Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
11:50, 17 dekabr 2021
625
0

Suriya və Ukrayna "cənub" və "qərb" geopolitik cəbhəsi kimi

Cəmil Şirvanov

Bəzi yoldaşların Rusiyanın yaxın Şərqdə Qərbin tələsinə düşdüyünü, buna görə də Ukraynada ona müharibə lazım olduğunu, onun vəziyyəti müvəqqəti də olsa ancaq bu cür xilas edə biləcəyini iddia edərək əslində hadisələrin məntiqi gedişatından xəbərdar olmadıqlarını göstərirlər. Məsələ burasındadır ki, Rusiya kimi böyük dövlətlərin, daha doğrusu imperiyaların, hələ-hələ qlobal imperiya ənənələrinə malik bir dövlətin hansısa regiona və ya ölkəyə girməsi heç də bugün təcili olaraq həll edilməsi vacib görünən, taktiki məsələləri həll etmək üçün həyata keçirilmir. Əlbəttə bu gedişlərin bugünkü, təxirəsalınmaz taktiki tədbirləri də olur, lakin belə addımların uzun illər sonraya hesablanmış, məqsədləri dəqiq müəyyən edilmiş strategiyaya əsaslanması heç kəsdə şübhə doğurmamalıdır.

Gələk konkret olaraq Rusiyanın Suriyaya girməsinə. Rusiyanın öz qüdrətini yavaş-yavaş bərpa etməsi və geopolitik rəqibinin mühasirəsindən tədricən çıxması “Kollektiv Putin”in dərindən düşünülmüş strategiyasının - Avrasiya strategiyasının nəticəsi olmasını qeyd etməklə bərabər onu da əlavə etməliyəm ki, Rusiyanın Yaxın Şərqlə girməsi də bu strategiyaya əsaslanır. ABŞ-ın dünyanın enerji mənbələrinə və tranzitinə nəzarət etmək, müxtəlif təşkilatlar vasitəsilə - indiki halda OPEC - dünya bazarında neftin qiymətinə nəzarət etmək  strategiyasına qarşılıq olaraq Rusiyanın bir strategiyası olmalı idi ki, o belə bir hörümçək torundan həm dünyanı, həm də özünü xilas edə bilsin. Bu baxımdan Rusiyanın cənub dənizlərinə çıxışı, Yaxın Şərqin neft-qaz yataqlarına ABŞ-ın nəzarətinin minimuma endirilməsi və OPEC-in bir təşkilat olaraq yararsız hala gətirilməsi kimi bir strategiyası olmamış deyildir. Əgər belə bir strategiya olmasa idi Rusiya indi tamamilə başqa cür hərəkət etmiş olardı. Bəlkə də Rusiya yox idi. Putin hakimiyyətə gəldikdən dərhal sonra Şərqin qiqantları ilə, Çin, Hindistan, İran, Yaponiya ilə münasibətləri səhmana salıb onları özünün geopolitik tərəfdaşına çevirməsi təsadüfi deyildi. Qərbin Şərqə qarşı məkrli planlarına qarşı yalnız Şərqlə əməkdaşlıq şəklində çıxmaq olardı. Bu, artıq Rusiyanın müstəqilliyinin nümayişi idi. Rusiya Hindistan və İranla hərbi-strateji tərəfdaşlıq müqavilələri imzalamaq və bu müqavilələri həyata keçirməklə birbaşa Hind Okeanına çıxış imkanına heç vaxt yaxın olmadığı qədər yaxınlaşıb.

