Flaş / Gündəm / Siyasət-Region / Siyasət-Analitika
Tbilisi niyə silkələnir? Etirazların arxasında kim durur?- ANALİTİKA
Martın 7-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu akt əslində ictimai təşkilatlar, ilk növbədə, KİV və QHT-lər tərəfindən xaricdən alınan dəstəyin ictimailəşdirilməsi məqsədi daşıyır. Bu baxımdan, Rusiya və Amerika analoqlarından fərqli olaraq, Gürcüstanın “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi nisbətən yumşaqdır. Belə ki, ayrı-ayrı şəxslərə “xarici təsir agenti” statusunun verilməsi nəzərdə tutulmayıb. Yalnız illik gəlirinin 20%-dən çoxunu xarici maliyyələşdirmədən əldə edən hüquqi şəxslər xarici agent kimi tanınır. Məhz bu kateqoriyaya daxil olan hüquqi şəxslər xarici ölkənin təsir agentləri kimi qeydiyyatdan keçməyə və illik maliyyə hesabatlarını təqdim etməyə məcbur olacaqlar.
Ölkə qanunvericiliyinə dəyişikliklərin təşəbbüskarı Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasından ayrılan deputatlardan ibarət “Xalqın Gücü” partiyası olub. Ayrılmalarına və ikinci partiya qurulmasına baxmayaraq, parlamentdə hər iki siyasi qüvvə bir-birini dəstəkləyir.
Qanun layihəsi əvvəllər müxalifətin, ilk növbədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə əlaqəli siyasi qüvvələrin etirazına səbəb olub. ABŞ, Avropa İttifaqı, Avropa Şurası və hətta BMT-nin Gürcüstandakı ofisləri də bu qanuna qarşı idilər.
Gürcüstanın qeyri-hökumət təşkilatları və müxalif siyasi partiyaları Qərbin maliyyəsi ilə sıx bağlıdır. Yeni qanun layihəsi onların reputasiyasına və fəaliyyətinə təhlükə yaradır. Gürcüstan rəhbərliyi isə əksinə, yeni qanunun köməyi ilə Gürcüstanı Rusiya ilə silahlı qarşıdurmaya cəlb etməyə çalışan ABŞ və Aİ-dən asılılığını azaltmağa, suverenliyini artırmağa çalışır.
2022-ci ilin iyununda Brüssel Tbilisiyə Aİ üzvlüyünə namizəd statusunu almaqdan imtina etdikdən, lakin Ukrayna və Moldovaya belə status verdikdən sonra Gürcüstanda hökumət əleyhinə aksiyalar baş verdi. Daha sonra Aİ və ABŞ tərəfindən maliyyələşən Gürcüstan partiyaları və QHT-ləri “texniki hökumət” yaratdıqlarını və ölkədə hakimiyyəti dəyişmək niyyətlərini bəyan etdilər. Qərbyönlü və birbaşa xaricdən maliyyələşən müxalifətin Gürcüstanda Ukrayna “Maydanı” kimi bir şey həyata keçirmək üçün davamlı olaraq cəhd etmələri ölkənin suverenliyinə və təhlükəsizliyinə zərbə vurur.
Moskva ilə Tbilisi arasında 2008-ci il münaqişəsinin nəticələrindən yaranan kifayət qədər soyuq münasibətlərə baxmayaraq, hazırkı Gürcüstan rəhbərliyi Ukraynadakı münaqişənin hər iki tərəfindən uzaqlaşıb. Gürcüstanın neytrallığı Rusiyaya sərfəlidir, lakin Moskvanın rəqibləri Qafqazda “ikinci” cəbhə açmaqdan ötrü dəridən-qabıqdan çıxırlar.
Küçələrdə özbaşınalıq, hakimiyyəti zorən yolla qəsb etməklə şantaj
Martın 7 və 8-də Tbilisidə qərbyönlü müxalifətçilər Gürcüstan hakimiyyətini ölkənin “Avropa inteqrasiyası” yoluna xələl gətirməkdə və guya Rusiyayönümlü qanun qəbul etməkdə ittiham edərək kütləvi etiraz aksiyaları keçiriblər. Ən ciddi hadisələr martın 8-də baş verdi. Feminist mitinqi ilə başlayan aksiya parlament binası yaxınlığında minlərlə insanın toplanması ilə başa çatdı və burada Saakaşviliyə dəstək verən Vahid Milli Hərəkat (VMH) partiyasının sədri Levan Xabeişvilinin etirazı qeyri-müəyyən müddətə keçirməyə çağırış etdi.
