Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
14:49, 09 sentyabr 2022
560
0

"Rusbaş" amerikalı polis - Gülləboran altında müsahibə


Rusiyanın "Parta" jurnalının əməkdaşı Andrey Savelyev bir neçə ildir Amerikadan qaçan, Rusiyada yaşayan və Youtube-un amerikan seqmentində məşhur olan keçmiş dəniz piyadası və polis müstəntiqi Con Duqandan müsahibə alıb. Həmin müsahibədə çoxlu maraqlı faktların olduğunu nəzərə alıb sizin üçün tərcümə etdik. İpucu olaraq bildirək ki, bu söhbətdə Amerikada söz azadlığı, cinayətkarlığın səviyyəsi, əhalinin medianın təbliğat maşınının təsirində korafəhmə çevrilməsi, Ukraynadakı hərbi əməliyyatlar zamanı baş verən hadisələr və Duqanın Amerikadan qaçmaq səbəbləri barədə söhbətlər olacaq.

Con Duqan əsl amerikalıdır. İnadkar, məqsədyönlü, yersiz utancaqlıq olmadan danışır və Donetskdə üzərində "I invaded Ukraine, and all I got was this lousy t-shirt" yazısı olan köynək geyinir ki, bu da "Ukraynanı işğal etdim və əldə etdiyim tək şey bu pis köynəkdir" kimi tərcümə olunur. Bu cür yüksək keyfiyyətli yumor insanı cəlb edir. Xüsusən də xeyli ukraynalının ordumuzun işğaldan azad edilmiş ərazilərdən kütləvi şəkildə evə çayniklər, mikrodalğalı sobalar və televizorlar daşıdığına inandığını nəzərə alsaq.

Keçmiş dəniz piyadası, Cənubi Florida ştatında polis məmuru və şerif müavini olan Con Duqan öz vətənində “qıcqıran” ədalət hissindən əziyyət çəkib. O, həmkarlarının cinayətlərini öyrəndikdən sonra onları gizlətməyib, dərhal FTB-yə müraciət edib. Lakin təhlükəsizlik xidməti hərəkətə keçmək əvəzinə Duqanın özünü ovlamağa çalışıb. Təqiblərdən qaçan Con tələsik şəkildə və qadın parikində vətənini tərk etməli oldu.

2016-cı ildə Rusiyadan siyasi sığınacaq istəyib və hazırda daimi olaraq Rusiyada yaşayır. İndi o, Amerika auditoriyası üçün müharibə reportajlarını çəkdiyi Donetsk Xalq Respublikasındadır.

Raketlərin və bombaların düşmə səslərinin və hava hücumundan müdafiə sisteminin işinin dayanmadığı narahat bi rşəhər olan Donetskdə keçmiş polis, bugünkü jurnalist Con Duqan, xüsusilə “Parta” jurnalı üçün, bir çox rusiyalının əsl amerikalı ilə üzbəüz gələrkən soruşmaq istədiyi sualları cavablandırdı.


Qərbdə senzura görürsən?...yox? Mən də. Lakin o var!

– Con, siz burada jurnalist kimisiniz. Zəhmət olmasa deyin hansı nəşrdə işləyirsiniz? Nəşriniz Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını necə işıqlandırır?

– Mən müxtəlif Amerika agentliyi üçün işləyirəm. Onların arasında ən əsası “One America News Network”-dür. Bu, ABŞ-ın yeganə xəbər şəbəkəsidir ki, həqiqəti danışmaqdan çəkinmir, Ukrayna propaqandasını yaymır.

Mən Donbasda insanların bütün bu vəziyyətin öhdəsindən necə gəldiyi, onlara qarşı yönəlmiş Ukrayna faşizmindən bəhs edən 30 dəqiqəlik “Azovstal” sənədli filmi çəkmişəm. İndi ABŞ-da bu sənədli filmə 60 milyondan çox insan baxıb. Burada baş verənlər haqqında həmvətənlərimə həqiqəti deyə bilməyim mənim üçün son dərəcə vacibdir. Çünki bu həqiqəti başqa heç yerdən ala bilmirlər.

