Flaş / Dünya / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
14:22, 22 iyul 2021
560
0

Cəmil Şirvanov: Almaniya Ukraynanın NATO-ya gedən yolunu kəsməyə məcburdur


Axır ki Almaniya tərəfi Ukraynanın nə vaxt NATO-ya daxil olacağı barədə fikrini rəsmi şəkildə bildirib.

Almaniyanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Anka Feldhuzen bildirib ki, bu elə də tez baş verməyəcək. Çünki Donbasda vəziyyət hələ də gərgindir, Şimali atlantika alyansı isə Rusiya ilə açıq konfrontasiyaya girmək istəmir.

"Alyans ərazisində hərbi konflikt olan dövlətlərlə bağlı həmişə problem yaşayıb. Çünki NATO-nun üstünlüklərindən biri də Vaşinqton müqaviləsinin 5-ci maddəsidir. Və hər kəs Rusiya ilə birbaşa müharibəyə girməyə qorxur" - Feldhuzen qeyd edib.

Ukraynanın NATO-ya üzvlük məsələsinin 1997-ci ildən gündəm olduğunu nəzərə alsaq görərik ki, Alyans Ukraynanı öz sıralarına qəbul etməyə tələsmir.

İki sivilizasiya - Qərb ilə Rusiya arasında mütləq "bufer zonası" olmalıdır. Yoxsa fəsadlarının ağır olacağı açıq-aşkardır - müharibə.

Müharibədən və birbaşa toqquşmadan qaçamaq üçün Rusiya və Avropanın arasında bu iki düşərgəni ayıran neytral ölkələrin zolağı olmalıdır. Bu mənada səfir Feldhuzenin fikri çox sağlamdır, məntiqə uyğundur.

Ukraynanın NATO-ya qəbul edilməsi avtomatik olaraq Qərb ilə Şərq arasında konfliktin "isti" fazaya keçməsi deməkdir. Mümkün olan bu konfliktin ön cəbhəsində məhz Avropa Birliyinin ölkələri olacaq, o cümlədən mərkəzi Avropa dövləti kimi Almaniya. Aydın məsələdir ki, alman siyasətçiləri Ukraynanın Qərb strukturları ilə əlaqələrinin qarşısını almağa cəhd edəcəklər və bacardıqları qədər  Ukraynanın NATO-ya, həmçinin Avropa Birliyinə  daxil olmasına imkan verməyəcəklər.

Bu nöqteyi-nəzərdən söyləmək olar ki, hətta Donbasdakı hərbi qarşıdurmanın bitməsi  Ukraynanın NATO-ya daxil olma prosesinin ölü nöqtədən tərpənməsi demək olmayacaq. Ona görə ki, Ukrayna ilə Alyans ölkələrinin yaxınlaşması Rusiya ilə müharibənin başlanması deməkdir.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)