Hüquq-mühafizə orqanlarının əməkdaşları daş və yanar qarışıqlarla hücuma məruz qaldı. Nümayişçilər avtomobilləri yandırıb, parlament binasında şüşələrini və vitrinləri sındırdılar. Poqromların iştirakçıları parlament binasını ələ keçirməyi planlaşdırdıqları açıq-aşkar ortada idi.
Etirazçılara Ukrayna, ABŞ və Aİ hakimiyyətləri dəstək verib. Həmin an ABŞ-da olan Gürcüstan prezidenti, Fransa vətəndaşı və bu ölkənin Gürcüstandakı keçmiş səfiri Salome Zurabişvili də nümayişçilərə dəstək verib. Zurabişvili Nyu Yorkdakı Azadlıq heykəlinin qarşısında videomüraciət yazıb və həmin müraciətində “Moskvanın diktə etdiyi” qanuna qarşı çıxış edib.
Hakimiyyət zəiflik göstərir
Martın 9-da Gürcüstanın hakim parlament koalisiyası qanunu geri götürdüyünü elan edib. Bu, Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə ABŞ Dövlət Departamentinin müşaviri Derek Şoule telefonla zəng etdikdən sonra baş verib.
Lakin müxalifətçilər ən azı əvvəllər saxlanılan iğtişaşçılar azad edilənə qədər aksiyaları davam etdirəcəklərini bildiriblər. Qeyd edək ki, iki gün ərzində polis 133 etirazçını saxlayıb.
Gürcüstan hakimiyyətinin xarici təzyiq altında geri çəkilməsi, hətta vəziyyəti indi qısa müddətə stabilləşdirmək mümkün olsa belə, yalnız və yalnız növbəti etirazlara yol açacaq. Milyarder Bidzina İvanişvilinin fiquru ilə dəstəklənən “Gürcü arzusu” partiyasının hökuməti şantajlara boyun əyməyə hazır olduğunu nümayiş etdirdi. Müxalifət və onun xarici sponsorları növbədənkənar parlament seçkilərinin (2024-cü ildə keçirilməsi nəzərdə tutulur) təyin edilməsinə qədər hökuməti sarsıtmaq üçün istənilən bəhanədən istifadə etməyə davam edəcəklər.
Əslində “Gürcü Arzusu” və Bidzina İvanişvili şəxsən Gürcüstanda rusiyayönlü qüvvələri təmsil etmir. Aİ və NATO-ya üzvlük Tbilisinin siyasətinin rəsmi kursu olaraq qalır. Bununla belə, Gürcüstan öz suverenliyini qoruyub saxlamaq, Rusiyaya qarşı sanksiya tətbiq edib-etməmək barədə təkbaşına qərar vermək, Qafqazda sabitliyi pozmaq üçün avantürist planlara qoşulmaq və ya mövcud imkanlardan ölkənin milli maraqlarına uyğun istifadə etmək cəhdlərini nümayiş etdirir.
Gürcüstan ikincini variantı seçəndə, məsələn, 2022-ci ildəki kimi davrandıqda, Rusiya ilə Gürcüstan arasında ticarətin artımı 50% təşkil edib, Rusiya Gürcüstanın ticarət tərəfdaşları arasında birinci olub. Bununla belə, strateji olaraq qərbyönlü vektor güdülməsi Tbilisinin münaqişəyə cəlb edilməmək və nisbi neytrallıqdan pul qazanmaq üçün taktiki cəhdlərinə ziddir. 2013-2014-cü illərdə Ukraynada olduğu kimi, bu ziddiyyət indiki Gürcüstan rəhbərliyinin hakimiyyətini itirməsinə səbəb ola bilər. Qərbyönlü qüvvələr Gürcüstan dövlətinin məhv olması təhlükəsi yaransa belə, indiki hökuməti süpürüb aparacaq.
Cəmil Şirvanov
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
2023-cü ilin strategiyaları və ssenariləri
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
Daniyal bəy kimilərə rus hökuməti sərf eləmirdi
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.