– Burdakı vəziyyətlə bağlı həqiqəti göstərən bir neçə nəşrdə işlədiyinizi dediniz. Ukraynaya mövqeyinə alternativ nöqteyi-nəzərdən çıxış edən başqa nəşrlər və ya xəbər agentlikləri varmı?


Bir neçəsi var. Lakin onlar kifayət qədər böyük deyil ki, tez-tez baxılsın. Söhbət böyüklərdən gedirsə, mənim işlədiyim agentlikdən başqa heç biri. Hamı Ukrayna təbliğatını və Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin onlara dediklərini təkrarlayır. Onlar belə xəbərləri bütün dünyaya yaymaq üçün bir-birləri ilə çox sıx əməkdaşlıq edirlər, bir şəbəkə kimi.
 
- Bu o deməkdirmi ki, ABŞ-da ciddi senzura var?


- Ha! Əgər biz Rusiyadakı senzuranı götürsək, o heç Amerikadakı senzuraya heç yaxın da deyil. Amerika hökuməti Qərbdəki bütün texnologiya şirkətlərinə tamamilə nəzarət edir. Əgər dedikləriniz onların xoşuna gəlmirsə, sizi susdururlar. “Vkontakte”-ni oxuyanda və görürəm ki, Rusiyada hökumətin siyasəti ilə razılaşmayanlar çoxdur və əgər bu insanlar Amerikada olsaydılar və eyni şeyi ifadə etsəydilər, sadəcə olaraq onların hesabları silinərdi.

– Sizin fikirlərinizi bölüşən həmvətənləriniz, dostlarınız, həmkarlarınız çoxdurmu?

- Bəli çoxdur. Hətta yerləşdirdiyim videoların altında çoxlu şərh yazılması məni şoka saldı. Videolarıma baxanda burda nə baş verdiyini bilməyən insanlar tamamilə şoka düşürlər. Hər dəfə video yerləşdirəndə, insanların tam məzmunu əldə etməsini istədiyim üçün ümumiyyətlə heç nəyi montaj etməməyə, kəsməməyə çalışıram. Videonu çəkəndən sonra onu kəsib dəyişərək məzmunu tamamilə fərqli görünən şəkildə göstərmək çox asandır. Videolarım adətən kifayət qədər uzun hekayə kimidir, lakin insanlar orada heç nə kəsilmədiyinə görə mənə minnətdardırlar. Və çox vaxt gördüklərindən təəccüblənirlər.

 
ABŞ-da korrupsiya ilə necə mübarizə aparılır?

- Dəniz Piyadaları Korpusunda, Amerika polisi və hətta şerif müavini kimi xidmət etmisiniz. Bu xidmətlər dünyagörüşünüzə, sonrakı həyatınıza və burada olmaq qərarınıza necə təsir edib?


- Mən həmişə döyüşçü olmuşam. Və yəqin ki, Amerikada Tourette sindromu ilə yeganə polis idim.

Atam həmişə deyirdi: “Bir problemin varsa, özün həll et, müəllimlərə demə. Kimsə qarşına çıxsa və səni incitsə, heç vaxt kömək istəmə, təslim olma. Və məktəbdə hər gün kiminləsə dava edirdim. Bu dərsi ömrümün sonuna qədər xatırladım. Mən təkcə özüm üçün deyil, özünü müdafiə edə bilməyən başqaları üçün də mübarizə aparırdım.

Polisdə olanda birinci dərəcəli müstəntiq oldum və bir çox şeylərə fərqli yanaşmağı öyrəndim. Məsələn, bir hekayəyə inanmazdan əvvəl onun barəsində çoxlu sual verməyi. Belə etməsən  həqiqətən baş verənlərlə bağlı neytral və obyektiv nəticəni necə əldə edə bilərdim?
 
Və Rusiyanın xüsusi əməliyyatı başlayanda dərhal anladım ki, mən bura gəlib fikirlərimi  həmvətənlərimlə bölüşməliyəm. Çünki Qərbdə mənə güvənirlər. Mənim YouTube kanalımda Rusiyanın rəsmi propaqandasının dediklərini təkrarlayan “Rusiyapərəst axmaq” olduğumu düşünən çoxlu trollar var. Amma mən kanalımda həm də Rusiya ilə bağlı razılaşmadığım şeyləri də səsləndirirəm.
 
