Flaş / Dünya / Siyasət-Dünya / Publisistika
Rusiya yeni "Məhşər günü" təyyarələrini inşa edir: üçüncü nəslin xüsusiyyətləri
Aleksandr Xrolenko
Bu təyyarənin vurulması çox təhlükəlidir: bu cür hipotetik vəziyyətdə, təyyarənin yerə düşdüyü 2-3 dəqiqə ərzində onlarla düşmən ölkəni Yer üzündən silə biləcək.
Tezliklə İl-96-400M təyyarəsi əsasında hazırlanmış yeni komanda idarəetmə məntəqəsi Rusiyanın Müdafiə Nazirliyinin istifadəsinə veriləcək. "Zveno-S" layihəsi çərçivəsində iki ədəd yeni təyyarə Voronej aviasiya zavodunda yığılır.
Hava komanda məntəqəsi (HKM) qlobal hərbi münaqişə baş verdiyi təqdirdə (nüvə müharibəsi), hətta düşmən bütün yerüstü idarəetmə məntəqələrini məhv etsə belə, Ali Baş Komandana və Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının rəhbərliyinə bütün qoşun növləri və strateji nüvə qüvvələrini etibarlı şəkildə idarə etməyə imkan verir. Bu cür yüksək texnoloji səviyyədə olan aviasiya kompleksini dünyada yalnız iki dövlət yaratmaq iqtidarındadır – Rusiya və ABŞ.
Rusiyanın yeni HKM-i Amerika analoqundan onunla fərqlənir ki, o, bir neçə "Məhşər günü"nə hesablanıb və istənilən təcavüzkardan əvəz çıxılmasını təmin edir.
Bəs HKM vurulsa, necə olacaq?
Rusiyanın ən yeni HKM-ni aşkar və məhv etmək çətindir. Təyyarənin yüksək səviyyədə səyyar fəaliyyət göstərmək qabiliyyəti, müasir radioelektron mübarizə vasitələri, düşmən radarları və peykləri üçün demək olar ki, gözəgörünməz olması, radioaktiv şüalanmadan mühafizə sistemi, sürət, uzun məsafələrə və ən yüksək hündürlüklərdə uçmaq qabiliyyəti HKM-ə yerüstü, yeraltı və ya sualtı komanda məntəqələri ilə müqayisədə böyük üstünlüklər verir.
Təyyarə əlavə yanacaq doldurulmaqla sutkalarla havada qala bilər. Düşünürəm ki, HKM-i vurmaq çox təhlükəlidir: bu cür hipotetik vəziyyətdə, təyyarənin yerə düşdüyü 2-3 dəqiqə ərzində Baş qərargahın operativ qrupu onlarla düşmən ölkəni Yer üzündən silə biləcək.
Müasir müharibə - nə Hollivud döyüş filmi, nə də eyni dağıdıcı gücə malik zərbələrin mübadiləsidir. Münaqişə tərəfləri bütün döyüş vəziyyətlərində ssenariləri çevik şəkildə dəyişə bilərlər.
Burada Rusiya SQ-nin ümumi vəziyyəti, planlaşdırma və rabitə sistemləri, nüvə silahının döyüş tətbiqi alqoritmləri, dövlət başçısı və Ali Baş Komandanın siyasi iradəsi böyük əhəmiyyət kəsb edir.
Üçüncü nəsil HKM-in işlənib hazırlanması xarici hərbi təhlükənin ciddiliyindən xəbər verir.
Rusiyanın "Məhşər günü" təyyarələrinin olması faktının özü belə Pentaqon və NATO-dakı qızmış başların üstünə soyuq su səpir və qlobal hərbi münaqişəni qeyri-müəyyən vaxta qədər uzadır.
Üçüncü Dünya müharibəsi üçün komanda məntəqəsi
Rusiya qoşunları getdikcə daha çox mükəmməl, avtomatlaşdırılmış idarəetmə sistemləri, silahlar və süni intellekt elementləri ilə təchiz olunurlar. Strateji nüvə qüvvələri fəal şəkildə yenilənir. Kosmik kəşfiyyat və rabitə vasitələri inkişaf etdirilir.
