Flaş / Gündəm / Azərbaycan
Zəfər Günü ilə bağlı amnistiya olacaq!
Qələbənin tarixi əhəmiyyəti nəzərə alınaraq daha fərqli amnistiya aktı imzalana bilər. Onun əhatə dairəsi də geniş olmalıdır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktının qəbul olunacağı gözlənilir.
Amnistiya aktının 8 Noyabr Zəfər Günü ərəfəsində qəbul ediləcəyi bildirilir. Bu nəcib təşəbbüsün 10 mindən çox şəxsə şamil olunacağı gözlənilir. Onlardan 1500-ə yaxın məhbusun isə azadlığa çıxması mümkün olacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son aylar bu istiqamətdə geniş müzakirələr aparılır.
Ə.Nuriyev bildirib ki, son dörd amnistiya aktının hər biri Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib: "Azərbaycan yaxın günlərdə Vətən müharibəsində qələbənin ildönümünü qeyd edəcək. Bu tarixi günlə bağlı bir çox gözləntilər var. Bu gözləntilərdən biri də məhz amnistiya aktının olub-olmaması ilə bağlıdır.
Məhkumların yaxın qohumları və özləri də amnistiya aktı ilə maraqlanırlar. Çünki Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti hər zaman humanizm prinsipinə əsaslanır. 2003-ci ildən, İlham Əliyev prezidentlik fəaliyyətinə başlayandan indiyə qədər də belə sənəd imzalanıb ki, bununla 4 min şəxs cəzadan azad edilib. Müstəqillik illərindən bugünədək 12 amnistiya aktı qəbul edilib.
Nəticədə 140 minə yaxın şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilib. Belə bir möhtəşəm gün ilə bağlı amnistiya aktının gözlənilməsi təbiidir. Ötən il prezident qələbədən sonra, 2021-ci ilin mart ayında növbəti əfv sərəncamı imzalayıb. Bunun nəticəsində 500-dən çox şəxs cəzadan azad edildi və cəzaları azaldıldı.
Amnistiya aktının qəbul edilməsi ilə bağlı fikirlərin səslənməsində də bu baxımdan əsas var. Artıq müəyyən dövlət qurumlarında bu istiqamətdə fəaliyyətlər başlanılıb. Ümid edirik ki, bu məsələ də öz məntiqi sonluğuna çatacaq. Zəfər Günü münasibətilə amnistiya aktı imzalanacaq".
Ə.Nuriyev deyib ki, bu dəfə Zəfər Günü ilə əlaqədar daha fərqli amnistiya aktının imzalanması gözlənilir: "Yaxşı olardı ki, bu amnistiya aktı ilə bağlı da vətəndaş cəmiyyəti nümayəndələri ilə də müzakirələr aparılardı. Çünki bizim də bununla bağlı təşəbbüslərimiz olub. Amma əminəm ki, bunu arzulayan şəxslər kifayət qədər peşəkarlığa malikdirlər. Mənim fikrimcə, qələbənin tarixi əhəmiyyəti nəzərə alınaraq daha fərqli amnistiya aktı imzalana bilər. Amnistiya aktının əhatə dairəsi daha geniş ola bilər".
Komissiya üzvü deyir ki, indiki amnistiya aktı da yaşı 65-dən yuxarı kişilərə, 60-dan yuxarı qadınlara şamil olunacaq: "Əlbəttə ki, amnistiya aktlarına xüsusi ağır cinayətlər törətmiş şəxslər düşmürlər. Terror əməllərinə yol verənlər, vətənə xəyanət etmiş şəxslər, müharibə cinayətlərinə yol verənlər, insanlıq əleyhinə cinayət törədənlər, narkotacirlər amnistiya aktına düşmürlər. Bu kriminal durumu pisləşdirə bilər.
Düşünürəm ki, bu amnistiya aktından bəzi istisnalar olmaqla hər kəsə bir pay düşə bilər. Çünki, amnistiya aktında təkcə cinayət məsuliyyətindən azad etmə yox, cəzanın azaldılması da mümkündür. Bu həm də cəzaçəkmə müəssisələrinin idarəedilməsi prosesini də asanlaşdıra bilər. Çünki məhkumların sayının azaldılması cəzaçəkmə müəssisələrində idarəetməyə təsir göstərir və islah meyillərini gücləndirir. Nəticədə məhkum olunmuş şəxslərdə amnistiya hər zaman bir motivasiya yaradır, onları pis əməllərdən çəkindirir".
Fond rəhbəri onu da qeyd edib ki, amnistiya aktında pandemiya dövrü ilə bağlı cərimə sanksiyalarının ödənilməsi məsələsi də yer ala bilər.
Xatırladaq ki, ölkədə sonuncu dəfə amnistiya aktı 2016-cı ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
Qeyri-mümkün missiya? Türkiyənin Əfqanıstan “həmləsi”: Risklər, gözləntilər, üstünlüklər və əngəllər
Düzünü demək vaxtıdır. Ramzan Kadırov Botlix hadisələri və imam Şamil haqqında
AZƏRBAYCANA OSMANLI TƏCAVÜZÜ