Mənim üçün ən vacib məsələ həqiqəti çatdırmaqdır. Və həqiqət bundan ibarətdir ki, Rusiya haqlıdır.
 
- Amerikada sizi korrupsiya sxemlərini ifşa etdiyinizə görə həbs etmək istəyirdilər. Rusiyada hər ikinci adam korrupsiyadan danışır və çoxları Avropa İttifaqı və ABŞ-ı misal gətirirlər ki, orada hər şey tamam fərqlidir. Bu, belədir?


- Ha-ha! Düzdür, hər şey fərqlidir. Rusiyadakı korrupsiya səviyyəsi heç vaxt Amerikadakı korrupsiya səviyyəsinə çata bilməz. Demək istəmirəm ki, Rusiyada yoxdur, səhv başa düşməyin. Ancaq Rusiyada insanlar korrupsiya ilə bağlı problemlərinin olması ilə bağlı söylədiklərində səmimidirlər. Rusiya hökuməti isə bu problemləri həll etməyə çalışır. Amerikada korrupsiya ən yüksək səviyyədə qanuniləşdirilir. Siyasətçilər öz ölkələrini, milli təhlükəsizliyini sərbəst şəkildə satırlar, dünyanın ən korrupsioner hökumətləri vasitəsilə kifayət qədər sakit şəkildə pul yuyurlar. Bunun mükəmməl nümunəsi Bayden ailəsini və onların son on ildə Ukrayna hökuməti ilə etdiklərini göstərmək olar. Rusiyada insanların ABŞ-da korrupsiyanın səviyyəsi barədə heç bir anlayışı yoxdur. Yanvarın əvvəlindən Ukraynaya gedən pullara baxın: hazırda söhbət 70 milyard dollardan gedir. Bu pulla alınan silahların çoxu qara bazarda satılır.
Mən Eyden Eslindən müsahibə alanda o, Ukrayna hökuməti və onun Suriyadakı təmasları - YPG (Suriya silahlı münaqişəsində iştirak edən Kürd Ali Şurasının silahlıları - red.), Türkiyə ilə döyüşən kürd silahlıları sövdələşmələrin aparılmasına necə kömək etdiyini danışmışdı. Onlar Amerika ilə eyni tərəfdədirlər və Amerika bu barədə hər şeyi bilir. Bu, onların vecinə də deyil... Çünki bütün bu siyasətçilər pullarını silah istehsalçılarından alırlar və bu müharibələrdə baş verən ölümlərdən çox böyük gəlir əldə edirlər.
 
- Siz müsahibələrinizin birində də deyirsiniz ki, ABŞ-da adamı dəmir barmaqlıqlar arxasına salmaq çox asandır. Əslində siz özünüz də buna görə ölkəni tərk etmisiniz. Bunun necə baş verdiyini bilmək istərdim. Rusiyada da Qərbi misal çəkirlər və deyirlər ki, orada söz azadlığı var, rejimə qarşı çıxanlara qarşı cinayət işi düzüb-qoşmaq o qədər də asan məsələ deyil. Bu belədir?
 
- Amerikada kimisə həbsə atmaq üçün nəsə uydurmağa ehtiyac yoxdur. Rusiyada Cinayət Məcəlləsi 300 səhifədən ibarətdir. Amerikada isə 30 min səhifədən çox həcmi olan cinayət qanunu və digər qanunlar var ki, ona görə şəxs həbs oluna bilər. Xəbərləri oxumaq və ya futbol hesabını yoxlamaq üçün iş yerinizin kompüterinizdən istifadə etsəniz və ya futbola baxmaq qərarına gəlsəniz və buna görə işdə xəstə olduğunuzu söyləsəniz və ya hökumət sizi elə-belə, sadəcə bəyənməsə, beş il həbs cəzası ala bilərsiniz və türməyə salına bilərsiniz. Bunlar Amerikada qanunlardır, ona görə xüsusi bir şey icad etməyə, uydurmağa, düzüb-qoşmağa ehtiyac yoxdur. Lazım olanlar artıq mövcuddur.
 
- Sizinlə bağlı məsələ haqqında danışın
 
- Hazırda Rusiyadayam.

Əgər Amerikaya qayıtsam, məni 95 il müddətinə həbs edəcəklər. Vətəndaşlara qarşı müxtəlif cinayətlər törətdiklərini etiraf edən polis əməkdaşlarının söhbətlərinin 19 lent yazısına görə.


Bu, korrupsiyaya, narkotiklərə, qətllərə aiddir. FTB bu polis məmurların cinayət əməllərinə məhəl qoymamağı seçdi. Lakin bu cinayətləri qeydə aldığım və yaydığım üçün mənə məhəl qoymağı seçdi. Buna görə evimə soxuldular, kompyuterimi götürdülər ki, həmin qeydlərin mənim tərəfimdən edilməsinə dair sübutlar əldə etsinlər. Mən bu qeydləri etməyə bilməzdim. Bu 2016-cı ildə baş vermişdi.
 
O biri qitədə həqiqəti bilmələri üçün həyatı riskə atmaq olar
 
– Bu illəri Rusiyada yaşadınız, indi isə Donetskdəsiniz. Niyə buradasınız və sizi bura gəlməyə həvəsləndirən nədir?
 
- Bir neçə il əvvəl YouTube kanalı açdım, çünki qızım YouTube-a baxmağı sevir. Bu vasitə ilə ona yaxın olmaq istədim. Və insanlar məndən soruşmağa başladılar ki, “Burada nə baş verir?”, “Həqiqət necədir?”, “Qərb mediasına inanmalıyıqmı?”. Gördüm ki, Rusiya xəbərlərində bir şey deyilir, Amerika xəbərlərində isə tamam başqa şey. Və kanalımı izləyən insanlar doğru cavab alması mənim üçün çox vacib idi. Məhz buna görə də burdayam.
 
YouTube kanalınızı bloklamayıblarki?

- Hələ yox, lakin kanalım mütəmadi olaraq vurulur. Amma reportajlarıımda dürüstəm. Mən tərəf tutmuram, sadəcə faktları göstərirəm və insanların özlərinin nəticəyə gəlməsinə şərait yaradıram. Mən öz fikrimlə insanlara təzyiq göstərməyə çalışmıram. YouTube üçün belə bir insanı bloklamaq daha çətindir, çünki onun hər hansı bir növ təbliğata aid olduğunu deyə bilməzlər.
(Conun telegram kanalına keçidi burdan əldə edə bilərsiniz - redaksiya)
 
– “YouTube”, “Meta”, “Twitter” və digər informasiya platformalarının baş qərargahlarının yerləşdiyi “azad” Qərbin xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiya dövlət mediasının əksəriyyətini bloklamasına və eyni zamanda ölkəmizə qarşı güclü propaqanda fəaliyyətinə başlamasına necə baxırsınız? Baxmayaraq ki, onlar həmişə söz azadlığından, senzuranın olmamasından danışırdılar?

- Mənim fikrim əsas deyil. Lakin Amerika söz azadlığı və silah gəzdirə bilmək hüququ ilə tanınır. Amma indi Amerikada faktiki olaraq söz azadlığı yoxdur.

Mənim şəxsi fikrim budur ki, Qərbdə insanlar nəhayət Twitter, Facebook və digər oxşar sosial şəbəkələrin sahibi olanların hər biri ilə məşğul olmalıdırlar. Onlar öz vətənlərinin bütün əsas ideyalarına xəyanət ediblər və ən ağır cəzaya layiqdirlər.
 

- Bu, iştirak etdiyiniz ilk hərbi münaqişədir?


– Müəyyən mənada bəli. Mən Dəniz Piyadaları Korpusunda olanda çox şey etmişik, lakin daha çox lokal miqyasda. Və bunun indiki vəziyyətlə heç bir əlaqəsi yox idi. Kiçik münaqişələr olmuşdu.
 
- Bəs bu təcrübə sizə kömək etdimi?

- Çox güman ki. Mən burada hərbçilərlə münasibətlərdə ciddi yoldaşlıq hiss edirəm. Həm də təkcə rus ordusunda deyil, bütün ordularda. Çünki hamımız insanıq. Və hamımız bacardıqca əmrlərə əməl etməyə çalışırıq. Ukrayna ordusundakı sıravi əsgər Rusiya ordusundakı sıravidən o qədər də fərqlənmir. Ümumiyyətlə, onlar əmr alırlar və yerinə yetirirlər. Mən bunu yaxşı başa düşürəm. Ancaq nə vaxtsa elə bir vaxt gəlir ki, sən öz şəxsi qərarını verməlisən. Əmr verilib verilməməsinə baxmayaraq.

Ukrayna Silahlı Qüvvələrində xidmət edən, dinc insanları öldürən və Donetski bombalayan insanlar isə bu əmrə qarşı üsyan etməlidirlər.
 
- Artıq hansı şəhərlərdə, hansı cəbhələrdə olmusunuz?

- Severodonetsk, Mariupol, Azovstal. Mən hələ cəbhələrdə olmamışam, ora çatmaq çox çətindir, amma çox istəyirəm. Burada məncə, Rusiya çox böyük səhvə yol verir, çünki Ukrayna hərbçiləri jurnalistləri cəbhə xəttinə gətirir ki, onlar göstərmək istədikləri barədə məlumat verə bilsinlər, Rusiya isə çox ehtiyatlı davranır və onları cəbhəyə yaxın buraxmır.

Mən təhlükəsizlik istəmirəm, həqiqəti istəyirəm. Və başa düşürəm ki, bu həqiqəti risksiz əldə etmək olmaz.
 
– Rusiyada bəziləri hesab edir ki, Kreml Ukraynada öz Silahlı Qüvvələrindən geniş istifadə etmir. Deyirlər ki, “xalça bombardmanları” yoxdur, qərar qəbul edən mərkəzlərə zərbələr yoxdur, hər şey çox məhdud formatda həyata keçirilir. Amma görünür, bunun obyektiv səbəbləri var. Bənzər bir münaqişədə ABŞ olsaydı nə edərdi?
 
ABŞ bütün danışan ağızlara nəzarət edir. Buna görə də, onlar sadəcə olaraq hər yeri bombalayacaqdılar. Lakin heç kimin bundan xəbəri olmayacaqdı. Çünki ABŞ dünyada mediaya nəzarət edir.

Rusiya haqqında dedikləriniz doğrudur. Rusiya Ukraynada çox məhdud şəkildə hərəkət edir. Rus hərbçiləri dinc əhali arasında itkiləri minimuma endirmək üçün verə biləcəyindən qat-qat çox itki verdilər. Əgər Rusiya mülki itkiləri minimuma endirməsəydi, hərbçilər arasında daha az itki olardı. Mən bunu qəhrəmanlıq hesab edirəm. Rusiya üçün  bu cür   yavaş və metodik irəliləmənin heç bir xeyiri yoxdur. Onlar mülki insanların həyatı bahasına irəliləməklə daha sürətli ola bilərdilər. Amma onlar buna ləyaqətlə yanaşırlar. Rusiya ordusunda yaxşı daxili nizam-intizam var.

Mənim həm Rusiya tərəfdən, həm də Donetskdən çoxlu könüllülərlə ünsiyyətim olub. Və deyə bilərəm ki, onlar heyrətamiz insanlardır.
 
Yalnız irsən inşaatçı nəslindən olanlar azad edilmiş ərazilərdə tikintinin keyfiyyətini və sürətini düzgün qiymətləndirə bilər
 
– Bilirsinizmi, xüsusi hərbi əməliyyat zamanı Rusiyanın bir çox bölgələri Donbasdakı dağıdılmış şəhərlərə himayədarlıq edirdilər? Rusiyalı siyasətçilər, qubernatorlar, məmurlar, o cümlədən, dövlətin ali vəzifəli şəxsləri azad edilmiş ərazilərdə dinc həyatın bərqərar olmasına kömək etmək üçün gəlirdilər. Məsələn, Bayden ailəsini belə bir rolda təsəvvür etmək çətindir.


