Flaş / Gündəm / Azərbaycan / Cəmiyyət-Elm
12:17, 02 noyabr 2022
355
0

Lerikdə biabırçılıq - yeni tikilmiş məktəbin qapısı niyə bağlı qalıb?

Lerik rayonun Loda kəndində tikilmiş modul tipli məktəb binası podratçı ilə mübahisələrə görə bağlı qalıb. Məktəbin hazır olmasına baxmayaraq, uşaqlar artıq ikinci dərs ilidir ki, oxumaq üçün yeni məktəbə gedə bilmirlər.

Bu barədə yerli sakinlər Blogger Rizvan Şıxızadəyə məlumat veriblər və onun videosüjeti yayıldıqdan sonra sosial şəbəkə fəalları da bu məsələni aktuallaşdırmağa, aidiyyatı qurumlardan hesabat tələb etməyə başlayıblar.

Qeyd olunur ki, dövlət maliyyə dəstəyi ilə 2020-ci ildə kənddə modul tipli orta məktəb binası tikilib. İşlər başa çatdıqdan sonra tikintidə çalışmış işçilərə xeyli borc yığılıb. Borcu ödəyəcək qurumlar isə günahı bir-birinin üzərinə atır. Belə ki, tikintini aparan “Modenko” MMC ilə subpodratçı arasında maliyyə qalmaqalı uşaqları məktəbsiz, fəhlələri pulsuz qoyub. Tikintidə çalışmış sürücünün sözlərinə görə, Lerikdə 3 belə modul məktəbin tikilməsinə 700 min manat ayrılsa da subpodratçı bu məbləğin cəmi 200 min manatını aldığını iddia edib.

Tikintinin aparılması üçün Astaranın tikinti malları satılan mağazalarından təyinat üzrə mallar alınıb, amma pullar ödənilməyib.

Bu məktəbdən əlavə, qonşuluqda yerləşən Astara rayonunun Şərqo və Xuçəso kəndində tikilən məktəblərdə çalışan sakinlərin də əmək haqları ödənilməyib. Lakin Astaradakı məktəblərin Lerikdəki məktəbdən fərqi ondadır ki, onlarməktəb kimi normal fəaliyyətini göstərir, bu isə yox.

Şikayətçilərin sözlərinə görə, dəfələrə bu barədə müxtəlif rəsmi qurumlara müraciət etsələr də heç bir nəticə əldə edə bilmirlər. Vəziyyət isə bu qaydada davam edir: Şagirdlər uçuq, köhnə məktəbdə oxumaqda davam edir, yeni binanın qapısı isə qıfıllıanıb.

Təhsil Nazirliyinin məsələyə laqeydliyi isə təəccüb doğurur.

Qeyd edək ki, Prezident İlham Əliyevin ölkə ərazisində təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb. Bu sərəncama əsasən ölkə ərazisində modul tipli məktəblərin tikilməsi üçün maliyyə ayrılıb. Sonuncu belə sərəncam bu ilin sentyabrında imzalanıb. Həmin sənədə əsasən Elm və Təhsil Nazirliyinə 5 milyon manat ayrılıb.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələdən xəbərdar olduqlarını, diqqətdə saxlanıldığını və araşdırma aparıldığı bildirib.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)