Flaş / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Analitika / Publisistika
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
Əli minlərlə insanın, o cümlədən qadın və uşaqların qanına bulaşmış terrorist Şamil Basayevin öldürülməsi əlamətdar hadisə idi. O da bizim Ben Ladenimiz idi. İndi isə 90-cı illərdən xatırladığımız, o vaxt İçkeriya adlanan qondarma qurumun rəhbərlərindən biri də qalmayıb- Dudayev, Yandarbiyev, Masxadov, Basayev – hamısı zərəsizləşdirilib. Terrora son qoyulub.
Basayevin zərərsizləşdirilməsi ortaya çıxıb təslim olmaq istəyən müxtəlif terror və digər cinayətkar dəstə üzvlərinin sayını daha da artırdı. Keçmiş çeçen döyüşçülərinin kütləvi şəkildə silahı yerə qoyaraq öz cinayətlərini etiraf etməsi çeçen terror müqavimətinin sındırıldığını deməyə imkan verirdi. O cümlədən hadisələrin belə axar alması Qərbin Rusiya siyasi məkanının destabilizasiya nöqtəsi kimi Çeçenistana marağının azalmasına səbəb olmuşdu.
1999-cu ildən hakimiyyətdə olan Putin çeçen münaqişəsinin həll edilməsində qətiyyət və ardıcıllıq nümayiş etdirdi. Böyük mənada o Rusiyanın Çeçenistanda öz ərazi bütövlüyünü güzəştə gedəcəyi barədə fikirlərə heç bir şans qoymadı. Ona görə də arxasında Qərbin ərəb terrorçu qruplaşmaları vasitəsilə durduğu “çeçen müqaviməti” adlı qondarma konfliktin son illərində Rusiya özünün işi axıradək aparacağını, regionda separatizmə yuvarlanmağa icazə verməyəcəyini nümayiş etdirən bir qətiyyət göstərdi. Rusiya bundan sonra belə məsələlərdə daim qətiyyətli və konkret olacaq. Məhz buna görə də Qərb indi daha Rusiyanın Şimali Qafqaz ərazilərinə “pul qoymur”, Cənubi Qafqaz respublikalarına “pul buraxmağa” başlayıb. Şimali Qafqazda döyüşçülərin müqavimət göstərməsi üçün stimul yoxdur. Mübarizənin perspektivinə inam itib.
Belə demək olarsa Basayev məsələsini ona görə bu qədər uzatdıq ki, uzunmüddətli antiterror əməliyyatının sonunda effektiv bir nöqtə qoyaq. Terrorçular üzücü məngənədən keçirildi və tam ruhdan salındı. Onlar çeçen xalqının azadlığı və öz müqəddəratını həll etməsi uğunda vuruşmurdular (bu artıq əldə olunmuşdu), Qərbdən gələn sifarişi yerinə yetirirdilər - Çeçenistanın Rusiyanın tərkibindən çıxmasına çalışırdılar. Biz geopolitik rəqibimizin əlinə oynayan bu ünsürlərə imkan verə bilməzdik. Əlbəttə ki çeçen separatizmi ilə mübarizə ölkəmizə baha başa gəldi, xüsusilə də insan itkisi baxımından. Lakin təəssüflər olsun ki, bundan başqa yolumuz yox idi. Axı Çeçenistanda gedən müharibədə Rusiya çeçenlərlə deyil, Amerika ilə döyüşürdü. Rusiya hakimiyyyətinin hərəkətlərindəki ən əsas amil ardıcıllıq idi. Putin onun tərəfindən seçilən strategiyaya insanların şübhə ilə yanaşmasına heç bir imkan yaratmadı.
Basayevin zərərsizləşdirilməsi daha çox sayda döyüşçünü “qalibin əfvinə sığınmağa” vadar etdi. General Troşevin dedediyi kimi, çeçenlər federal silahlı qüvvələrdən və öz soydaşlarından qorxmurdular, Basayevdən qorxurdular. Basayev qeyri-ənənəvi islamın vahhabi versiyasının axırıncı simvolik fiquru idi. O Çeçenistanı beynəlxalq terrorçu şəbəkələrlə əlaqələndirən sonuncu element idi. Məhz o və onun kimiləri 90-cı illərin əvvəllərində ənənələrə bağlı xalq olan, öz dəyərləri üstündə əsən, atalarının irsini davam etdirən çeçenlərin arasında qeyri-ənənəvi islamı yaymağa girişdilər. Çeçen xalqının bir hissəsi məhz ərəb ölkələrindən bura transfer olunan qeyri-ənənəvi islamın sayəsində radikallaşdırılmışdı. Basayev vahhabizmin hakim təriqət olmasını təkid edən, Çeçenistanı şəriət dövləti görmək istəyən sonuncu şəxs idi. Bu isə çeçen adət-ənənələri ilə daban-dabana zidd idi, çünki çeçenlərin minilliklər boyu öz cəmiyyətlərinə qoyduqları qayda-qanunlar şəritət qaydalarından kəskin fərqlənir. Çeçenlərin heç vaxt öz dövlətləri olmayıb, onlar toplum halında yaşayan xalqdır. Basayevin zorla bu cəmiyyətə əkmək istədiyi dəyərlər çeçen xalqına yad dəyərlər idi. Bütün bunlar isə respublikanı Rusiyanın tərkibindən ayırıb öz nəzarətlərinə salmaq məqsədi güdürdü. Çeçenistanın inkişafının belə bir ssenarisi yalnız terror və qorxu atmosferində mümkün ola bilərdi. Amma Basayevin məhv edilməsi ilə Çeçenistanda elə bir şəxs qalmadı ki, çeçen xalqını islam mübarizəsi adı altında vahhabizmə yuvarlanmağa məcbur edə bilsin.
