Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Analitika
12:54, 19 mart 2023
320
0

Avroatlantik məkanın Qafqazda zühuru: bölgə internasional savaşın meydanına çevrilir

Deputat Zahid Oruc NATO-nun keçmiş rəhbəri Anders Foq Rasmussenin Ermənistana səfərinə diqqət çəkib
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinə dair martın 15-də qəbul etdiyi qətnaməyə etiraz edib və şiddətlə qınayıb.
Sputnik Azərbaycan Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Orucun fikirlərini öyənib.
Millət vəkili bildirib ki, Avropa Parlamenti uzun illərdir siyasi lobbi qruplarının təsiri altında müxtəlif dövlətlərə qarşı siyasi təzyiqin meydanına çevrilib.

Onun sözlərinə görə, Azərbaycan Qərb qurumları üçün mübarizə meydanı hazırlamaq istəmir və bizim buna ehtiyacımız yoxdur:
"Əksinə, Azərbaycan qədim demokratiyalardan, klassik və böyük ənənələri olan, hüquqları ali sayan ölkələrdən çox böyük yardımlar gözləyir. Zaman ərzində bunlar geniş bir şəkildə iflasa uğrayan arzular kimi tarixdə qaldı. Biz indi Azərbaycana qarşı fəaliyyət göstərən sistemli bir mexanizmi görürük. Bu gün media onların təsir dairəsindədir və orada təqdim olunan materiallarda Azərbaycanla bağlı çirkli bir mühit formalaşdırılır. Bu prosesin bir digər iştirakçısı qanunverici hakimiyyətin təmsilçiləridir. Onlar mətbuatın bütün qollarından istifadə edərək Azərbaycanla bağlı neqativ atmosfer formalaşdırır, daha sonra isə hökumətlər işə keçir və müxtəlif xarakterli dinləmələr təşkil olunur".

Millət vəkili açıqlayıb ki, son üç ildə Avropa parlamenti Azərbaycan əleyhinə 7-yə yaxın qərar və qətnamə qəbul edib:
"Bu sənədlər bir çox hallarda boş zallarda reallaşdırılır. Kiçik qruplar şəklində keçirilən mərasimlərə iclas deyirlər. Bu da Avropa demokratiyasının fərqli bir təzahürüdür. Bunu biz də edə bilərik, ancaq axı Azərbaycan xarici siyasət konsepsiyasını bunun üzərində qurmayıb. Avropa Parlamentinin özü bu gün vitse-prezident səviyyəsində korrupsiyada ittiham olunur. Bunu ki Azərbaycan hüquq mühafizə orqanları aşkar etməyib. Vitse-prezident Eva Kaylinin ətrafındakı məlum qrupun uzun illər brilliant diplomatiyasının əli ilə hərəkət etməsi inkar edilməzdir. Hələ o zamanlar biz milli Məclisdə gündəmə gətirdik ki, Belçika hüquq mühafizə orqanları ölkəmiz haqqında qərar və qətnamələri də korrupsiya ekspertizasından keçirsin. Çünki həmin şəxslərin əksəriyyəti bizə qarşı ixtisaslı mübarizədə peşəkarlaşıblar. Onların gündəlik fəaliyyətinin ilk sırasında birinci qərar Azərbaycanla bağlıdır".

Zahir Orucun sözlərinə görə, indi də həmin şəxslər Azərbaycana yeni əsassız ittihamlar səsləndirirlər: "Biz istərdik ki, onların iclaslarının heç olmasa biri bizim azad edilmiş, azadlığına qovuşduğu günə qədər viran edilmiş torpaqlarımızda keçirilisin və gəlib görsünlər ki, real mənzərə nədən ibarətdir. Biz illərdir deyirdik ki, bütün infrastruktur məhv edilir, ancaq onlar ağıllarına belə gətirmirdilər ki, qəsbkar Ermənistan tərəfindən bu cür vandalizm aktları törədilə bilər. Daha doğrusu ağıllarına gətirə bilərdilər, ancaq öz fikirlərinin sahibi olmadıqları üçün dilə gətirə bilmirlər".

"Əvəzində sistemli olaraq Fransa kimi ölkənin bilavasitə fitvası ilə Benilüks ölkələri, Azərbaycan əeleyhinə dinləmələr təşkil edir. Bunlar Azərbaycana qarşı Ermənistan parlamentindən daha kəskin mövqedə dayanırlar. Məndə belə bir qənaət formalaşıb ki, bu baş verənlər heç ermənilərin özlərinin iradəsi altında deyil. Onlar bu prosesə müqavimət göstərsələr də, səmərə verməz, çünki onlardan alət kimi yararlanırlar. Xüsusən də Azərbaycanın vətən müharibəsindəki qələbəsindən sonra ölkəmizə zərbə vurmaq, beynəlxalq mövqelərimizi zəiflətmək hesabına regionda oturuşmaq, hərbi qüvvələrini gətirmək və ən sonda NATO-nun bayrağı altında bölgədə Avroatlantik məkanın zühurunu reallaşdırmaq niyyəti güdürlər", – millət vəkili vurğulayıb.

O, NATO-nun keçmiş rəhbəri Anders Foq Rasmussenin Ermənistana səfərinə diqqət çəkib və qeyd edib ki, illər ərzində bir dəfə də olsun işğal olunmuş ərazilərə baxış keçirməmiş bu şəxs indi sərhədimizə boylanır: "Yəqin ki, bir azdan da Stoltenberq (NATO-nun hazırkı Baş katibi) Göyçə dağlarından keçib, ərazilərimizdəki prosesləri izləyəcək. Prosesləri qabaqcadan təxmin etmək mümkündür. Azərbaycanı təxribata cəlb etmək üçün silahları işə salacaqlar. Biz cavab verəndə isə yerdə Aİ missiyası vasitəsilə bunu hesabatlara daxil edəcəklər. Sonra isə yenə ATƏT və Avropa Parlamentində bizə qarşı qərarlar qəbul edəcəklər. Nəhayətdə isə bu qərar və qətnamələrlə bölgəni internasional savaşın meydanına çevirəcəklər".
"Onların planı bundan ibarətdir və əsas strategiyanı belə seçiblər. Bu, son üç ildə artıq pərdə arxasından çıxmış açıq siyasətdir. Belə şəraitdə gördüyümüz mənzərə ondan ibarətdir ki, beynəlxalq təşkilatlar əsas missiya və vəzifələrini kənara atıb xarici siyasət alətinə çevriliblər" – deyə Zahid Oruc fikirlərini yekunlaşdırıb.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)