Flaş / Gündəm / Siyasət-Dünya / Publisistika
"Bayden, silaha görə təşəkkürlər!" - Əfqanıstanda talibləri kim dəstəkləyir
Filipp Prokudin
Kabil – hasarlar şəhəridir, bütün rəsmi binaların ətrafına hasar çəkilib. Hər yerdə qəhrəmanların portretləri asılıb, Əhməd Şah Məsudun şəklinə isə hər addımda rast gəlmək olar.
Taliblər (Rusiyada qadağan olunub) təsdiqləyirlər ki, rəsmi Kabil yalnız inzibatı mərkəzlərə nəzarət edir, kəndlərdə isə qondarma əmirlik hakimiyyətdədir. Amerika qoşunlarının geri çəkilməsindən sonra hökumət silahlı düşmənlə təkbətək qalıb – eynilə 32 il əvvəl, sovet ordusunun məhdud kontingentinin Əfqanıstanı tərk etdiyi zaman olduğu kimi. Tarix təkrar olunurmu? Müharibənin vurduğu zərər nə qədərdir? Sualların cavabı – “RİA Novosti”-nin xüsusi reportajında.
90-cı illərdə uşaqlıq və gənclik
Kabil sakinləri bir-birinə şəkil göndərirlər: Co Bayden "Taliban"* səhra komandiri molla Abdulla Qəni Biradərlə ağız-ağıza öpüşür, eynilə Leonid Brejnevlə Erik Honneker kimi. Amerika liderinin guya silah və texnikanı qəsdən hücuma keçən mücahidlərə qoyub getdiyi barədə zarafat paytaxt sakinlərinə əyləncəli görünür.
Taliblərin hərbi uğurları əhalidə qarışıq hisslər doğurur: ABŞ və NATO-nu məğlub etmələri, işğalçıları yenidən ölkədən qovmaları onların milli qürurunu oxşasa da, bir çoxları öz əmirliklərində "tələbələr"in ("Taliban" sözünün puştu dilindən tərcüməsi belədir) necə qayda-qanun yaratdıqlarını yaxşı xatırlayırlar.
"Onlar, yəqin ki, deyirlər: "Bayden, silaha görə təşəkkürlər", – deyə Kabil sakinləri arasında dedi-qodu gəzir.
Amerikalılar düz 20 il Talibanla döyüşüblər və əlbəttə ki, onlara kömək etməyə hazırlaşmırdılar.
Əfqanıstanın mövcud hakimiyyəti iqtidarın mənbəyini öz xalqında deyil, ABŞ-da görürdü və bu, onlara baha başa gəldi. Və indi müttəfiqlərin gedişindən sonra rejim havadan asılı vəziyyətdə qalıb, tərəfdarları çox azdır. Bu barədə bəzən pıçıltı ilə, bəzən də səsli şəkildə yerli siyasətçilər də danışırlar.
Səməndər telefonunda mənə öpüşən siyasətçilərin memini göstərir, sonra birdən üzü ciddi ifadə alır. 1996-cı ildə taliblər döyüşsüz Kabilə daxil olanda onun heç 10 yaşı da tamam olmamışdı. Qondarma İslam Əmirliyinin paytaxtında keçən uşaqlıq və gənclik illərini xatırlayan Səməndər qərəzsiz olmağa çalışır: "Onların vaxtında oğurluq halları azalmışdı. Bu əmələ görə dərhal adamın qolunu kəsirdilər. Əslində bu, düz deyil. Bəlkə, tutduqları adam günahsızdı? Bir də ki, günahkar olsa belə, oğurluğa görə kiminsə qolunu kəsmək yaxşı deyil", – Səməndər bunu deyib bir müddət susur, doğru kəlmələri seçməyə çalışır. Əfqanlar ağızlarından çıxan sözlərə fikir verməyi çoxdan öyrəniblər, çünki ətrafda sözgəzdirənlər çoxdur.
Amma həmsöhbətimiz birdən qızışır: "Hər şeyə burunlarını soxurdular. Cins geyinməyi qadağan etmişdilər, deyirdilər ki, milli paltar geyinməlisiniz, əslində heç milli də deyildi, Pakistandan gətirirdilər. Mən isə cins geyinən yeniyetmə oğlan idim. Məni satdılar, tutub qamçı ilə döydülər", – yenə susur, yəqin danışdıqlarından peşman olur. Və əlavə edir: "Bu çox ağrılıdır, həm də insanların gözü qarşısında döyülmək utancvericidir".
