Flaş / Azərbaycan / Siyasət-Region / Siyasət-Analitika / Publisistika
11:03, 13 avqust 2021
582
0

Daniyal bəy kimilərə rus hökuməti sərf eləmirdi


Azərbaycanın şimalında ləzgilərin bir qolu olan saxurların sultanlığı vardı. Car-Balakən regionunun əhatə edən, mərkəzi Qaxdakı İlisu məntəqəsi olan bir sultanlıq idi. Başqa xanlıqlar kimi bu sultanlığın da başında yerli xalqın nümayəndəsi yox, gəlmə iudey sülaləsi dururdu. Sultanlığın bütün əhalisi ləzgi mənşəli saxurlar olsa da idarəedici hakimləri avar və ərəb mənşəli yəhudilər (islamı görüntü üçün qəbul etmiş sabetayistlər) idi. Gürcü tədqiqatçıları İlisu sultanlarının gürcü İlisen mouravilərinin davamçıları, avar tədqiqatçıları isə onların avar olduqlarını sübut edirlər. 1695-1758-ci illərdə yaşamış gürcü tarixçisi Vaxuşti Baqrationinin bildirdiyinə görə, İlisu sultanlarının babası gürcü knyazı Vaxvaxişvili olmuşdur; bu adam Qızılbaş hakimliyi dövründə Kax valisi seçilmişdir və 1587-ci ildə müsəlmanlığı qəbul etmişdir. Müasir gürcü tarixçiləri də bildirirlər ki, 1-ci Şah Abbas 1604-cü ildə İlisu Sultanlığının ərazisini gürcü çarından alaraq Vaxvaxişvili knyazlarına vermişdir. Çar dövrünün hərbi tarixçisi Arnold Zissermanın fikrinə görə, İlisu sultanlarının kökü Ərəbistana bağlıdır. Təsadüfi deyil ki, sultanlıqda yazışmalar yerli xalqın başa düşmədiyi və ərəb dili adlandırdığı dildə aparılırdı. Görkəmli Azərbaycan şərqşünası Məşədixanım Nemətova İlisu Came məscidinin kitabəsinə əsasən onların ərəb sərkərdəsi Əbu Məbran nəslindən, İlisu sultanlarının məzar daşlarında olan yazılara əsasən isə onların Əlibəy Şami (Suriya) övladları olmalarını göstərmişdir. Ənənəvi Azərbaycan tarixşünaslığında bildirilir ki, ərəb sərkərdəsi Əbu Müslim xilafətin Qafqazı istilasından sonra Suriyadan qohumlarını Qafqaza köçürüb hərəsini bir əyalətə hakim təyin etmişdir, sonra isə Azərbaycan ərazisinə köçürülmüş ərəblər yerliləşmiş və ilkinliklərini itirmişlər. İlisu xanlarının nəslindən olan, Peterburqdakı Konstantin Hərbi Məktəbində oxuyan İsgəndər xan Elisuyski 1885-ci ildə öz kökləri haqqında yazarkan maraqlı detallara toxunmuşdur: “Mənsub olduğum, Elisuya yiyəlik edən sultan familiyam ərəb familiyasıdır. Hardasa min il qabaq Suriyada hakimlik edən, ərəb sultan ailəsinə mənsub şahzadələrdən 1-ci Əbu Müslim taxt-tac varisliyi uğrunda öz qardaşları ilə müxtəlif toqquşmalardan sonra Suriyadan (Şam) çıxır, öz qoşunu ilə şərqə doğru gəlir, özünə yeni məmləkət axtarır. Yolunun üstündə rast gəldiyi müxtəlif tayfalarla çoxlu döyüş və toqquşmalardan sonra Əbu Müslim Qafqaza soxulur və Dağıstana istiqamət alır. Dağıstanda o döyüşkən ləzgi tayfaları ilə toqquşur, hansılar ki Qafqaza İsa peyğəmbərin doğuluşundan 800 il qabaq Hindistanın Lezqe vilayətindən gəlmişlər. Öz döyüşkənliyi ilə bu məğrur tayfa min beş yüz il ərzində azadlıqdan başqa heç kimi tanımaq istəməyib, hansı ki apardığı müharibələrin çoxunu məhz bunun yolunda aparıb”. İsgəndər xan ardınca bildirir ki, Əbu Müslim silah gücünə Dağıstanı fəth etdikdən sonra vəfat etmişdir.

