Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / İqtisadiyyat-Analitika / Publisistika
20:07, 22 sentyabr 2022
679
0

Putin yenə də qalib gəldi, avropalılar pis vəziyyətdə qaldı - TƏHLİL


Avropalıların antistress, "valerianka" və bu kimi dərmanlar içə-içə, rusların isə az qala popkorn yeyərək neft və qazın dünya bazarındakı qiymətinin qalxması və bunun fonunda Qərbdə baş verən hadisələr barədə xəbərləri izlədiyi bir vaxtda dünya iqtisadiyyatının ən vacib aspektlərindən biri – dünya daş kömür bazarı diqqətdən kənarda qalır. Lakin təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bizim gözümüzdən yayına bilməz.

Qeyd etməliyəm ki, bu bazarda da iqtisadi müharibə neft-qaz bazarından az əhəmiyyətli deyil və burdakı mübarizə aktivliyinə və şiddətinə görə heç də neft-qaz bazarındakı mübarizədən geri qalmır. Əgər yadınızdadırsa, avropalılar bir qədər əvvəl elan edirdilər ki, Aİ-nin  Rusiya kömürünü almaqdan imtina etməsi Rusiya iqtisadiyyatının bu sahəsinin çökməsinə səbəb olacaq və özlərində Rusiya iqtisadiyyatının ümumilikdə çöküşünün tarixini səsləndirmək cəsarəti də tapmışdılar. Lakin az əvvəl həmin mətbuat orqanlar başladılar başqa havanı çalmağa. Sən demə hər şey Qərbdəki mütəxəssislərin proqnozlaşdırdığı kimi getmədi.

Hələ mart ayında Avropa Komissiyası Rusiyadan idxal edilən kömürə tam embarqo qoyulmasını müzakirə edirdi. Almaniya kimi bu məhsula daha çox ehtiyacı olan ölkələr bu prosesi müvəqqəti dayandıra bilsələr də sonradan yenə davam etdi. İlk olaraq Avropanın “borzıy çmo"su olan Polşa  artıq aprel ayında Rusiya kömürünün idxalına qadağa qoydu və bununla da embargo prosesi başladı.

Lakin qərbli yoldaşların sevinci çox çəkmədi. Artıq may ayında Bloomberg yazdı ki, rusiyalı mədənçilər avropalı məmurlardan mərhəmət gözləməyərək aktiv şəkildə özləri üçün yeni ixrac bazarları axtarıblar və bu işdə uöur qazanıblar. Aİ-də isə vəziyyət acınacaqlı hala gəlib. Avropanın kömür tələbatını ödəmək üçün külli miqdarda Avstraliya kömürü bazara daxil olub. Lakin bu dəyişiklik  avropalılara həddindən artıq çox baha başa gəldi. Məsələn, kömürün bir tonunun qiyməti 500 dollara yüksəldi ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10 dəfə bahadır. Diqqətlə fikir verin! 10 dəfə!!! Sən demə Rusiyanı cəzalandırmaq belə olurmuş...

İndi isə keçək Rusiyanın kömür bazarındakı mövqeyini qiymətləndirməyə. Avropanın 27 ölkəsinin Rusiyadan kömür idxalına qadağa qoyması əlbəttə ki, Rusiyanın kömür ixracının həcminə təsir edib. Əvvəllər Rusiyanın Avropaya  ixracı 51,6 milyon ton təşkil edirdisə, indi bu göstərici 22 milyon ton təşkil edir. Lakin bu müharibədə Rusiyanın uduzan deyil qalib tərəf kimi çıxması açıq-aydın görünür. Hətta qərb mediası, analitikləri də etiraf edirlər ki, bu mübarizədə ziyan çəkən tərəf Rusiya deyil, Avropa oldu. Çünki Rusiya mədənçiliklə məşğul olan şirkətləri azalan ixracdan dəymiş ziyanı göylərdə uçan qiymətlərin sayəsində artıqlaması ilə kompensasiya edirlər. Hələ üstəlik vakant ixrac həcmini isə axırıncı tikəsinə qədər kömürə böyük ehtiyacı olan Asiya ölkələri alır. Bu işdə Çin və Hindistan xüsusi aktivlik nümayiş etdirir.

