Flaş / Gündəm / Azərbaycan / İqtisadiyyat-Azərbaycan / Publisistika
18:14, 25 dekabr 2021
540
0

Əgər sosial yardımı verə bilmirsinizsə, onda zəhmət olmasa ləğv edin


Aztəminantlı ailələrin hər biri ünvanlı sosial yardım almaq istəyir ki, nisbətən gün-güzəranını düzəldə bilsin. Lakin ünvanlı sosial yardım almaq heç də bütün vətəndaşlara nəsib olmur. Bu da var ki, əksər hallarda ehtiyacı olan şəxslər kənarda qalır, onların müraciətlərinə imtina verilir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ünvanlı sosial yardımların kimlərə verilməyəcəyini açıqlayıb. Nazirin sözlərinə görə, adına bir neçə telefon nömrəsi olan vətəndaşa ünvanlı sosial yardım verilməyəcək.

Nazir qeyd edib ki, ünvanlı sosial yardımla bağlı edilən 100 min müraciətdən 50 mininə müsbət cavab verilib, Azərbaycanda qurulan sistemin avtomatikliyi prosesdə insan faktorunun olmaması səbəbindən kifayət qədər yaxşı sistemdir. O deyib ki, hətta beynəlxalq təşkilatlar 54 ölkəyə Azərbaycanın sistemini təklif edib: “Amma ölkədə gəlirlərin leqal olmaması səbəbindən sosial yardım təyinatında problemlərlə üzləşirik. Çalışırıq ki, vətəndaşın gəlirlərinə aid məlumatları başqa yollarla araşdıraq. İmtinaların 90 faizi təqdim edilən sənədlərin düzgün olmaması ilə bağlıdır. Bunların sırasında ən böyükləri vətəndaşın adına olan mobil nömrələrlə, kommunal xərclərlə bağlıdır. Təqdim edilən nömrə vətəndaşa məxsus olmalıdır. Biz araşdırarkən telefon xərclərini də nəzərdən keçiririk. Bəzən vətəndaşın adına bir neçə nömrə aşkarlanır ki, bu da xərclərin artıq olması deməkdir. Bu səbəbdən vətəndaşa imtina verilir”.

Ekspertlərin fikrincə, bir adamın adına bir neçə telefon nömrəsinin olması heç də onun vəziyyətinin yaxşı olmasına dəlalət etməyə bilər.

Bu baxımdan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial yardımların verilməsi ilə bağlı bu yanaşması nə dərəcədə ədalətlidir? Bir insanın adına bir neçə telefon nömrəsinin olması onun ünvanlı sosial yardım almasına niyə mane olmalıdır? Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Bu öz yerində. Digər tərəfdən, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda qeyd edilir ki, ünvanlı dövlət sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir. Ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur. 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat təşkil edir.

Məsələn, 4 nəfərdən ibarət ailənin orta aylq gəliri 400 manat təşkil edir. 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 170*4=680 manat təşkil edir. Bu halda ailəyə 680-400=280 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilə bilər.

Yəni müvafiq qaydada göstərilir ki, ailədə adam başına gəliri 175 manatdan aşağı olanlara ünvanlı sosial yardım verilir. Amma qanunda yazılmır ki, ailədə adambaşına xərc filan qədər olanda vətəndaşa ünvanlı sosial yardım düşür, ya düşmür. Ekspertlər deyir ki, qanunda xərc adında bir şey yoxdu və qanunda xərc göstərilmirsə, hazırda istifadə edilən prinsip qanuna ziddir. Onların fikrincə, ya xərc məsələsi hesablanmamalıdır, ya da gəlirlə bərabər xərc də qanuna salınmalıdır ki, bu qədər gəliri, yaxud bu qədər xərci olan ailəyə ünvanlı yardım düşür, ya düşmür. Bu məsələnin də həll edilməsi vacibdir.

“Əgər sosial yardımı verə bilmirsinizsə, onda zəhmət olmasa ləğv edin”

Sağlam Cəmiyyət Hərəkatının eksperti, sosioloq Elçin Bayramlı “Bakı-Xəbər”ə bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşın adına bir neçə telefon nömrəsi olduğuna görə ona ünvanlı sosial yardım almaqla bağlı müraciətinə imtina verməsi qətiyyən ədalətli yanaşma deyil:
“Cənab nazir belə gülməli açıqlamalarla həm insanlarda gülüş, həm də sosial narazılıq yaradır. Telefon nömrəsi 2 manatadır, bir çox hallarda pulsuz verilir, bunun sosial yardıma nə dəxli var? Əgər kiməsə sosial yardım vermək istəmirsənsə, əsaslı bəhanə tapmalısan. Artıq 2 manatı olan şəxsi varlı hesab etdiyini demək axmaqlıq olardı. Azərbaycanda yaşayış minimumu 200 manat civarındadır. Bu rəqəm konkret yoxsulluq həddidir. Hesab edirəm ki, minimum ehtiyac meyarı, adambaşına minimum istehlak səbəti də ən azı 200 manat həddindədir. Bu o deməkdir ki, 5 nəfərlik ailənin 1000 manatdan az gəliri olarsa, bu, yoxsul ailə sayılır və sosial yardım almalıdır.

İkinci tərəfdən, yoxsulluq və sosial yarıdıma ehtiyac müəyyənləşdirilərkən xərclərin növü yox, gəlirin həcmi əsas götürülür. Adamın ölməməsi üçün ayda 200 manat lazımdır. İndi bu adam 200 manatın neçə manatını nəyə xərcləyir sənə nə? Bunun 10 manatına kartof və ya kələm alacaqsa sənə nə? Sən yaşayış minimumundan az olan hissəsini vətəndaşa ödəməlisən - sosial yardım proqramının tələbi budur.

Əgər sosial yardımı verə bilmirsinizsə, onda zəhmət olmasa ləğv edin, hamı da bilsin ki, bizdə sosial yardım yoxdur. Daha gülməli bəhanələr nəyə lazımdır?”

E.Bayramlının sözlərinə görə, birinin həyətində keçən əsrin 70-ci illərindən qalmış bir “Jiquli” var, hansı ki, metallomluqdur, çürüyüb gedib, deyir sənin maşının var, sənə yardım düşmür. “Ay məmur, bu daha maşın deyil ey, bunun qiyməti 200 manat deyil heç. Ya da birinin ilan mələyən səhrada 5-10 sot torpağı varsa, deyir sənə düşmür. A kişi, o torpaqdan nə fayda var, kim su olmayan yerdə məhsul əkib gəlir götürə bilər?

Ümumiyyətlə, vətəndaşların gəlirini müəyyənləşdirə bilmirsənsə, bu sənin problemindir, deməli, ölkədə kölgə iqtisadiyyatının miqyası çox genişdir, bunun qarşısını almaq lazımdır. Yox, “mən şübhələnirəm ki, sənin filan yerdən gəlirin ola bilər” demək biabırçılıqdır. 

Biz dəfələrlə belə faktların şahidi olmuşuq ki, yoxsulluq içində olan ailə sosial yardım ala bilmir, amma daha imkanlı ailələr naməlum səbəbdən alır. Nazirlik qəpik-quruşluq şeyləri istifadə edən adamları varlı hesab etməkdənsə, öz sistemində rüşvətxorluq hallarının qarşısını alsa yaxşı olar”- deyə E.Bayramlı bildirib.

Mənbə: Bakı Xəbər

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)