Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
19:03, 19 mart 2023
388
0

Si sabah Rusiyaya gedir: Moskva və Pekinin sıx tərəfdaşlığı Qərbdə niyə panika yaradır - Analitika

Si Cinpin sabah Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, hazırki Çin liderinin şəxsiyyətinin miqyası artıq indiki Çinin banisi Mao Tszedunla müqayisə edilir. Yoldaş Sinin bu yaxınlarda öz vəzifəsinə yenidən seçildikdən sonra (ardıcıl üçüncü dəfə. Ölkə tarixində heç vaxt belə olmamışdır) ÇXR-in rəhbəri kimi ilk səfərini Moskvaya etməsi artıq Qərbdə açıq-aşkar panikaya səbəb olub.

Fox News-un məşhur aparıcısı, Taker Karlson özünün müəllif şousunda ABŞ-ın hazırkı hakimiyyət orqanlarına xəbərdarlıq etdi: “Görünür, istəsəniz də, istəməsəniz də Rusiya və Çinlə müharibə edəcəksiniz”.

Moskvada da, Pekində də təkrarlamaqdan yorulmurlar ki, Rusiya ilə Çinin yaxınlaşması üçüncü ölkələr üçün heç bir təhlükə yaratmır. Biz nə amerikalılara, nə avropalılara, nə də yaponlara qarşı “dostlaşmırıq”. Biz sadəcə olaraq iki ölkə arasında “hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq əlaqələri”ni inkişaf etdiririk. Niyə qorxursunuz? Məgər biz Qərbə pislik etmək istəyirik?

Vaşinqton və Brüssel əmindir ki, Moskva və Pekin onların dünyada dominant mövqelərinə təhlükədir. NATO sənədlərində və strategiyalarında belə də yazılıb: Rusiya birbaşa düşməndir, Çin isə perspektivdə əsas düşməndir. Əlbəttə ki, iki başlıca düşmənin bir-biri ilə daha çox dost olmaq istədiklərini bəyan etsə, gərilməyə bilmirsən. Xüsusən də sən özün gələcək hərəkətlərinin barışmaz məntiqini formalaşdırmısansa - ya biz, ya da onlar məntiqi. Qərb bu məntiqi dəyişmək fikrində deyil. Məsələ yalnız zamanla bağlıdır – kim kimi nə vaxt məğlub edəcək?

Əgər hadisələr yalnız Ukraynadakı Xüsusi Hərbi əməliyyatla məhdudlaşsaydı, keçən ilin fevralından bəri hər kəsin danışdığı dünya nizamının “tektonik sürüşməsi” baş verə bilməzdi. Özünü “Anti-Rusiya” dövləti elan edən hazırkı Ukrayna rejimi havadarlarının istəyindən asılı olmayaraq, Qərbin indiyə qədər hamının düşündüyü kimi qüdrətli olub-olmadığını yoxlamaq üçün təcrübə mərkəzinə çevrilib.

Xatırladaq ki, Xüsusi Hərbi Əməliyyat başlamazdan əvvəl prezident Putin Çinə səfər etmişdi. Danışıqlardan sonra o, yoldaş Si ilə “Yeni dövrə qədəm qoyan beynəlxalq münasibətlər və qlobal davamlı inkişaf haqqında Rusiya Federasiyası və Çin Xalq Respublikasının Birgə Bəyanatı”nı imzalamışdı. Bu hadisədən çox keçmədi ki, dünya həqiqətən də “yeni dövrə” qədəm qoydu.

Qərb siyasi elitalarının gözləmədiyi dəyişikliklər yeni dövrün təkzibolunmaz əlamətlərinə çevrildi. “dərhal təsir etməyən zəhər” kimi Rusiya iqtisadiyyatını məhv etməli olan sanksiyalar Avropa iqtisadiyyatının qeyri-sağlam addımlar atmağa məcbur etdi. Rusiyanın Şərqə doğru kəskin dönüşü baş verdi. Planetin əksəriyyəti “qaydalara əsaslanan dünya nizamına” meydan oxuyan Moskvanın təcrid olunmasını dəstəkləmirdi. Dollar diktaturası özünə ziyan vurdu. Qərbə alternativ olan ŞƏT və BRİCS-də elə ölkələr toplanıb və toplanmaqdadır ki, Avropa İttifaqı ölkələrinin əksəriyyəti onlarla təkbaşına rəqabət apara bilməz.

Özünü aldatmaq istəməyən hər kəs gözəl başa düşür ki, Rusiya Ukraynada Kiyevlə deyil, onun təhlükəsizliyinin maraqlarına məhəl qoymayan və durmadan onun sərhədlərinə doğru sürüşən Qərblə münaqişədədir. Pekin hərbi münaqişənin əleyhinədir, lakin buna görə heç bir tərəfi günahlandırmır, çünki hər şeyin niyə baş verdiyini yaxşı anlayır. Və eyni zamanda, o, bu şeylərin onun başına gələcəyi zaman nələrin olacacağını çox bariz nümunədə görür. Çünki amerikalıların Çinə ziyan vurmaq üçün Tayvandan yeni "Ukrayna" yaratmaqla məşğul olduqlarını hamı görür.
Birləşmiş Ştatlar üçün tarixi paradoks ondan ibarətdir ki, Qərbi Avropa ilə Rusiya arasında onların şəriksiz iqtisadi-siyasi hökmranlığını təhlükə altına alan mümkün əlaqələrin məhv edilməsində qeyd-şərtsiz uğur qazansalar da, başlarına Moskva və Pekin arasında strateji tərəfdaşlıq timsalında yeni, daha da ciddi strateji təhlükə yaratdılar . Vahid Avropanı Rusiyadan qopara bilsələr də, Rusiya ilə Çinin arasına girməkdə acizdirlər. Hər kəsə aydındır ki, bu, Vaşinqton üçün komfort sayılan dünya düzənini dəyişməyə qadir olan hərbi potensial və iqtisadi gücün birləşməsi deməkdir.

Beləliklə, amerikalıların özləri tərəfindən yaradılan yeni təhlükə artıq uğursuzluğa düçar olan Rusiya-Avropa tandemindən ibarət strateji təhlükədən daha dəhşətli olacaq. Hər halda, Avropa Moskva və Pekinin bir il əvvəl elan etdiyi kimi, suveren ölkələrin daxili işlərinə kənardan müdaxiləyə müqavimət göstərməyə və rəngli inqilablara qarşı mübarizəyə nə qədər hazır olduqlarını ağlına belə gətirə bilmirdi.

Sabahkı səfər zamanı Moskvada Rusiya-Çin danışıqlarının nəticəsi olaraq bir sıra mühüm ikitərəfli sənədlər imzalanacaq və Çin liderinin səfəri, Kremldə qeyd edildiyi kimi, “ikitərəfli münasibətlərdə ilin əsas siyasi hadisəsinə çevriləcək”. Nəzərə alaq ki, Çinin Rusiyadakı səfiri iki ölkə arasındakı əməkdaşlıqla bağlı Çinin baxışını “arxa-arxaya söykənmək”lə – yəni ümumi xarici təhlükələrdən birgə müdafiə kimi ifadə etmişdi.
Baxmayaraq ki, həm Moskva, həm də Pekin təkrar-təkrar bəyan edirlər ki: iki ölkə arasındakı münasibətlər “bloklara qoşulmamaq, qarşıdurmalara getməmək prinsiplərinə əsaslanır və üçüncü tərəflərə qarşı yönəlməyib”. Əsas odur ki, bu “üçüncü tərəf” özü onlara ilişməsin.

Cəmil Şirvanov

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)