Növbə Yaxın Şərqin idi. Yaxın Şərqlə əlaqələrin düzgün qurulması Rusiyanın neft-qaz və enerji subyektliliyinə mühüm təsir etdiyi üçün bu regiona xüsusi önəm verilməli idi. Rusiya Yaxın Şərq olmadan da artıq dünyada özünü enerji dövləti kimi bəyan edib. Lakin Yaxın Şərq dövlətləri ilə enerji razılaşması Rusiyanın OPEC-ə alternativ, yeni bir təşkilat yaratmasına gətirib çıxara bilər. Əgər belə bir təşkilat yaradılsa ABŞ-ın dünyaya öz iradəsini diqtə etmək üçün istifadə etdiyi elementlərindən biri olan enerji təminatında alternativ qütb yaranar. Bu isə dünyanın enerji təminatında tamamilə ayrı mənzərənin yaranması deməkdir. Əlbəttə ki, bu mənzərə ABŞ-ın maraqlarına cavab vermədiyi üçün Rusiyanı Yaxın Şərqə buraxmaq olmazdı. Məhz bunun üçün də Yaxın Şərqdə hərbi mövcudluğunu bərqərar etmək lazım idi. ABŞ Yaxın Şərqin dayanıqlı olmayan dövlətlərini bir-bir öz əsarətinə almaqda davam edirdi. Bu ərazilərin götürülməsi həm də ABŞ-ın başqa bir strategiyasına – “Anakondaya” uyğun idi. Yaxın Şərqin Rusiya ilə əməkdaşlıq edən, sıx ticari əlaqələri olan dövlətləri ələ keçirib təyin etdiyi marionet hakimiyyətlər vasitəsilə onların Rusiya ilə əlaqələrini kəsmək və ya ən azından pisləşdirməklə Rusiyanın iqtisadi mühasirəsini daha da möhkəmləndirmək, onu boğmaq “Anakonda”(soyuq müharibə) strategiyasının müddəalarına uyğundur. ABŞ İraqı götürən zaman Rusiyanın müdaxilə etməməsi üçün əsaslı bəhanələri var idi. Lakin Rusiya üçün “dünyanın düz vaxtında” Suriyanın ABŞ tərəfindən götürülməsi qəbuledilməz idi. Bu, ilk növbədə böyük ticarət və hərbi-strateji tərəfdaşını itirərək daha da çətin iqtisadi duruma düşmək idisə, digər tərəfdən isə ABŞ-ın dünya hegemoniyasının daha da güclənməsi, Suriyadan sonra növbənin İrana, daha sonra isə Rusiyanın özünə çatması idi. Əlbəttə ki, Rusiya ABŞ-ın bu “strategiya zəncirini” qırmalı, “Anakondanın” öldürücü ağuşundan qurtulmalı idi.
 
Suriyanı bada vermək olmazdı. Çünki Suriya getsəydi, bütün Yaxın Şərqin, o cümlədən, antiimperialist cəbhə olan şiə cəbhənin də necə deyərlər “fatihəsi verilmiş” olacaqdı. Bu isə heç cür Rusiyanın maraqlarına cavab vermirdi. ABŞ-ın Suriyada başladığı şəbəkə müharibəsi daha sonra vətəndaş müharibəsinə, terrorizmə, separatçılığa, bir sözlə neqativ nə varsa ona gətirib çıxartdı. Rusiya 4 il ərzində vəziyyəti kənardan - birbaşa hərbi müdaxilə olmadan idarə etməyə çalışdı, lakin eyni zamanda hərbi müdaxiləyə də hazırlaşdı. 2015-də, vəziyyətin ən kritik olduğu bir vaxtda özünü yetirdi. Ölkənin 80 faizi terrorçuların nəzarətində idi – daha doğrusu nəzarətsiz idi. Cəmi 20 faiz ərazi rəsmi Dəməşqin nəzarətində idi ki, həmin hissə uğrunda da qızğın döyüşlər gedirdi. Pentaqonda bugün-sabah Dəməşqin süqutunu gözləyirdilər. Lakin Putin onların arzularını gözlərində qoydu. Rusiyanın hərbi müdaxiləsi ilə vəziyyət kardinal surətdə dəyişməyə başladı.

Bundan əlavə, bu yerdə qeyd etməliyik ki, Suriyada mövcud olan silahlı qüvvələr arasında ikisi – Suriya Ərəb Respublikasının və Rusiya Federasiyasının silahlı qüvvələri legitim idi. Qalan bütün tərəflərə aid hərbi birləşmələr qanunsuz idi. Putin RF SQ-nin Suriyaya daxil olması və orada rəsmi hökumətə dəstək göstərməsinin hüquqi tərəfini də elə düşünmüşdü ki, ora daxil olmaqla ABŞ-ı dəliyə döndərəcəyini, sonuncunun isə hər cür vasitədən istifadə edərək, o cümlədən, beynəlxalq hüququ pozmaq bəhanəsilə sanksiyalar verəcəyini də qabaqcadan hesablamışdı. Ona görə də formal hüquqi prosedura belə elə dəqiqliklə əməl etdi ki, heç kəsə bəhanə verməsin.

Hazırda Suriyadakı hərbi əməliyyat şəraiti Suriya-Rusiya-İran maraqlarına cavab verir. ABŞ-ın maraqlarına isə ziddir. ABŞ-ın Yaxın Şərq planları alt-üst olub desək yanılmarıq. Bir qədər əvvəl bəhs etdiyimiz ABŞ-ın “strategiya zənciri” qırıldı. ABŞ nəinki Suriyanı götürə bilmədi, hətta özünün geopolitik rəqibinə bu ölkədə tam qanuni hərbi mövcudluğunu bərqərar etməyə imkan verdi. Suriya kompaniyası Rusiyaya nə verdi sualına bir neçə kəlmə ilə cavab versək deyə bilərik ki,
Rusiya heç vaxt olmadığı yerlərdə hərbi bazalar qurdu;
Strateji aviasiyasını həmin bazalara yerləşdirdi;
Suriyadakı bazalarından(əslində demək olar ki, bütün ölkə onun bazasına çevrilib) aralıq dənizinə, Afrikanın bir hissəsinə, Hind okeanı hövzəsinin bir hissəsinə nəzarət imkanı əldə edti;
Regionda hərbi patrul fəaliyyətini həyata keçirmək imkanı əldə etdi;
Bütün yeni hərbi texnoloji yeniliklərini real döyüş şəraitində sınaqdan keçirtdi;
Xəzərdən Suriyadakı quldur bazalarını vurmaqla necə böyük hərbi qüdrətə malik bir ölkə olduğunu bütün dünyaya nümayiş etdirdi;
Suriya kimi vacib ölkənin Rusiyaya nəinki loyallığını, hətta müttəfiqliyini qazandı;
Suriyada İranla indiyə qədər görülməmiş dərəcədə sıx qarşılıqlı fəaliyyət göstərməklə iki ölkə arasındakı münasibətləri heç vaxt olmadığı qədər yüksək səviyyəyə qaldırdı;
Suriyadakı antiimperialist şiə müqavimət cəbhəsinin məğlub olmasına imkan verməməklə şiə cəbhəsinin bütün regionda qüvvətlənməsinə, o cümlədən, İranın mövqeyinin güclənməsinə səbəb oldu;
Mənəvi baxımdan isə islam, əsasən də şiə dünyasının hədsiz rəğbətini qazandı(İraqlı şiələrin bir hissəsi Putinə Əbu Əli deyirlər);

Və təbii ki, bütün bunların fonunda ABŞ-ın növbəti fiaskosunu bütün dünyaya nümayiş etdirdi. ABŞ-a göstərdi ki, ruslar artıq onların məkrli strategiyalrına qarşı qoymağa həm hərbi gücləri, həm ağılları, həm də düşünülmüş strategiyaları var.

Rusiya nəinki ABŞ-ın Yaxın Şərqlə bağlı planlarını pozdu, üstəlik ora dair öz planını həyata keçirməklə məşğuldur. Ağlına da gəlmədiyi bir fürsətin – Suriyada hərbi bazalarının qurulmasının – Rusiya üçün öz planlarını həyata keçirməkdə misilsiz əhəmiyyəti vardır. Ruslar buradan ABŞ-ın Yaxın Şərqdəki neft-qaz yataqlarına nəzarət etmək cəhdlərinə birbaşa müdaxilə etmək imkanı əldə etdilər. Artıq ən azından Suriya Neft yataqları Amerikanın nəzarətində olmayacağı gün kimi aydındır. İşid kimi bir terrorçu qruplaşmanın belini qırmaqda bu hərbi bazaların böyük əhəmiyyəti var. Nəzərə alsaq ki, İŞİD Amerikan "Anakonda" və "Şəbəkə müharibəsi" strategiyalarının məhsuludur, bu qruplaşmaya ağır zərbə endirən Rusiya həm regionu böyük bəladan xilas etmiş oldu, həm də amerikanları öz strategiyalarını yenidən nəzərdən keçirib dəyişikliklər etməyə vadar etdi. Artıq bu dəyişikliklər Rusiyanı regiondan çıxarmaq uğrunda deyil, özünün hazırda əlində olan imkanları və resursları qoruyub saxlamaq uğrunda edilən dəyişikliklərdir. Suriyadakı bazalar durduqca Rusiyanın qüdrəti günü-gündən artmağa, Amerikanınki isə azalmağa doğru gedəcək.

Suriya kampaniyasının daha bir əhəmiyyəti ondan ibarət idi ki, Rusiyanın şiə dünyası, xüsusilə də bu dünyanın avanqardı İran İslam Respublikası ilə münasibətlərinin o qədər yaxınlaşmasına gətirib çıxartdı ki, Rusiya üçün vacibdən də vacib olan Hind Okeanına İran vasitəsilə birbaşa çıxış əldə etməsinə heç vaxt olmadığı qədər real şans yaranıb.

Bütün bunları götür-qoy etdikdən sonra Rusiyanın Yaxın Şərqdə tələyə düşdüyünü iddia etmək, ən azından korafəhmlikdir.

Ukrayna məsələsinə gəldikdə isə, burada məsələ bir az başqa cürdür. Əslində prinsipcə Suriya və Ukrayna eyni tip məsələlərdir - ABŞ-ın “Anakonda” strategiyasının müxtəlif epizodlarıdır. Lakin Ukrayna bir az fərqli xüsusiyyətlərə malik olan cəbhədir. Əvvəla, coğrafi, mədəni və digər məsələlər baxımından Ukrayna Suriyadan çox fərqli xüsusiyyətlərə malikdir. Ukrayna elə Rusiyanın özüdür. Ukrayna həmişə rus dünyasının, Rusiya dövlətlərinin bir parçası olmuşdur. Ukraynanın əhali, iqtisadi, coğrafi və s. potensialı Rusiyanın geopolitik rəqibinin əlinə keçsə Rusiya fövqəldövlət statusu əldə edə bilməyəcək desək yanılmarıq. Məhz bunu nəzərə alan qərb strateqlərinin öndəgedənlərindən olan Bzejinski öz  yaradıcılığında bu məsələyə xüsusi yer ayrılıb. Bjezinski Ukrayna və onun Rusiya ilə münasibətləri haqqında yazır ki, “Ukrayna Avrasiya şahmat taxtasının üzərindəki yeni və vacib məkandır ki, geopolitik mərkəz rolunu oynayır, çünki onun müstəqil bir dövlət kimi mövcudluğu Rusiyanın dağıdılmasına kömək edir”.

Amerikanların yalnız onlara fayda verən şeylərlə maraqlandığını nəzərə alsaq, başa düşməliyik ki, burda yenə də əsas məsələ Rusiyanın dağıdılmasıdır – amerikanlar buna bütün 20-ci əsr boyunca çalışıblar. Və Ukrayna bu dağıntıda uyğun alətə çevrilməkdən başqa əhəmiyyətə malik deyildir.

“Rusiya Ukraynasız Avrasiya imperiyası ola bilməz” – əsas vurğu məhz budur. Bjezinskinin bu sözləri Amerikanın Ukraynaya hədsiz marağının, o cümlədən son illərdə amerikanların Ukrayna siyasətinə qoyduqları maliyyə vəsaitlərinin və səylərinin səbəbini izah edir. Rusiya bir Avrasiya imperiyası kimi Amerika üçün dəhşətli yuxudur. Ona görə də Amerika ötən əsr boyu bütün gücünü Avrasiya məkanının parçalanmasına, Rusiyanın yenidən güclənməsinin və imperiyaya çevrilməsinin qarşısını almağa yönəldib. Amerikanlar bu məqsədə çatmaq üçün hər vasitəni işə salıblar.
Bjezinski hələ 1990-cı illərin əvvəllərində yazdığı “Böyük Şahmat Taxtası” kitabında amerikan elitasını ehtiyatlı olmağa səsləyirdi: “Əgər Moskva 52 milyonluq əhalisi və böyük resursları olan Ukrayna üzərində nəzarəti qaytarsa və Qara dənizə çıxış əldə etsə, onda Rusiya avtomatik olaraq Avropa və Asiyaya yayılan güclü bir imperiya dövlətinə çevrilmək imkanı əldə edir”- deyə Bzejinski yazır.

Bu nə deməkdir? Belə çıxır ki, bu qədər vaxtı dünya ağalığı uğrunda əlləş-vuruş, sonra Rusiya yenidən güclü imperiyaya çevrilsin?! Və bu amerikanların 99,9%-nin heç adını belə bilmədiyi (hələ yerləşdiyi yeri demirik!) hansısa Ukraynanın hesabına baş versin? Məlum məsələdir ki, Ukraynanı Rusiyadan, Rusiyanı da Ukraynadan ayırmaqdan ötrü amerikan agentləri, casusları, diplomatları və onların Ukraynada əlbir olduqları şəxslər dəridən-qabıqdan çıxmağa, bütün xalqı belə qırğına verməyə hazırdırlar və Ukraynada müharibəyə qədər əl atıblar. Ukraynalıların və rusların çoxəsrlik birgəyaşayış tarixini silmək, ümumi köklərini, dillərini, inamlarını aradan aparmaq istəyirlər ki, Amerikanın dünya ağalığı yolundakı bütün maneələri götürsünlər. Odur ki necə deyərlər, şəxsi heç nə yoxdur, sırf geopolitikadır.

Ukraynada Amerikanın geopolitik ekspansiyası həyata keçirilir. Bu, məhz Rusiyaya edilən hücumdur ki, bu hücumda Ukrayna yalnız plasdarm, məsrəf materialı, mübadilə predmeti rolunu oynayır. Amerikanın guya Ukrayna dövlətinin, xalqının taleyi barədə düşünməsi kimi fikirlər sadəcə illüziya, əhalinin özünü aldatması və elitanın bilərəkdən onu dolaması deməkdir. Amerika heç vaxt ayaqları altında əzilib ölənlərə fikir verməmişdir.
Ukraynanın alınmayan postsovet dövlətçiliyi probleminin yeganə həll yolu onun hissələrə bölünməsidir. Ukrayna 4 yerə parçalanmalıdır. Və əminəm ki, bu belə də olacaq. Çünki başqa çıxış yolu görünmür.

Əhalisi pravoslav ruslardan ibarət olan şərq vilayətləri – bu ərazilər heç bir ağrılı proses olmadan Rusiyanın tərkibinə daxil ola bilərlər. Hazırda hakimiyyətdə olan Amerika dəstəkli rejim şərq regionlarının ayrılmaması üçün müharibəyə belə getsə də şərq zonasının bir hissəsi artıq mərkəzdən qopub. Faktiki olaraq Donets və Luqansk Xalq Respublikaları yaranıb və 2014-cü ildən funksiyalarını həyata keçirir. Mərkəzin nəzarətində qalan digər şərq regionlarının ayrılması isə vaxt məsələsidir.

Əhalisi katolik yunanlardan ibarət olan qərb vilayətləri Lvov, İvano-Frankovsk, Qaliçiya əyalətləri yatıb yuxuda da özlərini Avropada və NATO-da görürlər və ora sakitcə yollana bilərlər. Qeyd edək ki, qərb vilayətləri elə tarixən, İkinci Dünya Müharibəsinin sonuna kimi Avropaya aid idilər və 1921-ci ildə “Stalin xətti” ilə Ukraynanın digər ərazilərindən ayrılır.

Etnik və mədəni cəhətdən oturuşmuş əsl Ukrayna – “Stalin xətti” ilə Dnepr çayı arasında qalan ərazilərdir. 
Krım isə tatarların və rusların yaşadığı, öz ayrıca tarixi yolu olan ərazidir. Artıq Krım öz seçimini edib. Rusiya Federasiyasının tərkib hissəsi kimi öz təhlükəsizliyini təmin edib.

Belə bir bölünmə sxemi hamı üçün sərfəlidir. Rusiya ucqar şərq vilayətlərini götürür, qərblilər Rusiyadan tam müstəqillik alırlar və Avropaya inteqrasiya edirlər. Krım öz xalqının iradəsindən asılı olaraq öz müqəddəratını özü həll edir(artıq baş tutub). Qalan Ukrayna – “Stalin xəttindən” Dneprə qədər olan hissə isə nəhayət Qərblə Şərq arasında haça-paça olmaqdan qurtulub özünə normal, harmonik ukrain dövlətçiliyi qurmaq imkanı əldə edir.
 
Qısası, Ukraynda hərbi əməliyyatların başlama ehtimalının yüksəlməsi, vəziyyətin gərginləşməsinin Suriyaya aidiyyatı yoxdur. Suriya cənub cəbhəsidirsə, Ukrayna da qərb cəbhəsidir. Hər iki geopolitik cəbhədə vəziyyət gərgin olsa da artıq cənub cəbhəsində Rusiyanın qələbəsinə heç bir şübhə qalmayıb. Rusiyanın Suriyadakı Qərb interventorlarının tabutunu okeanın o tayına göndərməsinə az qalıb. Ukraynada isə qızğın geopolitik döyüş gedir. Bu döyüşdə Rusiya əsaslı dönüş etməyə nail olsa da qələbədəyə hələ çox var. Lakin şəxsən mən əminəm ki, Rusiya Avrasiya geopolitik strategiyasına uyğun olaraq son 20 ildə atdığı addımlar kimi Ukraynada bundan sonra atacağı addımlar onun qələbəsini təmin edəcək.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)