Flaş / Siyasət-Dünya / Siyasət-Analitika
17:23, 12 iyul 2021
474
0

Valeri Korovin. "İmperiya ərəfəsində". Milli Təhlükəsizlik Konsepsiyasında geopolitik metod

Geopolitika elə bir dünyagörüş formasıdır ki, onun əsasında dəniz və quru sivilizasiyalarının mübarizəsi haqqında təsəvvürlər və xalqların, dövlətlərin, imperiyaların bu təsəvvürlərdən doğan yaşayış, mövcud olma prinsipləri dayanır. Coğrafiya və məkanın geopolitikada daşıdığı funksiya marksizm və liberalizmdə pul ilə istehsal münasibətlərinin daşıdığı funksiya kimidir. Geopolitikanın mahiyyətini bu formulaya çevirmək olar: Coğrafiya – bir taledir. Geopolitikanın geniş, lakin o qədər də tam olmayan bu ifadəsindən çıxış edərək, geopolitikanın ölkəmizin milli təhlükəsizliyi sferasında hansı rolu oynamasına, geopolitik metodun tətbiqinin nəinki milli təhlükəsizlik konsepsiyasının formalaşdırılmasında, həm də lazım gəldikdə bu konsepsiyaya düzəlişlər edilərkən oynadığı rola aydınlıq gətirməyə çalışacayıq.

Yeni – Sovet və sonrakı Rusiya tarixini geopolitik cəhətdən xarakterizə edərkən şərti olaraq 4 perioda bölmək olar.

Stalin hakimiyyəti dövründə rəsmi ideoloji model əmək və kapitalın mübarizəsi səviyyəsinə enmişdi. Sovet dövlətinin milli təhlükəsizliyi isə nominal olaraq gələcək dünya kommunist inqilabının əsas platsdarmı kimi ölkənin sənayeləşməsi və hərbi cəhətdən möhkəmləndirilməsi üzərində qurulmuşdu. Lakin bunu da qeyd etməliyik ki, Stalin hakimiyyəti dövründə artıq “dünya inqilabı” barədə pafos səngimiş, Sovet dövləti ilə həmsərhəd olan ərazilərə imperialist ekspansiyası ilə bağlı dəqiq cızılmış strategiya formasına salınmışdı. Geopolitika bir elm kimi həmin vaxtlarda yeni yaranmışdı və geopolitik metod dövlət təhlükəsizliyinin əsaslarının formalaşmasında vacib element kimi sırf intuitiv tətbiq edilirdi. Bu özünü sırf proqmatizmin təzahürü kimi bəzi dövlətlərlə müttəfiqlik müqavilələrinin və paktlarının imzalanmasında göstərirdi. Çünki o dövrdə bütün məsələlər, o cümlədən geopolitik metodun tətbiqi məsələsi də sinfi yanaşmadan sonra gəlirdi. Lakin anlayışların qeyri-dəqiqliyinə və ideoloji gərginliyə baxmayaraq, ümumilikdə Stalin periodunu əminliklə geopolitik xarakterli saymaq olar. Geopolitikadakı “quru” o dövrdə “əməklə”, “dəniz” isə “kapitalla” üst-üstə düşürdü, Sovet ekspansiyası isə Avrasiya materikinin sərhədlərinə doğru can atırdı.

İkinci mərhələni şərti olaraq poststalin epoxası, Sovetin sonrakı-brejnevizm dövrü də adlandırmaq olar. Bu periodda onsuz da ideoloji cəhətdən degenerasiyaya uğramağa başlamış Sovet elitası geopolitikanı “imperialistlərin öz işğallarını əsaslandırmaq üçün coğrafi məlumatlardan yararlandıqları siyasi konsepsiya” kimi təfsir edir, onu “yalançı elm”, “alman faşizminin rəsmi doktrinası” sayaraq qadağan edirdi. Bu barədə 1979-cu ilin Sovet Ensiklopedik Lüğətində belə yazılmışdı. Belə hesab edilirdi ki, Sovet İttifaqı imperiya deyil. Ekspansiya qəsdən dəqiq olmayan şəkildə “müstəmləkəçilik” kimi qələmə verilirdi. Hesab edilirdi ki, Sovet İttifaqı imperiya deyil, ekspansiya həyata keçirmir və deməli sosialist dəyərlərinin müdafiəsində duran, sülh dövləti olan Sovet İttifaqına geopolitika ümumiyyətlə gərək deyil. Amma bu gün, artıq Əfqanıstandakı uğursuzluqdan və Şərqi Avropanın itirilməsindən sonra biz açıq-aydın gördük ki, xarici siyasət yanaşmalarını formalaşdırarkən geopolitik faktorları nəzərə almamaq mümkün deyil. Ona görə ki, Rusiyanın potensial düşmənləri aktiv şəkildə geopolitikaya əsaslanırlar, öz ekspansiya planlarını buna uyğun qururlar. Məsələn, Avropada Şərqə doğru genişlənmə, Qafqazın destabilizasiyası və Rusiyadan qoparılması, Orta Asiya ölkələrinin işğalı planları.

