Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
Moldovanın hərbi büdcəsinin iki dəfə artırılmasının arxasında nələr dayanır?
Moldovanın hərbi büdcəsi 2 dəfə artırılıb. Moldova parlamentin spikeri Qrosu Rumıniya telekanalına müsahibəsində deyib ki, müdafiə büdcəsini və bu sahəyə olan investisiyaları daha da artıracaqlar.
Bunda əvvəl isə prezident Maya Sandu Moldovanın NATO-ya üzv olması üçün neytrallıqdan əl çəkməsi ehtimalını etiraf etmişdi.
Müdafiə naziri Nosatıy daha da irəli gedərək neytrallığın Moldovanın “boynuna qoyulduğunu” demişdi.
Rəsmi neytral statuslu Moldova müstəqillik əldə etdikdən sonra ilk dəfə bu ay bir NATO ölkəsindən zirehli texnika alıb.
Müdafiə Nazirliyinin 2023-cü il büdcəsi 1,697 milyard ley (təxminən 87 milyon dollar) təşkil edəcək.
Əslində bunlar gözlənilən idi. ABŞ-ın Şərqi Avropada yaratdığı sanitar kordonun Ukrayna hissəsində vəziyyət çox kritikdir. O hissənin hər qarışı uğrunda qanlı mübarizə gedir. Orda Şərqi Avropanın, daha geniş götürsək bütün Avrasiya materikinin taleyi həll olunur. Lakin ABŞ-ın Ukraynadakı məğlubiyyətlə Avrasiyanı idarə etmək iddialarından əl çəkəcəyini gözləmək ən azından sadəlövhlükdür. ABŞ bütün Avropanı Rusiya hərb maşınının təkərləri altında atmağa hazırdır, lakin dünyanı idarə etmək iddiasından geri çəkilməyə hazır deyil. Odur ki, ilk növbədə bu maşının təkəri altına Ukrayna atıldı. Növbəti qurbanlar isə Ukraynanın qonşuları olan keçmiş sosialist düşərgəsi ölkələridir. Onların bəzilərinin neytrallıq tabusunu çoxdan pozması(Polşa, 3 ədəd Pribaltika pələngi və s.) hamıya məlumdur. Buna qədər bu tabunu sonuncu pozan Ukraynadır. Moldova isə buna hazırlaşır. Deməli, neytrallığın pozulması zaman məsələsidir. Faktiki olaraq pozmağa başlayıb artıq. Çıxan nəticə odur ki, bufer zona, sanitar kordon dövlətlərinə nəzarət uğrunda müharibə dayanmayacaq. Ta ki, bir tərəf öz məğlubiyyətini etiraf edib geri çəkilənə qədər. Moldovanın hərbi sahəsinə belə yatırımların edilməsi, NATO ölkələrindən texnikaların verilməsi məhz belə bir həlledici müharibənin növbəti mərhələsinə hazırlıqdır. Görünür, Valeri Mixailoviçin təbirincə desək, Anakonda ilə Avrasiya uğrunda həlledici-final döyüşü artıq bir ilə yaxındır ki, başlayıb. Nə qədər davam edəcəyi isə dəqiq məlum deyil.
Cəmil Şirvanov
Mövzu linkləri: