Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
QLOBAL CİNAYƏTKAR ŞƏBƏKƏ, PUTİN, AVRASİYA BİRLİYİ, MÜHARİBƏLƏR
Bir müddət əvvəl bir yoldaş mənə dedi ki, Azərbaycanda aparılan anti-Rusiya təbliğatı, əhali arasında yaradılan rusofob ovqat Rusiyanın özüylə razılaşdırılıb.
Xeyli təəccübləndim. Yəni siyasətdə belə şeylər də olur? Axı məqsəd nədir? Həmin yoldaş fikirini belə izah etdi ki, sanksiyalarla üzləşən Rusiyaya dünyaya dolayı yolla çıxmaq üçün dəhlizlər lazımdır. Onlardan biri də Azərbaycandır.
Çox gözəl. Amma məgər bunu normal şəkildə etmək olmaz? Yəni Azərbaycan bir müstəqil dövlət olaraq Rusiyaya öz ərazisindən istifadə etməyə açıq şəkildə icazə verə, Rusiya ilə həmrəylik nümayiş etdirə bilməzmi? Həm də iki ölkə arasında strateji tərəfdaşlıq, media təhlükəsizliyi haqqında razılaşmalar, digər əməkdaşlıqlar haqqında müqavilələr var axı. Yoldaş cavab verdi ki, yox. Çünki bu halda Azərbaycan Qərbin, Aİ və Avropanın elə təzyiqləri ilə üzləşə bilər ki, bunun həm özünə ciddi ziaynı dəyər, həm elə Rusiyaya. Bu səbəbdən ən yaxşısı odur ki, üzdə özünü Rusiyaya düşmən göstərir, gizlində isə əməkdaşlıq edir. Eyni zamanda bu düşmənçilik rəsmi səviyyədə olmur. Məsuliyyət əsasən “azad” medianın, müxalifətin, müstəqil ziyalıların və xalqın üzərinə qoyulur.
Yaxşı, bəs Rusiya anlamır ki, belə bir taktika ona bir fövqəldövlət, çoxqütblü dünyanın gələcək mərkəzlərindən biri kimi yaxşı şeylər vəd etmir?
Başqa bir rusiyapərəst yoldaş isə həmişə mənə deyirdi ki, müəllim, ictimai rəy heç nədir, əsas məsələlər yuxarılarda həll olunur. Başa düşürdüm ki, bu sözləri o, Rusiyadakı dostlarından ilhamlanaraq söyləyir. Deməli, rus elitası, siyasətçiləri, bizi bir xalq olaraq saymır və adam yerinə qoymur, taleyimizi xalqla qətiyyən hesablaşmayan bir neçə elita nümayəndəsi ilə həll edə biləcəyinə əmindir.
Şəxsən mən bu fikirlə heç vaxt razılaşmamış, bunu həm azərbaycan, həm də rus dillərində dəfələlərlə açıq yazmışam ki, hər kəs oxusun. Ancaq məsələ bunda deyil. İş ondadır ki, ruslar özləri, yəni rus elitası, intellektualları öz dediklərinə özləri inanırmı? Yəni onlar həqiqətən hesab edirlər ki, qonşuluqdakı post-sovet ölkələrində yaşayan xalqların rəğbətini, sevgisini qazanmadan, ancaq hədə-qorxu ilə, nifrət aşılayaraq həmin ölkələrdə möhkəmlənə, ABŞ-ın, NATO-nun buralara girməsinə mane ola bilərlər? Düşünürəm ki, ruslar bu dərəcədə ağılsız, taktikasız ola bilməzlər. Bəs niyə Amerika kimi müasir üsullardan istifadə etmir, xalqlarla, ziyalılarla, media ilə dünyada qəbul olunan sivil qaydalarla işləmirlər? Əvəzində aqressiv siyasətçilərin, deputatların, jurnalistlərin dili ilə bizi atom bombası ilə hədələyir, özlərinə qarşı olan nifrəti daha da artırırlar. Axı indiki şəraitdə imperiya yaratmaq, əzilən xalqları başına toplayıb Qərbə qarşı müqavimət göstərmək istəyən super dövlət belə etməməlidir. Başa düşməlidir ki, indi artıq nə orta əsrlərdir, nə də XX yüzilin əvvəlləri. Artıq internet dövrüdür, dünya kiçilib, azad düşüncə inkişaf edib, insanları yalançı patriotizmlə, hansısa vaxtı keçmiş şüarlarla aldatmaq mümkün deyil. Artıq biz informasiya bolluğu şəraitində yaşayırıq, insanların çoxu çox şeyi görür və anlayır. İndi kimsə özünü yalandan vətənpərvər, gözütox, sadə göstərə bilməz. İndi insanları döşəyindəki yundan əlcək, corab toxuyub, cəbhəyə göndərməyə məcbur edə bilməzsən. Çünki hamı hər şeyi bilir. Hərbi büdcənin başına hansı oyun açıldığından, istər mülki, istər hərbi rəhbərlərin, istərsə də digər siyasətçilərin yaşayış səviyyəsindən hər kəsin xəbəri var. İndi əsgərə də, təbliğatçıya da pul verməlisən, ona yaxşı münasibət göstərməli, yuxarıdan baxmamalısan. Əks təqdirdə adekvat münasibət görəcək və uduzacaqsan. Çünki rəqibin, yəni Amerika məhz belə edir.
