Flaş / Gündəm / Azərbaycan / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Azərbaycan / Siyasət-Analitika
Azərbaycan - Ermənistan münaqişəsinə geopolitik kontekstdə baxış - ANALİTİKA
Son günlər Azərbaycan-Ermənistan sərhədindəki insident nə qədər millətlərarası, regional və ya hansısa bir parça torpaq üstündə baş verir kimi görünsə də məsələnin əsas səbəbkarları çox uzaqlarda oturub və onların bu münaqişəni yenidən alovlandırmaqda məqsəd və motivləri yerlərdə olan siyasi subyektlərinkindən xeyli fərqlidir. Düşünürəm ki, bu münaqişənin həm illər əvvəl, həm də indi alovlandırılması eyni mərkəzdən idarə edilir. Yəni Kollektiv Qərbin siyasi isteblişmenti tərəfindən.
Vaxtilə SSRİ-nin süqutunu şərtləndirən amillərdən biri kimi Qərb siyasi elitası tərəfindən alovlandırılan, ermənilərin buna söqv edərək başlanmasına rəvac verilən millətlərarası problem qiyafəsində olan bu münaqişə birinci mərhələdə öz üzərinə götürdüyü tapşırığı yerinə yetirdi: SSRİ - Rusiya süqut etdi və parçalandı.
Planın ikinci mərhələsi Avrasiya sivilizasiyasının özəyini təşkil edən keçmiş SSRİ-nin ərazisində yaradılmış münaqişələri nəzarətdə saxlamaqla sönməyə qoymamaq və yeni münaqişələr yaratmaqla həm Rusiya üçün daim qayğı yaratmaq, münaqişələrdə Rusiyanı günahlandırmaqla yeni yaranmış konfliktli ölkələrin yenidən Rusiya ətrafında birləşməsinin qarşısını almaqdan ibarət idi. Bu isə Rusiyanı zəiflədib özündən asılı vəziyyətə salaraq Avrasiyanı nəzarətə götürmək üçün idi. Məşhur deyimdə olduğu kimi, Avrasiyaya nəzarət edən dünyaya nəzarət etmək imkanı əldə etmiş olur. Odur ki, soyuq müharibənin bitdiyi elan edilsə də o davam edirdi, "Anakonda"strategiyası fərqli zahiri əlamətlərlə qüvvədə idi. Çünki Anakonda rəqibi tam udmamış əl çəkmir.
Beləliklə, məlum olur ki, Azərbaycan-Ermənistan münaqişəsi anqlosaksların qlobal imperiya qurmaq yolunda vacib submərhələlərindən, əsas həlqələrindən biridir. Bu baxımdan bu münaqişəni bütövlükdə, həm də onun "isti" fazalarını regional, millətlərarası münaqişə kimi qiymətləndirmək doğru deyil.
Azərbaycanın qərbpərəstləri, başqa sözlə, siyasi korafəhmlər bunu qəbul etməsələr də, fakt, fakt olaraq qalır ki, 2020-ci ildə baş verən 44 günlük müharibədə əsgərlərimizin döyüş zonasındakı qalibiyyətini şərtləndirən şey ölkə rəhbərliyinin siyasi-diplomatik bacarığı və hərbi əməliyyatları yerinə yetirmək üçün münbit şərait yaratması idi. İlham əliyevin simasında ölkənin ali siyasi rəhbərliyi baş verən geopolitik prosesləri düzgün qiymətləndirib ondan istifadə etməyi bacardı. Moskvanın siyasi dəstəyini qazandı və mümkün olan hər şeyi etdi. Elə siyasətin özü də mümkün olanı edə bilmək sənətidir. Bu müharibənin yaşıl işığı məhz Moskvada yandırılmışdı. Türkiyə də prosesdə yaxın iştirak edərək bizə dəstəyini əsirgəmədi. Bu, məhz Moskva-Bakı-Ankara strateji oxunun funksional olmasının bariz nümunəsi idi.
Rusiya üçün özünün cənub sərhəddində münaqişə ocağının qalması, xüsusilə də Azərbaycan kimi önəm verdiyi strateji tərəfdaşının müttəfiqi olan ölkə - Ermənistanla münaqişə vəziyyətində olması prinsipcə Rusiyanın maraqlarına ziddir. Onun düşmənlərinin maraqlarına isə tam uyğundur. Çünki yuxarıda da qeyd etdiyim kimi münaqişənin təyinatı məhz Rusiya üçün problem yaratmaq idi və bu gün də bu təyinat dəyişməyib. Qərb üçün Azərbaycan və Ermənistan sadəcə vasitə, təsir rıçağı, plasdarm rolunu oynayır. Odur ki, Rusiya bu münaqişənin həlli üçün əməli addımlar atmağa başlayandan Qərb onun söndürülməsinin qarşısını almaq üçün əlindən gələni etmişdir. Əvvəlcə Rusiyanın təkidi ilə Lavrov planı adlanan sülh planının Ermənistanın o zamankı lideri Serj Sarkisyan tərəfindən qəbul edilməsindən sonra onun Sorosun uşaqları tərəfindən siyasi təzyiq yolu ilə devrilməsi, 44 günlük müharibə zamanı münaqişədə əziyyət çəkən ermənilər üçün narahatlıq keçirmələri, bu və ya digər formada anti-Azərbaycan mövqeyinin nümayişi, Qərb dövlətlərinin sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsinə nail olmaq üçün edilən cəhdlər, daha sonra indiyə qədər davam edən Minsk qrupunun bərpa edilməsinə cəhdlər, Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamənin qəbulu, sülyaratma prosesində isə Rusiyanın vasitəçiliyini azaltmağa və Avropa Birliyinin heç bir işə yaramayan vasitəçilik missiyasını yaratmağa yönəlik cəhdlər onların əsl niyyətlərini ortaya qoymuş olur.
Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin açıq-aşkar Qərb strukturlarına inteqrasiyadan imtina edərək tədricən Avrasiya strukturlarına inteqrasiya yolunda atdığı addımlar - Rusiya ilə son 2 ildə bağlanılan geniş əməkdaşlıq və müttəfiqlik sənədlərinin imzalanması və iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın sürətlə dərinləşməsi və genişlənməsi, İlham Əliyevlə Vladimir Putin arasındakı şəxsi dostluq münasibətləri, Şanxay Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq və inteqrasiya yolunda atılan ciddi addımlar Qərbi qıcıqlandırmaya bilməzdi. Onların maraqlarının təmin edilməsi üçün bu tendensiyaları pozmaq lazım idi.. Üstəlik, Rusiyanın Ukraynada Xüsusi Hərbi Əməliyyat keçirməsi nəticəsində Qərblə Rusiya arasındakı qarşıdurmanın demək olar ki, pik həddə çatması artıq onları hərəkətə keçirməyə bilməzdi. Rusiya-Qərb qarşıdurmasında uduzmaqda olan, qlobal imperiya layihəsinin iflasa uğradığını görən anqlosaks siyasi elitası hərəkətə keçməyə, Rusiya ətrafında yaratdığı münaqişə ocaqlarını alovlandırmaya bilməzdi.
Həm Azərbaycan, həm də Ermənistan hakimiyyətində mövcud olan 6-cı kolon, üstəgəl hakimiyyətdən kənar olan 5-ci kolon hərəkətə keçməli idi ki, keçdilər də. Hər gün sadə vətəndaşların içində olan biri kimi deyə bilərəm ki, aramızda olan son müharibədən elə də çox müddət keçməməsinə baxmayaraq, əhali arasında münaqişənin bitdiyinə, xalqların bundan sonra barışığa doğru addımlar atacağına və bu işdə siyasi hakimiyyətlərin ortaya əməli işlər qoyacağına inam var idi və bu inamı sarsıtmaq, “köhnə zəmidə” yeni nifrət toxumları səpmək lazım idi. Bu gün məhz elə bunu etməyə çalışırlar.