Hindistanlılar ümumiyyətlə yaranan bu fürsətdən əməlli-başlı istifadə etməyə başlayıb. Hindistan treyderləri aktiv şəkildə Rusiya kömürünü alıb onu dərhal Avropa şirkətlərinə satırlar. Əlbəttə ki, öz maddi maraqlarını da qiymətə əlavə etməklə. Ümumiyyətlə isə Çin, Hindistan kimi ölkələr təkcə öz daxili ehtiyaclarını ödəmək üçün Rusiyadan onun bütün ixrac edə biləcəyi kömürü ala bilər.

Məlumat üçün deyək ki, ötən 2021-ci il ərzində Rusiya mədənçiləri ümumilikdə 440 milyon ton kömür istehsal ediblər ki, ondan 227 milyon tonunu xarici alıcılara satıblar. Ancaq Hindistanın kömürə olan tələbatı 1 milyard ton, Çininki isə 1,4 milyard tondur. Deməli, Rusiya bundan sonra istehsal gücünü dəfələrlə artırsa belə yenə satmağa bazarı var.

Digər bir məlumatı da nəzərinizə çatdırım ki, Çin treyderləri və energetika şirkətləri Rusiyadan iyun ayında 6,1 milyon, iyulda isə  7,4 milyon ton kömür alıblar. Bu rəqəm isə son 5 ilin rekordudur.

Hindistan da Çindən geri qalmır. Xüsusən də metallurgiya sahəsində Çinlə rəqabət aparan Hindistan Rusiyadan kömür idxalını 79% artırıb. Qeyd edək ki, Hindistanın təkcə metallurgiya sahəsində olan şirkətləri bu il ərzində 300 milyon ton kömür alıblar. Analitiklərinin proqnozlarına görə Rusiya-Hindistan kömür müqavilələrinin ümumi dəyəri ilin sonuna qədər 15 milyard dollara çatacaq. Bu isə ötən ilki dövriyyənin 5 dəfə artması deməkdir.

Bir sözlə, Qərb mətbuatının da etiraf etdiyi kimi, onların proqnozlarından fərqli olaraq, Rusiyanın kömür sənayesi tənəzzüldən deyil, müştəri, sifariş bolluğundan şok keçirir.

Bütün bu sifariş bolluğu ilə bərabər problemlər də var. Lakin onlar həll ediləndir və bu problemlərin həll edilməsinə xüsusi ciddi maneə yoxdur. Çətinlik ondan ibarətdir ki, Rusiya kömür sənayesinin orientirini birdən-birə Şərqə doğru kəskin şəkildə yönəlməklə bu qədər həcmin daşınmasında loqistik problemlər yaranıb. Rusiya Şərqə, yəni əsasən Çin və Hindistana doğru mövcud yollarla bu qədər həcmi ötürməkdə çətinliklə üzləşib. Son zamanlar Şimal-Cənub nəqliyyat dəhlizinin aktivləşdirilməsi uğrunda Rusiyanın xüsusi çabalarını da bununla da izah etmək olar. Bundan əlavə, Rusiya Dəmir Yolları şirkəti bu baxımdan səfərbər edilib və bu qurumdan verilən məlumata görə, tezliklə logistikada olan problemlər aradan qalxacaq. Üstəlik bir neçə il əvvəldən Rusiyanın xüsusi hərbi dəmiryol tikinti briqadaları Sibir çöllərində gecə-gündüz çalışırlar. 2 il əvvəl bu cür aktiv işlərə, intüziama ehtiyac olmadığını düşünsəm də, Putinin bu günləri nəzərə alıb strateji addım atdığını indi anlayıram. "Kollektiv Putin"in bir daha mahir şahmatçı olması açıq-aydındır. Qərbin bu cür davranacağını əvvəlcədən bilərək Şərqlə əməkdaşlığı gücləndirmək üçün atdığı addımlar isə illər sonra, böhran zamanı başa düşülür. İndiki kimi.

Əlqərəz, avropalılar qaş düzəltmək istədikləri yerdə vurub gözü çıxartdılar. Rusiyanın kömür sənayesini batırmaq üçün sanksiya tətbiq edərək əks-effkt aldılar. Yəni sanksiya Rusiyada kömür sənayesinin inkişafına, Çində və Hindistanda metallurgiyanın inkişafına, avropada isə sənaye məhsullarının bahalaşmasına, avtomatik olaraq inflyasiyaya səbəb oldu.

Cəmil Şirvanov

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)