Bunları düşünərək, istər-istəməz belə qərara gəlirsən ki, rus elitasının qətiyyən Amerikaya qarşı mübarizə aparmaq, imperiyanı, SSRİ-ni bərpa etmək, çoxqütblü dünya yaradıb, onun mərkəzlərindən birinə çevrilmək fikri yoxdur. O sadəcə bunun imitasiyası ilə məşğul olur.
Bəs məqsəd nədir? Əlbəttə, heç bir yüksək idealdan, mənəvi dəyərdən söhbət gedə bilməz. Başda Putin olmaqla bütün Rusiya siyasi isteblişmenti kapitalist oliqarxlardan ibarətdir. Rusiya siyasi elitası pulgir və rüşvətxordur. Onların bir məqsədi var ki, o da mümkün qədər çox pul qazanmaqdır. Onların post-sovet ölkələrindən umacağı strateji təhlükəsizlik-filan yox, mümkün qədər çoxlu pul və sərvətdir. Ruslar Amerikanın Rusiyanı anakonda kimi udduğunu çoxdan qəbul ediblər, hələ Qorbaçov və Yeltsin dövründən. Putinin missiyası daha rahat həzm olunmanı təmin etmək, birqütblü dünyada özünə və dostlartına isti yer qazanmaqdır. Bu yolda o, istənilən maneəni aradan götürür. Bilavasitə Amerikanın köməyi ilə.
Baxın, məgər amerikanlar Rusiya ilə Azərbaycanın yazının əvvəlində qeyd etdiyim oyununu görmür və bunun mənasını başa düşmürlər? Belə şeyə hansı axmaq inanar? Əlbəttə, görürlər. Bəs niyə mane olmurlar? Bacarmırlar? Qətiyyən! Bu oyun onlara da sarfəlidir. Daha doğrusu, bu onların özlərinin qurduğu qlobal məkrli oyunun tərkib hissəsidir. Dünya siyasi elitası xırda istisnalarla bir-biri ilə əlbirdir. Biz artıq ABŞ-ın hegemon olduğu birqütblü dünyada yaşayırıq, bütün oyunları Amerika qurur, təşkil edir, qalanlar da onun əlaltıları, nökərləri, icraçılarıdır. Hər kəsin də bu oyunda öz rolu, öz payı, öz funksiyası var.
Yaxşı, bəs bunlar hamısı birdirsə, əlbirdirsə, bütün bu çəkişmələr, ziddiyyətlər, münaqişələr, müharibələr kimə lazımdır? Niyə Suriyada, Ukraynada bu qədər silah-sursat sərf olunur, bu qədər insan öldürülür, bu qədər dağıntılar olur?
Gəlin düşünək. Bir qədər əvvələ, koronavirus avantürasına qayıdaq. Artıq hamı bilir ki, milyonlarla insanı həm süni şəkildə yaydırılan, həm də təlaşa salıb öldürən, təşkilatçılara milyardlar qazandıran bu bakterioloji müharibədə dünyanın bütün dövlətləri iştirak etdilər. Təkcə Şimali Koreya kənarda qaldı. Bir də Belarus prezidenti Aleksandr Lukaşenko iştirak etmək istəmədi, onun da necə sındırıldığı və Putindən asılı hala salındığı hamının gözləri qarşısında baş verdi.
