Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
09:33, 09 may 2023
272
0

Qərbin regionu qana bələyəcək quduzlaşmış qanlı dişləri 14 mayda Türkiyədə mütləq qırılmalıdır

Türkiyədəki 14 may seçkilərində Ərdoğanın yenidən prezident seçilməsini səmimiyyətlə istəyən və həm də buna ciddi-cəhdlə çalışdıqları aşkar görünən iki dövlət başçısı var - Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin. 

Hər ikisi, faktiki olaraq, Ərdoğanın seçki təbliğatında birbaşa iştirakçı olmaqla, onun Türkiyə seçiciləri arasında reytinqinə müsbət təsir edəcək çox önəmli fikirlər bildiriblər: aprelin 27-də Akkuyu AES-in açılış mərasimində Vladimir Putinin, bu gün - aprelin 29-da isə "Teknofest"də İlham Əliyevin çıxışlarının məzmunu onu göstərir ki, həm Rusiya, həm də Azərbaycan Ərdoğan Türkiyəsi ilə indiyəqədərki əməkdaşlıqdan çox razı qalmaqla yanaşı, yaxın gələcəyin Türkiyəsini də Ərdoğansız təsəvvür etmirlər, siyasi yatırımları onadır və onunla münasibətləri daha da dərinləşdirməkdə qərarlıdırlar.

Putin və Əliyevin Ərdoğana dəstəyi həm də Bayden administrasiyasının Ərdoğanın rəqiblərinə açıq və gizli yardımları fonunda baş verir. 

Dəfələrlə dediyimiz kimi, 14 may seçkiləri siyasi yarışdan daha çox bir geopolitik savaşdır və bu seçkilər Türkiyənin, eləcə də Türkiyənin çətiri altında qurulan Türk Dövlətləri Təşkilatının (TDT) gələcək nizamda yerini, cinahını müəyyənləşdirəcək. 

Ukraynada Rusiya prezidentini hələ məğlub etməyi bacarmayan qoca Bayden Türkiyədəki seçkilərdə Ərdoğanı yenməyi həm də Putin üzərində qələbə sayır və buna görə də bütün resurslarını işə salıb. 

Bu səbəbdən, Ərdoğanın 14 mayda qələbəsi qoca Baydenin ilk geopolitik məğlubiyyəti, Ərdoğan-Əliyev-Putin ittifaqının isə növbəti uğuru sayılacaq.
Azərbaycanda Ərdoğan əleyhinə təbliğat aparan və 14 mayda Kılıcdaroğlunun qalib gəlməsini arzulayanların əksəriyyəti həm də İlham Əliyevin hakimiyyətdən getməsini istəyən və illər uzunu buna çalışanlardır. 

Onlar hesab edirlər ki, əgər Ərdoğan 14 may seçkilərində "6-lı masa"ya yeniləcəksə, bu, qardaş Türkiyədə Qərbin yenidən triumfu sayılacaq və regionda, o cümlədən Azərbaycanda Qərbin “rəngli inqilablar” ssenarilərini daha asanlıqla həyata keçirməklə, ölkəmizdə də hakimiyyəti dəyişmək mümkün olacaq. 

Azərbaycanda eyni adamlardan ibarət şəbəkə Ermənistanda Paşinyanın, Ukraynada da Zelenskinin Rusiya üzərində qalibiyyətini arzulayan, Qərbin Putin əleyhinə apardığı informasiya savaşında çox fəal şəkildə yer alan isimlərdir. 

Açıqca görünür ki, bu şəbəkəyə Azərbaycanın yaranmış tarixi fürsətdən istifadə edərək, Qarabağ problemini birdəfəlik xeyrimizə həll etməsi yox, Azərbaycanda hakimiyyəti ələ keçirmək və ölkəni Qərbin yeni əlaltısına çevirmək gərəkdir!

Qarabağ zəfərinə və ardınca da Ermənistanla bizim şərtlər əsasında imzalanacaq sülhə İlham Əliyevin Azərbaycanda ömürlük hakimiyyətini təmin edəcək əsas faktor kimi baxdıqlarından, düz 2 il 6 aydır hər vasitə ilə o qələbəni gözdən salmağa çalışır, indi də Türkiyədə qəfil hakimiyyət dəyişikliyinə Paşinyanın xilası və Ermənistanla sülh prosesini pozacaq prosesin başlanğıcı kimi yanaşırlar.

Baxın: bilə-bilə ki, Qarabağ savaşındakı uğurumuz şanlı Ordumuzun şücaətiylə yanaşı, həm də Əliyevin Putin və Ərdoğanla anlaşması sayəsində mümkün olub və qarşıdakı mərhələdə Ermənistanı təslimçi sülhə imza atdırmaq da xeyli dərəcədə məhz Ərdoğan və Putinin hakimiyyətdə qalmalarından asılıdır, ancaq onlar hələ də israrla Qərbin Putin və Ərdoğanı devirmək ssenarilərinə açıq-aşkar dəstək verir, sosial şəbəkələrdə Qərbin Putin və Ərdoğan əleyhinə apardıqları təbliğatın əsgərləri kimi çıxış edirlər...

Unutmayaq ki, biz Qarabağı məhz Rusiya və Türkiyədə Qərbyönümlü hakimiyyətlərin mövcud olduğu vaxtlar itirmişdik və Qərb də açıq-aşkar işğalçı Ermənistanı dəstəkləmişdi. Anti-Qərb kursu seçən Putin və Ərdoğanın zamanında isə torpaqlarımızı işğaldan azad edə bildik.

Qısaca yazıram: 14 may seçkilərində Ərdoğanın hakimiyyətdən getməsini, Kılıcdaroğlunun prezident seçilməsini Azərbaycanda arzulayanlar 1992-93-cü illərin havasını ölkəmizdə yenidən əsdirmək istəyənlərdir! 

O arzunuz, inşallah, gözünüzdə qalacaq!

Qərbin regionu qana bələyəcək quduzlaşmış qanlı dişləri 14 mayda Türkiyədə mütləq qırılmalıdır ki, coğrafiyamıza daimi sülh və əmin-amanlıq gəlsin!

Elxan Şükürlü

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)