Basayevin məhv edilməsindən sonra döyüşü dayandırmaq prosesi dərhal qarşılıqlı xarakter daşıdı. Federal qüvvələri təmsil edənlər də buna əməl etdilər. Milli Antiterror Komitəsinin rəhbəri Nikolay Patruşev silahı yerə qoyan döyüşçülərin amnistiya edildiyini elan etdi ki, bu qərarı Ramzan Kadırov da dəstəklədi. O bildirdi ki, qəsdən cinayət törətməmiş şəxslərin çoxu mülki həyata qayıtmaq imkanına malik olacaqlar. Bütün antiterror əməliyyatları boyunca qanunsuz hərbi birləşmələrə qoşulmuş 7000-dən çox şəxs federal qüvvələrə təslim olmuşdu. Aydın məsələ idi ki, amnistiya xarici dövlətlərdən gəlmiş muzdlu döyüşçülərə şamil edilmirdi.
Çeçenistanda elə bir ailə yoxdur ki, on ildən çox davam edən hadisələrdə bu və ya digər dərəcədə iştirakçı olmasın. Hər bir kəs bu müharibədən zərər də çəkmişdir. Çeçenlər elə də çoxsaylı xalq deyillər. Əgər hakimiyyət belə bir addımı atmağa qərar verməsə idi, müharibə heç vaxt bitməyəcəkdi və onlar öz respublikalarında mülki quruculuq işləri ilə məşğul ola bilməyəcəkdilər. Çünki müharibənin isti fazası bitəndən sonra çeçenlərin çoxunun başının üstündən ədalət mühakiməsinin “domokl qılıncı” asılacaqdı. Az qala hər kəs istintaqa çağırılacaqdı, barmaq izləri götürüləcəkdi və s. İstək olan təqdirdə çeçenlərin çoxunun bu və ya digər dərəcədə qanunsuz hərbi birləşmələrlə əlaqəsini aşkarlamaq mümkün olacaqdı. Ən nəhayət geniş mənada atasının, qardaşının və ya digər qohumunun qisasını almaq üçün əlinə silah alan istənilən şəxsi terrorçu adlandırmaq imkanı yaranacaqdı. Gizli deyil ki, bir çox çeçen onları qanunsuz hərbi birləşmələrə qoşulmağa məcbur edən qohumlarının onları cəzalandıracağı qorxusu ilə yaşayırdılar. Çeçenistanın sonuncu beynəlxalq terrorçusununun məhv edilməsi fonunda amnistiya qərarı sözün əsl mənasında sülhün bərqərar edilməsi üçün həlledici jest oldu.
Məlum məsələdir ki, terrorçular “separatçı aysberqin” yalnız yuxarı, görünən hissəsidir. Bu işin arxasında Qərb və NATO kəşfiyyatı dayanır. Lakin liderlərinin məhv edilməsi bütün şəbəkənin məhv edilməsində əsas məqamdır. Xattab, Qelayev, Masxadov, Yandarbiyev, Raduyev və ardınca Basayev - məhv edilmişlər. Daha başqa fiqur qalmayıb.
***
Rusiya SSRİ-nin süqutundan sonra başlayan və indiyə qədər davam edən şəbəkə müharibəsi adlı problemlə ilk dəfə məhz Çeçenistanda üzləşdi. Çeçenistan - real şəbəkə müharibəsinə bariz bir nümunədir. Çeçenistandakı hadisələr tipik şəbəkə yanaşmasını nümayiş etdirir: amerikanlar müxtəlif, ilk baxışda bir-biri ilə əlaqəli olmayan güc mərkəzlərini öz maraqları üçün istifadə edirdilər.
Şəbəkə müharibələri geopolitik modelləri inkar etmir. Çeçenistanda şəbəkə əməliyyatı aparıldığı bütün müddət ərzində həm də Avrasiya materikinin strateji mühasirəsini nəzərdə tutan, geopolitikada “Anakoda strategiyası” adlanan strategiya da həyata keçirilirdi. Çeçenistan Rusiyanın cənuba doğru çıxışının düz mərkəzində, Avropadan Çinə qədər ərazini əhatə edən sanitar kordonunun (amerikanların yaratdığı mühasirə hasarı) Qafqazdan keçən hissəsində yerləşir. Rusiyanın cənubdakı isti dənizlərə çıxışının qısa yolu İrandandır. Lakin bu yolun üzərində, Azərbaycanda və Gürcüstanda nazik bir boğazla Rusiyanın yolunu kəsməyə nail olublar. ABŞ-ın məqsədi bu boğazı böyütmək, İranı Rusiyadan daha kəskin surətdə ayırmaq, Moskva-Tehran geopolitik oxunu kəsməkdir. Bu strategiyanı məhz Qafqazın mərkəzində yerləşən Çeçenstanda şəbəkə əməliyyatı həyata keçirməklə reallaşdırırdılar.