Yaxşı, əgər bu, müharibə idisə, kimin kimə qarşı müharibəsi idi? Əgər bütün dövlətlər bir cəbhədə vuruşursa, qarşı tərəfdə kimdir? Əlbəttə ki, dünya əhalisi. Siyasi elitalara heç bir dəxli olmayan sadə insanlar. O insanlar ki, Qərbin müəyyənləşdirdiyi “qızıl milyarda” daxil deyillər.
İsti müharibələr, Suriya, Ukrayna, Qarabağ da buna xidmət edir. Baxın, indi də Azərbaycanla İran arasında müharibə salmaq istəyirlər. Məqsəd birdir: dünya əhalisini bizim hesabımıza azaltmaq.
Düşünə bilərsiniz ki, axı Ukrayna müharibəsi Rusiya və Ukrayna dövlətlərinə, hər iki xalqa böyük ziyan, sağalmaz yara vurur? Bəli, biz belə düşünürük. Amma Putinin, Baydenin, Zelenskinin, nə bilim, Consonun, Sunakın, Şoltsun nə vecinə! Onlara nə olur? Heç nə! O müharibədə nə uşaqları ölür, nə evləri dağılır, nə də ciblərinə ziyan dəyir. Olan kasıb-kusuba olur ki, bu da onların vecinə deyil. Zatən məqsəd elə kasıbları azaltmaqdır.
Klassik nəzəriyyəyə, marksizm-leninizm klassiklərinə əsaslansaq, müharibə daim varlılarla kasıblar arasındadır. Bütün müharibələr ölkədəki narazılıqdan fikir yayındırmağa, mövcud hakimiyyətlərin qorunmasına xidmət edir və tarixən həmişə belə olub.
İndiki, mən deyərdim ki, üçüncü dünya müharibəsi isə həm də tanrıya inanlarla allahsızlar arasında gedir. İnanan insan heç vaxt dünya əhalisinin çoxalmasından narahat olmaz. Hərənin bir ömrü var, bir gün ölüb gedəcəyik. O halda niyə əhalinin çoxalacağından, dünyada yer olmayacağından narahat olaq? Bu dünyanı yaradan qüvvə, yəqin ki, bizdən ağılsız deyil və milyardlarla illərdir hər şeyi bizsiz tənzimləyir. Bundan sonrasını da özü edəcək. Bizim vəzifəmiz verilən həyatı normal yaşamaq, gələcəyin də yaxşı olacağına ümid etməkdir. Həm də gələcək orada yaşayan insanların problemidir, biz mümkün qədər ziyan vurmamağa çalışmalıyıq. Ancaq bunu insanları qırmaq, azaltmaq hesabına etməyin bir adı var: allahsızlıq. Yaxud allahlıq iddiasında olmaq. Belələri tarixən də olub: Misir fironları, makedoniyalı İsgəndər, Kleopatra və digərləri. Yalnız əbədi həyat xəyal edənlər gələcəkdə yerinin dar olmasından narahat ola bilər. Normal, öləri, ölümün haqq olmasıyla razılaşan, bunu təqdiri-ilahiyə buraxan insan belə şeylər etməməli, bunda iştirak etməməlidir.
Burada bir haşiyə çıxaraq onu da bildirim ki, allahsız dedikdə heç də ateistləri nəzərdə tutmuram. Allaha inanların isə yalnız dindarlar olduğunu düşünmürəm.
Bir neçə kəlmə də dünya liderlərinin bu şeytan oyununda iştirakı barədə. Yadınızdadırsa, Belarus prezidenti Aleksandr Lukaşenko koronavirusu info-pandemiya, psixovirs adlandırdı. Daha sonra 9 May Qələbə Günü münasibətilə Minskdə parad keçirdi. Amma Putin bunu etmədi. Düşünə bilərik ki, Lukaşenko cəsarət göstərdi, ancaq Putin qorxdu. Ancaq bu, aysberqin görünən tərəfidir. Suyun altında başqa şeylər var və mənə elə gəlir ki, Lukaşenko sadəcə qlobal cinayətkar dəstənin üzvü deyildi. Onun bu gedişi isə Putin da daxil olmaqla şəbəkənin hamsını qəzəbləndirdi. Onlar onun sındırılması prosesinə başladılar və Putinin əliylə sındırdılar. Bu gün artıq o, Putinin vassalıdır. Ancaq şişib bütün post-sovet məkanının lideri də ola bilərdi. Əminəm ki, belə bir iddiası da vardı. Ancaq qoyardılarmı? Əlbəttə, qoymazlar!
