Flaş / Gündəm / Azərbaycan / Siyasət-Analitika / Publisistika
10:16, 23 dekabr 2021
515
0

Əli Kərimli və dəstəsinin məqsədi atlantistlərin könlünü oxşamaqla siyasətdə qalmaqdır

Nadir Qocabəyli
Əli Kərimli və onun milsiz şurası Rusiyanın NATO və ABŞ-a "Regional təhlükəsizliyə dair yeni razılaşma" sənədi təqdim etməsini Azərbaycanın dövlət müstəqilliyinə təhdid kimi qiymətləndirib.

Rusiya təklif edib ki, NATO və ABŞ Ukraynada, Qafqazda və Mərkəzi Asiyada özünün bütün hərbi fəaliyyətlərini dayandırmalı, keçmişdə Sovet respublikaları olmuş hazırkı müstəqil dövlətlərin NATO-ya üzv qəbul edilməyəcəyinə hüquqi təminat verməlidir.

Yəni bir az sadələşdirsək, Rusiya ABŞ və NATO bazalarının onu mühasirəyə almasını istəmir. Tam təbii və haqlı tələbdir. Bu bizim də maraqlarımıza uyğundur. Çünki ehtimal olunan ABŞ-Rusiya qarşıdurmasında bizdən plasdarm kimi istifadə olunması sabitliyə və təhlükəsizliyimizə böyük təhdiddir.

Amma Əli Kərimli və onun milsizləri deyir ki, guya bu BMT-nin əsas prinsiplərindən olan "xalqların öz müqəddəratını təyin etmə" prinspinə, Helsinki yekun aktının "dövlətlərin suverenliyinin toxunulmazlığına dair" prinspinə və bütövlükdə beynəlxalq hüququn əsas prinsiplərinə ziddir.

Əli Kərimli və dəstəsi bu cür formal, əslində isə böyük dövlətlərin iradəsi ilə tənzimlənən, birbaşa geosiyasi güc faktorundan asılı olan məsələləri ortaya atmaqla növbəti dəfə manipulyasiya və demoqogiya ilə məşğul olur, geopolitik reallıqları, Azərbaycan dövlətinin və xalqının maraqlarını nəzərə almır, ölkəmizin ABŞ-Rusiya savaşı meydanına çevrilməsinə tüpürmək belə istəmirlər. Onların bir məqsədi var - atlantistlərin könlünü oxşamaq, burada onların əlaltısı missiyasını davam etdirməklə siyasi səhnədə qalmaq, Azərbaycan hökümətindən donosbazlıq etməklə yaxşı faiz almaq. Vəssalam.

Rusiya bizə heç nə demir. Müstəqilliyimizə qarşı da heç bir addım atmır. Onun sözü ABŞ-a və NATO-yadır. Xahiş edir ki, buralara, sərhədlərimə gəlmə. Çünki onların məqsədinin nə olduğunu yaxşı bilir. Nəyin bizim maraqlarımıza uyğun olmasını, kimin yanında olmağı, hansı mövqeyi tutmağı seçmək isə müstəqil dövlət olaraq öz ixtiyarımızadır. Bu nə BMT-nin əsas prinsiplərinə, nə "xalqların öz müqəddəratını təyin etmə" prinspinə, nə Helsinki yekun aktının "dövlətlərin suverenliyinin toxunulmazlığına dair" prinspinə, nə də beynəlxalq hüququn əsas prinsiplərinə ziddir.

Mən də bir vətəndaş olaraq NATO-nun ölkəmə gəlməsini istəmirəm. Gəlsə, bunu müstəqil ölkə vətəndaşı olaraq hüququmun pozulması hesab edəcəyəm. Deməli, Rusiya bununla həm də mənim hüquqlarımı, yəni müstəqilliyimizi qoruyur. Biz burada rus qoşunlarının olmasını da istəmirik, ancaq bu halda regiondakı sabitliyi gərək özümüz təmin edək. Bu isə hələlik mümkün görünmür. Mümkün olan kimi, ruslar da gedəcək. Bundan ötrü gərək ermənilərlə məsələni özümüz həll edək. Buna isə, təəssüf ki, hələ hazır deyilik.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)