında əsas məqsədi kimi elan etdiklərinin bəzi hissəsinə artıqlaması ilə nail olub, bəzilərinə isə nail olmaqdadır, lakin bir az zaman və resurs sərfiyyatı etməlidir.

Rusların müdafiəsi məsələsi Odessa və Xarkovdakı əhalini çıxmaq şərtilə qismən həll edilib. Hadisələrin sonrakı gedişatından asılı olaraq, zamanla həll olunacaq məsələdir deyə düşünürəm.

Ukraynanın demilitarizasiyası məqsədinə isə çoxdan nail olunub. Çoxdandır ki, sadəcə NATO-nun, əsasən də Avropadakı NATO ölkələrinin demilitarizasiyası gedir. Ukrayna ordusu demək olar ki, yoxdur. Xaricdən silah və pul yardımı gecə dayansa, səhər döyüşlər dayanacaq, Ukrayna qeyd-şərtsiz kapitulyasiya edəcək. Hazırda Ukraynanın deyil, Natonun demilitarizasiyası prosesi gedir.

Radikal nasistlərin ön cəbhədə, həlledici döyüşlərdə iştirak etdiyini və öldürüldüyünü, əhali arasında nasist rəhbərliyə olan etimadın öldüyünü, xalqın kütləvi surətdə döyüşməkdən imtina etməsini, camaatı döyə-döyə maşınlara basıb cəbhəyə aparmaqlarını, cəmiyyətdə Zelenskinin xalqı qırğına verməsi barədə fikirlərin hakim olduğunu nəzərə alsaq, deyə bilərik ki, Rusiya elan etdiyi digər məqsədə - Ukraynanın denasifikasiyasına da nail olmaqdadır. Nasistləri həm cəbhədəki mühasirə qazanlarında məhv edir, həm də hakimiyyətlərini, avtoritetlərini sarsıdır. Artıq banderaçıların ölkəyə yaxşı nəsə verəcəyinə inananların sayı çox azdır. Əslində inanan yoxdur. Sadəcə onları hakimiyyətdə saxlayan, hakimiyyətin hesabına yaşayan müəyyən sosial qruplar var. Demək olar hamı sülh istəyir. Zelenski və narkoman "kruq"undan, onların yalı ilə yaşayanlardan başqa. Düşünürəm ki, onların da sonuna bir şey qalmayıb.

Bir şeyi də nəzərdən qaçırmamalıyıq ki, Ukraynadakı münaqişənin əsas səbəblərindən biri də Rusiyanın onun milli maraqlarına təhdid hesab etdiyi Avropadakı mövcud təhlükəsizlik sisteminin dəyişdirmək istəməsidir. Yaddan çıxarmaq lazım deyil ki, Putin 2021-ci ilin dekabrında ümumilikdə NATO-ya və ayrıca olaraq ABŞ-ın özünə Avropada yeni təhlükəsizlik qarantiyalarının bərqərar edilməsi barədə rəsmi müqavilə təklifini, məzmunca ultimatumunu göndərdi. Putin son xəbərdarlığını izah edərkən belə bir fikir səsləndirdi - artıq geri çəkilməyə yer yoxdur.

Bu, o deməkdir ki, Rusiyanın təklifləri qəbul edilməsə, o, hücum rejiminə keçəcək və öz şərtlərini zorla da olsa qəbul etdirəcək. Çünki onun başqa yolu qalmayıb.

Görünən odur ki, bu ultimatumdan 2 ay sonra Rusiya hücum rejiminə keçdi və aram-aram öz maraqlarını təmin etməyə çalışır. Və düşünürəm ki, Rusiya Avropada təhlükəsizlik şərtlərini öz maraqlarına cavab verəcək səviyyəyə gətirənədək hücumdan əl çəkməyəcək. Rus tankları La-Manş boğazına qədər irəliləməli olsa, yaxud nüvə başlıqlı "kinjal" Avropa şəhərlərini yerlə yeksan etməli olsa da bu, baş verəcək. Görünən odur ki, Rusiyanın "yavaş" irəliləməsinin əsas səbəbi də onun Ukrayna ilə deyil, bütün Qərblə müharibə apardığını dərk etmələri və bu strategiyaya uyğun sürət seçmələridir.

Son zamanlar Qərb mətbuatında sülh çağırışlarının intensivləşməsi, Rusiyaya qarşı ritorikanın dəyişməsi də Qərbin bunu anlamasından xəbər verir. Onlar anlayırlar ki, bu həna o hənadan deyil. Ukrayna və Avropa dəyişməyin vacib olduğunu anlamalı, dəyişməlidir. Yoxsa Rusiya köhnə Ukraynanı və köhnə Avropanı canı çıxana qədər sıxacaq.

Cəmil Şirvanov

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)