Nursultan Nazarbayev olayına da qısaca nəzər salaq. Dünən Aleksandr Duqinin Kaliber.az saytına verdiyi müsahibəyə göz gədirdim. Nazarbayev post-sovet məkanında Avrasiya Birliyi ideyasının yaradıcısı, təşkilatçılarından biri, alovlu təbliğatçısı olub. O bu ideyanı 90-cı illərdən, SSRİ dağıldıqdan dərhal sonra ortaya atıb. Avrasiya Hətəkatının lideri Aleksandr Duqin onun haqqında kitab yazıb. O deyir ki, Nazarbayev avrasiyaçılığı ən yaxşı bilən liderdir və onun əhəmiyyətini Putindən də yaxşı dərk edir. Ancaq nədənsə son zamanlar bu yoldan uzaqlaşdı, Britaniya ilə əməkdaşlıq etməyə başladı, korrupsiyaya qurşandı və s. Qazaxıstandakı işğtişaşların da arxasında guya o dayanırmış, həm də ingilislərin dəstəyi ilə. Belə çıxır ki, rus qoşunlarının Qazaxıstana daxil olması və Nazarbayevin uzaqlaşdırılması da buna görə baş verib.
Amma qarşı tərəfin, yəni Nursultan Əbiş oğlunun da fikirləri maraqlı olardı. Bəlkə, Putini və onun anqlo-sakson, german dostlarını Nazarbayevin lider olacağı Avrasiya Birliyi narahat edib. Duqinin müsahibəsində buna açıq eyham var. Nazarbayev ona deyib ki, prezidentlikdən istefa verib, Avrasiya Hərəkatının lideri olacaq. Belə bir şey baş versəydi, nə olacağını təsəvvür edirsiniz?
Putinin Nazarbayevin yerinə gətirdiyi Tokayevin anlaşılmaz davranışları da müəmmalıdır. Gah Rusiya ordusunu dəvət edir, gah Putini tərifləyir, gah tənqid edir, gah Qərblə əməkdaşlıqdan, gah da Rusiya ilə sıx münasibətlərdən danışır. Özü də bunları sanki nümayiş etdirir. Camaatın gözü qarşısında Putinə ağ olur, arxada yaltaqlanır. Eyni taktikadır. Məqsəd sadəcə öz xalqının, dünya ictimaiyyətinin başını qatmaq, demokratiya görüntüsü yaratmaq, hamını çaş-baş salmaqdır. Reallıqda isə hər ikisi qlobal cinayətkar şəbəkənin əlinə oynayır.
Təkrar edirəm, əslində Rusiya-Amerika, Putin-Qərb qarşıdurması deyilən bir şey yoxdur. Putin Qərbə Avrasiya məkanında bütün müsbət təşəbbüslərin qarşısını alan biri kimi lazımdır. O, kommunistlərin, avrasiyaçıların, əsl vətənpərvərlərin qənimidir və bu missiyanın öhdəsindən uğurla gəlir. Onun hakimiyyətə gəlişi də qəfil və müəmmalı olub. Axı niyə heç kəsin tanımadığı, heç bir xüsusi istedadı və xarizması olmayan şəxs qəfil prezident oldu, olan kimi də Çeçenistan qiyamını uğurla yatırdı? Deməli, çeçenlərİ ayağa qaldıranlar özləri onları Putinə qurban verdilər. Niyə? Əlbəttə, onun əliylə gələcəkdə daha böyük işlər görmək üçün.
Onu devirmək də asan deyil, çünki arxasında Qərb var. Putinin yerinə Qərbə daha sərfəli olan biri tapılana qədər o yerində qalacaq. Ukraynada gah ruslar irəliləyəcək, gah da ukraynalılar. Çünki qlobal cinayətkar şəbəkəyə belə lazımdır.
Qlobal şəbəkənin qəbul etmədiyi liderlərdən biri də Ərdoğandır. Ərdoğan onlara tam müqavimət göstərməsə də, onlar onun şıltaqlıqlarına dözmək istəmir və Türkiyəni əvvəlki vassal halına qaytarmaq istəyirlər. Çünki Ərdoğan onlar kimi allahsız deyil. İnanan adam isə qlobal şeytanlar üçün təhlükəlidir.
Nadir Qocabəyli
Mövzu linkləri: