Flaş / Dünya / Azərbaycan / Siyasət-Dünya / Siyasət-Azərbaycan / Siyasət-Analitika
11:42, 19 iyul 2021
372
0

Bir millət, üç dövlət?


Azərbaycan parlamentinin beynəlxalq münasibətlər komitəsinin üzvlərinin Şimali Kiprə səfəri xüsusi maraq doğurur. Azərbaycandan Şimali Kiprə ilk rəsmi səfərin hansı situasiyada edildiyinə diqqət yetirək...

Məlum olduğu kimi, Türkiyə prezidenti Ərdoğan 20 iyulda çox geniş heyətlə Şimali Kiprə səfər etməyi planlaşdırır. Ərdoğan ötən günlərdə səfər çərçivəsində “xoş bir xəbər” veriləcəyi barədə anons da edib. Mətbuatda “xoş xəbər”lə bağlı versiyalar arasında Türk Kiprini yeni dövlətlərin tanıması ehtimalı da səsləndirilir. Tanınma ilə bağlı Azərbaycan, Pakistan və Qətər kimi ölkələr önplana çıxarılır. Digər versiyalar mübahisəli Maraş bölgəsinin yenidən yaşayışa açılması və ya yeni hərbi baza qurulması kimi ehtimallardır. (Maraşla bağlı versiya daha böyük ehtimal kimi görünür.
Kipr məsələsi son illərdə Türkiyənin əsas siyasi gündəmlərindən birinə çevrilib. Ötən ilin sonlarında xeyli səsküylü və qızğın mübarizə şəraitində keçən seçkilərə Türkiyə də çox ciddi diqqət ayırmış və nəticədə Ərdoğanın dəstəklədiyi namizəd Ersin Tatar prezident seçilmişdi. Tatar, Kiprin ayrıca Türk dövləti kimi tanınması tərəfdarı olan kütləni təmsil edirdi.

Yeni dövrdə, Türkiyə Kipr münaqişəsinin tezliklə yekunlaşmasında maraqlıdır. Əvvəlki illərdə Şimali Kipr beynəlxalq olaraq tanınmasa da, demək olar ki, bütün sektorlar üzrə dünya ilə əlaqəli idi (universitetləri, bankları və s. tanınırdı). Belə bir vəziyyət, Türkiyəyə də sərf edirdi. İndi isə işlər dəyişib. Səbəb: Şərqi Aralıqdakı neft-qaz ehtiyatları barədə ehtimaldır.

Belə ki, hazırkı situasiya ada ətrafında rezerv kəşfiyyatı aparılması üçün Türk Kiprinə beynəlxalq səviyyədə rəsmi icazə vermir (ancaq, de-fakto axtarışlar keçirilir.) Ada, rəsmi olaraq bütün halında Kipr Respublikasına (Yunan Kipri) aid edilir. Bu səbəbdən Yunan Kipri kəşfiyyat axtarışları keçirmək üçün rəsmi icazəli olsa da, Türk Kipri edə bilmir. Türklər də deyir ki, siz bütöv adanı təmsil etmirsiniz, qaz axtardığınız yerlərdə adadakı türklərin də haqqı var, birgə qərar olmadan özbaşına axtarışlar edə bilməzsiniz. Yunan Kipri də deyir ki, nəsə tapsaq, birləşmədən sonra Kiprli türklərin də payını verəcəyik. Yəni hər iki tərəf biri-birini yola verir.

Təxminlər budur ki, bu siçan-pişik oyununun yekunlaşması üçün Türk Kipri öz müstəqilliyini elan edib, sahilləri boyunca müstəqil iqtisadi zona elan etməlidir.

Digər maraqlı məqam Türk Kiprinin baş nazirinin müavini sosial şəbəkədə ölkənin adının dəyişdirilərək Şimali sözünün çıxarılacağı barədə paylaşım edib. Şimali Kipr Türk Cümhuriyyəti yerinə Kipr Türk Cümhuriyyəti. Şimali sözünün çıxarılması adadakı münaqişənin birdövlətli və federativ həlli ilə bağlı ümidlərin sonu deməkdir. Beləliklə də, Türkiyə Adada öz dövlətinin tanınmasına çalışacaq. Hətta, Ərdoğanın Türk Kiprinin tanınması ilə bağlı xüsusi beynəlxalq platforma qurmaq niyyətinin olduğu bildirilir.

Təsadüfi deyil ki, ötən həftə Avropa Komissiyasının sədri Ursula von der Leyen çox sərt tonla danışaraq Kiprdə ikidövlətli həll yolunun “əsla və əsla” qəbul edilməyəcəyini bildirib. Yunan Kipri bütöv ada halında AB üzvüdür. Türk Kiprinin demək olar ki, əhalisinin yarısı Yunan Kipri ilə birləşib Avropa Birliyinin vətəndaşı olmaq istəyir. Əks halda, Türk Kiprinin ayrıca AB üzvü olmaq kimi perspektivi yoxdur. Avropalılar düşünür ki, Türk Kiprini AB-ə ayrıca ölkə kimi qəbul etsələr, dolayı yolla Türkiyəni də qəbul edəcəklər. Çünki, Avropa Birliyində bütün üzv ölkələrin veto haqqı var. Yəni, Avropalıların fikrincə Türkiyə Türk Kiprinin əli ilə Birliyin qərarlarına müdaxilə edə biləcək.
Digər bir maraqlı məqam Adanın qarantor ölkəsi Britaniya ilə bağlıdır. Aprel ayında Türk Kiprinin baş naziri rəsmi çağırış edərək, Britaniyanı tanımağa çağırmışdı. Bəzi mənbələr Britaniyanın Türk Kiprini tanımağa hazırlaşdığını bildirsələr də, 3 aydır ki, xəbər yoxdur.
Belə bir şəraitdə, əgər Kiprin müstəqilliyinin tanınması ilə bağlı beynəlxalq təşəbbüs olacaqsa, Azərbaycanın Türkiyədən sonra Şimali Kipri tanıyan ikinci ölkəsi olması gözləniləndir.

Ancaq, eyni zamanda bizim üçün bir neçə təhlükə də mövcuddur:

Birincisi bizim ərazilərdə qurulmuş qondarma dövlətin ən azından Yunanıstan və Yunan kipri tərəfindən tanınması baş verə bilər. Ardınca da Fransa və digərləri tanıya bilər. (maraqlı məqam qondarma dövləti necə tanıyacaqlar? Hazırkı ərazilərə görə, yoxsa Şuşa və Hadrut da daxil olmaqla əvvəlki DQ muxtar vilayəti sərhədləri əsasında?)

İkincisi, Avropa institutları ilə münasibətlərimiz tamamilə qopma dərəcəsinə gələ bilər.

Üçüncüsü, bizə qarşı Şimali Kipr statusunda olan digər problemli ölkələrin tanınması ilə bağlı təzyiqlər arta bilər. Məsələn, Rusiya bizə Abxaziya və ya Cənubi Osetiyanın da statusu ilə bağlı təzyiq edə bilər.

Fikrimcə, əgər tanınma olacaqsa, məsələnin bu üzləri də ciddi hesablanmalıdır.
Yenə də onu deyim ki, Türk Kiprinin Azərbaycan tərəfindən tanınması çox böyük bir dəyişikliyi də rəsmiləşdirəcək:
Son 28 ildə izlədiyimiz balanslı xarici siyasət kursu Türkiyə lehinə dəyişəcək. Bu da təbii ki, regiondakı digər oyunçularla münasibətlərimizə təsirsiz ötüşməyəcək.

Şərqə baxış telegram kanalı



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)