Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / İqtisadiyyat-Dünya / İqtisadiyyat-Analitika
18:10, 13 yanvar 2023
484
0

Amerika iqtisadiyyatının monetar zəhəri

İlk növbədə onu qeyd etmək lazımdır ki, bu gün Amerika Birləşmiş Ştatları ciddi struktur böhranı yaşayır. Amerikada sənaye inflyasiyası 20-25 faiz arasında dəyişir. Bunun bir neçə səbəbi var:
Birinci səbəb ABŞ-da maliyyə sektorunun real sektordan daha böyük olmasıdır. Bunun əsas səbəbi maliyyə sahəsində qısa müddətdə külli miqdarda pul qazanmaq imkanıdır. Məhz bu səbəbdən real sektora heç kim investisiya qoymur, çünki maliyyə sektorundan daha çox pul qazanmaq olar və nəticə etibarilə real sektor məhv olur.
İkinci səbəb isə birinci səbəbin məntiqi nəticəsidir. ABŞ faktiki olaraq öz xərclərini ödəyə bilmir. Çünki maliyyə sektoru heç bir əlavə dəyər yarada bilmir və əlavə dəyər yarada bilən əsas sektor olan real sektor göz qabağında əriyib yoxa çıxır. Nəticədə, ABŞ öz xərclərini ödəmək üçün heç bir məhdudiyyət qoymadan dollar çap edir. Bu da öz növbəsində ABŞ-da pul inflyasiyasını artırır. İnflyasiyanın yüksəldiyini görən Federal Ehtiyat Sistemi(FED) uçot dərəcəsini qaldırır. Bunun nəticəsində isə real sektor yenidən çökür və qapalı, çıxılmaz bir inflyasiya dairəsi yaranır. Çünki bu gün real sektorun aparıcı qüvvəsi olan sahibkarlıq subyektləri istehsalatı təmin etmək üçün kommersiya banklarından kredit götürürlər. FED uçot dərəcəsini artırdıqda kommersiya bankları da faiz dərəcələrini artırmağa məcbur olur və nəticədə real sahibkarlar daha yüksək faizlə kredit almalı olurlar.
Bu zaman ortaya iki məqam çıxır. Əvvəla, sahibkarlar bu krediti götürməsələr istehsalı dayandırır və müflis olur, nəticədə bu istehsalçılar bazarı tərk edir, məhsul qıtlığı yaranır, sonra da qiymətlər qalxır, real sektor ölür. İkincisi, sahibkarlar bu yüksək faizli krediti götürürlər, lakin gəlirliliyini artırmaq və krediti qaytarmaq üçün satdıqları məhsulların qiymətini tədricən artırırlar ki, bu da öz növbəsində qiymətlərin bahalaşmasına, əksər hallarda isə inflyasiyaya səbəb olur. Sonra da yeni inflyasiya ilə mübarizə aparmaq üçün FED uçot dərəcəsini yenidən qaldırır və bu tsikl bitmir.
Bu səbəbdən Amerika iqtisadiyyatı qeyri-müəyyən vəziyyətdə qalır. Bir tərəfdən pul çapını dayandıra bilmirlər, digər tərəfdən isə uçot dərəcəsini aşağı sala bilmirlər. Çünki inflyasiya şəraitində uçot dərəcəsinin artırılması ABŞ-ın monetar iqtisadiyyatının əsas istiqamətlərindən biridir və bu metodun yanlış olduğunu bilsələr belə etiraf etmirlər. Çünki əks halda Amerika və digər Qərb ölkələrinin iqtisadi doqmalarının cəmləşdiyi “Meynstrim” məhv olacaq. Məhz bu, Amerika iqtisadiyyatının monetar zəhəridir. Bu zəhər Amerikanın və bu üsullarla iqtisadi siyasəti formalaşdıran digər Qərb ölkələrinin iqtisadiyyatını tədricən məhv edir.
ABŞ bu problemin həlli üçün başqa üsul tapır. Pul çapını dayandırmamaq üçün ölkəyə xarici dollarlar gətirilməlidir və adətən ABŞ iqtisadiyyatında problem olanda dünyada iki böyük hadisə baş verir. Fikrimcə, bunun birincisi, dünyanın müxtəlif yerlərində münaqişələrin baş verməsidir. Çünki belə münaqişələr zamanı həmin ölkələrdə fəaliyyət göstərən sahibkarlar öz dollarlarını “daha təhlükəsiz yerə”, yəni dolların çap olunduğu ABŞ-a daşıyırlar. Biz bunu Ukrayna münaqişəsi nümunəsində görürük. Ukrayna münaqişəsi başlayandan bəri Avropadan ABŞ-a təxminən 400 milyard dollar kapital axıb ki, bu da öz növbəsində dollar çapına qısamüddətli kömək edir. Buna görə də ABŞ Ukrayna münaqişəsinin uzanmasını istəyir. Əsl “Amerika demokratiyası” budur. İkincisi baş verən hadisə isə, hesab edirəm ki, müxtəlif ölkələrdə mənasız devalvasiyalar baş verir. Çünki Beynəlxalq Valyuta Fondu(BVF) bu ölkələrə devalvasiyanı “tövsiyə edir”. Bəs BVF bunu niyə edir? Çünki BVF 1944-cü ildə Bretton Woods Valyuta Konfransında yaradılmışdır. Bəs dollar neçənci ildən dünya valyutasına çevrildi? Həmçinin Bretton Woods Valyuta Konfransında. Əslində BVF-nin əsas vəzifəsi dolları dünya valyutası kimi saxlamaqdır.
Bu səbəbdən də dolların dünya valyutası olması həm ABŞ üçün zərərlidir, həm də digər ölkələr üçün risklidir. Ona görə də bütün bu amilləri təhlil edərək deyə bilərəm ki, dolların dünya valyutası kimi dövrü başa çatacaq və yeni valyuta konfransına ehtiyac yaranacaqdır.

Aslan Əzimzadə
İqtisadçı, beynəlxalq münasibətlər üzrə mütəxəssis.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)