Növbəti dövr, milli təhlükəsizlik məsələsinə yanaşmanın yenidən formalaşması – Yeltsin islahatları dövrüdür. Sovet İttifaqının süqutundan sonra qalan ölkə artıq imperiya deyildi və heç bir ekspansiyaya iddia etmirdi. Buna görə də Yeltsin hakimiyyəti üçün geopolitikanı ölkənin xarici siyasət və milli təhlükəsizlik konsepsiyasının əsası kimi rəsmi elan etmək Rusiyanın o vaxtkı geopolitik maraqlarına (tez bir zamanda Qərbə təslim olmaq və suveren mövcudluğa son vermək) zidd olan fəaliyyətə imza atmaq demək olardı. Əgər Rusiya Qərbin içinə girməyə can atırsa, Qərblə birlikdə xoşbəxt gələcəyi kapitalizmdə görürsə, burda hansı geopolitikadan, hansı “quru” və “dəniz” qarşıdurmasından, hansı Şərq və Qərb sivilizasiyalarından söhbət gedə bilər? Lakin alınmadı. Qərb bizi qucaqlamaq əvəzinə qaşlarını çataraq nifrətli baxışlarla NATO-nu sərhədlərimizə doğru itələməyə başladı.

O vaxktı qərbyönümlü liberal elitanın fikrincə, Rusiyanın milli təhlükəsizliyi üçün ən böyük təhlükə elə Rusiyanın öz içində idi. Bununla bağlı Yeltsinin imzaladığı Milli Təhlükəsizlik Konsepsiyasında deyilirdi: “Rusiya Federasiyasının milli təhlükəsizliyinə yönəlmiş təhdidlərin qarşının alınmasında və aradan qaldırılmasında prioritet Daxili İşlər Nazriliyinə, Federal Təhlükəsizlik Xidmətinə, Mülki Müdafiə və Fövqəladə Hallar Üzrə Nazirliyə verilir”. Yəni, milli təhlükəsizlik məsələləri Daxili İşlər Nazirliyinə tapşırılmışdı. NATO və ABŞ-a aid olan məsələlərlə bağlı isə belə deyilirdi: “Rusiya Federasiyası ABŞ və Avropa Birliyi ilə qarşılıqlı faydaya əsaslanan əməkdaşlığa can ataraq konstruktiv partnyorluğu inkişaf etdirəcəkdir”.

Belə konstruktiv partnyorluq əməli fəaliyyətdə özünü hər yerdə və hər şeydə Qərblə kor-koranə razılaşmaq, dünyadakı bütün strateji plasdarmlarımızı düşmənə təslim etmək, postsovet məkanına nəzarəti itirmək və s. kimi məsələlərdə göstərirdi. Bununla belə Qərb çox “konstruktiv” şəkildə bizim çıxdığımız geopolitik məkanları tutur, bütün istiqamətlərdə çəkinmədən “geopolitik ekspansiya” həyata keçirirdi. 

Putin hakimiyyətə gələndən sonra ölkənin yeni rəhbərliyi dövlət təhlükəsizliyinə yeni formada yanaşdı və rəqib geopolitik düşərgənin bütün ölkələrinin hələ “soyuq müharibə” dövründən silahlandığı geopolitik intizamdan imtinanın ağır nəticələri ilə qarşılaşmalı oldu. Rusiyanın yeni prezidenti tərəfindən yenidən işlənən milli təhlükəsizlik konsepsiyasına diqqət yetirsək, Rusiya rəhbərliyinin son zamanlar xarici siyasətdə atdığı, “Qərb partnyorlarını” qıcıqlandıran və onlar tərəfindən Rusiyanın açıq-aşkar hədələnməsinə səbəb olan addımlara   başqa cür baxmaq olar. 

Putinin hələ prezidentliyinin ilk illərində imzaladığı, hazırda qüvvədə olan Milli Təhlükəsizlik Konsepsiyasında Rusiyanın milli təhlükəsizliyini hədələyən faktorlar arasında qeyd edilir:
–Bəzi dövlətlərin və dövlətlərarası birliklərin beynəlxalq təhlükəsizlik təminatının mövcud mexanizmlərinin rolunu aşağılamaq cəhdləri - ilk növbədə BMT və ATƏT kimi təşkilatların;
–Rusiyanın dünyadakı siyasi, iqtisadi və hərbi təsirinin zəiflədilməsi təhlükəsi;
–Hərbi-siyasi blokların və ittifaqların möhkəmlənməsi, ilk növbədə NATO-nun Şərqə doğru genişlənməsi, Rusiya sərhədlərinin yaxınlığında xarici ölkələrin hərbi bazalarının və kontingentlərinin yerləşdirilməsi və s.

Stalin Rusiyasından sonra ilk dəfə bizim ehtimal olunan rəqiblərimizin adları açıq-aşkar çəkildi. Putin yeni Konsepsiyanı qəbul etməklə bərabər bəyan etdi: “Rusiya özünü həmişə Avro-Asiya ölkəsi kimi hiss edib”. Bu, Rusiyanın dünyada baş verən geopolitik proseslərdəki istiqamətinin bircə saat içində dəyişməsinə səbəb olan, tarixi, möhtəşəm bir bəyanat idi. Bundan sonra aydın oldu ki, biz Rusiyanın atlantizmdən avrasiyaçılığa doğru tam dönüşünün şahidi oluruq. Dövlətimizin mərhələli şəkildə Avrasiya inteqrasiyası məntiqinə keçməsinin şahidi oluruq. Dövlətin əhəmiyyətli məsələlərinin həlli zamanı qəbul edilən qərarlarında geopolitik yanaşmaların əlamətləri açıq-aşkar özünü göstərir. Rusiya tarixində ilk dəfə olaraq geopolitika açıq-aydın şəkildə elə bir qaçılmaz əməliyyat sistemi kimi qəbul edildi ki, müasir xarici siyasət reallıqlarında ona müraciət etməmək ağılsızlıq, bəzi hallarda isə hətta cinayət hesab olunur.

Məhz Rusiyanın inkişafın avrasiyaçı yoluna qədəm qoymasından sonra dövlət elitası son yüzilliyin siyasi tarixinə yeni baxış nümayiş etdirməyə, buraxılan səhvləri, düzgün aparılmayan hesablamaları araşdırmağa, bir daha “geopolitik azmaya” haqqımızın olmadığını dərk etməyə məcbur oldu. Yaranmış situasiya o qədər dərinləşmişdi ki, artıq geopolitikanı iqnor etmək, hər dəfə iflasa uğramış bu və ya digər strateji modellərlə yola vermək olmazdı. Bundan sonra dövlətimizin milli təhlükəsizliyinə cavabdeh olan bütün şəxslər geopolitikaya sədaqət andı içməlidirlər. 

İnnən belə bizim böyük məkanımızın avrasiyaçı orientasiyası elə bir geopolitik aksiomaya çevrilmişdir ki, Rusiyanın inkişafının gələcək kursunun birmənalı olmasına heç bir şübhə qoymur. 

Bu gün biz dövlətimizin rəhbərinin dəmir iradə nümayişi fonunda avrasiyaçılığın bir dünyagörüş kimi qələbə çalmasında iştirakçıyıq. Bizə isə yalnız - Rusiya və Avrasiyanın əzəməti və çiçəklənməsi naminə- onu dəstəkləmək qalır. Ona görə ki, Avrasiya hər şeydən üstündür!

Tərcümə: Cəmil Şirvanov



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)