Flaş / Dünya / Gündəm / Publisistika
22:49, 31 avqust 2021
380
0

Ukrayna ordusunun döyüş qabiliyyəti: 30 illik müstəqilliyin xronikası


Aleksandr Xrolenko 

NATO Ukrayna ərazisindən beynəlxalq təlimlər üçün fəal şəkildə istifadə etsə də, bu ölkəni quruma qəbul etməyə tələsmir. Ukrayna ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusundan da çox uzaqdır, halbuki 2014-cü ildən buna cəhd göstərir.

Ukrayna avqustun 24-də müstəqilliyinin otuzuncu ilini xüsusi şövqlə qeyd edəcək, suda və quruda hərbi paradlar keçiriləcək. Otuz ölkədən gələcək qonaqlar Ukrayna hərbi sənayesinin nailiyyətlərini dəyərləndirə biləcəklər.

Təxminən otuz ildir ki, Ukrayna dövləti və Ukrayna ordusunu Rusiyaya və onun silahlı qüvvələrinə qarşı qoymağa çalışırlar. Kollektiv Qərb Ukrayna dövlətinin və hərbi sənayesinin inkişafında başqa bir məna görmür, ABŞ və NATO-nun geosiyasi oyunlarında anti-Rusiya rolunu oynamaq isə Kiyevi tamamilə qane edir.

Ukrayna müstəqilliyinin 30-cu ilinə 255 min nəfərlik hərbi qüvvə ilə qədəm qoyur.

Hərbi gücün Qərb reytinqi – "Global Firepower" Ukraynanı Vyetnam və Tailand arasındakı 25-ci yerdə qərarlaşdırıb. Reallıqda isə Ukrayna Silahlı Qüvvələri (USQ) ABŞ və NATO-ya tabe olan "xüsusi təyinatlı dəstə" mövqeyindədir.

USQ-nin Donbasla uzun illər ardı-arası kəsilməyən atışmaları, ukraynalı mütəxəssislərin NATO hərbi təlimatları ilə öyrədilməsi qoşunların döyüş gücünün və qabiliyyətinin artacağı və hətta bu ölkənin alyansa qəbul olunacağı ilə bağlı illüziya yaradır. Halbuki Ukrayna hərbi qüvvələri effektiv və döyüş qabiliyyətli Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinə sahib deyil. 

Ali hərbi komandanlıq qərarların qəbulunda və strateji planlaşdırmada müstəqil deyil – USQ Vaşinqton və Brüsselin nəzarəti altındadır. NATO Ukrayna ərazisindən beynəlxalq təlimlər üçün fəal şəkildə istifadə etsə də, bu ölkəni quruma qəbul etməyə tələsmir. Ukrayna ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusundan da çox uzaqdır, halbuki 2014-cü ildən buna cəhd göstərir.

Belə baxanda, "əsas müttəfiq" statusu maddi qazanc vəd etməklə yanaşı, həm də Kiyevə dünyadakı ən dəhşətli "Rusiya təhdidi"ndən Amerika müdafiəsinə zəmanət verir. Ancaq Əfqanıstanın (2012-ci ildən bəri ABŞ-ın NATO-dan kənar əsas müttəfiqinin) timsalında baş verən son hadisələr göstərdi ki, amerikalılar və alyans, Qərb hərbi hazırlıq standartları və 300 min nəfərlik milli ordunun silahlandırılması, böyük pullar heç nəyə zəmanət ola bilməz. Amerika Birləşmiş Ştatları dar ayaqda müttəfiqlərini satmağa hazırdır.

Belə ki, amerikalılar artıq 12 ukraynalı hərbi qulluqçunu Əfqanıstanın paytaxtını taliblər* ələ keçirəndən sonra tələm-tələsik təxliyə zamanı Kabildəki hərbi bazalardan birində unudub gediblər. Eləcə də, gürcü, bolqar, rumın hərbi qulluqçularını taleyin ümidinə qoyublar.

Döyüş qabiliyyəti

Ukraynanın Hərbi Hava Qüvvələri Sovet Ordusundan qalma 42 qırıcı və 34 zərbə helikopterinə sahibdir. Pilotların hazırlıq səviyyəsi və uçan aparatların texniki hazırlığı onlara, misal üçün, Donbas səmasında belə, görünməyə imkan vermir. Ukrayna hərbi təyyarəçiləri döyüş təcrübəsinə malik deyillər.