Çeçenistan şəbəkə əməliyyatının ta əvvəlindən ona bir neçə güc mərkəzi qoşulmuşdu. İlk növbədə ona ingilislər əl qoymuşdular. İngilislər hətta 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərindən bu əməliyyata qatılmışdılar. O vaxt Qroznı Bakıdan sonra ikinci neft şəhəri sayılırdı ki, ingilislər burda neft yataqlarının işlənməsi ilə məşğul idilər. Hələ o vaxt ingilislər Qafqazda yerləşən neft yataqlarına külli miqdarda pul qoymuşdular. Onlar bu layihəyə xeyli resurs, vaxt, güc və enerji sərf etmişdilər. Sovetlər milliləşdirmə siyasəti həyata keçirdilər və hər şey batdı. Və budur! SSRİ-nin süqutundan sonra amerikalılar ingilislərə xatırlatdılar ki, sizin də burda maraqlarınız var. Belə bir şəraitdə ingilislər öz praqmatik düşüncələrinə əsaslanaraq amerikanların şəbəkə müharibəsinə itirilmişi qaytarmaq, zonaya maliyyə-iqtisadi təsirlərini bərpa etmək, podratçılıq qazanmaq, sahibsiz qalmış neft istehsalı sənayesini yenidən almaq naminə qoşuldular. Axı amerikanlara bu əməliyyatı maliyyələşdirmək üçün Qafqaza yenidən ingilis pullarının axması lazım idi.
Çeçenistanda şəbəkə əməliyyatının ikinci oyunçusu Səudiyyə Ərəbistanı oldu. Bu ölkə vasitəsilə bütün ərəb dünyası, ilk növbədə vahhabi şəbəkələri bu əməliyyata qoşuldular. Səudlar maraqlıdırlar ki, islamın vahhabi variantını mümkün qədər hər yerə yaysınlar, vahhabi hərəkatını ərəb dünyasından kənara da ixrac etsinlər. Bu sırf təsir dairəsini genişləndirmək istəyindən irəli gəlir. Amerikanlar onları yüngülcə dürtmələdilər ki, Çeçenistanda Sovet dövründə zəifləmiş islamı “dirçəltmək” olar. Başa saldılar ki, burda vahhabiliyi asanlıqla təlqin etmək, Qafqaza güclü təsir imkanları qazanmaq, ardınca müsəlmanların yaşadığı Volqaboyuna çıxış əldə etmək olar. Səudların işə qatılması ilə amerikanlar islam internasionalının vahhabi şəbəkəsinin tükənməyən insan resurslarını və maliyyə dəstəyini qazanmış oldular. Həm də vahhabilik Qərb üçün başa düşülən və əlverişli bir əməliyyat sistemidir ki, müsəlman kütlələrinin idarə edilməsi üçün istifadə olunur. Bütün dünya üzrə müsəlmanların istiqamətlənə biləcəyi hazır vahhabi mərkəzləri yaradılıb. Bu şəbəkə ABŞ-ın dəstəyi ilə qurulub. Bu şəbəkəyə ABŞ tərəfindən nəzarət edilir və ABŞ-ın ərəb dünyasındakı əsas müttəfiqi olan Səudiyyə Ərəbistanı tərəfindən maliyyə buraxılır.
Vahhabiliyi yaymaq da asandır. Vahhabilik dayazdır, islamın sadə və əlçatan versiyası kimi hazırlanıb. Onu mənimsəmək ənənəvi islama nisbətən asandır. Ənənəvi islamı mənimsəmək çətindir, belə ki tarix, ənənə və mədəniyyət barədə dərin biliklər tələb edir ki, bu da unutduruma və elmi ateizm dövrü yaşamış bir xalq üçün çox çətindir. Məhz bu xüsusiyyətlərinə görə vahhabilik postsovet məkanında ənənəvi islam modellərinin yerinə uğurla oturmaqdaydı. İslamın bu versiyası sufizmi inkar edir, hansı ki sufizm çeçen islamının kökündə dayanır. Beləliklə, vahhabilik ənənəvi islamı asanlıqla əvəzləyə bilir. Sadə mənimsənilir, həm də nəzarət altındadır – amerikanlara da elə bu lazım idi. Yəni vahhabilik amerikan tərəfinə Çeçenistandakı vəziyyəti idarə etmək üçün lazım olan bütün kriteriyalara cavab verirdi.
