Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / İqtisadiyyat-Dünya / İqtisadiyyat-Analitika / Publisistika
12:35, 22 yanvar 2023
715
0

2023-cü ilin strategiyaları və ssenariləri


Rusiyalı iqtisadçı və siyasətçi, iqtisad elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının akademiki, Avrasiya İqtisadi İttifaqının inteqrasiya və makroiqtisadiyyat naziri Sergey Qlazyevin 09.01.2023-cü il tarixində dərc edilmiş analitik yazısını tərcümə edib sizə təqdim edirik. Akademik məqalədə yeni dünya nizamının yaranması, icrada olan strategiyalar, mümkün ssenarilər və Rusiyanın bu strategiya və ssenarilərdəki rolu barədə öz fikirlərini yazmışdır:

Yeni il üçün siyasi və iqtisadi dinamika ilə bağlı proqnozumu təqdim edirəm. Proqnoz bu və ya digər iqtisadi siyasətin həyata keçirilməsi üçün ehtimal ssenariləri ilə təsvir olunan sabit və qeyri-sabit tendensiyaların, eləcə də qeyri-müəyyən trayektoriyaların məcmusundan ibarətdir. O, aşağıdakıları özündə ehtiva edir: dünyanın yeni iqtisadi nizamının nüvəsini təşkil edən Çin və Hindistanın davamlı inkişafı tendensiyası; qeyri-sabit – getməkdə olan iqtisadi nizamın nüvəsini təşkil edən ölkələrdə əks tendensiyaların artan turbulentliyi(aqressiv olan ABŞ və əcəl iztirabları çəkən Avropa Birliyi); həyata keçirilən makroiqtisadi siyasətdən asılı olaraq Rusiyada iqtisadi və siyasi vəziyyəti dəyişdirmək üçün ssenarilər.

Dünyadakı ümumi vəziyyət bizim Rusiya Elmlər Akademiyasının Elmi Şurası tərəfindən hazırlanmış uzunmüddətli iqtisadi inkişaf nəzəriyyəsində göstərildiyi kimi baş verən texnoloji və dünya iqtisadi strukturlarının dəyişməsi prosesləri ilə müəyyənləşir. Hələ 2008-ci ildə bu nəzəriyyə əsasında aşağıdakılar proqnozlaşdırılırdı: neftin və digər vacib enerji daşıyıcılarının qiymətlərinin dəyişməsi; ABŞ, Aİ və Yaponiyanın kəmiyyət yumşaltması siyasəti ilə Böyük Durğunluğa çevirə bildikləri(pul bazasının 4 dəfə artması) böyük depressiya; yeni, bölünməz dünya iqtisadi ukladının nüvəsini təşkil edən Çin və Hindistanın mütərəqqi inkişafı; əsas zərbənin Rusiyaya dəyəcəyi, ABŞ-ın hakim maliyyə elitasının özünün qlobal hegemonluğunu qoruyub saxlamaq üçün  dünya hibrid müharibəsinə başlaması. Bu proqnozda həmçinin makroiqtisadi siyasətin Vaşinqton Konsensusu ruhunda davam etdirilməsi, o cümlədən pul siyasətində Beynəlxalq Valyuta Fondunun(BVF) tövsiyələrinə əməl olunması staqflyasiyaya və Rusiyanın dünyada mövqeyinin zəifləməsinə gətirib çıxaracaq ki, bu da ABŞ-ın aqressiyasına səbəb olacaq. Çünki onlar Rusiya Federasiyasını özlərindən asılı, zəif həlqə hesab edir, onu məğlub etməklə dünya müharibəsində qalib gələ biləcəkləri düşünürlər. Necə ki, bu, artıq Birinci Dünya Müharibəsi zamanı baş vermişdi. Hadisələr belə cərəyan edirdi. Üstəlik, onu müşayiət edən qeyri-iqtisadi amillər(koronavirus pandemiyası) gedişatı ancaq sürətləndirdi. Təəssüf ki, rəhbərliyimiz proqnozlaşdırılan təhdidlərə, onların qarşısını almaq və Rusiyanı ABŞ-ın müəyyən etdiyi trayektoriyalardan yeni texnoloji uklada əsaslanan mütərəqqi inkişaf trayektoriyasına çıxarmaq üçün elmi əsaslandırılmış təkliflərə lazımi cavabı vermədi. Nəticədə, biz strateji təşəbbüsü ələ keçirmək üçün bir sıra aşkar imkanları qaçıraraq indiki vəziyyətə düşdük.

Bu proqnozlar, təhlükələrin diaqnostikası və onların aradan qaldırılması üçün təkliflər kitab şəklində dərc olunub.

Arzu edənlər bu kitabı oxuyaraq, bu proqnozların özünü doğrultmasına əsaslanaraq, texnoloji və dünyanın iqtisadi ukladının dəyişməsi nəzəriyyəsinin həyat qabiliyyətliliyi haqqında fikir formalaşdıra bilərlər. Bu nəzəriyyəyə görə, Pantinin 10 il əvvəl proqnozlaşdırdığı kimi, dünya hibrid müharibəsinin pik nöqtəsi, o cümlədən ABŞ-ın Rusiyaya qarşı təcavüzünün artması 2024-cü ildə gözlənilir. Bundan sonra, Pax Americana-nın qürubunda və dünya liderliyinin dünya iqtisadi nizamının yeni nüvəsi olan ölkələrə - Çin və Hindistana keçidində və yüzilliyin sonuna qədər dünya iqtisadiyyatının inkişafının bu ölkələrlə rəqabətdə müəyyənləşməsində ifadə olunan keyfiyyət dəyişikliyi baş verməlidir. Bu keçid Ukraynadakı hadisələrin nəticəsindən asılı olmayaraq baş verəcək. Lakin Rusiyanın bundan sonrakı mövqeyi bu hadisələrdən asılıdır. Biz yeni yeni dünya iqtisadi nizamının nüvəsinə daxil ola biləcəyikmi, yoxsa dünya iqtisadiyyatının yeni və köhnə mərkəzləri tərəfindən onlar arasında gedən resurs periferiyasını genişləndirmək uğrunda mübarizədə parçalanacağıq?

Bu ilin əvvəlinə dünya hibrid müharibəsinin bütün əsas iştirakçılarının strategiyaları müəyyənləşdi. Bu müharibəni başladan ABŞ və İngiltərə köhnə anqlo-sakson geosiyasəti ruhunda, Makkinder-Bjezinskinin köhnə doktrinasına tam uyğun hərəkət edirlər. Onlar ciddi şəkildə hesab edirlər ki, dəniz və quru xalqlarının əbədi mübarizəsində ənənəvi olaraq Rusiyanın nəzarətində olan Avrasiyanın mərkəzi hissəsinə kim nəzarət edirsə, o da qalib gələcək. Onlar Rusiya İmperiyasının və SSRİ-nin dağılmasındakı uğurlarını təkrarlamağa cəhd edirlər. Rusiyanı daxildən məhv etmək üçün əvvəllər edildiyi kimi bizi yenidən müharibəyə cəlb etməyə çalışırlar ki, hakimiyyətdən bezmiş silahlı xalq onu devirsin, bundan sonra da onların təsir agentləri hərəkətə keçsin. Ümumiyyətlə, onların strategiyasının mahiyyəti Rusiyanı əzmək, İranı məhv etmək və Çini izolyasiya etməkdir.

Çinin strategiyası texnoloji suverenliyə, maliyyə və iqtisadi özünütəminliyə nail olmaq, mütərəqqi iqtisadi inkişafı təmin etmək, əhalinin həyat səviyyəsini yüksəltmək, ictimai həmrəyliyi gücləndirmək, lazımi ehtiyatları toplamaq, Bir kəmər-yol layihəsi vasitəsilə özünə münbit və təhlükəsiz iqtisadi periferiya yaratmaqdan ibarətdir. ÇXR beynəlxalq münasibətlər baxımından bəşəriyyətin ümumi taleli xalqlarını birləşdirmək doktrinasını aşağıdakılar əsasında həyata keçirir: birgə investisiyalar vasitəsilə rəqabət üstünlüklərini birləşdirərək qarşılıqlı fayda əldə etmək; milli suverenliyə hörmət; beynəlxalq hüquqa əməl olunması; tərəflərin bərabərliyi; danışıqlarda dürüstlük və şəffaflıq; ədalət.

Hindistanın strategiyası gözləmə mövqeyi ilə xarakterizə olunur. Hindistan da Çin kimi ABŞ-ın Rusiyaya qarşı təcavüzündən az faydalanmır. Rusiyanın Şərqə üz tutmasının məcburi xarakterli olması asiyalı qonşularımıza əməkdaşlıq şərtlərini böyük ölçüdə diktə etməyə, Rusiyadan idxal olunan xammalın qiymətinə endirimlər qoparmağa və Qərb şirkətlərinin getməsindən sonra boşalmış Rusiya bazarlarına öz məhsullarının tədarükünü genişləndirməyə imkan verir. Hindistan ənənəvi olaraq diqqətini yeni texnoloji uklada əsaslanan iqtisadi inkişafı sürətləndirmək yolu ilə yoxsulluq və sosial bərabərsizlik kimi daxili problemlərinin həllinə yönəldib. Hər kəslə qarşıdurmadan qaçaraq və bütün ölkələrlə bərabər səviyyədə əlverişli münasibətlər qurmağa çalışan Hindistan onu öz tərəfinə çəkmək istəyən bütün münaqişə tərəfləri üçün təbii cazibə mərkəzinə çevrilir. Hindistanın iqtisadi artım tempinə görə dünya lideri kimi çıxış etməsi məhz bu strategiyanın obyektiv təzahürüdür.

Oxşar strategiya Yaxın Şərq ölkələri üçün də xarakterikdir. Onlar dünya hibrid müharibəsinin gedişatını diqqətlə izləyir, iqtisadi təhlükəsizliklərini gücləndirir, ABŞ və Britaniyadan güclü asılılıqlarından qurtulur və yeni dünya iqtisadi nizamına keçid etmək üçün hazırlıq görürlər.

Lula da Silvanın yenidən Braziliya prezidenti seçilməsindən sonra bu ölkənin də öz inkişaf strategiyasını müəyyənləşdirəcəyini gözləmək olar. Dövlət fəaliyyətinin əsas mənasının müxtəlif sosial qrupları xalqın rifahının yaxşılaşdırılması kimi ümumi məqsəd ətrafında birləşməsi olduğu üçün  biz yeni dünya iqtisadi ukladını(DİU) birləşdirici uklad adlandırırıq. Bu DİU sosialist ideologiyasının, bazar rəqabətinin və xarici iqtisadi fəaliyyətdə milli maraqların güdülməsinin birləşməsi ilə xarakterizə olunur. Lulanın proqramı da bu əlamətlərə mükəmməl şəkildə yğun gəlir və əgər o, Mərkəzi Bankı BVF-nin pəncəsindən çıxarıb onu investisiya artımı və maksimum iqtisadi fəallığın təmin edilməsi üçün kreditləşdirmə siyasəti yürütməyə vadar edə bilsə, o zaman Braziliya yeni Dünya İqtisadi Ukladının üçüncü nüvə ölkəsi ola bilər.

Dünyanın aparıcı ölkələrindən yalnız Rusiya və Almaniyanın strategiyası yoxdur. Sonuncunun rəhbərliyi ölkəsi üçün fəlakətli iqtisadi nəticələrə səbəb olacaq addım atdı – Vaşinqtona yanaşdı. Almaniyanın staqflyasiya tələsinə düşməsi ümumavropa rifahını məhv edir və digər Aİ dövlətlərini aşağı dartır. O, Avropada Vaşinqton və London tərəfindən əsası qoyulan növbəti müharibənin bütün çətinliklərini öz üzərinə götürərək, anqlo-sakson “tərəfdaşlarına” ondan super gəlir əldə etmək imkanı verir. Əslində, Avropa siyasi elitasının yürütdüyü siyasət Avropa xalqlarının maraqlarına ziddir, yalnız Vaşinqton və Londonun maraqlarına xidmət edir. Onlar mediaya nəzarət və Aİ-nin hakimiyyət strukturlarındakı təsir agentləri sayəsində Aİ-ni “Sem dayı üçün oddan şabalıd çıxaran” vəziyyətinə salmağa müvəffəq olublar. Avropanın bu özünüməhv siyasətinin sərhədləri yoxdur - avropalılar üçün nə qədər pis olsa, amerikalılar və Avropanı Rusiya və Çinə qarşı yönəltməzdən əvvəl Aİ-dən sürüşüb çıxmış ingilislər üçün bir o qədər yaxşıdır. Birləşmiş Ştatlar və London həmişə olduğu kimi Avropadakı müharibədən yaxşı pul qazanırlar. Bir tərəfdən ordan kapital və beyinləri çıxarır, digər tərəfdən isə Rusiyaya qarşı müharibədə Avropa xalqlarından top yemi və resurs mənbəyi kimi istifadə edirlər.

Əgər Almaniyanın və Aİ-nin öz strategiyasının olmaması onların hakimiyyət strukturlarında Amerikanın təsir agentlərinin üstünlük təşkil etməsi ilə izah olunursa, Rusiyanın strategiyasının olmaması suallar doğurur. O suallara cavabların bir hissəsi altı ay əvvəl dərc edilmiş və aktuallığını qoruyan “Nə baş verir?” məqaləmdə var.

Beləliklə, yenicə daxil olan ilin bütün qeyri-müəyyənliyi Rusiyada strategiyanın olmamasındadır. Rəhbərliyimiz Luqansk və Donetsk, Zaporojye və Xerson vilayətlərini Rusiya Federasiyasının tərkibinə qəbul etməklə strateji təşəbbüsü ABŞ-ın əlindən almağa cəhd etdi. Amma bu üstünlüyü aydın son məqsəd, aydın ideologiya və kollektiv Qərblə hibrid müharibədə resursların tammiqyaslı səfərbərliyi olmadan əldə saxlamaq mümkün deyil.

Xüsusi Hərbi Əməliyyatda(XHƏ) gecikmə Aİ hesabına müharibə aparan hər gün güclənən Vaşinqton və Londonun strategiyasına tam uyğun gəlir. Onların Aİ rəhbərliyindəki marionetləri Avropa üçün mənfi nəticələrə səbəb olacğından asılı olmayaraq, müharibənin Rusiyanı məğlub edənədək  davam etməsini tələb edirlər. Amerika-Britaniya məxfi xidmətlərinin qardaş qırğınında rus xalqının qüvvələrini məhv etmək üçün qurduqları planlar bu qırğının davam etdiyi hər gün öz təsdiqini tapır. Bundan da pisi odur ki, Müdafiə Nazirliyimizin hesabatları öldürülən ukraynalı hərbçilərin sayını bildirməyə qədər məhdudlaşdırılıb ki, bu da düşmənə XHƏ-nin məqsədlərini bu göstərici əsasında şərh etməyə imkan verir.

Birinci Dünya Müharibəsində bir milyon fransız və almanın həyatına son qoyan bədnam Verden ətçəkən maşını kimi uzun səngər müharibəsinə keçid rus dünyası üçün fəlakətlə dolu gələcək vəd edir. Müdafiə Nazirliyinin yüksək rütbəli generalları televiziyada döyüş əməliyyatlarının gündəlik nəticələrini həlak olan ukraynalıların sayına görə xəbər verəndə Ukraynada qohumları olan milyonlarla Rusiya vətəndaşı ürəklərini tuturlar. Dünya hibrid müharibəsində bütün cəmiyyət üçün aydın strategiyanın və ideologiyanın olmaması düşmənə XHƏ-ni ona lazım olan rusofob terminlərlə şərh etməyə imkan verir, Rusiya ictimai şüurunu depressiv vəziyyətə salır və hökumətə inamı sarsıdır. Döyüş əməliyyatlarının gələn ilə qədər uzadılması düşmənin 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkiləri kampaniyası zamanı inqilab təşkil etmək üçün hazırladığı siyasi böhranın ilkin şərtlərini yaradır.

XHƏ-nin tezliklə qələbə ilə başa çatması Rusiyada siyasi sabitliyin təmin edilməsi üçün çox vacibdir. Onun cari ildən sonrakı dövrlərə qədər ləngiməsi Ukrayna faktorunu prezident seçkiləri zamanı Rusiyanın daxili siyasəti üçün kritik faktora çevirir. Səsvermənin necə keçməsindən asılı olmayaraq, düşmən öz nəticələrini legitimləşdirmək, mülki və silahlı itaətsizlik aktları törətmək üçün hər cür səylər göstərəcək. Biz bu ssenarini Rusiya dövlətçiliyi üçün qəbuledilməz hesab edərək nəzərdən keçirməyəcəyik. Diqqəti qələbənin bu il əldə edilməsi üçün lazım olan minimum zəruri şərtlərə cəmləşdirəcəyik.

Birinci şərt - ordunu və əhalini vacib olan hər şeylə təmin etmək üçün bütün mövcud resursları səfərbər etməkdir. Bildiyiniz kimi, hərb işində ən təhlükəli şey, düşmənin gücünü lazımınca qiymətləndirməməkdir. Biz neofaşistlərin şiddətli müqaviməti ilə qarşılaşaraq, kollektiv Qərblə hələ də tam gücümüzlə mübarizə aparmırıq. 300 milyard dollar pul ehtiyatımızın üzərinə həbs qoyulmasından sonra Rusiya Mərkəzi Bankının rəhbərliyi keçən il ərzində həcmi 200 milyard dollar kapitalın ölkədən ixracına göz yummağa davam etməkdədir. Bundan 150 milyard dolları maliyyə orqanlarının icazəsi ilə ölkədən çıxarılan, Rusiya müəssisələrinin xaricdəki kredit öhdəlikləri üzrə ödənilən pullardır. Bu ödənişlər əsasən qeyri-dost ölkələrin yurisdiksiyasına keçib ki, həmin ölkələr Ukraynanın hərbi borclarını bağlamaq üçün bizim valyuta ehtiyatlarımızı müsadirə edən dövlətlərdir. Maliyyə cəhətdən bizi dəfələrlə üstələyən düşməni elə məhz onun özünə satdığımız xammal resurslarından qazandığımız pullarla təmin etməklə ona qalib gələ bilərikmi? Sual ritorikdir.

Təkcə keçən il Rusiya Bankının rəhbərliyinin təqsiri üzündən xaricə axan kapital və valyuta ehtiyatlarının həbs edilməsi ilə bağlı Rusiyaya dəymiş ziyanın (mən 2014-cü ildən bəri onları dəfələrlə, o cümlədən, rəsmi və hətta ictimaiyyətə açıq şəkildə bu təhlükə barədə xəbərdar etmiş, valyuta ehtiyatlarının Qərb yurisdiksiyasından başqa yerə köçürməyi tələb etmişəm) ümumi məbləği yarım trilyon dolları keçib ki, bu da Rusiyanın bütün müdafiə büdcəsindən dəfələrlə çoxdur. NATO ölkələrinin Ukraynaya verdikləri kreditlərin ödənilməsi xərclərini maliyyələşdirmək üçün bu pulların müsadirə edilməsi prosedurunun başlandığını rəsmən bəyan etməsini nəzərə alaraq bildirməliyik ki, NATO-nun Rusiyaya qarşı müharibəsinin xərcləri elə Rusiya Bankı tərəfindən ödənilir. Üstəlik, bu, dövlət başçısının yazda verdiyi, qeyri-dost ölkələrə kapital ixracının dayandırılması və ixracatçıların valyuta gəlirlərinin tam satışının tətbiqi ilə bağlı fərmanlarında təsdiq edilən dövlətin siyasi iradəsinə zidd olaraq həyata keçirilir.

Rusiya Mərkəzi Bankı kapitalın xaricə daşınmasına razılıq verməklə paralel olaraq, maşınqayırma müəssisələri üçün əsas faiz dərəcəsini artırmaq və qəbuledilməz kredit şərtlərini müəyyən edərək sənaye istehsalının artımına kredit verilməsini əngəlləməkdə davam edir. İstehsal sənayesi uzun illərdir ki, mümkün olan istehsal gücünün demək olar ki, yarısından istifadə edir. Qərb şirkətlərinin geri çəkilməsindən sonra daxili bazarın 1/4 hissəsinin boşaldığını nəzərə alsaq belə, idxalın yerli istehsalla əvəzlənməsi olduqca ləng gedir. Təbii ehtiyatlarından emal edilən hazır məhsul istehsalını artırmaq əvəzinə, xammal ixracının istiqaməti Qərbdən Şərqə yönləndirilir.

Biz razıyıq ki, bazar iqtisadiyyatı şəraitində sovet tipli səfərbər edilmiş iqtisadiyyata keçid mümkün deyil. Lakin eyni bazar mexanizmlərindən məqsədyönlü şəkildə istifadə etmək yolu ilə resursların səfərbər edilməsi tamamilə zəruridir. Müdafiə Nazirliyinin bəzi rəsmi sözçülərinin Ukraynaya xarici texnikanın verilməsinin döyüş meydanında heç nəyi əsaslı şəkildə dəyişdirməməsi ilə bağlı şıltaqcasına gətirdikləri arqumentlərindən düşmənin potensialının ayıq başla qiymətləndirilməsinə keçmək lazımdır. NATO bloku ölkələrinin hərbi xərcləri bizimkindən dəfələrlə çoxdur. 1941-ci ilin sonunda, Avropa faşistlərinin birliyinin iqtisadi potensialının bizimkindən dəfələrlə böyük olanda SSRİ də eyni vəziyyətdə idi. Amma biz dözdük. Çünki biz potensialımızın 100%-dən artığını istifadə etdik. Həmin vaxtlar Almaniyada bayramlar, istirahət günləri saxlanılırdı və istehlak mallarının istehsalı davam edirdi. “Hər şey cəbhə üçün, hər şey Qələbə üçün” şüarı yenidən aktualdır. Rusiya Bankının rəhbərliyinin istehsal gücünün tam işə düşməsinə mane olması və kapitalın ölkədən aparılmasına şərait yaratması Qələbənin əldə edilməsi ilə bir araya sığmır.

