Flaş / Dünya / Gündəm / Siyasət-Region / Siyasət-Analitika / Publisistika
21:05, 25 iyun 2023
495
0

"Dəli oğlan" Kiyevə daha yaxın yerə göndərilir - Elxan Şükürlünün şərhi


Bir il dörd aydır “Vaqner” özəl hərbi təşkilatını “muzdlu qatillər ordusu”, Priqojini isə “baş qatil” adlandıranlar dünən böyük həvəslə onlara Rusiyanı Putindən xilas edəcək, bu ölkəyə azadlıq və demokratiya gətirəcək yeganə ünvan kimi baxmağa başlamışdılar.

Hətta bizdə Surət Hüseynovun qabağından qaçanların və yaxud da buna haqq qazandıranların hamısına elə gəlirdi ki, Putin də hakimiyyəti buraxıb, qaçacaq. Putinin təyyarəsinin hansı ölkəyə “uçduğunu” da öncədən "müəyyən etmişdilər".

Belə beyinsiz və prinsipsiz yığına, mahiyyətinə varmadan hər şeyə reaksiya verən, dezinformasiyaları həvəslə tirajlayan kütləyə istənilən ssenarini çox asanca yedirtmək və onları gərəkli səmtə çəkmək mümkündür.

Əksəriyyət unudur ki, indi dövlətlər müharibələrini həm də kütlə şüurunu yönləndirməklə, ictimai rəyi idarə etməklə aparırlar.

Kiberməkan – internetin əlçatan olduğu bütün sferalar, sosial şəbəkələr də bu işdə əvəzsiz vasitədir. 2011-ci ilin “ərəb baharı”nı Qərb sosial şəbəkələr üzərindən həyata keçirmədimi?
Yaxud dünyanın göbəyində - Yaxın Şərqdə bircə anın içərisində “İŞİD” adlı "dövlət" ortaya çıxarılmadımı?

NATO-nun 2016-cı il toplantısının ən önəmli qərarlarından biri kiberməkanı rəsmən əməliyyat mühiti kimi tanımaq idi. Bu, o demək idi ki, dövlətlər artıq quruda, suda, havada, kosmosda yox, həm də kiberməkanda - yeni əməliyyat sferasında ordular qurub, savaş aparacaqlar.

Bir il dörd aydır Ukrayna üzərində aparılan Qərb-Rusiya savaşında da əsas ağırlığın məhz kiberməkana yönləndirildiyi göz qabağındadır. Hətta sırf kiberməkana hesablanmış hərbi əməliyyatlar hazırlanıb həyata keçirilir: real döyüş meydanında mənzərə başqadır, kiberməkanda, beyinlərdə yaradılmış mənzərə isə tamam başqa.

Son 3 ayda Priqojinin ətafında baş verənlərdə də kiberəməliyyat motivləri və elementləri daha qabarıq nəzərə çarpır: o, ustalıqla "Dəli oğlan" imicində hansısa ssenariyə hazırlanır və yalnız nəticə ssenarinin əsas müəllifinin hansı güc olduğunu ortaya qoyacaq.

Bugünə olan nəticə isə budur ki, adı Pentaqonun məxfi sənədlərində “Ukrayna ilə separat sövdələşməyə gedən fiqur" kimi təqdim edilən, Putinə qarşı 25 minlik ordusuyla "qiyama qalxan", ancaq yarıyolda fikrini dəyişən Priqojin Kiyevə daha yaxın məsafədə olan əraziyə - Belarusiyaya yollanır.
O Belarusiya ki, Rusiya iyulun əvvəlində bir neçə nüvə başlığını da ora yerləşdirməyi nəzərdə tutur...


Siyasi şərhçi Elxan Şükürlü

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)