"Məhşər günü" təyyarəsinin radiorabitə kompleksi 6000 km radiusda əmrləri qoşunlara, o cümlədən strateji aviasiyanın, göyərtəsində strateji nüvə silahları daşıyan sualtı qayıqların ekipajlarına, səyyar və şaxtalı raket-atəş qurğularının heyətlərinə çatdırmağa imkan verir.
Üçüncü nəsil HKM unikal xüsusiyyətləri, funksiyalarının artırılması, uzun müddət fəaliyyətdə qalmaq, enerjidən qənaətlə istifadə etmək qabiliyyəti ilə fərqlənir. Təyyarədə ali komanda heyətinin, Baş qərargahın əməliyyat qrupu zabitləri və texniki mütəxəssislərin saatlarla işləməsi üçün rahat şərait yaradılıb. Qlobal münaqişə baş verdiyi təqdirdə Rusiyanın əsas komanda məntəqəsi əlavə yanacaq doldurulmaqla bir neçə sutka ərzində fasiləsiz uçuş gözləyir.
Bütün bunların əsası isə etibarlı daşıyıcıdır. İl-96-400 təyyarəsi əslində nəhəng gücü və təhlükəsizliyi ilə məşhur olan İl-96-300 təyyarəsinin yükgötürən variantıdır. Müasir materiallar təyyarənin kütləsini azaltmağa imkan verib ki, bu da onun möhkəmliyi və qənaətcilliyini təmin edib.
İl-96-300 təyyarəsinin xüsusi modifikasiyaları Rusiya Federasiyanın prezidenti üçün 1 №-li göyərtə qismində istifadə olunur və silahlı qüvvələrin Ali Baş Komandanı funksiyalarını yerinə yetirilməsi üçün uyğunlaşdırılıb.
PS-90A1 mühərriki ilə təchiz olunmuş və daha çox yük qaldırmaq qabiliyyətinə malik olan İl-96-400 təyyarəsi hazırda mövcud olan və perspektiv avtomatlaşdırılmış bütün döyüş idarəetmə sistemləri ilə işləməyə qadir olan kompleks üçün etibarlı bir bazadır.
Təyyarənin İl-96-400M mülki variantı 370 nəfər sərnişin daşımağa qadirdir. Rusiya aviasiya sənayesinin buraxdığı təyyarələr arasında ən uzun məsafəyə uça bilən İl-96-dır. Lakin buna baxmayaraq Rusiyanın ucqar guşələrində ehtiyat aerodromları və müvafiq infrastruktur obyektlərinin olması zəruridir.
SQ Baş qərargahının mütəxəssisləri geniş miqyaslı hərbi münaqişənin strateji (kompüter) ssenarilərini modelləşdirdiyi vaxtda bir neçə "Məhşər günü" təyyarəsi baza aerodromunda sakitcə dayanıb öz vaxtını gözləyir.
Hazırda mövcud olan HKM İL-86 təyyarəsi əsasında yaradılıb və İL-80 adlanır. Bu cür ikinci nəsil təyyarələrindən cəmi dörd ədəd inşa olunub. Üçüncü nəsil HKM-in yaradılması barədə qərar ikinci nəsil təyyarənin 2019-cu ildə modernləşdirilməsi ilə eyni vaxta təsadüf edib.
Amerikalı analoqlar
ABŞ hərbi hava qüvvələrinin sərəncamında dövlətin ali rəhbərliyi üçün dörd ədəd müasir komanda məntəqəsi var. Həmin komanda məntəqələri “Boeing” 747-200 geniş göyərtəli sərnişin təyyarəsini əsasında yaradılıblar. Bu təyyarələrdən nüvə müharibəsi zamanı, yerüstü komanda məntəqələri məhv edildiyi təqdirdə, təyinatı üzrə istifadə olunacaq.
“Boeing” 747-200 təyyarəsinin mülki versiyasının maksimum 374,8 ton çəki ilə havaya qalxa bilə, 895 km/saat sürətlə, maksimum 13750 m hündürlükdə uça bilər. Təyyarə ən uzağı 10670 km məsafəyə uça bilər, göyərtəsində isə 490 sərnişin üçün yer var. “Boeing” 747-200F təyyarəsinin yük bölməsində 113 ton yük daşımaq mümkündür.