USQ-nin quru qoşunlarının texnika parkında kifayət qədər zirehli texnika və artilleriya var: 2430 tank, 11400-dən çox zirehli transportyor, 3000-ə yaxın özüyeriyən və yedəkli artilleriya qurğusu, 550 reaktiv sistem. Amma bunların əksəriyyəti ötən əsrin, necə deyərlər, yarımcan texnikasıdır və indi Ukraynanın Müdafiə Sənayesi Kompleksinə məxsus müəssisələrdə onları modernləşdirməyə çalışırlar.

Ukrayna silahlı qüvvələrinin ən zəif halqası Hərbi-Dəniz Qüvvələridir. Onun tərkibində bir düjünə yaxın patrul, artilleriya kateri və döyüş gəmiləri var.

Xarici istehsal gəmiləri, demək olar ki, silahsiz vəziyyətdədir. Bununla belə, bəzi ekspertlər vurğulayırlar: bu döyüş katerləri ölünü ikinci dəfə öldürə bilməz, amma diversiya, təxribat və qalmaqal yaratmaq üçün işə yarayar. Əsas odur ki, bu Nuh əyyamından qalma hərbi-dəniz texnikası "qəddar ruslar"ın onları ələ keçirəcəyi və batıracağı yerə qədər gedib çıxa bilsin. Bəlkə, bundan sonra Avropa "Şimal axını-2"-ni bağlayaraq "təcavüzkar ölkə" ilə mübarizəyə başlayar.

Qara dənizdə Rusiyanın yalnız bir "Moskva" raket kreyseri bircə yaylım atəşi ilə Ukraynanın bütün Hərbi Dəniz Qüvvələri və üstəlik, NATO donanmasını batıra bilər. Rusiya Qara dənizdə açıq-aşkar və qeyd-şərtsiz hökmranlığa sahibdir.

Bir məsələni də nəzərə almaq lazımdır ki, Ukraynadakı sovet hərbi dəniz mirasının bir hissəsi satılıb, qalanı isə hələ 2014-cü ildən çox-çox əvvəl məhv edilib. Yeganə nisbətən döyüş qabiliyyətli gəmi "Getman Saqaydaçnı" freqatı hesab olunur ki, o da gəmi əleyhinə raketlərlə silahlanmayıb.

"Saqaydaçnı" da "Kiyev" gəmisi (1992-ci ildə suya buraxılıb) kimi SSRİ-də inşa olunub. Gövdəsi və mexanizmləri sıradan çıxdığına görə, tezliklə bu gəmi də istifadədən çıxarılacaq.

Ukraynanın belə açıq-aşkar hərbi gücsüzlüyü fonunda Ali Rada 2014-cü ilin dekabr ayında iki qanuna dəyişiklik edərək dövlətin blokdan kənar statusunu ləğv edib. 2019-cü ildə isə Ukrayna parlamenti konstitusion qaydada NATO-nun ölkədə kursunu möhkəmləndirdi. Beləliklə, müstəqil Ukrayna alyansın genişlənmə imkanına malik altıncı tərəfdaşı oldu.

Hər şey satışa çıxarıldı

SSRİ-dən Ukraynaya mehriban qonşular, eləcə də milli müdafiə sistemini qurmaq üçün tələb olunan minimum imkanlar – 980 min hərbi qulluqçu, 8000 tank, 10 min zirehli texnika, 110-dən çox döyüş təyyarəsi və 400 helikopter, Qara dəniz donanmasına məxsus 350-yə yaxın hərbi gəmi miras qalıb.

Bundan başqa, 14 motoatıcı, dörd tank, səkkiz artilleriya diviziyası, bir xüsusi təyinatlı briqada, səkkiz artilleriya briqadası, əlahiddə ordu, doqquz hava hücumundan müdafiə briqadası, üç hava ordusu və üç helikopter alayı qalıb.

Əvvəlcə USQ-nin tərkibi 5 dəfə məhdudlaşdırıldı. Hələ 1990-cı illərin əvvəllərində (həmin vaxt USQ-nin etibarsız zabitlərdən təmizlənməsi prosesi gedirdi) milli orduda qulluq etmək istəyənlərdən Rusiyaya qarşı döyüşməyə hazır olub-olmadıqlarını soruşurdular.

Müstəqilliyin ilk onilliyində Kiyev sovet silahlarının böyük bir hissəsini Asiya və Afrika ölkələrinə satdı. Nəticədə aviasiya və raket qoşunları, demək olar ki, sıradan çıxarıldı.

2005-ci ildə Ukrayna silah ixracında dünya liderlərindən birinə çevrildi. Ukrayna arsenalından minlərlə vahid döyüş texnikası izsiz-soraqsız yoxa çıxır və bu fakt Stokholm Sülh Araşdırmaları İnstitutu, Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatlarına daxil edilmirdi.

Beləliklə, USQ 2010-cu ilə kimi tanklarının üçdə ikisini, zirehli maşınlarının və artilleriya sistemlərinin yarısını itirdi. Pulların hara getdiyi isə məlum deyil.

Ukrayna 1991-ci ildən 2015-ci ilə kimi yalnız 75 "Saxon" zirehli maşını, 8 "Spartan" zirehli avtomobili və 58250 layihəsinə aid tikintisi başa çatmamış korvet üçün silah əldə edib.

2014-cü ilin növbəti "maydan"ını Ukrayna 700 tank, 2189 döyüş maşını, 1421 artilleriya sistemi, 206 helikopter və 326 təyyarə ilə qarşıladı. Daha sonra silahlı qüvvələr Donbasda 300 tankından, zirehli maşınlarının yarıdan çoxundan, artilleriya sistemlərinin isə 50%-dən məhrum oldu. Və bu, yalnız rəsmi rəqəmlərdir. “International Institute for Strategic Studies Military Balance” agentliyinin məlumatına görə, itkilər daha böyük olub.

Otuz il davam edən hərbi-siyasi fəlakəti müstəqil Ukraynaya qarşı "Rusiya təcavüzü" ilə açıqlamaq mümkün deyil. Bu, dövlətçilik böhranıdır.

Tamamilə məhv edilmiş hərbi gəmi inşası sahəsi də Ukrayna müdafiə sənayesi kompleksinin səviyyəsindən xəbər verir. Halbuki sovet vaxtı Nikolayevski zavodunda mütəmadi olaraq təyyarə daşıyan kreyserlər inşa edilirdi.

Artilleriya sistemləri, helikopterlər, qırıcılar, hücum təyyarələri, hava hücumundan müdafiə sistemləri və rabitə ilə bağlı problemlər həll edilməmiş qalır.

Müstəqil Ukraynanın hərbi sənayesi sovet nümunəli atıcı silahlar üçün patron hazırlamağı belə öyrənə bilməyib, yeni tipli ciddi silahlardan isə söhbət gedə bilməz.

NATO sərmayələri bir işə yaramır. 2014-cü ildən sonra Ukrayna xarici tərəfdaşlarından gizli-aşkar xeyli silah və "USQ-nin möhkəmləndirilməsi üçün" milyard dollarlarla vəsait alsa da, həmin silahlar sanki Ukraynadan tranzit keçərək, köhnə satış sxemi üzrə Asiya və Afrika ölkələrində yeni sahiblərinə çatdırılır. Silahların pulu isə səssiz-səmirsiz yoxa çıxır.

Ehtimal ki, Kiyev rəhbərliyinin 2021-ci il avqustun 24-də "Tamamilə yeni ordunun" yaradılması ilə bağlı verəcəyi bayram bəyanatları rəqəmlər və faktlarla özünü doğrultmayacaq. "Avropanın Rusiya təcavüzündən müdafiəsi" ilə bağlı təmtəraqlı çıxışlar növbəti dəfə gülüş doğuracaq – USQ "hər hansı bir təcavüzkara müqavimət göstərmək" iqtidarında deyil. Və ən əsası, get-gedə daha az Ukrayna vətəndaşı xalqa və Rusiyaya qarşı olan belə orduda qulluq etmək istəyəcək.

Sputnik.az


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)