Amerikanlara uğurlu əməliyyat keçirmək üçün güclü propaqanda təzyiqi maşınının işə salınması və konflikti daimi olaraq informasiya sferasında qızışdırmaq lazım idi. Bunun üçün 3-cü güc mərkəzindən – Şərqi Avropa dövlətlərindən istifadə edildi. Bu dövlətlər Sovet keçmişindən narazılıqla qopmuşdular, Rusiyadan təzəcə üz çevirmişdilər və Rusiyaya qarşı öz neqativ mövqelərini nümayiş etdirmək üçün hər fürsətdən istifadə edərək bütün məsələlərdə amerikanyönlü mövqe tuturdular. Çeçenistan onlarçün antirus canfəşanlıq nümayiş etdirmək və Amerikanın gözündə yaxşı görünmək üçün yeni bir bəhanə oldu. Bilmək vacibdir ki, bu gün Avropada antirus isterikasının avanqardında Polşa, Pribaltika və bəzi digər Şərqi Avropa ölkələri dayanır – onlar hər vasitə və bəhanə ilə özlərinin Rusiyaya nifrətlərini bildirmək əzmindədirlər.
Nəhayət, Çeçenistanı qarışdıranlardan biri də Türkiyə idi ki, bura ilə sərhəddəki Azərbaycana öz təsirini gücləndirmək istəyirdi.
Amerikanların prosesə qatdığı iştirakçıların heç birinə nəyisə izah etməyə ehtiyac yox idi, hər kəs özünün xeyrini və marağını gözəl bilirdi. Bununla belə yekun qlobal nəticənin sahibi elə amerikanlar olacaqdı. ABŞ birbaşa heç kəsə əmr vermirdi ki, bəs ey türklər, siz Azərbaycandan silah çatdırılması məsələsini həll edin, siz vahhabilər müqavimətin yeni iştirakçılarını maliyyələşdirin və artmasını təmin edin, siz polyaklar isə bütün dünyaya haray-həşir salın ki, ruslar orda bütöv xalqı qırırlar, çeçenlərin günahsız qocalarını və uşaqlarını öldürürlər. Bunları etmək üçün Vaşinqton onlara birbaşa göstərişlər vermirdi, detallı direktivlər yollamırdı. Amma əməliyyatın ümumi axarı müxtəlif mərhələlərdə birbaşa amerikan agenturası tərəfindən korrektə edilirdi. Şəbəkə müharibəsi iştirakçılarının hərəsinin öz maraqlarına uyğun davrandığına baxmayaraq, fəaliyyətin qlobal ssenarisi ABŞ tərəfindən yazılmışdı. Şəbəkə müharibəsinin mahiyyəti də elə bundan ibarətdir – addım-addım idarə edilmədən elə özül sərhəd şəraiti yaradılır ki, bu şərait əməliyyatın uğurla başa çatdırılması üçün lazım olan bütün oyunçuları qatılmağa məcbur edir.
Şəbəkə müharibələrində mövcud vəziyyətin və növbəti hadisələrin “düzgün” anlaşılması üçün “şəbəkə kodu” ifadəsindən istifadə edirlər. Bu elə bir matrisadır ki, iştirakçılar baş verən hadisələri onun vasitəsilə qiymətləndirirlər. Şəbəkə kodu əvvəlcədən tərəflərin verəcəyi reaksiyasını görməyə imkan yaradır. Onu formalaşdıran şəxslər çoxlu faktorları nəzərə alıb bu və ya digər hadisə zamanı proses iştirakçılarının hansı reaksiya verəcəyini əvvəlcədən hesablayırlar. Verilmiş şəbəkə kodunu mənimsəyən şəbəkə əməliyyatı iştirakçısı hansı informasiyanı necə “düzgün” qiymətləndirmək və bundan sonra necə davranıb hansı qərarlar vermək lazım olduğunu anlayır. Bu “düzgünlük” də qabaqcadan nizamlanır. Qafqazda şəbəkə əməliyyatını başlamaq, Çeçenstanda vəziyyəti gərginləşdirmək üçün ABŞ tərəfindən məhz belə bir şəbəkə kodu formalaşdırılmışdı.
Çeçenistana dair şəbəkə kodu formalaşdırılarkən keçmişdə çeçenlərlə Sovet hökuməti arasında olan narazılıq nəzərə alındı. Sovet hökumətinin dağılması ərəfəsində çeçenlərdə bu narazılıq özünü qabarıq şəkildə biruzə verdi. Çeçenistanda şəbəkə əməliyyatına start verilərkən bu narazılıq dayaq nöqtəsi kimi götürüldü. Bundan başqa, Çeçenistan faktiki olaraq monoetnik qurumdur, yəni əhalinin əksəriyyəti etnos daxilində klanlara bölünən etnik çeçenlərdən ibarətdir. Bu faktor da şəbəkə əməliyyatının sürətli və uğurlu aparılması üçün zəmin rolunu oynadı. Çeçenistanın ruslar tərəfindən işğal edilməsi fikrini şişirtmək bu əməliyyatın əsas mövzularından biri oldu.
Daha bir bənd çeçenlərin ənənəvi həyat tərzlərinə əsaslanaraq öz sosial modellərini yaratmaq imkanlarının olmamasını nəzərə almaqdır. Bu məsələ də tutarlı şəbəkə kodunun hazırlanmasında mühüm rol oynadı. Sadaladığımız başlanğıc nöqtələri şəbəkə kodunu qabaqcadan hesablamaq üçün nəzərə alındı. Beləliklə bütün növbəti addımlar belə formada planlaşdırıldı ki, həmin addımlara verilən reaksiyalar baş ssenarist – ABŞ üçün gözlənilən olsun. Həm də çeçenlərin özlərinin mövcud olan və amerikanlar tərəfindən formalaşdırılmış başlanğıc nöqtələrinə əsaslanaraq hansı addımları atacaqları belə gözlənilən olmalı idi. Axı dediyimiz kimi, bütün bunlar şəbəkə müharibəsinin baş ssenaristinə özül sərhəd şəraitini düzgün hazırlamağa və vəziyyəti əvvəlcədən görüb qiymətləndirməyə imkan yaradır.
Bəs Rusiya tərəfində hansı şəbəkə kodu mövcud idi? Rusiya Çeçenistanda onun əleyhinə başlanan şəbəkə müharibəsinə qarşılıq olaraq nə qoyurdu? Rusiya tərəfinin şəbəkə kodu onunla motivasiya olunurdu ki, Çeçenistanda Konstitusiya quruluşunu qoruyub saxlamaq lazımdır. Lakin hamı 1996-cı ili xatırlayır. Rusiya vətəndaşlarının Yeltsin Konstitusiyasına münasibəti məlum idi. Əhalinin 99%-i Yeltsinə də, onun konstitusiyasına da, onun liberal və islahatçı məmurlarına da nifrət edirdi. Və Konstitusiyanın legitimliyinin sıfıra bərabər olduğu bir şəraitdə çeçen separatizminə müqavimət göstərmək üçün əsas motivasiya kimi həmin konstitusiya götürülürdü.
Rusiya tərəfinin digər cavab motivasiyası Rusiyanın bütövlüyünün qorunub saxlanması idi. Yeltsinin regionlara xitabən “Nə qədər suverenlik istəyirsiniz götürün” deməsinin fonunda Rusiyanın hansı bütövlüyündən danışmaq olardı?! O an bütövlük kimi dəyər inandırıcı motiv deyildi. Vətənpərvərlik haqqında isə danışmağa dəyməzdi, çünki Qərb maraqlarına işləyən Yeltsinin dövründə vətənpərvərlik qadağan olunmuşdu. Vətənpərvərsənsə - donuz və marginal sayılırdın! Dibdə otur və səsin çıxmasın. Lap yaxşı olardı ki, Ali Soveti qorumaq uğrunda öləydin. Belə şəraitdə vətənpərvər motivasiya nə kara gələ bilərdi?
Rusiya tərəfindən hərəkətdə olan yeganə motivasiya – həlak olmuş dostlarının qisasını almaq idi. Lakin bu siyasi proseslərlə ayaqlaşmayan motivasiya idi. Ona görə də həmin dövr üçün Rusiya tərəfinin cavab motivasiyaları acınacaqlı, onun mövcud olan şəbəkə kodu isə depressiv və məğlub durumda idi. Bütün baş verənlər əhali tərəfindən məhz bu şəbəkə kodu vasitəsilə dərk olunurdu. Çeçenlərin nizamlı və təsdiqlənmiş arqumentlərinə qarşı Mərkəzi hakimiyyət tərəfindən qoyulmuş istənilən əsaslandırma sadəcə bərbad kəkələmək təsiri bağışlayırdı. Çeçenistandakı şəbəkə müharibəsinin ilk mərhələsindəki məğlubiyyətimiz elə bizim şəbəkə kodumuz tərəfindən proqramlaşdırılmışdı.
Ardınca amerikanlar rıçaqı buraxdılar və prosesi işə saldılar. Vahhabilik – Səudiyyə Ərəbistanı, ingilislərin maliyyə resursları qoşuldu, Türkiyədən Azərbaycan vasitəsilə silah daşınması kanalları açıldı, polyaklar “ulamağa” başladılar, onların ulamasına Şərqi Avropa ölkələri də ağız-ağıza verdi, bu ulaşmadan bütün Avropa dikəldi və tezbazar ATƏT-in missiyası yaradıldı. İngilislər öz iqtisadi maraqlarını yada saldılar, nə vaxtsa qoyduqları və itirdikləri pulları, 19-cu əsrin sonlarında Qroznı ətrafında tikdikləri “ingilis evlərini” geri istədilər. Amerikanlar tərəfindən hazırlanmış bütün şəbəkə mexanizmi işə salındı. Lakin amerikanların özləri sanki kənarda durmuşdular və heç kəsə birbaşa göstəriş vermirdilər. Onlar artıq bura kimi öz işlərini görmüşdülər. Lazım olan konteksti qurmuşdular, özül sərhəd şəraiti yaratmışdılar. Şəbəkə müharibəsi aparacaq iştirakçıları seçmişdilər və elə yerləşdirmişdilər ki, hər biri prosesdə öz işini, təyinatını, vəzifəsini, yerini, missiyasını bilirdi və bu istiqamətdə işləyirdi. Bu cür formalaşdırılmış model çərçivəsində nə baş verirsə versin, amerikanların xeyrinə baş verəcəkdi. Proses iştirakçılarından hər birinin istənilən fəaliyyəti ABŞ-ın güclənməsinə, Rusiyanın isə zəifləməsinə xidmət edirdi.