Amerika komplekslərinin imkanlarını bir neçə nümunə üzərində qiymətləndirmək mümkündür.
ABŞ-ın “Boeing” C-32 təyyarəsi bazasında yaradılmış müasir strateji idarəetmə məntəqəsi yerüstü infrastruktur olmadığı və ya düşmən tərəfindən yerüstü idarəetmə məntəqələri, rabitə qovşaqları və xətləri məhv edildiyi təqdirdə qoşunların operativ toplanması zamanı müxtəlif tapşırıqların həlli üçün nəzərdə tutulub. Bundan əlavə, həmin təyyarələr Federal fövqəladə hallarda fəaliyyət agentliyinin (FEMA) mobil idarəetmə məntəqələri qismində də istifadə oluna bilər.
C-32A təyyarəsinin göyərtəsində yeni avadanlıq, naviqasiya və rabitə sistemləri quraşdırılıb. Təyyarənin sərnişin kabinəsi bir neçə hissəyə bölünüb: hərbi rəhbərliyin iş kabineti, iclas üçün otaqlar, əməliyyat qrupunun otaqları, rabitə qovşağı və istirahət otaqları (ehtimal ki, HKM-in də daxili bölmələri eynilə bu cürdür).
İlk bu cür təyyarə “Boeing”in Sietldəki zavodunda 19 iyun 1998-cil tarixdə istifadəyə verilib. Ümumilikdə dərd ədəd bu cür təyyarə inşa olunub ki, onların da hər biri hava komanda məntəqəsi və "Minitmen" qitələrarası ballistik raketlərin idarə olunması məntəqəsi funksiyasını yerinə yetirə bilər.
E-6B “Mercury” təyyarəsi “Boeing” 707-320 təyyarəsinin əsasında yaradılıb və “General Electric” şirkətinin F108-CF-100 markalı turboreaktiv mühərrikləri ilə təchiz olunub. Təyyarə maksimum 155 ton kütlə ilə havaya qalxa bilər, 972 km/saat sürətlə 12000 m hündürlükdə uça bilər. Faktiki olaraq təyyarə ən çox 12810 m hündürlüyə qalxa bilər. Təyyarə əlavə yanacaq doldurulmadan döyüş növbəsində 12400 km uçmağa qadirdir. Əlavə yanacaq doldurmaqla təyyarə maksimum 72 saat havada qala bilər. Təyyarənin ekipajı 14 nəfərdən ibarətdir, operativ strateji komanda heyəti mütəxəssislərinin maksimum sayı isə 8 nəfərdir.
ABŞ-da ilk hava komanda məntəqələri 1965-ci ildə yaradılıb. Onlar xüsusi vasitələrlə təchiz olunmuşdu və onlara KС-135А yanacaqdoldurma təyyarəsi əlavə yanacaqla təmin edirdi. Bu təyyarələr ABŞ SQ Ali Baş Komandanının təyyarələri idi və Merilend ştatındakı Endrüs bazasından havaya qalxırdılar. Bir müddət sonra bu təyyarələr “Boeing” E-4A təyyarələri ilə əvəz olundu. ABŞ HKM-lərinin Avropa və Sakit okeanda baş verə biləcək döyüş əməliyyatları üçün ayrı-ayrı variantları da var idi.
Rusiya və ABŞ arasında yüksək texnologiyalar sahəsində strateji yarış davam etməkdədir.
Mənbə:Sputnik.az
Mövzu linkləri:
Həmçinin oxuyun:
Rusiyanın hipersəs raketləri F-35 və F-22-lərin fəaliyyətini heçə endirir
RUS KƏŞFİYYATI TÜRKİYƏNİ XİLAS ETDİ
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
Valeri Korovin. "İmperiya ərəfəsində". Moskva-Tehran strateji oxu
Valeri Korovin. "İmperiya ərəfəsində". Rusiya-Hindistan əlaqələrində yeni epoxa