Həmin Əbu Müslimin nəvə-nəticələri 300 il sonra qoşunla Samur vilayətinə girmişlər, buranı tutaraq sultanlıq yaratmışlar və özlərini saxurların hakimi elan etmişlər. 15-ci əsrdə onlar Gürcüstan və digər qonşularla müharibələrə başlamış, tədricən yerli xalqları qovaraq torpaqlarını genişləndirmiş, təxminən 100 il sonra isə İran hökmdarı 1-ci Şah Abbasın ölümündən və hakimiyyətin zəifləməsindən istifadə edərək Şərqi Kaxetiyanı büsbütün gürcü çarlarının əllərindən almışlar və İlisunu özlərinə paytaxt elan etmişlər. Saxur qocaları da İlisu sultanlarının gəlmə olduğunu bildirmişlər, lakin dediklərindən belə aydın olur ki, onlar avar kökənlidirlər. Saxurlarda belə rəvayət olunur ki, avar Əli bəy 17-ci əsrdə Saxur vilayətini özünə tabe etdiribmiş. Lakin Əli bəy o qədər zülmlər törədibmiş ki, saxurlar üsyana qalxıblarmış. Onlar avar bəyinin bütün ailəsini qırıbmışlar, lakin bir hamilə qadın canını qurtarıb qaçaraq İlisuya gəlibmiş. Onun oğlundan da İlisu sultanlarının soyu baş götürür. Həmin avar sultanları müsəlman imperiyaları ilə sıx əlaqələr yaratmışlar, şah və sultanların dəstəyindən istifadə edərək Qax və Kürmükün münbit torpaqlarını da ələ keçirmişlər, bu torpaqların əvvəlki sahibləri olan gürcü aristokratiyasını zorla ərazidən qovub çıxarmışlar. Bu versiyanın doğruluğunu həm də İlisu sultanlarının 18-19-cu əsrlərdə avar dilinə və avar ellərinə meyllənmələri də təsdiqləyir. Çar dövrünün tarixçisi İ.Lineviç bildirir ki, Saxur hakimləri yerli əhalinin içindən çıxma deyillər, dağıdılmış Xuç avar kəndindən qovulmuş gəlmələrdir. Çar dövrünün digər tarixçisi Dmitri Bakradze də bu fikri təsdirləyərək bildirir ki, Xuçdan qovulmuş avar bəyləri burda saxurları zorla özlərinə tabe etdirmişlər. 19-cu əsrdə qeydə alınmış rəvayətlərdə göstərilir ki, Xuç hakimləri hücum çəkib Saxuru dağıtdılar, buranın qanuni xanı Georgini qovdular və saxurları özlərinə tabe etdirdilər. 18-19-cu əsrə aid digər mənbələrdə də İlisu sultanlarının etnik saxur deyil, gəlmə olduqları, buranı zor gücünə ələ keçirdikləri göstərilir.
Bax belə bir dumanlı keçmişə malik soy saxurların başında oturmuşdu. Yerli xalqı əzərək ərazisini tutmuş yadelli bir soy ləzgi-saxur xalqına sultanlıq etməkdəydi.

İlisu sultanlığında uzun müddət iudeylər arasında taxt-tac üstündə, hakimlik üstündə o qədər qırğınlar getdi, nəticədə yerli camaat bu qırğınlardan o qədər şiddətlər gördü ki, axırda İlisu ağsaqqalları yığışıb Tiflisə getdilər, burdakı Rus general-qubernatoruna üz tutub xahiş etdilər ki, qoy İlisu sultanını camaat özü seçməsin, buranın rəhbərini Rusiya təyin etsin! Bundan sonra İlisu sultanını Rusiya dövləti təyin etməyə başladı. Amma bu İlisunun havayıya öyrəşmiş bəylərinin xoşuna gələ bilmədi, çünki daha əvvəlki kimi yeyə bilmədilər. Çar nəzarəti xalqı çapıb talamaq və incitmək üstündə sultan və bəyləri cəzalandırmağa başladı, səlahiyyətlərini azaltdı ki, sadə camaatla işləri olmasın. Sultanlardan kimsə yerli camaata qarşı haqsızlıq törədəndə saxurlar Rus hərbi qubernatoruna şikayət edirdilər, o da sultanı cəzalandırırdı, çünki Rus hərbi komandanlığının səlahiyyəti sultanın səlahiyyətindən çox idi. Rus qubernatorunun hər addımbaşı onun işlərinə “qarışması” xalqın qanını içməyə öyrəşmiş, istədiyi kimi qılıncını sağa-sola çapmağa vərdiş etmiş axırıncı İlisu sultanı Daniyal bəyi o qədər bezdirdi ki, o silaha sarılıb ruslara qarşı çıxdı. Bəy qaçıb Şeyx Şamilə qoşuldu və ruslara qarşı üsyan qaldırdı. İndi bu adamların hamısını bizə “milli qəhrəman”, “rus işğalına qarşı qəhrəmanlıqla sinə gərən mübariz”, “vətən yolunda canını qurban verən şəhid” kimi sırıyırlar. Məktubunda da göstərdiyi kimi, Daniyal bəyi əsəbləşdirən o olmuşdu ki, ona dədə-baba qaydasınca öyrəşdikləri tək hökmranlıq etmək yox, “hüquqlara riayət etməklə, ümumi vətəndaş nizamnaməsinə əsaslanaraq rəhbərlik etmək” tapşırılmışdı, bu isə sən demə onun “əcdadlarının əsrlər boyu mövcud olan irsi hüquqlarını pozmuşdur”. Daniyal bəy Çara yazdığı müraciətində özünün “Zaqafqaziya ölkəsində fəaliyyət göstərən vətəndaş idarəetməsi nizamnaməsinə tabelikdən azad edilməsini” və sultanlığı öz bildiyi kimi idarə etməyə icazə verilməsini xahiş edirdi, çünki “İlisu sultanlığı irsi olaraq mənə keçmişdir”. Daniyal bəy bildirirdi ki, “bu məni və övladlarımı gələcəkdə Rusiya hökumətinə daha sədaqətlə qulluq etməyə ruhlandırar”. Əlbəttə ki Çar hökuməti hansısa vilayətin ümumi qanunvericilikdən kənar, fərqli feodal üsullarla idarə olunmasına razılaşa bilməzdi. Nəticədə Daniyal bəy Rus hökumətinə qarşı çıxdı və sultanlığının baş məscidində ruslara qarşı vuruşan avarların başçısı Şeyx Şamilə sədaqət andı içdi. Bunu eşidən Rus hərbi komandanlığı onu həbs etmək istədi. Daniyal bəy təcili qızını Şeyx Şamilin oğluna ərə verdi ki, məni bu bəladan qurtar.

Təhlükənin başının üstünü kəsdiyini görən Daniyal bəy Şeyx Şamilin yanına qaçıb ona nökərçilik etməyə başladı. Orduda xidmət etməyə-etməyə ruslar ona general-leytenant rütbəsi vermişdilər -halbuki həmin rütbəni ruslar özləri almaq üçün onilliklər boyunca can qoyurdular- və ona ildə 860 gümüş manat məbləğində maaş ayırmışdılar. Amma bəyə Rusa general-leytenantlıq etmək sərf eləmədi. Nəticədə avar abrekinə nökər oldu. Rusların parıltılı kostyumlar geyindirdiyi, epolitlərlə bəzədiyi, saraylarda yaşatdığı Daniyal bəy palçıqlı bir dağ auluna köçdü, kirin-kəlmənin içində yaşadı və qaçaq-quldurluq yolu ilə dolanışığını çıxardı. O dəfələrlə ruslardan aralandığına peşman olduğuna dilə də gətirdi, bu və digər məsələlərə görə Şeyx Şamil ilə aralarında soyuq münasibətlər, bəzən gərginlik də yarandı. Rusa qarşı çıxan, onun idarəetməsini bəyənməyən “igidlərimizin” biri də belə qurtardı. Beləliklə, Daniyal bəy bir el məsəlində deyildiyi kimi, Əlidən də oldu, Vəlidən də.

 Daniyal bəy öz maraqlarına görə hər yerdə ləzgiləri Rus hökumətinə qarşı qaldırdı, nəticədə ləzgilər Rus qoşunu ilə döyüşlərdə qırıldılar. 21 iyun 1844-cü ildə Rus qoşunu Daniyal bəyin başçılıq etdiyi 3 minlik qoşunu darmadağın etdi və İlisu aulunu tutdu. Ruslar İlisunu tam dağıtsalar da, şəhər məscidinə toxunmadılar. Həmin hadisədən sonra İlisu sultanlığı tam ləğv edildi. Rusiya hökuməti Qaxda yeni administrasiya yaratdı ki, bununla da saxurların canı yırtıcı İlisu sultanlardan birdəfəlik qurtardı. Avarların içində gizlənən Daniyal bəyin bəzi vaxtlarda maddi vəziyyəti elə ağırlaşdı ki, yenidən rus düşərgəsinə qayıtmaq üçün yalvardı, rus administrasiya ilə əlaqə yaradıb öz elinə sahiblik etmək üçün icazə istədi. Lakin ruslar onun yenidən İlisuya sultanlıq etməsinə icazə vermədilər.

Şeyx Şamil Daniyal bəyi dağlar qoynundakı İrib kəndinə naib təyin etmişdi. Gəlmə-gəlinti qaçaq-quldurların yığışdığı İrib kəndi Şeyx Şamilə ən böyük gəlir verən kəndlərdən birincisi idi. Onlar bu pulu Dağıstan, Azərbaycan və Gürcüstan ellərinə hücumlardan çıxarırdılar, yerli qoy xalqlardan soyub taladıqları qənimətin beşdə birini Şamilin büdcəsinə verirdilər, özləri də bu yolla get-gedə varlanırdılar. Şamil necə imam idi ki, əsas gəliri soyğunçluqdan çıxırdı? Axı bu başıbəlalı “imamın” və onun başıpozuq dəstəsinin əsas dolanışığı qaçaq-quldurluqdan, yol kəsməkdən çıxırdı.
1853-cü ilin yayında Şeyx Şamilin göndərdiyi nümayəndə heyətinin tərkibində Daniyal bəy də İstanbula getdi; onlar burda Osmanlı dövlətini Rusiya ilə müharibə aparmağın vacibliyinə inanırdırmağa çalışdılar. Lakin bu planlar baş tutmadı. Tezliklə Şeyx Şamilin ordusu məğlub olaraq özü ruslara təslimə getdi, həmin vaxt Daniyal bəy də ruslara təslim oldu. Ruslar Şeyx Şamil kimi onu da öldürmədilər, bağışladılar, halbuki özləri əllərinə keçən rusların başını tərsinə kəsirdilər. İnsafən deyək ki, Daniyal bəyin “hicrətinin” çox hissəsi ruslarla vuruşmaqdan da çox ləzgi və gürcü kəndlərini çapıb talamaqla keçmişdi. Şeyx Şamil onun haqqında deyirdi ki, o “pis döyüşçü, amma yaxşı məsləhətçidir”.

Daniyal bəy Şəkidə yaşamaq, hərbi rütbəsi və təqaüdü qaytarılmaq şərtilə 7 avqust 1859-cu ildə rəhbərlik etdiyi İrib qalasını könüllü ruslara təslim edərək general Baryatinskiyə əsir düşdü. Bir müddət Şəkidə yaşadıqdan sonra 1869-cu ildə Osmanlıya mühacirət etdi və İstanbulda öldü.
Hegemonluq arzusu ilə aşıb daşan Daniyal bəyin ucbatından saxur və ləzgilər min bir əzab-əziyyət gördülər, müsibət çəkdilər. Sual olunur: Ləzgi xalqına sultanlıq lazım idimi? Xeyr, ləzgi xalqına sultanlıq lazım deyildi, heç indi də lazım deyil. Azərbaycanın bu gözəl xalqına, qızıl genefondumuz sayılan ölkəmizin ən adekvat etnosuna bir tikə çörəyini rahat qazandığı, tam əmin-amanlıqda yaşaya bildiyi sakit və stabil məmləkət lazımdır.

(Ardı var)

Turan Ekspress teleqram kanalı
@turan_ekspressi



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)