Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Analitika
20:10, 16 dekabr 2021
489
0

Regionun ekspertləri Zəngəzur koridorunu müzakirə etdilər


14 dekabr 2021-ci ildə «Кавказ — Евразия» ekspertlər klubunun onlayn konfransı keçirilmişdir. Tədbirdə Azərbaycan, Ermənistan, İran, Türkiyə və Rusiyadan olan ekspertlər iştirak etmişlər. Müzakirənin əsas mövzusu “Sünik-Zəngəzur koridoru – regionun bütün nəqliyyat əlaqələri açılsın ya açılmasın?” olmuşdur. Bu barədə geniş redaksiya məqaləsini Rusiya Federasiyasının Federal Xəbər Agentliyinin https://riafan.ru saytı dərc etmişdir. 

Müzakirə edənlər aşağıdakı mövzulara toxunmuşdur: Sünik-Zəngəzur koridorunun mahiyyəti və təhlükəsizliyin təmin edilməsində Rusiyanın rolu; Sünik-Zəngəzur koridorunun avrasiya inteqrasiya layihələri üçün əhəmiyyəti; Tərəflərin Sünik-Zəngəzur koridorunun reallaşdırılmasında iqtisadi maraqları; Azərbaycan – Ermənistan iqtisadi əlaqələrinin bərpası, həm də koridorun digər tərəfi – xərclər və təhlükələr.

Konfransı Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, “İzbor” klubunun daimi üzvü Valeri Korovin açıq elan etmiş və aparmışdır.
Giriş sözü ilə Beynəlxalq Avrasiya Hərəkatının Analitika Şöbəsinin rəhbəri Vladimir Kiryeyev çıxış etmişdir. Məruzəçi çıxışında problemin tarixçəsinə toxunmuş, onun yaranmasına səbəb kimi hələ Sovet rəhbərliyi tərəfindən buraxılmış səhvləri göstərmişdir. Ekspertin fikrincə, nəqliyyat xəttlərinin açılması və inkişaf etdirilməsi hər bir tərəfin xeyrinədir. O həm də qeyd etmişdir ki, koridorun beynəlxalq statusu müəyyənləşməli, onun təhlükəsizliyini isə Azərbaycan-Ermənistan münaqişəsində tərəf olmayan güc təmin etməlidir.

“Nəqliyyat yollarının və infrastrukturunun təhlükəsizliyini yalnız hər iki tərəfin etibar etdiyi Rusiya həyata keçirə bilər. Regionda bəzi oyunçuların, xüsusilə də Türkiyənin təsirinin artması son zamanlar əldə edilən çox kövrək bir balansı poza bilər”
«Кавказ — Евразия» ekspertlər qrupunun koordinatoru, politoloq Nəzakət Məmmədova təəssüf hissi ilə qeyd etmişdir ki, münaqişənin həll edilməsində ən böyük problem proses iştirakçıları arasında olan fikir ayrılıqlarıdır.

“Hazırda baş verənlər 100 il əvvəl Cənubi Qafqazda baş verən hadisələri xatırladır. Hər şeydən əvvəl bu sivilizasiyaların qarşıdurmasıdır. Xüsusilə Ermənistanda rusiyayönlü və qərbyönlü qüvvələrin mübarizəsi gedir. Belə bir şəraitdə Zəngəzur koridorunun Rusiyanın nəzarəti altında açılması və  rus sərhədçilərinin nəzarəti altında fəaliyyət göstərməsi nəqliyyat əlaqələrinin təhlükəsizliyini təmin etmiş olardı”.

Ekspertin fikrinə görə, koridorun açılması ilk növbədə Azərbaycanın maraqlarına cavab verir. Bununla Azərbaycanın əsas hissəsi ilə NMR arasında birbaşa əlaqə yaranacaq və nəhayət bölgədə gərginliyin azalmasına, sülh və sabitliyin bərqərar olmasına səbəb olacaq.

Məmmədovanın fikrinə görə, Rusiya münaqişədə stabilizator rolunu oynayır və Zəngəzur koridorunun məhz Rusiya sülhməramlılarının nəzarəti altında fəaliyyət göstərməsi nəinki regional, hətta beynəlxalq iqtisadi əməkdaşlığın genişlənməsinə imkan yaradacaq.

Valeri Korovin növbəti məruzəçiyə söz verərkən tarix boyu regionda vəziyyəti gərginləşdirməyə cəhd edən qüvvələrin proseslərdən kənarlaşdırılmasının vacibliyini vurğuladı.

“Əvvəllər bu, anqlosaks dünyası, Britaniya idi. İndi isə ABŞ və onun müttəfiqləridir. Qərb dövlətlərinin istənilən formada iştirakı prosesin əsas iştirakçılarının maraqlarına ziddir. O cümlədən NATO, hansı ki, Türkiyə də onun üzvüdür, regionda əsas qeyri-stabillik faktoru olmaqdadır” – deyə o qeyd edib.

Bununla yanaşı, Korovin bildirmişdir ki, Rusiya təbii olaraq stabilləşdirici faktor kimi çıxış edir. Çünki o, qulağının dibində münaqişənin qızışmasında maraqlı deyil.

«Армения — Иран» etnolayihəsnin rəhbəri, müstəqil politoloq Arsen Qevoryan diqqəti Zəngəzur koridorunun formulirovkasını dəqiqləşdirməyə yönəltmək lazım olduğunu bildirmişdir. Onun fikrinə görə “koridor” terminini burada işlətmək doğru deyil. Çünki bu termin özündə hərbi-siyasi mənanı ifadə edir.

İnnovativ İnkişaf İnstitutunun Geopolitik Tədqiqatlar Mərkəzinin direktoru Dmitri Radionov hesab edir ki, Sünik-Zəngəzur koridoruna görə hələ çox görüşüləcək, danışılacaq, mübahisə ediləcəkdir. Ona görə ki, tərəflər 09.11.2020-ci il tarixli üçtərəfli razılaşmanın hədəflərinə çatmaq üçün tam mənasında hərəkət etməyə hazır deyillər.

“İndiyədək heç bir tərəf bunun konkret olaraq nədən ibarət olması barədə konkret bir şey təqdim etməyib. Biz koridor haqqında danışanda avtomatik olaraq Mehridən keçməklə İran sərhədi boyu keçəcək bir yolu nəzərdə tuturuq. Lakin razılaşmada bu barədə heç bir şey yoxdur. Orda yalnız kommunikasiyaların açılmasından söhbət gedir. Bu nüansı dəqiqləşdirmək lazımdır. Çünki başqa variantlar da ola bilər. Kim deyib ki, həmin yol məhz İranla sərhədboyu ərazi ilə keçməlidir?”

Rodionov dəmir yolları haqqında danışarkən bildirib ki, sovet dövründə mövcud olmuş vağzallar nəinki pis gündədir, onlar hətta sökülüb aparılmışdır.

“Kim, hansı pulla bu vağzalları bərpa edəcək? Əgər bunu Ermənistan edəcəksə, hansı pulla edəcək? Əgər Azərbaycan və Türkiyə edəcəksə, onlar hansı hüquqi əsaslarla digər dövlətin ərazisində tikinti işləri aparacaqlar? Bunun üçün beynəlxalq müqavilə lazımdır”- deyərək Radionov əminliyini ifadə etmişdir.

Filologiya elmlər namizədi, politoloq, Rusiya Xalqlar Dostluğu İnstitutunun baş müəllimi Anar Həsənov xatırlatdı ki, nəqliyyat koridorlarının açılması ideyası üç prezidentin – Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin ideyasıdır və prezidentlərin bu ideyasını şübhə altına almaq etik deyil.

Bununla yanaşı, məruzəçi bildirdi ki, Azərbaycanın və Türkiyənin Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına üzv olması vaxt məsələsidir.

“Avrasiya Birliyinə üzvlük məsələsini ölkədəki müxtəllif siyasi və ictimai qruplar və dəstəkləyir”- deyə Həsənov bildirib.

Politoloq, Qafqazşünaslar Birliyinin kavkazoved.info saytının redaktoru Andrey Areşev qeyd edib ki, Cənubi Qafqaz haqqında müzakirələrdə həmişə emosional çıxışlar müşahidə olunur.

“Bu onunla əlaqədardır ki, danışıqlar hələ də bitməyib. Üçtərəfli hökumətlərarası komissiyanın işi barədə isə bir-birinə zidd olan xəbərlər yayılmaqdadır” – o, bildirib. 

Areşev Azərbaycan prezidentinin çıxışlarına diqqət yönəldərək bildirib ki, o, qalib kimi danışır.

“Bu məntiqlidir, lakin mənim fikrimə görə, danışıqlar prosesi ona görədir ki, tərəflər qarşılıqlı faydalı, qəbuledilən, güzəştli həllərə nail ola bilsinlər”- deyə mütəxəssis bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Rus Məktəbinin dekan müavini, tarix elmləri namizədi Anar Eyyubov öz növbəsində xatırlatdı ki, Azərbaycan və Ermənistan Sovet dövründə effektiv qarşılıqlı əməkdaşlıq etmiş, əhəmiyyətli dərəcədə iqtisadi nailiyyətlər əldə edə bilmişdilər.

“İstənilən koridor, nəqliyyat xətti hər iki xalqın, həm də qonşu dövlətlərin varlanmasına səbəb olacaq. Hər bir ölkədə müxtəlif güclər vardır, lakin inkar etmək olmaz ki, Avrasiya inteqrasiyası hər bir tərəf üçün müsbət rol oynayacaq. Lakin bunun üçün ittifaqa daxil olmalı, ən nəhayət sərhədləri dəqiqləşdirmək lazımdır. Bəsdir 18-ci əsrdə və ya eramızdan əvvəl nələrin baş verdiyini müzakirə etdik! Bu problemlərin yükünü üzərimizdən atdıqdan, bir-birimizə etibar etdikdən sonra bunun iqtisadi effektini görəcəyik” – deyə çıxışına davam etdi.

İranın “Vasti Press” xəbər saytının baş redaktoru, analitik Pərviz Neməti qeyd edib ki, hər bir tərəf məsələyə öz rakursundan yanaşır. Bu da problemin əsas kökünü təşkil edir. Bununla yanaşı məruzəçi yolların açılması perspektivini müsbət qiymətləndirdi.

“Hamı başa düşür ki, bu gün bu nə qədər faydalıdır. Bu gələcək iqtisadiyyat deməkdir! İran üçün hələ sovet dövrlərində işlək olan Moskvadan Tehrana yük və sərnişin daşıyan dəmir yolu çox vacibdir. Bu, iqtisadiyyat üçün çox vacibdir və yüklərin və sərnişinlərin çatdırılması üçün yaxşı yoldur” – deyə Neməti əlavə edib.

Məruzəçinin fikrincə, iqtisadi layihələrə hərbi-siyasi əlamətlər vermək lazım deyil. O, “Rusiya və İran həmişəki kimi təhlükəsizliyin qarantı olaraq” nəqliyyat layihələrini və infrastrukturlarının yalnız mülki məqsədlər üçün istifadə edilməsini nəzərdə tutan razılaşma əldə edilməsinə çağırışlar etməlidir" - fikrini xüsusi vurğuladı.

Türkiyəli politoloq və ekspert Mehmet Perinçek öz çıxışında Qərbin regiondakı roluna diqqət yönəltdi.

“Əgər biz Qərb faktorunu zərərsizləşdirə bilsək, onda regionda bir çox problemləri, o cümlədən sosial-iqtisadi problemləri həll edə bilərik.Regionun qeyri-stabil vəziyyətdə olması yalnız Qərbin marağındadır. Türkiyə və Rusiya, Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşması Qərbin suveren dövlətlərin işlərinə qarışmasına maneədir və bu, onları heç cür qane edə bilməz. Məhz buna görə də nəqliyyat əlaqələrinin açılması və regional inteqrasiyaya dəstək verilməsi son dərəcədə vacibdir” – deyə Perinçek bildirib.

Konfransa yekun vuran Valeri Korovin sonuncu məruzəçinin söylədikləri ilə razı olduğunu, regionda rifahın yalnız burada qərb qüvvələrinin olmadığı zaman mümkün olduğunu bildirmişdir.

Bundan başqa, GEM-in direktoru Ermənistandan olan məruzəçinin Sünik-Zəngəzur koridorunun açılması ilə regionda Türkiyə və Azərbaycanın təsirinin güclənməsi ilə bağlı narahatlıqlarını aradan qaldırdı.

Ekspertin fikrincə, bütün nəqliyyat koridorlarının, bütün yolların açılması bütün oyunçuları gücləndirəcək. O cümlədən, sülh yaradan ölkə kimi Rusiyanı, həmçinin İranı və Ermənistanı.

“Ermənistan nəqliyyat şəbəkələrinin açılması hesabına özünün iqtisadi çəkisini artıracaq. Ona görə ki, nəqliyyat yollarının açılması Ermənistan üçün ilk  növbədə Rusiya ilə ticarətin intensivləşməsinə gətirib çıxaracaq. Ermənistan Rusiya bazarlarına, ordan da digər bazarlara, o cümlədən Avropa bazarlarına çıxış əldə edəcək” – deyə Korovin vurğuladı.

Eyni zamanda, Korovinin fikrincə, Azərbaycan da regiondakı iqtisadi çəkisini artıra bilər. Bu, Avrasiya İtisadi İttifaqının üzvləri olan ölkələrlə ticarətin intensivləşməsinə gətirib çıxaracaq.

“Bax onda həqiqətən də regionun bütün qruplarından olan ölkələrin ticarət əlaqələrinin və iqtisadi-ticari fəaliyyətinin intensivləşdirilməsindən söhbət gedə bilər” – deyə Korovin əminliyini ifadə edib.

Konfrans Zoom platformasında keçirilmiş və Youtube video servis saytında canlı yayımlanmışdır.

Konfransın tam videoyazısı aşağıdakı keçiddə:


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)