Kababçı Xaliq də 1996-cı ildə uşaq olub. Atasını öldürüblər. Yeddi yaşlı oğlan ailənin başına keçib.
"O gündən hamıya görə mən cavabdehəm. İndi də "Taliban" gəlir, birtəhər yaşamaq lazımdır".
Xaliq heç vaxt gələcəklə bağlı fikir yürütmür, çünki onsuz da gələcək həmişə aldadıcı olur. İyirimi il əvvəl amerikalıların gəlişinə də sevinmişdilər, amma indi artıq onlar yoxdur.
"Kaş heç gəlməsəydilər, onda daha yaxşı olardı, hər şey öz-özünə düzələrdi", – həmsöhbətimiz ah çəkib deyir.
Sovet qoşunlarından söz düşəndə isə əlavə edir ki, SSRİ Əfqanıstanda çox şey qurub-yaradıb.
Əsirlikdən qaçış
İzzətullah yalnız müəyyən şərtlər daxilində danışmağa razılıq verir. Yolda təhlükəsiz hesab etdiyi yerdə dayanmağı xahiş edir, xırdavatçıdan çeynənən tütün – yerli narkotik alır. Sürücünün narazı baxışları altında paketi açıb tütünü ağzına atır. Ona irad tutmamaq daha yaxşıdır, çünki İzzətullah hirsli adama oxşayır, çox əsəbi danışır, bir də gördün birini ilişdirdi.
Taksi sürücüsü pulun qalığını uzun-uzadı hesablayır və bu, İzzətullahı qəzəbləndirir. Elə bilir ki, onu aldatmaq istəyir. Kəskin hərəkətlə pulları alır. Qorxmuş sürücü mübahisə etmir.
Kafedə masanın arxasına keçəndə sinəsinə bərkidilmiş zabit poqonunun üstünü örtən yaylığın ucunu geri itələyir. Xüsusi təyinatlı nişanını isə çıxarıb. Taliblərə necə əsir düşdüyündən danışır.
"Mühasirəyə aldılar, patronum qurtarmışdı. Əsirləri bir-birindən ayırdılar. Həmişə belə eləyirlər, o birilərinin başına nə gəldiyini bilmirəm. Sonra mənim əllərimi bağlayıb qızğın bıçaqla kəsməyə başladılar. Niyə? Yox, hansısa sirri öyrənmək istəmirdilər, sadəcə, intiqam alırdılar", – müsahibim emosiyalarını gizləməyə çətinlik çəkir, quru səsi cingildəməyə başlayır.
Həmin vaxt İzzətullah özünü elə göstərib ki, guya ağrıdan huşunu itirib. Əslində, demək olar ki, elə belə də olmuşdu: işgəncə verən adam narkotik maddənin təsiri altında onu qolunu uzun-uzadı və ustalıqla kəsirdi. Sonra xüsusi təyinatlını yerə atırlar ki, bir az özünə gəlsin və sonra davam etsinlər. O isə bıçağı götürüb kəndirləri kəsməyə və oradan qaçmağa nail olur.
Qollarını çırmalayır, bıçaq izləri var, gödəkçəsini qaldırır, bədənində də yara yerləri gözə dəyir.
"Taliblər əlimə düşsələr, nə edərəm?" – İzzətullah deyəsən suala təəccüblənir. "Əvvəl nə edirdimsə, onu. Öldürərəm. Onlar heç kimə acımırlar. Döyüşə də iynə vurub yollanırlar. Onların bədəninə nə yeritdiklərini bilmirəm".
Əsir düşmüş keçmiş zabit heç kimlə barışmaq fikrində deyil.
O söhbətə marağını tez itirir, stulda yırğalanmağa başlayır. Sonra isə ehtiyac içində olduğunu deyir: aldığı yaralardan sonra hərbi xidmətə qayıda bilməyib, təqaüdü isə azdır. Əskinasları alıb sağollaşaraq kafedən çıxır, küçəni çəpinə keçib birbaşa maşın tıxacının içi ilə gedir. Kabildə hamı belə gəzir, ancaq İzzətullah ətrafa baxmır, sürücülər özləri də onun yanından ehtiyatla keçməyə çalışırlar.
Uzunmüddətli müharibənin qəhrəmanı
Kabil – hasarlar şəhəridir, bütün rəsmi binaların ətrafına çəpər çəkilib. Hər yerdə qəhrəmanların portretləri asılıb, Əhməd Şah Məsudun şəklinə isə hər addımda rast gəlmək olar. "Pəncşir aslanı"na" hətta şirniyyat mağazasında, məzəli cizgi filmi qəhrəmanlarının şəkillərinin yanında da rast gəlmək olar. Zarafatla "əfqan oğlanları üçün kim daha güclüdür – Məsud, yoxsa Hörümçək adam?" – deyə soruşuram. Satıcı ciddi cavab verir: "Düzdür, onlar cizgi filmlərini daha çox xoşlayırlar, amma yəqin ki, Məsud. Ölkədə müharibə gedir, o isə qəhrəmandır. Uşaqlar bunun nə demək olduğunu anlayırlar, valideynləri başa salırlar, özləri də müharibəni gözləri ilə görürlər".
Məsud əsası Əfqanıstanın daha bir əfsanəvi siyasətçisi Bürhanəddin Rəbbani tərəfindən qoyulmuş "Cəmiyyəti-i İslami" partiyasının komandiri olub. Rəbbani Əfqanistanın prezidenti idi, daha sonra Müqavimət dövründə (1996-2001) talibanlarla döyüşən Şimal Alyansına rəhbərlik edib. 2011-ci ildə partladıcı maddəni çalmasının altında gizlətmiş kamikadze tərəfindən öldürülür. Bürhanəddinin oğlu Səlahəddin Rəbbani əvvəl daxili işlər naziri idi, indi isə atasının yaratdığı Əfqanıstanın "Cəmiyyəti-i İslami" partiyasının başına keçib.
Səlahəddin Rəbbani ölkənin 1990-cı illərə qayıtdığını düşünmür: "Beynəlxalq ictimaiyyət Əfqanıstan xalqının tərəfindədir. Talibana gəlincə, onlar çox şey deyə bilərlər, əsas odur ki, insanlar onların sistemini, dinin bu şəkildə şərhini qəbul etməyəcəklər. Digər tərəfdən, müxtəlif icmaların nümayəndələrindən ibarət inklüziv hökumət qurulmalıdır. Əfqanıstan çoxmillətli ölkədir və bizim gücümüz də bu müxtəliflikdədir ", – deyə həmsöhbətimiz vurğulayır.
"Əfqanlar başa düşüblər ki, xarici qüvvələr burada əbədi qala bilməzlər. Ancaq qoşunları bu şəkildə çıxarmaları, belə deyək ki, gözlədiyimiz kimi olmadı. Bu məsuliyyətli adım deyildi. Dohada razılaşmanın imzalanmasından dərhal sonra (Talibanla ABŞ arasında - red.) tələsik geri çəkilməyə başladılar, ölkədə isə cəsarətlənmiş Taliban və həmin razılaşmaya qatılmayan hökumət qaldı. Sülh danışıqlarında irəliləyiş olmadı və atəşkəs razılaşması əldə edilmədi. Ancaq Talibanın son hərbi uğurlarına baxmayaraq, geri çəkiləcəklər. Hərbi məğlubiyyətin onları danışıqlar masasına oturmağa məcbur edəcəyinə inanırıq", – deyə o qeyd edir.
Əfqan məsələsinin hərbi yolla həlli yoxdur, hər bir halda razılığa gəlməli olacaqlar. Taliban da bunu yaxşı başa düşür.
Artıq sağollaşdığımız vaxt Rəbbani maraqlanır: "Bəs siz Bəhramda olmusunuz? Onlar doğrudan oradan qaçıblar?"
Cavabı eşidəndən sonra əlini uzadır: "Hər bir halda sovet qoşunları məğlub olsalar belə, gündüzün günorta çağı ləyaqətlə və öz bayraqları altında ölkəni tərk etmişdilər".
Görünür, tarix heç də həmişə təkrarlanmır...
Mənbə: Sputnik.az
Mövzu linkləri:
Həmçinin oxuyun: