Flaş / Gündəm / Siyasət-Region / Siyasət-Analitika / Publisistika
14:52, 25 iyul 2021
603
0

İrandakı etirazlar. Qərbin "Xuzistan" kozırının yenidən işə düşməsi


Vüsal Sadıxov 

İranın Xuzistan ostanında 15 iyuldan başlayaraq ostanda su qıtlığınının yaranması səbəbilə etiraz aksiyaları başlayıb. Xuzistan ostanı hələ şah zamanında da ölkənin əsas gəlir gətirən neft mənbəyi olsa da, ostanda yaşayış ürəkaçan olmayıb. İran İslam İnqilabından sonra İraqla müharibə zamanı müharibə əsasən o bölgədə getdiyindən və bir neçə şəhərin işğal edilməsi səbəbindən Xuzistan müharibədə ən çox xəsarət almış ostan olmuşdur. Müharibədən sonra isə orada quruculuq işləri yetərincə aparılmadığından ostanda bir neçə problem, o cümlədən su və kanalizasiya problemləri ara-sıra yaşanmaqdadır. 

Xuzistan əhalisini əsasən ərəblərtəşkil etdiyindən şah zamanı və İraqla müharibə başlamamışdan öncə Səddam Hüseyn hökuməti Xuzistanda gizli təbliğat aparmaqla orada yaşayanları mərkəzi hökumətə qarşı ayaqlandırmaq üçün işlər görürdü. Düzdür, Xuzistanın müstəqil olması və ya İraqa birləşdirilməsi tarixi Osmanlı İmperiyasının dağılmasına qayıdır. Beləki müstəqil İraq dövlətinin yaranmasından sonra İraq Yaxın Şərqin ilk neft quyusu olan Xuzistana göz dikir. Hətta Osmanlı özü belə Xuzistanı işğal etmək arzusunda olur ki, İngiltərənin məsələyə qarışmasından sonra bu işdən əl çəkir. Pəhləvi hökuməti qurulanadək isə Xuzistanda ingilislərin öz təhriki və dəstəyilə yaranmış Şeyx Xəzəlin başçılıq etdiyi Xürrəmşəhr əmirliyinə ingilislər nəzarət ediblər. Qacar dövlətinin zəifləməsi nəticəsində yaranmış İngiltərənin protektoratında olan Xürrəmşəhr əmirliyi, Pəhləvi hakimiyyətinin qurulmasından və Rza Pəhləvinin İngiltərəyə çıxarılan neftdə imtiyazlar verməsindən sonra yenidən mərkəzi hökumətə devr edilir.

Amma baş nazir təyin edilən Müsəddiqin nefti milliləşdirməsindən sonra İngiltərənin dəstəyilə yeni yaranmış İraq dövləti, Xuzistanda ərəbçiliyi qabardaraq Xuzistanın "müstəqil" olması üçün yenidən fəaliyyətə başlayır. Amma Müsəddiq İngiltərə və ABŞ tərəfindən 2 il sonra devrildikdən sonra Xuzistanın "müstəqillik" məsələsi qapadılır. Məhəmməd Rza Pəhləvi 1 il sonra ölkənin neft sektorunu 25 illik İngiltərə, ABŞ və Fransa neft şirkətlərinə təhvil verir və İran neftdən gələn təmiz gəlirin 50%-ə şərik olur. 1979-cu ildə müddəti bitən razılaşma daha sonra yenidən 25 illik uzadılmalı idi ki, inqilab buna mane oldu. Elə inqilabın baş verməsindən sonra, yəni Xuzistan neftinin İngiltərənin əlindən çıxmasından sonra ABŞ və İngiltərənin dəstəyilə Səddam Hüseyn Xuzistana əl atmağa başlayır.

Bu gün Xuzistanda baş verənləri anlamaq üçün məcburi olaraq Xuzistanın tarixinə məcburi qısa ekskurs etməli idim. Çünki Xuzistanda yaşanan problemlərdən daim Xuzistanın İrandan ayrılmasını istəyən qüvvələr öz məqsədləri üçün istifadə edirlər. İranda terrorçu təşkilat olaraq tanınan və Avropada məskunlaşmış "Əhvazın Azadlığı uğrunda Ərəb Mübarizə Hərəkatı" bu yöndə siyasi fəaliyyət göstərməkdədir. Xatırlatma olaraq deyim ki, ərəbləri mərkəzi hökumətə qarşı silahlı mübarizəyə dəvət edən təşkilatın üzvlərinin 2018-ci ildə Əhvazda keçirilən hərbi parada hücumu zamanı 25 nəfər həyatını itirmiş və 70 nəfər yaralanmışdı.

Son illər Səudiyyə Ərəbistanı ilə isti münasibətdə olan təşkilatın təbliğat videoçarxlarında Məhəmməd bin Salmanın işıqlandırlması və İranla soyuq münasibətdə olan Səudiyyə Ərəbistanın şahzadəsi bin Salmanın özünün "biz mübarizəni İranın daxilinə çəkəcəyik" deməsi təşkilata dəstəyin Səudiyyə Ərəbistanın da tərəfindən verilməsinin göstəricisidir. Bundan başqa son bir neçə ildir ABŞ, bir neçə Avropa ölkəsi və İsrailin dəstəyilə aktiv fəaliyyətə başlayan İran Xalq Mücahidləri Təşkilatı ilə də yaxınlaşmalar təşkilat tərəfindən gizlədilmir. İXMT ona ayrılan maliyyə və gizli servislər vasitəsilə İranda şəbəkə qurmağa müvəffəq olmuşdur ki, İranda son illərdə baş verən hər bir etirazlarda bunu müşahidə etmək mümkündür. Gizli şəbəkənin əsas fəaliyyətlərindən biri siyasi meyit olan şahın oğlunun İran ictimaiyyətində təbliğatıdır. İranın inqilabından öncə yağ-bal içərisində yaşadığı xalq arasında geniş təbliğ olunur. Və İranda yaşanan son iqtisadi problemlər fonunda bu metod inqilabdan öncə və sonrakı iqtisadi göstəricilərin inqilabdan sonranın xeyrinə olmasına baxmayaraq öz bəhrəsini qismən də olsa verməkdədir. Əsasən də bu cavan nəslə çox təsir edir. Şah zamanında yaşamamış cavanlar inqilabdan öncə həqiqətən hər şeyin qaydasında olduğuna inanmağa başlayıbıar. Haşiyə olaraq deyim ki, eyni şey İraqda da müşahidə edilməkdədir. Son illər hökumətə qarşı keçirilən etiraz aksiyalarında cavanlar İraqın sonuncu kralı II Feysalın dövründəki kimi yaşamalarını istəyirlər. Eynilə guya o zaman İraq da öz qızıl dövrünü yaşamışdır.

Mövzudan çox uzaqlaşmayaq. 17 min iranlının terror edilərək öldürülməsində əli olan İXMT, öz adını hallandırmasının effekt verməyəcəyini bildiyi üçün şahın ABŞ-da yaşayan oğlunun adını hallandırır və şah dövrünün işıqlı bir dövr olmasını təbliğ edir. Amma onları hürdürən dövlətlər nə şahın oğlunu, nə də İXMT-i hakimiyyətə gətirmək fikrində deyillər. Çünki İXMT İranda törətdiyi terrorlara görə xalq tərəfindən qəbul edilməyəcək. Şahın oğlu isə ona görə qəbul edilməyəcək ki, camaat əgər klerikal dövləti devirərsə yenidən 40 il əvvələ, yəni şahlığa qayıtmaq istəməyəcək. Amma əllərində olan müxalifət budur. Rusların belə halda dedikləri kimi - другой оппозиции у меня для вас нет.

Qayıdaq son etirazlara. Xuzistan camaatı haqlı etirazlarını bəyan etmək üçün küçələrə çıxaraq ostanda yaranmış su probleminin həll edilməsini tələb edirlər. Amma bir neçə gün sonra artıq etirazlar başqa rəng almağa başlayır. Etiraz aksiyalarından paylaşılan videolarda etirazçıların arasında əli silahlı şəxslər görünür. Silahın olması ilə yanaşı silah səsləri də eşidilir və asayiş qüvvələri tərəfindən yaralananlar olur. Eyni zamanda etirazçılar tərəfindən də öldürülənlər olur. Amma atəşin kim tərəfindən açılması dəqiq bilinməsə də, bütün dünyaya etirazçının hökumət tərəfindən öldürüldüyü elan edilir. Etiraz oluna bilər ki, İran hökumətini müdafiə edirəm. Necə qəbul etməyinizdən asılı olmayaraq bütün rəngli və rəngsiz inqilablarda eyni metodiçkadan istifadə olunur. Bir və ya bir neçə nəfər qurban edilir və onun qanından "Osmanın qanlı köynəyi" kimi istifadə olunur. Halbuki ilk öldürülənin atası, oğlunun qanının hədər olmaması üçün hökuməti bu ölümü diqqətlə araşdırlmasını tələb edib. Başqa övladları öldürülənlərin valideynlərinin də eyni məzmunda videoları vardır. Amma əlbəttə ki, dünya mediası əllərində olanların bu videoların yox, etiraz aksiyalarından çəkilən və ya qanlı halda yerdə uzanmış şəxslərin videosunun yayılmasında maraqlıdırlar. Onsuz da dünyaya vəhşi kimi təqdim olunan İran üçün nə desən yapışacaq. Baxmayaraq ki, xaricdə yaşayan İrandakı insan haqlarını müdafiə edənlər belə İXMT və ƏAƏMH üzvlərinin etirazçıların arasına qatışdığını və etirazları öz istədikləri məcraya çəkməkdə əllərində faktlar olduqlarını bildirirlər. Bununla isə həm haqlı etirazçıların işləri hədərə getmiş olur və hökumət də etirazçılara qarşı şiddət tətbiq etməyə məcbur olur. Çünki bildiyimiz kimi istənilən küçə kütləsinin içərisinə qatılmış xüsusi adamların addımları kütləni də avtomatik həmin addımları təkrarlamağa sövq edir. Nəticədə isə aksiyalar qarşıdurmalara çevrilir.

Son Xuzistan aksiyaları haqlı etirazlar olsa da, İran daxilində və xaricində olan düşmənlər bundan da öz mənafelərinə qarşı istifadə etməyə çalışırlar. Hər dəfə olduğu kimi İranda hər etiraz aksiyası baş verən zaman İranın dağıldığını düşünən qüvvələr bu dəfə də Xuzistanda baş verənlərin nöqtə olduğunu düşünüblər. Yaxud da Rəisinin 10 gün sonra prezidentliyə başlamasından öncə bunu son şansları kimi bilirlər deyə, bütün müxalif qrupları aksiyalar təşkil etməyə çağırıblar. Və əlbəttə ki, Xuzistana dəstək adı altında. Amma Xuzistanda problemin həll olunması üçün artıq ciddi işlər başlandığı üçün Xuzistanda etirazlar səngiməkdədir. Başqa şəhərlərdə olan etiraz aksiyaları isə xaricdən idarə olunanların ifşasına gətirib çıxaracaqdır. Və İran hökuməti özü də bunda maraqlı olduğu üçün etirazlar hələ bir az daha davam edəcəkdir.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)