Ermənistanın 6-cı kolonunun Qarabağda, Rusiya sülhməramlılarının cavabdeh olduğu ərazilərdə tez-tez təxribatlar törətməsi həm münaqişənin alovlandırılmasına, həm də Rusiya sülhməramlılarının diskreditasiyasına nail olmaq məqsədi daşıyırdı. Belə təxribatlarla heç nəyə nail olmayanda, artıq delimitasiya və demarkasiya edilməyən dövlət sərhədlərində təxribatlar törətməyə başladılar. Rəsmi Moskvanın delimitasiya - demarkasiya prosesini sürətləndirmək cəhdləri də boş yerə deyildi. Bu zona da potensial münaqişə mənbəyi idi. Münaqişə yaranmaması üçün bəhanələr kəsilməli, fürsətlər verilməmli idi. Moskvanın bu prosesdə həm vasitəçilik, həm də praktiki yardımçılıq təklif etməsi və bu mövzu ilə bağlı hər iki ölkənin siyasi rəhbərliyi ilə intensiv şəkildə kontaktları məhz bu günlərdə baş verənlərin qarşısını əvvəlcədən almaq cəhdləri idi. Lakin belə məsələlər bir neçə günə həll edilən məsələlərdən deyil. Əfsus ki, illər lazım olur. Prosesin getdiyi, düyünlərin yavaş-yavaş, bir-bir açıldığı bir vaxtda anqlosakslar tələsməli idilər. Çünki Ukraynadakı Qərb-Rusiya qarşıdurması fonunda Rusiyaya qarşı ikinci cəbhə açılması üçün münbit yerlərdən istifadə edilməli idi. Belə yerlərdən biri də Azərbaycan - Ermənistan sərhədləridir. Gürcüstanda da buna cəhdlər edilsə də heç nəyə nail olmadılar. Lakin burda nail oldular. Bu məsələni böyütmək və daha da alovlandırmaq üçün hər iki ölkədə onlara işləyən mətbuat rıçaqlarını işə saldılar.
Heç də təsadüfi deyil ki, bu gün Qırğızıstan-Tacikistan sərhəddində də gərginlik yaşanmaqdadır. Üstəlik bir neçə gün əvvəl Əfqanıstan-Tacikistan sərhəddində də atışmalar oldu.
Bizim sərhəddimizdə baş verən insidentlə bağlı Ermənistan KTMT-yə ərazi bütövlüyünün bərpası ilə bağlı yardım üçün müraciət edib. Məqsəd aydındır - KTMT-ni, başqa sözlə Rusiyanı münaqişədə tərəfə çevirmək, həm onunçün ikinci cəbhə açaraq başını qatmaq, həm də Azərbaycanı Rusiyadan incik salaraq ondan uzaqlaşdırmaq. Lakin KTMT məsələnin siyasi-diplomatik yolla həllinə qərar verdi və vəziyyəti yerində öyrənmək üçün komissiya yaratdı. Qərbin bu hal üçün də planı var. Əgər KTMT bu münaqişəni siyasi-diplomatik yolla həll etməyə qərar verirsə, onda Ermənistan cəmiyyətində anti-Rusiya dalğası başlanmalı, mətbuatla və onlara işləyən müxalifətlə Rusiyanın, KTMT-nin siyasi impotentliyi və ya Azərbaycanın tərəfini saxlaması barədə nağıllar uydurulacaq. Azərbaycanda isə həmişəki kimi münaqişənin Rusiya tərəfindən qızışdırılması barədə nağıllar tirajlanacaq. Hər iki halda Qərbin maraqları bu və ya digər formada təmin olunur - Rusiyanın və onun aparıcı dövlət olduğu təşkilatın nüfuzuna bu və ya digər xalqın nəzərində xələl gəlir.
Bax belə oyunlar oynanılır. Ona görə də ayıq olmalı, hadisələri səthi deyil, dərindən öyrənməli, düzgün qiymətləndirməliyik. Onda problemi həll etmək şansımız çoxalır. Yoxsa bizi Böyük Şeytanın oyunlarında alət və qurban olmaqdan başqa tale gözləmir.
Cəmil Şirvanov
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
UKRAYNANIN MANDARİN REJİMİ XALQI İZTİRABLARA VƏ FACİƏLƏRƏ DÜÇAR ETMİŞDİR
Suriya və Ukrayna "cənub" və "qərb" geopolitik cəbhəsi kimi