Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Analitika
14:39, 28 dekabr 2021
527
0

Rusiya Türk Birliyinə, Azərbaycan Avrasiya Birliyinə girəcək?


Rusiyanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) Ermənistandan çox Azərbaycanı görmək istəməsi elementar istiqadi məntiqdir.

Bu sözləri Axar.az-a müsahibəsində tanınmış rusiyalı iqtisadçı Aleksandr Razuvayev Ermənistanın Baş naziri Nikol Paşinyanın bütün regionda Zəngəzur dəhlizinə ehtiyac olması ilə bağlı sözlərini şərh edərkən deyib.

“Azərbaycanın iqtisadiyyatı Ermənistanın iqtisadiyyatından qat-qat böyükdür. Və təbii ki, Hindistan və İranla ticarətdə malların tranziti faktoru da var. Astana Azərbaycanın Aİİ-yə daxil olmasını həmişə dəstəkləyib. Avrasiya İttifaqının özü Qazaxıstanın ilk prezidenti cənab Nazarbayevin ideyasıdır. O, bunu çoxdan - 1994-cü ildə Moskva Dövlət Universitetində məşhur mühazirəsi zamanı səsləndirib. Düşünürəm ki, Rusiya və Qazaxıstan Azərbaycanın müşahidəçi statusu məsələsində Ermənistanı sıxışdıracaq. Ermənistan təbii ki, bütün qonşularla münasibətlərin normallaşmasından faydalanır. Buna onların başındakı intiqam düşüncələri mane olur, çünki mən ABŞ və Avropa Birliyindəki erməni diasporunun mövqeyini başa düşürəm. Fikrimcə, Rusiyanın Türk Dövlətləri Təşkilatına daxil olması düzgün olardı. Azərbaycan və Türkiyə isə Aİİ-də olardı. Bu ssenari Özbəkistan üçün də faydalı olar, çünki Moskva və Ankara ilə hərbi əməkdaşlığı gücləndirməyə, satış bazarını Türkiyə və Azərbaycan hesabına genişləndirməyə imkan verəcək. Rusların və türklərin bölüşəcək heç bir şeyi yoxdur. Ayrı-ayrılıqda isə Qərbə və Çinə müqavimət göstərmək çətin olacaq”, - həmsöhbətimiz qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistan ərazisindən keçməklə Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılmasını planlaşdırır:

“Orada avtomobil və dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Çox yaxşı fikirdir. Bu, Türkiyəni Naxçıvan, Azərbaycan və Xəzər dənizinin o tayında Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək. Noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin və Paşinyanla üçtərəfli görüşündə regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması mövzusu müzakirə olunub. Yenə deyirəm, Ermənistan iqtisadiyyatı acınacaqlı vəziyyətdədir və qonşuları ilə münasibətlərin normallaşması, ticarət yollarının açılması onun üçün böyük bir üstünlük olacaq. Bunsuz Ermənistan sadəcə olaraq yaşaya bilməz”.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)