Flaş / Gündəm / Siyasət-Analitika / Publisistika
13:08, 12 dekabr 2022
408
0

Rusiya dövlət aparatının, ümumiyyətlə rusların bir cəmiyyət olaraq bəzi problemləri haqqında

Cəmil Şirvanov
Həmişə məni düşündürüb ki, hansısa bir xarici dövlətin ölkəmizdəki şirkətində çalışan, və ya hansısa xarici ölkədə oxuyan və bu ölkənin ölkəmizdəki şirkətlərində işlə təmin edilən həmvətənlərimiz niyə şirkətində çalışdığı, universitetində oxuduğu xarici ölkəni açıq-aşkar tənqid etmir. Lakin Rusiyada təhsil alıb ölkəmizdəki Rusiya şirkətlərində çalışanlar, ümumiyyətlə burda təhsil alıb Rusiya şirkətlərində çalışan, Rusiyanın müxtəlif şirkətləri ilə əməkdaşlıq edən, malını Rusiya bazarlarına çıxarıb satanlar, xüsusilə də rusdillilər nəinki Rusiyanı tənqid edir, hətta ona açıq-aşkar nifrət püskürür. Azərbaycanda rusdillilərin çoxunun rusofob olduğunu görəndə çox təəccüblənirəm. Eynən müstəqil ölkə kimi qalmağımızda maraqlı olan Rusiyanı müstəqilliyimizə qəsddə ittiham edən, nifrət püskürən hakimiyyətimiz kimi. Düşünürəm ki, bunun belə olmasında günahın ən azı yarısı elə rusların özündədir.

Hər hansı bir Qərb dövləti, hətta Allahın Türkiyəsi belə  hansısa ölkəyə, o cümlədən bizim ölkəyə nüfuz etmək istədikdə ilk növbədə yumşaq gücdən istifadə edir. Şəbəkə müharibəsinin strategiya və taktikalarını tətbiq edir. Bura hansısa təhsil, peşə-təlim, biznes layihələrindən tutmuş, dini, siyasi layihələrə qədər həyata keçirir. Layihələrə cəlb etdiyi insanları incələyir, öz ölkəsinin biznes və digər maraqlarını həmin ölkədə təmin etmək baxımından onların peşə və digər bacarıqlarından istifadə edir. İctimai xadimlərlə, müxtəlif peşədə uğur qazanmış, tanınmış şəxslərlə əməkdaşlıq edir, onlarla müxtəlif layihələri həyata keçirir ki, onların vasitəsilə nüfuz edə bilsin. Qısa və lori dildə desək, həm özü qazanır, həm də qazandırır. Lakin biz bunu Rusiyanın ölkəmizdəki fəaliyyətində görmürük. Həm səfirlik, həm ölkədə olan Rusiya kapitallı şirkətlər, həm Rusiyaya bağlı ictimai təşkilatların işi çox bərbaddır. O qədər səhv adamlarla işləyirlər ki, axırda elə alınır ki, harda rusofob, faşist var Rusiya təşkilatlarında, şirkətlərində çalışır. Rus demişkən, priçom, iş yerində əyləşib, Rusiyadan maaş alaraq, açıq-aşkar Rusiyanı və rusları bir xalq olaraq söyməklə məşğul olmaqdan belə çəkinmirlər.

Rusiyanın burdakı mətbuat orqanlarındakı vəziyyət isə lap acınacaqlıdır. Rusiyanın burda bir “Sputnik Azərbaycan”-ı var, onu da doldurublar rusofoblarla. Üstəlik dövlət də girişinə qadağa qoyub. VPN-lə girmək olur. Orda 1-2 normal jurnalisti çıxmaq şərtilə, rus demişkən, sploşnoy rusofobdular. Digər yerlərdə də vəziyyət eynidir. Azərbaycan Rus İcmasında belə vəziyyət acınacaqlıdır. Harda liberast varsa yığılıb ora. Bakıdakı Rusiya səfirliyi isə öz balaca dünyasında yaşayır. İllər boyu Rusiya hökumətinin Azərbaycan vətəndaşlarına yararlı ola biləcək layihələrini bizdən gizlədiblər. Bildiyiniz sabotajla məşğul olublar və indi də məşğuldurlar. Əminəm ki, başqa postsovet  ölkələrindəki səfirlikləri də eyni yarıtmaz fəaliyyətlə məşğuldurlar.
Sadə bir şeyi deyim sizə: Hansısa bir işlə bağlı istənilən Qərb şirkətinin e-mail ünvanına bir “salam” belə yazsan, o məktubunu kimsə cavablandıracaq və hansısa bir təklifinizin olub-olmaması ilə maraqlanacaq. Lakin Rusiya şirkətlərinə bir kitab ağıllı təklif yazıb aylarla cavab gözləsən də xeyri yoxdur. Heç kim cavab vermir. Belə münasibəti görən hansı şəxsin Rusiyaya rəğbəti olacaq? Hansı vacib kadr onlarla əməkdaşlıq etməyə can atacaq? Cavab məlumdur: heç kim! Sonra da mənim kimi rusbaşlar təəccüb edirlər ki, niyə düşünən beyinlər Qərbə qaçır? Niyə qaçmasınlarki? Hamı istəyir ki, yaxşı yerdə təhsil alsın, yaxşı yerdə işləsin, yaxşı maaş alıb yaxşı dolansın. Bunu harda görəcəksə, o tərəfə də qaçacaq. Bircə mənim kimi axmaqlar düşünəcək ki, “vətənimin oğraşına da qurban”, “Qərb mənlik deyil” və s. Əlqərəz, Rusiyanın problemləri çoxdur. Ən böyük problemi isə dövlət aparatının və ona bağlı biznes strukturlarının siyasi iradə impotentliyidir. Demək olar ki, bütün idarəçilər öz yerinə müvəqqəti iş yeri kimi baxırlar, vətənə xidmət yeri kimi yox. Xeyiri Rusiyadan əldə edib xarici ölkələrdə aktivlər yaratmaqdan başqa bir şey bilmirlər. Bu tendensiya şirkətlərində də özünü göstərir. Rusiya Qərb ünsürlərindən təmizlənməyincə, onun xilası yoxdur.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)