- ABŞ indiyədək bombaladığı ölkələrin heç birində bu ölkələrin resurslarından başqa heç nəyə əhəmiyyət verməyib. Birləşmiş Ştatlar tərəddüd etmədən və şübhə etmədən bütün dünyada milyonlarla insanı öldürüb. Üstəlik Amerikanın özü yaxşı təcrid olunub. Bizim onlarla ümumi sərhədimiz ümumiyyətlə yoxdur. Məsələn, biz İraqı bombalayırıq, aramızda dünyanın yarısı, okean var. Bizə heç nə olmayacaq, gündəlik həyatımızda heç bir fəsadı olmayacaq. Ona görə də kimə bomba atılması, kimin həyatının məhv edilməsi oradakı siyasətçilərin vecinə də deyil. Onları resursla təmin edə bilən insanlardan başqa heç kimlə ortaq işləri olmaz.

Bir neçə gün əvvəl Vladislav Deyneqo ilə çox maraqlı görüşümüz oldu. O, indi Luqansk Xalq Respublikasının xarici işlər naziridir. Çox ağıllı və düşüncəli, öz xalqına sadiq insandır. İnsanların ona həqiqətən də ehtiyacı var. Adi maşın sürür, bahalı saatı yoxdur, adi bir insandır, sanki qonşunuzdur. Məhz belə insanlar öz xalqının qayğısına qalır, nəinki onun hesabına varlanmırlar.

Deyneqo da Rusiya şəhərlərinin himayəyə götürdüyü Luqansk şəhərlərindən danışırdı. Mən Luqansk və Donetskdə xəstəxanalarla bağlı nə baş verdiyini görmüşəm - onları necə bərpa etdiklərinə şahid olmuşam. Onlar mövcud olan, Rusiyada işlənmiş və uğurlu layihələri götürüb eynisini Donbass Respublikalarında tikirlər. Və mən bunu görəndə heyrətdən “təpəm atır.

Mariupolda baş verənləri hər dəfə öz gözlərimlə görürəm və bu, mənim üçün şokdur! Mən bu binaları öz gözlərimlə görmüşəm. Sonra da Qərbin təbliğat kanallarını açıram, deyirlər ki, hamısı kartondur. Əsl bina deyillər, ruslar dünyanı aldadırlar. Axmaqlar...


Bütün ailəm tikinti ilə məşğuldur. Bu bizim ailə sənətimizdir. Ona görə də bu binaları, tikintinin sürətini və keyfiyyətini yüksək qiymətləndirə bilərəm. Məsələn, Luqanskda 300 nəfərlik xəstəxana tikilir. Hər dəfə gələndə tikintinin müxtəlif mərhələlərini görürəm. Bu sadəcə möhtəşəmdi!
 
– ABŞ bombaladığı şəhərlərdən ən azı birini bərpa etdimi?
 
- Keçmişdə elə olub ki, hətta şəhərləri yenidən tikiblər. Məsələn, Naqasaki. Amma bu keçmişdə idi. ABŞ Yaponiyaya çoxlu pul xərclədi. Çünki onlara ucuz keyfiyyətli yapon işçi qüvvəsi lazım idi. Amma bundan sonrasını xatırlamıram.

Rusiya Severodonetsk və Luqansk üçün çox şey etdi! Mən başa düşürəm ki, bu rus ürəyinin genişliyindən irəli gəlir.
 
Güc nədədir, amerikalı?


- Amerikalı olduğunuzu bilən mülki şəxslər və hərbçilər sizinlə necə davranırlar?

- Əslində çox gözəl yanaşırlar. Hətta bu məni bir az təəccübləndirir. Dəniz Piyadaları Korpusunda xidmət etdiyim üçün demək olar ki, həmişə mənə qarşı maraq var. Heç vaxt ayrıseçkiliklə qarşılaşmamışam. Vəziyyət əksinə olsaydı və mən Amerikada rus kimi yaşamalı olsaydım vəziyyətin tamamilə başqa cür olacağını bilirəm.
 
– Rus əsgəri ilə amerikalı əsgərin  mentaliteti arasında nə fərq var?

- Bu sual ətrafında çox düşündüm. Fərq çox böyükdür.

Amerikalı əsgər hər zaman öz istəyi ilə döyüşə gedir. O, döyüşmək istədiyi üçün ora gedir. Əgər sən russansa onda anadan oğlan doğulduğuna görə orduya gedirsən. Öz ölkənin bir hissəsi olaraq ona xidmət edirsiniz. Bu sizin vətəndaşlıq borcunuzdur.
 
– Siz bir qeyri-rus olaraq burada olmağınıza necə baxırsınız? Əgər ruslar nə üçün ölümə getdiklərini başa düşürlərsə, bəs siz öz həyatını nəyə görə riskə atırsınız? Hər an ölə biləcəyinizlə bağlı həqiqətin yaratdığı qorxu ilə necə bacarırsınız?


- Mən bunu risk kimi görmürəm. Mənə nə vaxtsa atəş açıblar. Bir dəfə də bıçaqla vurublar. Mənim əsas hədəf auditoriyam mənim kimi düşünən insanlar deyil, əks nöqteyi-nəzərdə olanlardır. Başqa sözlə həqiqətin nə olduğunu bilməyənlər. Mənim üçün isə əsas məsələ bu insanlara reallığı göstərməkdir.

Mənə burda nə baş verdiyini bilməyən liberal düşüncəli bir tərcüməçi lazım idi. Ona görə də xüsusi olaraq belə bir insanı tapdım. LXR xarici işlər naziri ilə söhbət zamanı mən tərcüməçidən özünün ona suallar  verməsini istədim. Öz suallarıma o qədər də ehtiyac yox idi. Mən və YouTube kanalımdakı əsas izləyicilərim artıq həqiqəti bilirik. Amma tərcüməçi soruşsa idi artıq ortaya başqa suallar çıxacaqdı. (“Mən artıq bir həftədir ki, buradayam və deməliyəm ki, əvvəllər başa düşmədiyim çox şeyi indi öyrənmişəm və başa düşmüşəm” deyə tərcüməçi qız Conun sözlərini təsdiqləyir.) Vladislav Deinego ilə müsahibədəki sualların hamısı tərcüməçinin suallarıdır. Müsahibə üç saat davam etdi. Burada fərqli cavablar lazım idi. Fərqli fikirdə olan insanların nəyisə anlamaq şansı əldə etsinlər deyə bunun yeganə yolu onların özünü maraqlandıran suallara cavab verməkdir.
 
- Qayıdaq hamımızın həqiqəti bilmək istədiyinə. Ukrayna hərbçiləri Donetsk üzərində “ləçəklər” adlanan minalar səpələyirlər. Mən şəxsən Kiyevdəki dostlarıma bu barədə danışıram. Deyirəm ki, mən burdayam və bunu öz gözlərimlə görürəm. Cavab verirlər ki, bu yalandır, Moskvanın təbliğatıdır və biz özümüz özümüzü gülləbaran edirik. Bu ədalətsizliyə qarşı necə mübarizə aparır və həqiqəti necə çatdırırsınız?
 
- Bəzi insanları inandırmaq mümkün deyil. Belə olan halda nəyisə başa salmağa çalışmaq vaxt itkisidir. Qarşı tərəfdə fərqli fikirlərə malik, lakin əksini qəbul etmək üçün açıq fikirli olmaq üçün kifayət qədər beyin və müdrikliyə malik insanlara ehtiyacımız var. Ən azı bir insanın fikrini dəyişdirmək olarsa, bütün etdiklərimiz əbəs deyil!
Çox fərqli kanallar oxuyuram. Biz bura gələrkən “Donbass Palace” otelində partlayış oldu. Bir qadının bədəninin aşağı hissəsi qoparılmış vəziyyətdə uzanan və həyatının son dəqiqələrində belə hələ də hərəkətdə olduğu videoda geniş yayıldı. Ukraynada da, Qərbdə də bunu təqdim etdib deyirlər ki, baxın, Rusiya qurbanlardan danışır, amma əslində bunlar aktyorlardır: “Bax, onlar hərəkət edir”. Dünən “Mayak” bazarına kabel axtarmağa getdim və orada həmin ölən qadını onun üç yaşlı qızını şəxsən tanıyan bir qızla rastlaşdım. Axşam isə biz Donbass Palace otelinin yaxınlığındakı barda olduq və hadisə baş verən zaman işdə olan barmenlə söhbət etdik. O bütün baş verənləri öz gözləri ilə görmüşdü...
 
– Amerikanın, Ukraynanın və Rusiyanın gələcəyini necə görürsünüz?

- Amerikanın gələcəyi getdikcə pisləşməyə doğru gedir. 2012-ci ildə Rusiyaya ilk dəfə gələndə çox müdrik bir adamla, Pavel Borodinlə tanış oldum. Və heç vaxt unuda bilməyəcəyim bir söz dedi: “Mən Rusiyanın Amerikanın 80-ci illərdə olduğu yerə, Amerikanın isə Rusiyanın 80-ci illərdə olduğu yerə getdiyini görürəm”. Və bu tamamilə doğrudur. Amerika LGBT və transgenderlər haqqında ağılsız şeylərə verdiyi dəstəyi ilə çox sürətlə dibə düşür. Artıq insan həyatının heç bir dəyəri yoxdur. Sanksiyalara görə inflyasiya çox yüksəkdir. Və əgər Rusiya və Çin ortaq valyuta ilə bağlı razılığa gələ bilsələr və ABŞ-ı bu valyuta ilə işləməyə məcbur edə bilsələr, o zaman dolların dövrü də başa çatacaq. Dollar dünya pul vahidi olmaqdan çıxsa, o zaman Amerika bir ölkə kimi həyatına son qoyacaq. Və düzünü desəm, bu, dünya üçün ən yaxşı şey olardı. Çünki Amerika hazırda dəhşətli bir yerdir.
 
- “Qardaş-2” filminə baxmısınız?
 
- Yox, amma tərcüməçi daxil hamı deyir ki, o filmə baxmalıyam.
 
– Bu filmdə əsas sual rus tərəfindən amerikalıya ünvanlanmışdı: “amerikalı, de görüm güc nədədir? pulda? Bax qardaşım  deyir ki, puldadır. Lakin mən düşünürəm ki, güc həqiqətdədir.  Haqlı kimdirsə o daha güclüdür”. Bir rusa bu sualın cavabını vermək imkanınız olsaydı, ona nə cavab verərdiniz?
 
- Bütün deyilənlərə baxmayaraq, mən hələ də gücün pulda olduğunu düşünürəm. Bu səmimi, vicdanlı cavabdır. Və bu cür səmimi cavaba görə özümə nifrət edirəm, lakin vicdanla cavab verirəm. Əminəm ki, insanların çoxu həqiqət və ya pul seçimini nəzərə alaraq pulu seçirlər. Bax mən o vaxt pulu seçmədim və həqiqət naminə bütün həyatımı, o cümlədən pulu qurban verdim. Mənim üçün pul heç vaxt əsas məqsəd olmayıb. Amma bu o demək deyil ki, bu xüsusiyyət bütün insanlara aiddir.
 
Məsələn, Zelenski ölkəsini sadəcə pula satdı. Ölkəsinin hər bir vətəndaşını satdı. Bu pul üçün on minlərlə insan canını verdi. Təəssüf ki, fikrimcə, çoxları onun yerində olsaydı eyni şeyi edərdi.

Ruslar haqqında bir şeyi deyə bilərəm ki, hətta pulu olan insanlar da həqiqəti seçərdilər.
 
- Pul deyil, həqiqəti seçdiyiniz üçün əminliklə deyə bilərik ki, siz də russunuz!
Tərcümə: Cəmil Şirvanov


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)