Flaş / Gündəm / Azərbaycan
13:30, 16 fevral 2023
383
0

Bakıda zəlzələ olsa, binalar bir-birinin üstünə aşacaq - Təhlükə xəbərdarlığı


Mütəxəssislərin dediyinə görə, binanın konstruksiyası elə qoyulmalıdır ki, yıxılma bucağı digər binaya istiqamətlənməsin.

Türkiyədə baş vermiş zəlzələ Azərbaycanda da tikinti sahəsində yol verilmiş boşluqlara yenidən nəzər salınmasını aktuallaşdırıb.
Ekoloq, seysmoloq Ənvər Əliyev mətbuta açıqlamasında bildirib ki, Bakıda binalar o qədər yaxındır ki, zəlzələ olsa, domino daşı kimi hamısı yerlə bir ola bilər. Seysmoloq ölkə əhalisinin 40 faizinin Bakıda cəmləşdiyini bu üzdən fəlakətin miqyasının böyük olacağı barədə proqnoz verib. Onun sözlərinə görə, inşa edilən binalar o qədər bir-birinə çox yaxındır:
"Zəlzələ anında binalardan biri silkələnib digərinə dəysə, domino daşı kimi hamısı yerlə bir ola bilər. Allah eləməsin ki, belə bir hadisə olsun, amma bu məsələdə diqqətli olmaq lazımdır".
Qeyd edək ki, Bakıda yaşayış binalarının bir-birinə çox yaxın məsafədə inşa olunması zaman-zaman müzakirəyə səbəb olub. Türkiyədə baş verən zəlzələdə binaların dağılaraq digər binaların üzərinə aşması isə bu narahatlığı bir qədər də artırıb.

Binanın yıxılma bucağı nəzərə alınmalıdır
Daşınmaz əmlak və inşaat eksperti Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, binaların bir-birinə yaxın olmasından narahat olmaq lazım deyil. Bu məsələ tikinti aparılmazdan öncə nəzərə alınır. Onu sözlərinə görə, binanın konstruksiyası elə qoyulmalıdır ki, yıxılma bucağı digər binaya istiqamətlənməsin.
"Memar binaları elə yerləşdirməlidir ki, digər binalar təbii fəlakət zamanı zərər görməsin. Binaların inşası ilə bağlı normativlər var. Hündürlüyə görə əmsal dəyişir. Azmərtəbəli binalarda bu əmsal aşağıdır. Mərtəbə sayı artdıqca bu əmsal dəyişir".
Həmsöhbətimiz bildirib ki, 2006-cı ilədək inşa edilən binalarda bu əmsal gözlənilməyib. Onlarda binalararası məsafə normaları pozulub. Amma son illər bu məsələyə diqqət yetirilir.

Bakıda 60-a yaxın bina istismara qəbul edilməyib
E. Azadov bildirib ki, tikinti qaydalarına əməl olunmadığına görə, Bakıda 60-a yaxın bina istismara qəbul edilməyib. Burada səbəblər müxtəlif olsa da, binaların çox yaxın inşa olunması da problemlərdən biridir:
"Bina inşa olunarkən üçdə bir hündürlüyü qədər ara məsafəsi qoyulmalıdır. Həmçinin binanın yıxılma bucağı nəzərə alınmalıdır. Bina bir kompleks olaraq inşa olunursa, binaların yaxın inşa olunması normativə uyğundur. Əgər iki kompleksdə binalarası məsafə yaxındırsa bu düzgün deyil. Yıxılma bucağının istiqaməti düzgün müəyyənləşdirilməlidir".
Həmsöhbərimiz əlavə edib ki, bəzən üç blok üçün nəzərdə tutulmuş ərazidə dörd blok inşa edilir. 2018-ci ildən sonra binaların inşasına nəzarət gücləndirildiyindən belə hallara yol verilmir.
E. Azadov bu gün zəlzələ ilə bağlı riskləri daha çox köhnəlmiş yaşayış komplekslərində gördüyünü bildirib.
"Belə köhnə binaların sayı o qədər çoxdur ki, bunu dövlət və özəl sektorun tezliklə söküb yenidən tikməsi mümkün deyil. Ona görə də dövlət ciddi tədbirlər planı hazırlanmalıdır" deyə ekspert bildirib.

Binalararası məsafə nə qədər olmalıdır?
Dövlət Arxitektura və Şəhərsalma Komitəsindən isə bildirdilər ki, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsi"nin 13-cü fəslində "Tikinti obyektləri arasında məsafələr və qonşuluq hüququ" barədə bənd öz əksini tapıb. Belə ki, 69.7.1 bənddə qeyd edilib ki, mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələri saxlanılmalıdır.
69.3 bəndə görə, ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. 69.4 maddəyə görə, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsini təşkil etməlidir.

Binalar inşa olunarkəb seysmik zonalaşdırma aparılmalıdır
Qurumdan həmçinin onu da bildirdilər ki, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsi"nin 12-ci fəsli "Tikintidə təhlükəsizlik" qaydalarına həsr olunub. Bu fəslin 67.3 bəndində qeyd olunub ki, tikinti obyektlərinin seysmiklik dərəcəsi seysmik rayonlaşdırma (zonalaşdırma) və mikrorayonlaşdırma xəritələri əsasında tikintinin layihələndirilməsi zamanı müəyyən edilir.
Mühəndis-axtarış işlərinin nəticələri ilə bağlı müvafiq sənədlər olmadan tikinti obyektinin layihələndirilməsinə yol verilmir. Həmçinin təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən mühafizə tədbirlərinin yerinə yetirilməsi müəyyən edilir. Bu tədbirlərin növləri və onların tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Mənbə: Sputnik.az

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)