Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika
19:07, 05 noyabr 2022
569
0

Ərdoğanın uğurlu siyasi manevrləri - analitika


Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun genişlənməsi, yəni İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsini son ana qədər yubatmağa çalışır. O, həm NATO üzrə kolleqalarının “başının altına yastıq qoyur”, həm də Rusiyadan istədiyini alır. Bununla belə Qərbin qəzəbinə tuş gəlmir. Belə görünür, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü Türkiyədə növbəti ilin iyununda keçiriləcək prezident seçkilərindən əvvəl təsdiqləməyəcək. Yəni, NATO azı 8 ay gözləməlidir.

Əslində Ərdoğan ən doğru olanı edir. Son aylarda Ərdoğan hakimiyyətinə qarşı Qərbin adət etdiyimiz ritorikasının səngiməsi Ərdoğanın Qərbdəki partnyorlarını əvvəlkinə nisbətən az qıcıqlandırmasından irəli gəlmir. Əksinə, Ərdoğan onlarda həmişəkindən qat-qat çox qıcıq yaradır. Onun son zamanlar həyata keçirdiyi, Qərbdə qıcıq yaradan hərəkətlərinin siyahısı saymaqla bitməz. Məsələn, Rusiyaya qarşı sərt mövqe nümayiş etdirməmək, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmamaq, Rusiya üçün bir növ nəfəslik rolunu oynamaq, NATO hərbi gəmilərinin Qara dənizə buraxılmasına icazə verməmək, ümumiyyətlə isə xarici ticarətdə yavaş-yavaş dollar və avrodan imtina etmək, Rusiya ilə ticarətdə əhəmiyyətli dərəcədə milli valyutalara keçid, neft və qazın pulunun qismən(25%) də olsa rublla ödənilməsi, Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük barədə rəsmi müraciət, üstəgəl ABŞ-ın planlarından kənar, Türkiyədə qaz hub-ının yaradılması ilə bağlı Putinin təklifinin qəbul edilməsi və s. Başqa vaxt olsa idi, bu hərəkətlərdən biri kifayət edərdi ki, ABŞ və digər NATO ölkələri Türkiyəyə sanksiya tətbiq etsin. Lakin Ərdoğan bunlardan nəinki birini, bütün saydıqlarımın hamısını eyni zamanda edir. Fikir verirsinizsə, buna görə onu heç danlayan da yoxdur. Səbəbi bəllidir. NATO-nun genişlənməsi barədə Türkiyənin razılığı vacibdir, Ərdoğandan da bunu gözləyirlər. ABŞ yaxşı başa düşür ki, Ərdoğan qarşılığında xoşagəlməz şərtlər qoymasına baxmayaraq NATO-nun genişlənməsinə qarşı olmadıqca, Türkiyəyə sanksiyalar tətbiq etmək yersizdir. O isə azı 2023-cü ilin iyuluna qədər prezidentdir.

Ərdoğan da vəziyyəti yaxşı anlayır və NATO-nun genişlənməsi barədə qərarını tez vermək istəmir. O, gözəl bilir ki, bu qərarı verdikdən sonra o, nə Vaşinqtona nə də Brüsselə lazım olmayacaq. Bütün Qərb yenə onun üstünə düşəcək, onu diktator, nə bilim daha nələr adlandırmayacaq. Burda onu da qeyd etmək lazımdır ki, İsveç və Finlandiya tərəfi də heç yerə tələsmir. Onlar da Ərdoğanın tələblərini yerinə yetirmə prosesini rezin kimi dartıb uzatmağa çalışırlar.  Məncə onlar düşünürlər ki, ABŞ Türkiyədə yeni bir çevriliş edəcək, Ərdoğanın tələblərini yerinə yetirmək məcburiyyətində qalmayacaqlar. Ya da Ərdoğanın seçkilərdə uduzmasını gözləyirlər ki, yeni seçilən amerikanpərəst prezidentlə danışıb həmin tələbləri yerinə yetirərək terrorçuları Türkiyəyə təhvil verəcəklər, ikinci isə öz növbəsində bir neçə həftədən sonra həmin adamları geri qaytaracaq.
Bütün bu qarışıq, çox qəliz olan bir vəziyyət Ərdoğanın öz ölkəsinin milli maraqlarını təmin etməyə yönəlmiş, əsl suveren, bu və ya digər dövlətin maraqlarına deyil, öz dövlətinin maraqlarına uyğun siyasət yürütməsi üçün mükəmməl şans yaradır. Türkiyə Rusiya ilə Akkuyu etom elektrik stansiyasını tikir, Qaz hub-ı yaratmağa çalışır, Türkiyə-Rusiya ticarət əlaqələrini sürətlə genişləmdirir və s. Bütün bunlara baxmayaraq, ABŞ Türkiyəni Avropa Birliyi kimi öz maraqlarından imtina edib yalnız ABŞ-ın maraqlarına xidmət etməyə məcbur etmir. Çünki bunun acı nəticələrini ABŞ-ın özü də çox yaxşı bilir. Bütün dünya da bunu bilirBütün dünya artıq dərk edib ki, bu dəqiqə ABŞ-la müttəfiq olmaq onunla düşmən olmaqdan baha başa gəlir.

Əlbəttə ki, ABŞ Rusiya ilə Türkiyənin arasını pozmağa əvvəllər də cəhd etdiyi kimi indi də bu niyyətindən əl çəkmir. O, Türkiyənin Ukrayna münaqişəsinə daha çox cəlb edilməsinin tərəfdarıdır. Bu halda həm Rusiya üçün baş ağrı yaratmış olar, həm də Rusiyanın cavab zərbələri ilə iki dövlət arasındakı münasibətləri tamamilə korlayaraq hər ikisinin zəifləməsinə nail olardı. İndiki halda Türkiyənin bu münaqişədə iştirak səviyyəsi isə çox aşağıdır. Demək olar sıfıra yaxındır. Artıq 6 aydır effektivliyi gözə görünməyən Bayraktarlar isə əhəmiyyətli təsiri yoxdur deyə Rusiya bu məsələyə o qədər də önəm vermir. Qoy alverini eləsinlər deyə düşünür. Həm də siyasətdə nisbi götürülən bütün anlayışlardan biridir bu məsələ. Türkiyənin birbaşa iştirakı ilə daha betəri ola bilərdi, amma olmadı. Deməli, yaxşı nəticədir. ABŞ-ın bu iki ölkə ilə bağlı ən böyük arzusu onları Qara dənizdə birbaşa hərbi toqquşmaya vadar etməkdir. Rusiya isə amerikalı “dostlarının” ağzını yumması üçün Ərdoğana tez-tez bəhanələr və real rıçaqlar verir. Məsələn, son günlərdə Rusiyanın “Taxıl sazişinə” geri qayıtması. Bu işdə məhz Ərdoğan əsas rol oynadı. Əgər Sem dayının uşaqları Ərdoğandan narazılıq etsələr, onu müttəfiqlik öhdəliklərini yerinə yetirməməsində ittiham etsələr, Ərdoğaın əlində yaxşı bir kozır var. O, deyə deyəcək ki, “necə yəni?! Axı siz Rusiyanın taxıl sazişindən çıxmasından yaman təlaşlanmışdınız. Hamınız narazılıq bildirdiniz, amma heç biriniz problemi həll edə bilmədiniz. Lakin mən Putinə dəfələrlə zəng edərək problemi çözdüm. Sizin hamınızın arzuladığı, lakin edə bilmədiyini etdim. Bunu etdiyimə görə mənə əhsən deməyiniz düşmürmü?! Mənəm pis müttəfiq?!”.

Beləliklə, Ərdoğan gözəl manevrlər edərək hərtərəfli qazanır. Bütün kritik qərarların qəbul edilməsini 2023-ün iyulundan sonraya saxlayır. Və düz də edir. Bu, geniş manevr imkanları yaradır, Türkiyəyə öz siyasətini həyata keçirməyə imkan verir. Bu müddət ərzində ABŞ türkiyəyə qarşı siyasətini də dəyişə bilməz. Çünki Ərdoğan və onun komandası bunun üçün ona bəhanə vermir və verməsi də mümkün görünmür. Bundan başqa, hər şey ABŞ-ın əleyhinə işləyir. Artıq Bayden komandasının iflası heç kəsdə şübhə doğurmur və onların nüfuzu kəskin şəkildə düşüb. Hazırda ABŞ-da olan daxili siyasi çəkişmə də onlara xaricdəki Ərdoğan kimi qüvvəni ram etməyə imkan vermir.

İşlərin belə getməsi həm də Rusiyaya sərf edir. Nəzərə alsaq ki, 2023-ün iyuluna qədər çox şey indiki kimi olmayacaq, bu fikri əminliklə deyə bilərik. Bir neçə gündən sonra ABŞ-dakı aralıq seçkilərindən sonra dünyanın geosiyasi mənzərəsinin dəyişməsi prosesi sürətlənəcək. Üstəgəl, bu qışdan hamı “sağ” çıxmayacaq. Qlobal qarşıdurmadakı üstünlüyün Rusiyanın xeyrinə dəyişməsi tendensiyasını nəzərə alıb deyə bilərik ki, zaman keçdikcə Türkiyədəki seçkilər bitənə qədər dünyada çox şey dəyişəcək. Əgər ekstraordinar hadisə baş verməsə, güman edirəm ki, Ərdoğan həm Türkiyə hakimiyyətindəki yerini bir az da möhkəmləndirəcək, həm də Türkiyənin dünya siyasətindəki yerini başqa bir səviyyəyə çıxaracaq.

Cəmil Şirvanov

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)