Bir az sonra amerikanlar işə Qərbin siyasi və diplomatik dəstəyini də qoşdular. Aslan Masxadovu Londonda fəxri karaul, artilleriya tağımları və kral keşikçiləri ilə, paytaxtın müsəlman cəmiyyətinin fakellərlə salamlaması, zurna-baraban sədaları altında təntənəli surətdə qarşıladılar. Rusiyaya nifrət bax bu cür ucuz alınırdı!
Bütün proses əlbəttə ki maliyyə tələb edirdi. Amma şəbəkə müharibəsi sifarişçi tərəfindən birbaşa maliyyələşdirilmir. Ümumiyyətlə, amerikanlar heç nəyi birbaşa maliyyələşdirmirlər, çünki bu onların dərhal ifşa olunması, iç üzlərinin açılması deməkdir. Əməliyyatda dolayı maliyyələşdirmə yollarından istifadə olunurdu, pullar başqa mərkəzlərdən axırdı. Məsələn, britaniyalı maliyyəçi Ceyms Qoldsmit neft şirkətlərinin səhmləri ilə spekulyasiya edərək külli miqdarda maliyyə vəsaiti əldə etmişdi. Bu şirkətlər əsasən Xəzər dənizində neft hasilatı üzrə investisiya qoyan şirkətlər idi. Beləliklə, Çeçenistandakı vəziyyət britaniyalı maliyyəçinin maraq dairəsinə düşmüşdü. O Xəzər dənizində neft hasilatı ilə məşğul olan şirkətlərin səhmlərindən ibarət səhm bazarı açmağa çalışırdı. O Bakıda hansı şirkətlərin çalışdığına, Çeçenistan neftinin hansı perspektivlərinin olduğuna, neftin daşınmasına görə kimin hansı istiqamətə meyllənməsinə- Çeçenistandan Novorossiyskə və ya Rusiyanı yan keçməklə neft daşımalarına fikir verirdi. Çeçenistandakı vəziyyətdən asılı olaraq bu şirkətlərin səhmlərinin qiyməti gah aşağı düşür, gah da yuxarı qalxırdı. Cinayətkar qrupları maliyyələşdirib Çeçenistanda vəziyyəti gərginləşdirən kimi Bakı-Tbilisi-Ceyhan marşrutu ilə tranzit həyata keçirən şirkətlərin səhmləri bahalaşır, Novorossiyskdən məhsul göndərənlərin səhmlərinin kotirovkası aşağı düşürdü. Onları almaq üçün uyğun şərait yaranırdı. Daha sonra sakitlik, atəşkəs yaranan kimi həmin səhmlərin kotirovkası yenidən yuxarı qalxır, Bakı-Tbilisi-Ceyhan xəttininki isə aşağı düşürdü. Məhz bu formada, Çeçenistandakı vəziyyətdən asılı olaraq birja oyunları həyata keçirilirdi ki, bu oyunlar külli miqdarda qazanc gətirirdi. Qoldsmit Çeçenistandakı prosesə aktiv şəkildə qoşulmuşdu və burda vəziyyətin pisləşməsi hesabına birjanın vəziyyətini formalaşırdı. O çeçen döyüşçülərini maliyyələşdirmək yolu ilə vəziyyəti gərginləşdirirdi və bu işdən böyük pullar qazanırdı. Beləcə Çeçenistanda birbaşa amerikan pulları yox idi.
Bəs bu zaman Rusiya tərəfində nə baş verirdi? Rusiya cəmiyyəti vəziyyətə prinsip etibarilə nəzarət edə bilməməsinə görə federal mərkəzi yıxıb-sürüyürdü. Korrupsiyaya qurşanmış məmurlar sabotaj həyata keçirir, Qərb tərəfindən maliyyələşdirilərək formalaşdırılan, Qərb şəbəkə koduna işləyən Rusiya media orqanları meydan sulayırdı. Çeçenistanda hər hansı bir əlamətdar hadisə, federal qüvvələrin hər hansı bir uğurlu əməliyyatı baş verən kimi mətbuat vay-şüvən qaldırır, ümumi isterika yaranır, hüquq müdafiəçiləri boğazlarını yırtır, hakimiyyət isə belə vəziyyətdə özünü itirir və geri çəkilirdi. Cəmiyyətdə ruh düşkünlüyü yaranırdı. Ekranlarda daim meyitlər, tabutlar, ağlayan analar və Yeltsinin sərxoş vəziyyətdə mahnı oxuması göstərilirdi. Açıq-aşkar görünürdü ki, hakimiyyət heç nəyə nəzarət etmir. Belə bir vəziyyətdə oliqarxlar istədiklərini edirdilər. Generallar çeçen döyüşçülərinə silah satırdılar, korrupsiya baş alıb gedirdi, məmurlar məsuliyyət hissini itirmişdilər. Yeltsinin hərc-mərclik sistemi barizliyi ilə ortalıqdaydı. Ölkədəki ümumi siyasi vəziyyətə amerikanların formalaşdırdığı şəbəkə koduna yiyələnənlər- liberal jurnalistlər, Qərbyönümlü oliqarxlar nəzarət edirdilər. Onlar hər bir konkret vəziyyətdə nəyi necə etmək lazım olduğunu yaxşı bilirdilər.
Bütün bunlar nəyə görə baş verirdi? Ona görə ki, Amerika Çeçenistanda Rusiyaya qarşı şəbəkə müharibəsi aparırdı və cəmiyyətdən tutmuş hakimiyyətə kimi bütün digər baş verənlər də həmin hadisədən qaynaqlanırdi. Bütün bu neqativlər tipik şəbəkə əməliyyatının nəticələri idi. Şəbəkə kodunu düzgün oxuyan şəxslər prosesləri idarə edir və konflikti qızışdırırdılar. Sadəcə çeçenlərin motivasiyasını onların yadına salırdılar ki, onlar işğalçılarla döyüşürlər. Belə vəziyyətdə Kreml çaşqınlıq içində qalmışdı, generallar gözünü Kremlə dikmişdi, korrupsiya hər yerdə təntənəsini sürürdü, cəmiyyət ruhdan salınmışdı, Qərb və onun adamları- oliqarxlar ölkədə ağalıq edirdilər. Rusiya tərəfinin motivasiyası dumanlı idi. Belə vəziyyət şəbəkə müharibəsinin uğurlu fazası nəticəsində yaranmışdı. Bu mərhələnin yekun hədəfi isə Rusiya dövlətini tamamilə parçalamaq, bununla da Rusiya dövlətçiliyini məhv etmək, Rusiyanın məhvinin nəticəsi olaraq materiklərin müharibəsində yekun qələbə qazanmaq, Amerikanın şəriksiz dünya hegemonluğunu təmin etmək idi.
Lakin burda qaynar faza dayandı. Rusiya tərəfi təzyiqlərə dözməyərək kapitulyasiya etdi. Lakin bu kapitulyasiya çeçen silahlı dəstələri qarşısında deyil -onlar şəbəkə əməliyyatının məsrəf materialları idi ki, şəbəkə strateqləri onların maraqlarını nəzərə almırdılar- Amerika qarşısında kapitulyasiya idi. Rusiya şəbəkə əməliyyatı nəticəsində məğlub edilmişdi. Bu, geopolitik məntiqin və şəbəkə strategiyasının iqnor edilməsinə görə ödənilən bədəl idi. O vaxt nəinki bu strategiyanı nəzərə almırdılar, hətta heç kəs bu barədə heç nə eşitməmişdi də!
Rusiya məğlub edildi, müharibə separatçıların şərtləri əsasında dayandırıldı. Onlar federal qüvvələrin olmadığı ərazilərdə nəzarəti ələ keçirərək Rusiya Konstitusiyasını və qanunlarını veclərinə almadan istədiklərini edə bilərdilər. Rusiya tərəfinin yeganə şərti – hələlik Çeçenistanın Rusiyanın tərkibindən çıxdığını cəmiyyətə bildirməmək, bunu formal elan etməmək idi. Onsuz da hazırki mərhələdə bu tələb olunmurdu, çünki əgər Rusiyanın tərkibindən çıxış elan edilsə idi, ümumilikdə Rusiyanın idarəolunmaz bir süqutu başlayacaqdı ki, amerikanlar hələ belə bir vəziyyəti idarə etməyə hazır deyildilər.
Lakin ardınca çeçen cəmiyyətinin içində didişmələr üzə çıxmağa başladı. “Qələbə” və xarici rəqibin öz-özünə kənara çəkilməsi motivasiya böhranına səbəb oldu.
İlk növbədə çeçenlər öz “müstəqil” dövlətlərinin Konstitusiyasını tərtib edərkən aşkara çıxdı ki, çeçenlərin ənənəvi cəmiyyəti, onların babalarının adətləri, milli qayda-qanunları vahhabilərin onlara kənardan gətirdiyi model ilə qətiyyən üst-üstə düşmür və ziddiyyət təşkil edir. Beləcə daxili münaqişələr başlandı. Çeçenlərin motivasiyası sarsıldı.
Rusiya isə həmin vaxt öz motivasiyasını qaydasına salmağa başladı. Vladimir Putinin şəxsi avtoriteti sayəsində əvvəllər hamının nifrət etdiyi Konstitusiyanın dəyəri yüksəklərə qaldırıldı. Putin Konstitusiyanın tələblərini xalqın onu dəstəklədiyi qədər hakimiyyətdə qalmaq imkanından da üstün tutaraq Konstitusiyanın hər şeydən vacib olduğunu əhaliyə çatdırdı.
Yeltsinizm dövründə baş verənlərə baxmayaraq Putinin hakimiyyəti dövründə Rusiyanın bütövlüyünün qorunması milli ideyaya çevrildi. Federasiya Şurasının regional qiyamı yatırıldı, həddini aşmış qubernatorlar qovuldu, bütün ərazilər səlahiyyətli nümayəndələr vasitəsilə Mərkəzə tabe edildi. Vətənpərvərlik Putinin dövlətçilik modelinin əsas amili oldu.
Çeçenlərin motivasiyası isə sındığı üçün onlar tərəfindən bu şəbəkə kodunu yaradanlar daha incə işləməyə başladılar. Şəbəkə strategiyasının növbəti mərhələsinə Qafqazdakı digər etnoslar ilə işləmək, Rusiyadakı etnik qruplarla əlaqə qurmaq, çeçenlərin Moskvadakı diasporasını prosesə qatmaq və s. daxil edildi.
Şəbəkə müharibəsi davam edirdi, lakin daha əvvəlki kimi kəskin deyil, incə səviyyədə aparılırdı. Köhnə motivasiyaları korrektə edib yeni motivasiyalar qondarmaq və əsaslandırmaq üçün çeçen ideoloji institutları yaradılmağa başlandı. İşin bu mərhələsində çeçen elitasına birbaşa ingilis kəşfiyyatının təsir agentləri də qoşuldular. Əgər əvvəllər hər şey yağ kimi gedirdisə və onların prosesə birbaşa müdaxiləsinə ehtiyac yox idisə, sonradan, yəni çeçenlər öz qədim ənənəvi arxiteplərinə qayıtmağa başladıqdan sonra ingilis mütəxəssisləri Çeçenistanda vəziyyəti “yoluna qoymaq” və idarə etmək üçün daha çox cəlb edildilər.
Məhz bu zaman Çeçenistan rəhbərliyinin yanında əslən Polşa yəhudisi olan ingilis biznesmeni Mansur Yaximçik peyda oldu. O bir vaxtlar Polşada antikommunist hərəkatının fəal üzvlərindən olmuşdu və Krakov şəhərində “Həmrəylik” təşkilatına liderlik etmişdi. Təsəvvür edin ki, Polşa yəhudisində birdən birə Çeçenistandakı islamın sufi versiyasına maraq yarandı və o müsəlmanlığı qəbul edərək Çeçenistana gəldi.
Yaximçik İçkeriya vətəndaşlığını qəbul etdi və prezidentin xarici ticarət məsələləri üzrə müşaviri təyin olundu. Onun vasitəsilə çeçen liderləri ilə ingilis maliyyə elitası arasında əlaqələr qurmağa başladılar. O çeçen liderlərini ingilis lordları ilə, o zaman BP neft şirkətinin müşaviri kimi çalışan Marqaret Tetçer ilə və digər böyük şirkətlərin rəhbərləri ilə görüşdürdü.
Beləcə çeçenlər onlara yad olan vahhabiliyi rədd edib öz milli və dini arxetiplərinə qayıdan kimi, ölkələrinin bərpası ilə məşğul olmağa başlayan kimi Çeçenistanda maraqlı bir polyak-ingilis-yəhudi tipi peyda oldu və çeçenlərin yaşayışı ilə yaxından maraqlanmağa başladı. Məhz Yaximçikin iştirakı ilə 1997-ci ilin aprelində Qafqaz İnvestisiya Fondu yaradıldı. Vaşinqtonda Qafqaz-Amerika Sənaye-Ticarət Palatası qeydiyyata alındı. Qoldsmit maliyyə qrupunun nümayəndəsi lord Makalpayn isə Çeçenistanın neft sektoruna 3 milyard dollar pul qoyacaqlarına söz verdi, bir şərtlə ki Çeçenistanın bütün neft yataqları müddətsiz olaraq ona icarəyə verilməli idi. Bu əslində elə bütün neft yataqlarının ingilislərə satılması demək idi.
Çeçenistandakı şəbəkə əməliyyatı müharibənin isti mərhələsi başlamamış start götürmüşdü, hər iki hərbi kampaniya zamanı fəaliyyətdə idi və indi də davam etməkdədir. Çeçenistandakı vəziyyətlə bağlı zəif nöqtələr hələ də mövcuddur və Qərb strateqləri bu zəif nöqtələrdən əleyhimizə istifadə etməyə çalışırlar. Ənənəvi model Sovet dövründə təzyiqlə aradan qaldırılıb. Dünyəvi model qalib gəlib və Mərkəzin gücü ilə bərqərar olub. Belə olan halda hər zaman təzyiqlə yatırılan çeçen arxiteplərinə düşmən tərəfindən müraciət etmək üçün zəmin var. Elə əsaslar var ki, münaqişəni yenidən alovlandırmaq heç bir xərc tələb etmir. Nəzarət azca azaldılsa, yenidən xarici siyasət strategiyası Qərbin xeyrinə dəyişəcək, Çeçenistanda digər fiqurlara “qoyuluş” ediləcək, hər şey əvvəlki kimi başlayacaq. Şəbəkə müharibəsi dayandırıla bilməz. Lakin onu əks istiqamətə yönəltmək mümkündür.
Tərcümə: Cəmil Şirvanov
Mövzu linkləri:
Həmçinin oxuyun: