Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Azərbaycan / Siyasət-Analitika / Publisistika
11:23, 28 dekabr 2021
501
0

Qarabağın gələcəyinə futuroloji baxış - Anar Həsənov


9 Noyabr Bəyanatının bəndləri ilə tanış olduğum gündən demişdim ki, Qarabağda Azərbaycanın suverenliyi bərpa ediləcək. BMT və ATƏT in Minsk Qrupunun Qarabağa müstəqillik vermək üçün əsası yoxdur. Yuqoslaviya ssenarisinin Azərbaycana münasibətdə təkrarlanma ehtimalı sıfırdır, çünki BMTdə Azərbaycan etnik təmizləmə aparan, soyqırım törədən dövlət kimi müzakirə edilmir. Deməli ki, Qarabağda Kosovo kartından istifadə edə bilmədilər. Qərbin İraq, Yuqoslaviya variantları Azərbaycana qarşı tətbiq edilməyəcək. Həm də ona görə ki, strateji müttəfiq Rusiya 90 cı illərin zəif dövləti deyil ki,  Səudiyyədən aldığı pulun müqabilində “Körfəz müharibəsinə” təkcə “Jirinovskini göndərsin”, nə də ölücan Yeltsinin rəhbərlik etdiyi dövlətdir ki, Belqradın məhvinə göz yaşları ilə tamaşa eləsin.

Qarabağda Azərbaycan suverenliyinin bərpası üçün ilk növbədə erməni yaraqlılarından ibarət qanunsuz birləşmələr ləğv ediləcək,  sonra Xocalı və Əsgəran qəsəbələrinə, Kəlbəcər, Şuşa və Tərtər rayonlarının işğalda olan kəndlərinə ordan qovulan azərbaycanlılar qaytarılacaq. Asayişi qorumaq üçün sülhməramlı kontingentin sayı artırıla bilər. Qayıdış prosesinə start ən azı 5 ildən sonra veriləcək. Əvvəlcə 7 rayon məskunlaşacaq,  sonra Xocavənd, Tərtər rayonları, Şuşa şəhəri və daha sonra növbə yuxarıda qeyd etdiyim yaşayış məntəqələrinə çatacaq. Deməliyəm ki, Qərb bu məsələdə heç bir maneə yarada bilməz ki, bu onun multikulturalizm ideologiyasına ziddir. Rusiya da köçkünlərin qayıdışına maneə deyil, çünki birgə yaşayış Rusiyanln maraqlarına zidd deyil.

Qarabağın ərazisi tam məskunlaşdırıldıqdan sonra statusla bağlı referendum keçiriləcək. Bu mərhələdə Azərbaycan diktə ilə qarşılaşacaq və Bakı münaqişənin dondurulmaması üçün  referendumla razılaşacaq. Referendum bu suallar üzrə keçiriləcək: Qarabağ, muxtar vilayət statusu bərpa edilməklə Azərbaycanın tərkibində qalsın yoxsa müstəqil dövlət olsun. Qarabağa Azərbaycanın tərkibində qalmaqla rayon statusu verilsin versiyasının referendumda yer alacağına az ümidliyəm.

Qarabağ gündəminin SSRİ və onun fəsadı olan DQMV narrativləri üzərində qurulması düşünməyə əsas verir ki,  ATƏT in hədəfi Qarabağın muxtar vilayət statusunu bərpa etməkdir. Nəticə etibarilə Azərbaycan suverenliyini, Rusiya Azərbaycanda hərbi bazasını, ermənilər də əvvəlki hüquqlarını bərpa etmiş olacaq. Bu isə 7 iyul 1923 cü ilə qayıdış deməkdir.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)