İkinci şərt - insan və intellektual potensialın səfərbər edilməsidir. İstehlakçılıq virusu ilə zəifləmiş ictimai şüur Xüsusi Hərbi Əməliyyata hazır deyildi. Səfərbərliyə cavab olaraq, on minlərlə (bəzi hesablamalara görə, yüzlərlə) yüksək ixtisaslı mütəxəssis ölkədən qaçdı. Onlar xaricdə düşmən tərəfindən psixoloji təzyiqə və təlqinlərə məruz qalırlar. Bu, təkcə böyük insan kapitalının itkisi deyil, böyük ölçüdə onun düşmənə verilməsidir. Dost olmayan ölkələrə gedən İT mütəxəssislərimizin hansı hissəsi Pentaqonun və Ukrayna Silahlı Qüvvələrinin maraqlarına uyğun işləyir? Və ölkəni bir qəpiksiz tərk edən gənclərin nə qədəri Rusiyada hazırladıqları inqilaba top yemi kimi istifadə edilmək üçün MKİ və Mi-6 tərəfindən işə götürüləcək? Sual ritorik deyil.

Müasir bilikli cəmiyyət şəraitində insan potensialının səfərbər edilməsinə güc yolu ilə nail olmaq mümkün deyil. Bunun üçün ilk növbədə hakimiyyət orqanlarına etibar olmalıdır. Əgər dövlət başçısına etibar kifayət qədər yüksəkdirsə, pul-kredit orqanlarının rəhbərləri və bürokratiya üçün bu, heç də belə deyil. Ənənəvi dəyərlərin qorunması ilə bağlı prezident fərmanının qəbulu dindarların sevincinə səbəb olub. Amma cəmiyyətin etimadını qazanmaq üçün hakimiyyəti korrupsioner və səriştəsiz ünsürlərdən təmizləmək üçün qəti addımlar lazımdır, onların günahı ucbatından biz hər gün resursları və insanları itiririk.

Nəhayət, hava kimi vacib olan, cəmiyyəti birləşdirən ideologiya. Mənəvi ənənəmizi nəzərə alsaq, bu, ancaq sosial ədalət, dürüstlük və məsuliyyət ideologiyası ola bilər. Hakim elita, ilk növbədə, prezidentin fərmanı ilə təsdiq edilmiş ənənəvi dəyərləri özlərinə tətbiq etməlidir. Doktrina baxımından rus dünyası üçün ən uyğun olan və yeni DİU-nun tələblərinə uyğun gələn pravoslav sosializm ideologiyasıdır. Konfessional tolerantlığı, digər şeylərlə yanaşı, müsəlman dünyasında işlənib hazırlanmış islam bankçılıq alətlərinin geniş istifadəsini nəzərə alaraq, onu xalq sosializmi ideologiyası kimi formalaşdırmaq olar. Amma ideologiya o zaman işləyəcək ki, hakim elita ictimai rifahın yüksəldilməsi maraqları naminə gündəlik sosial-iqtisadi siyasətin aparılmasında ona əməl etməyə başlasın.

Xalq sosializmi ideologiyasının mənimsənilməsi Ukraynadak; hərbi əməliyyatlara məna verəcək. Bu, həmin əməliyyatı ölkəmizin ayrılmaz hissəsi olan, düşmən tərəfindən işğal edilmiş torpaqları - Malorossiya, Novorossiya və Karpatorossiyanın işğaldan azad edilməsi və ölkəmizi komprador oliqarxiyadan təmizləmək əməliyyatına çevriləcək. O, Ukraynada oliqarxların ofşor hesablarına və aktivlərinə nəzarət edən ABŞ-Britaniya kəşfiyyat orqanlarının rəhbərliyi altında neofaşist-rusofob rejiminin formalaşması üçün əsas oldu. Xüsusi hərbi əməliyyat rus oliqarxlarını qərar verməyə məcbur etdi, onların komprador hissəsi xaricə qaçdı. Rusiya hakim elitasının vətənpərvərlik meyarına görə təmizlənməsi prosesi tam sürətlə getməyə başladı. Cəmiyyəti konsolidasiya etmək üçün daim bizim üçün əsas olan həqiqət və ədalət kimi dəyərlərimizə əsaslanan başqa meyarlar da işə salınmalıdır.

Xalq sosializmi, bolşeviklərin Marks doktrinasının təsiri altında etdikləri kimi xüsusi mülkiyyətin müsadirə edilməsini nəzərdə tutmur. Strateji planlaşdırmanın özəl sahibkarlıqla birləşməsi, bazar rəqabəti ilə pul dövriyyəsinə dövlət nəzarəti, özəl təşəbbüsün dəstəyi ilə infrastruktur sahələrdə dövlət mülkiyyəti kimi xüsusiyyətlərdən ibarət, yeni, inteqral dünya iqtisadi ukladı ölkələrində toplanmış dövlət və özəl sektorun tərəfdaşlıq təcrübəsi bizə doğru yolu gösrtərir. Dövlətimiz həm də özünün XX əsrin əvvəllərində, sənayeləşmə, müharibə və müharibədən sonrakı dövrdə xalq təsərrüfatının yenidən qurulması dövründə iqtisadi möcüzələr təcrübəsini xatırlamalı, xalqın rifahı naminə bazar iqtisadiyyatını təkmilləşdirmək üçün müasir tənzimləmə üsullarını mənimsəməlidir. Ümumi prinsip sadədir - dövlət işi cəmiyyətin ehtiyac duyduğu malların istehsalının həcminin və səmərəliliyinin artmasına töhfə verən özəl müəssisələri dəstəkləyir(o cümlədən ucuz uzunmüddətli kreditlərlə) və ticarətçilərin hər cür spekulyasiya və fırıldaqçılıq yolu ilə iqtisadiyyatı qeyri-stabilləşdirmək yolu ilə nağd pul qazanmaq cəhdlərinin qarşısını alır.

Üçüncü şərt - bütün idarəedicilərin və səlahiyyətli orqanların işinin nəticələrinə görə məsuliyyət daşıması mexanizminin tətbiqidir. Bunsuz rəhbər kadrlar arasında korrupsiya və səriştəsizliyin yaratdığı idarəetmə disfunksiyalarını aradan qaldırmaq mümkün deyil. Milyonlarla sadə insanın hərbi və əmək qəhramanlıqlarının hamısı yüz milyardlarla dolların sızıb harasa axmasına, strateji plan və proqramların pozulmasına, dövlət vəsaitlərinin mənimsənilməsinə, irimiqyaslı xətalara, istehsal gücünün qorunmaması və artırılmamasına və ya insanların ölümünə görə heç bir məsuliyyət daşımayan ayrı-ayrı rəhbərlərin səriştəsizliyi ilə dəyərsizləşir. Biz hakimiyyətdə təmsil olunanların öz işlərinin nəticələrinə görə məsuliyyət daşıdığı ən sadə mexanizmləri işə salan kimi hakim elitanın özünütəmizləmə prosesi başlayacaq. Əks təqdirdə, taleyüklü bir anda "hər yer xəyanət, qorxaqlıq və aldatma ilə doludur" deməyə məcbur olan İmperator II Nikolayla baş verən vəziyyət təkrarlanacaq.

Qələbəyə nail olmaq üçün yuxarıdakı üç zəruri şərt kifayətdir. Əgər bunlara nail olunarsa, qalan məsələlər xalqın öz yaradıcılığı, vətənpərvərliyin yüksəlişi sayəsində öz-özünə inkişaf edəcək. Bunun sayəsində iqtisadiyyat ən azı 8% ÜDM artımı, sosial bərabərsizlik səviyyəsinin azaldılması ilə bərabər vətəndaşların gəlirlərinin 5% artması və indiki "sıfıra yaxın" göstərici əvəzinə ildə 20% investisiya artımı ilə qabaqcıl inkişaf trayektoriyasına gətiriləcəkdir. Əgər onların həyata keçirilməsi üçün ən qəti tədbirlər görülməzsə, o zaman vəziyyət yuxarıda qeyd olunan neqativ ssenari üzrə gedəcək.

Yuxarıda göstərilən, Ukrayna fəlakətinin nəticəsindən asılı olmayaraq, ABŞ-ın öz başlatdığı dünya müharibəsində uduzacağı barədə tezisə aldanmaq lazım deyil. Əgər SSRİ-nin rəhbərliyinin yuxarı eşalonunda səriştəsizlik və xəyanət olmasaydı, o zaman onun dağılması əvəzinə sovet siyasi iqtisadçılarının yorulmadan yazdıqları kapitalizmin sistemli böhranının şahidi olardıq. Lakin sovet rəhbərliyinin doqmatizmi, reallıqdan qopması Sovet İttifaqının dağılmasına gətirib çıxardı ki, onun ərazisi beynəlxalq, ilk növbədə İngiltərə-Amerika kapitalının maraqları naminə insanların və təbii sərvətlərin həddindən artıq istismarı obyektinə çevrildi. Bu, Pax Americana-ya ikinci nəfəs verdi. Lakin eyni zamanda imperiya dünya iqtisadi ukladının dağılması prosesi başladı. Onun yerdə qalan Amerika qütbü postsovet məkanından kapital və beyin ixracından qidalanan iqtisadiyyatın təkrar istehsalının idarə edilməsi sistemini dəyişdirə bilmədi və buna heç cəhd də etmədi. Əgər sovet idarəetmə sistemi elmi-texniki tərəqqinin çağırışlarının öhdəsindən gələ bilmirdisə, o zaman Amerika idarəetmə sistemi pul emissiyasını və maliyyə bazarını öz maraqlarına tabe etdirən, iqtisadiyyatı maliyyə “balonlarının” məzarlığına çevirən maliyyə oliqarxiyasının hərisliyinin qurbanı oldu. Bu idarəetmə sistemi öz effektivliyini itirmişdir. O, xalqın rifah halının yüksəlməsini təmin etmir və sosial ziddiyyətlərin hamının hamıya qarşı müharibəsinə qədər kəskinləşməsinə səbəb olur. Lakin bütün bunlara baxmayaraq, Amerikanın hakimiyyətdə olan maliyyə elitası ciddi şəkildə inanır ki, Rusiyanın dağılması və Avropada müharibənin olması ona üçüncü nəfəs verəcək və qlobal hegemonluğunu qoruyub saxlamağa imkan verəcək. Onlar Rusiya imperiyasının və SSRİ-nin dağılması nəticəsində müəyyən müddət ərzində bizim resurslarımızı istismar etmək imkanı verən uğurlarını təkrarlamağa çalışırlar. Ona görə də onlar bu qədər aqressivdirlər – özlərinin dünya hökmranlığını qoruyub saxlamağın yeganə yolunu Rusiyanı əzməkdə görürlər.

Əslində, Amerika mərkəzli maliyyə-iqtisadi sistemin özünüməhvetmə prosesinin Ukrayna hadisələri ilə heç bir əlaqəsi yoxdur. Birləşmiş Ştatlarda istehlak qiymətləri üzrə 8-17%, müəssisə qiymətləri üzrə isə 30%-dən çox qiymətləndirilən sürətli inflyasiya FED-in buraxdığı trilyonlarla dolların və onların maliyyə “balonlarına” yığılmış kvadrilyon dollarlıq törəmələrinin ABŞ-ın əmtəə bazarına daşması nəticəsində baş verib. Enerji qiymətlərinin kəskin artması, anti-Rusiya sanksiyaları ilə təhrik edilsə də, əslində bu sanksiyalar əvvəllər kəmiyyət yumşaltma siyasəti ilə şişirdilmiş maliyyə balonlarının dağılması üçün tətik rolunu oynamaqdan başqa bir şey olmadı. ABŞ və onun settelitləri Rusiyanın dövlət və özəl sektoruna aid bir trilyon dollar pulunu müsadirə etsələr belə, bu, onların maliyyə sistemini çökməkdən xilas etməyəcək. Onlar Rusiya ehtiyatlarının üzərinə həbs qoymaqla öz çöküşlərini yalnız yaxınlaşdırırlar. Onlar rusofobik bir şövqlə “öz ayaqlarına güllə sıxaraq”, mahiyyətcə dolları, eyni zamanda funtu və avronu dünya valyutası statusundan məhrum etdilər. Bütün az-çox suverenliyi olan ölkələr dollarla ehtiyatların yığılmasını dayandırıb və sürətlə milli valyutalarda hesablaşmalara keçirlər. Bu isə ABŞ-ın dünya valyutası emissiyası üzərində monopoliyasına əsaslanan dünya müharibəsini maliyyələşdirmək imkanlarının qar uçqunu kimi çökməsinə səbəb olur. Əvvəllər çap edilmiş trilyonlarla dollar ABŞ-a qayıdır ki, bu da kütləvi inflyasiya dalğasına səbəb olur. Xarici kreditorların ABŞ Xəzinədarlığının istiqrazlarını almaqdan faktiki olaraq imtina etməsi ABŞ-ın borc piramidası sxeminin iflası səbəbindən qaçılmaz iflas və ya hiperinflyasiya ilə nəticələnir. Buna baxmayaraq, Rusiyanın Ukrayna müharibəsində əzilməsinin dünya hegemonluğunu qorumağa kömək edəcəyinə olan ümid Amerika hakim elitasının rusofob aqressivliyini qidalandırır və bu aqressiyanın zəifləməsini gözləməyə dəyməz.

Amerikanın ölkəmiz üzərində nəzarətinin bərpasının Yeltsin dövrünə olduğu kimi bizi yeni dünya iqtisadi ukladının özəyinə daxil olmaq və qabaqcıl inkişaf trayektoriyasına daxil olmaq imkanından məhrum edəcək. Biz dünya iqtisadiyyatının iki mərkəzinin periferiyasında qalacağıq, onlar bizim resurslarımıza nəzarət etmək üçün öz aralarında mübarizə aparacaqlar. Bu əsrin sonuna qədər biz Qərbin maliyyə donoru və Şərqin xammal əlavəsi kimi vegetasiya edəcəyik. Ölkənin suverenliyini və bütövlüyünü qoruyub saxlamağın mümkün olub-olmayacağı ritorik sualdır. Buna görə də xüsusi hərbi əməliyyatın qalibiyyətlə başa çatması ölkəmiz və rus dünyası üçün ölüm-dirim məsələsidir. Bunun üçün nə edilməli olduğumuz barədə yuxarıda qısaca təsvir edilmişdir.

Yuxarıda qeyd olunan kitabda qlobal hibrid müharibəsində maraqlı olmayan ölkələrin geniş beynəlxalq koalisiyasının yaradılması təklifini əsaslandırılmışdır. Bu koalisiyanın əsasına iki fundamental razılığa əsaslanma təklif edilib: BVF-nin hazırkı ehtiyat valyutaları əvəzinə yeni beynəlxalq hesablaşma valyutasının yaradılması və kibertəhlükəsizliyə dair saziş. Birinci razılaşma Amerika mərkəzli maliyyə sisteminin dağılmasına gətirib çıxaracaq və ABŞ-ı fövqəlgüclərin əsas mənbəyindən - dünya valyutalarının emissiyasında monopoliyadan məhrum edəcəkdi. İkinci razılaşma texnoloji sahədə və informasiya məkanında da fövqəlgücün mənbəyi olan ABŞ-ın qabaqcıl informasiya texnologiyaları bazarında monopoliyasını aradan qaldıracaq. Təəssüflər olsun ki, biz bu çətin məsələni həll etmək əvəzinə, Minsk razılaşmaları şəklində növbəti Qərb hiyləsinə qapıldıq, düşmənə Rusiyaya qarşı hücum üçün Ukraynada plasdarm yaratmaq imkanı verdik. İndiki şəraitdə belə bir koalisiyanın yaradılması yenə də yalnız XHƏ-nin qalibiyyətlə başa çatmasından sonra mümkündür.

Sonda Avropa İttifaqı, Hindistan və İranın strategiyaları haqqında bir neçə qeyd. Əgər sonuncunun taleyi Xüsusi Hərbi Əməliyyatın nəticəsindən asılıdırsa, qalanları daha çox manevr azadlığına malikdirlər.

Rusiyanı əzmək strategiyası uğur qazanarsa, İran ABŞ-ın aşkar qurbanına çevrilir. Belə olan halda Çin çətin ki, Yaxın Şərqdəki əsas tərəfdaşını qoruya bilsin. İranın Hörmüz boğazını bağlamaqla qlobal hibrid müharibənin nəticələrinə həlledici töhfə vermək üçün yaxşı fürsət var. Belə olan halda kollektiv Qərb ölkələri kəskin neft qıtlığı ilə üzləşəcək, onun da qiyməti göylərə qalxacaq. Aİ-dəki böhran iqtisadi fəlakətə çevriləcək və çox güman ki, siyasi rəhbərliyin Rusiyaya qarşı intihar xarakterli müharibəsinə son qoymaq qərarına gələ bilən daha praqmatik bir rəhbərliyə dəyişməsi ilə nəticələnəcək. Bu, ingilis-amerikan kəşfiyyat xidmətlərinin Almaniya-Rusiya qaz kəmərlərini zədələməsinə layiqli cavab olardı. Amma çətin ki, İran bizim tərəfimizdən hərbi-siyasi dəstək zəmanəti olmadan və Çinlə koordinasiya olmadan təkbaşına bunu etməyə qərar versin.

Avropa liderləri sürətlə populyarlıqlarını itirirlər. Onların hələ də ictimai rəyi manipulyasiya etmək üçün kifayət qədər imkanları var. Lakin yaxşı qidalanan bir avropalının beynində televizor və soyuducu arasındakı mübahisədə, şübhəsiz ki, sonuncu qalib gələcək. Böyük ehtimalla yeni seçki tsikli Avropa siyasi elitasının yenilənməsinə səbəb olacaq. XHƏ-nin qalibiyyətlə başa çatması bu ehtimalı dəfələrlə artırır. Rusiyanın ənənəvi dəyərlərlə xalq sosializmi doktrinasının həyata keçirilməsinə keçidinin yaradıcı ssenarisi həyata keçirilərsə, Rusiyanın Avropada populyarlığının kəskin artacağını, ukraynalı qaçqınların faşistlərdən azad edilmiş vətənlərinə qayıtmasını və LGBT psixozundan bezən normal avropalıların Rusiyaya kütləvi miqrasiyasını gözləmək olar.

Qərb Hindistan uğrunda döyüşəcək. Çinə qarşı Avstraliya və Yaponiya ilə ittifaq yaratmaq vasitəsilə Hindistanı NATO ilə koalisiyaya cəlb etmək artıq Amerikanın regiondakı strategiyasının əsas vektoruna çevrilib. Onlar etnik bir hindlini Britaniyanın baş naziri təyin etməklə Hindistanda ictimai rəyi sakitləşdirməyə çalışırlar. Çox güman ki, Bayden Hindistan əsilli vitse-prezidentinə yol açacaq. Hindistan elitası qarşısında anqlo-saksonlar ABŞ və Britaniyadan olan hind liderlərinin başçılığı ilə ritual rəqslər nümayiş etdirəcəklər. Hindistana ticarət, investisiya, texnologiya sahələrində istənilən üstünlüklər veriləcək - o vaxta qədər ki, o, Amerika geosiyasətinin döyüş cərgəsində dayanmağa razı olsun. Anglo-Sakson dünyasının mərkəzinin Dehliyə köçürülməsi həqiqətən Amerika-Britaniya gücünə və maliyyə elitasına üçüncü nəfəs verə biləcək çox ehtimal olunan ssenaridir. Hindistan xalqının uzun illər Britaniya müstəmləkəçiliyi ilə bağlı tarixi yaddaşı bunun həyata keçirilməsinə mane olur. Lakin amerikalılar və ingilislər elə özlərinin yaratdıqları Hindistanla Pakistan və ÇXR arasındakı qarşıdurmanı canlandıraraq hindliləri öz torpaqlarında boğa bilərlər. Lakin çətin ki, Dehli kiçik tərəfdaş rolunu oynamağa razı olsun. Anqlo-saksonlar isə bərabər əsaslarda danışıqlar apara bilmirlər, hələlik bunu istəmirlər.

Qlobal hibrid müharibəsinin davam etməsində maraqlı olmayan ölkələrin yuxarıda qeyd olunan anti-müharibə koalisiyasının tezliklə yaradılması ilə bu ssenaridən qorunmaq olar. Biz özümüzü dünya hibrid müharibəsinin kəskin mərhələsinə cəlb etdirməyə icazə verdiyimiz üçün XHƏ-nin qalibiyyətlə başa çatmasını gözləməliyik. Bu vəzifə həqiqətən açar rolunu oynayır. Onu icra etmək üçün yuxarıda göstərilən şərtlər yerinə yetirilməlidir.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)