Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika
14:19, 04 aprel 2023
595
0

Səudiyyənin ŞƏT-ə tərəfdaş olması region və dünya üçün nələr vəd edir? - Cəmil Şirvanovun təhlili


Bir neçə gün əvvəl Si Cinpin Məhəmməd bin Salmanla telefon danışığında daha da fəal qarşılıqlı əlaqə və ortaq taleyi olan Çin-ərəb cəmiyyətinin yaradılmasını təklif edib. Vaşinqtonun regiondakı əsas müttəfiqlərindən birinin nə üçün ŞƏT ilə yaxınlaşmağa qərar verməsi çox maraqlı hadisələrin baş verməsindən xəbər verir. Gəlin baş verənləri şərh etməyə çalışaq.

Ər-Riyadın ŞƏT-ə tərəfdaş kimi qoşulduğu məlum oldu. 2001-ci ildə yaradılan təşkilatın üzvləri Rusiya, Çin, Hindistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistandır. Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lanka müşahidəçi ölkələr hesab edilir. Bundan əlavə, ötən ilin payızında Səmərqənddə keçirilən sammitdə Qətər və Misirlə dialoq üzrə tərəfdaşlıq memorandumları imzalanıb. Həmçinin Küveyt, Maldiv adaları, Bəhreyn, Myanma və Birləşmiş Ərəb Əmirliklərinə tərəfdaş statusunun verilməsi prosedurunun başlanması qərara alınıb.

Çin Xarici İşlər Nazirliyinin sözcüsü bildirib ki, “Çin Səudiyyə Ərəbistanını Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə dialoq tərəfdaşı olması münasibətilə təbrik edir. ÇXR ŞƏT çərçivəsində Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı gücləndirməyə, regional təhlükəsizliyin və sabitliyin qorunmasına daha böyük töhfə verməyə və ümumi inkişafı təşviq etməyə hazırdır”.

“Səudiyyə Ərəbistanının ŞƏT-ə qoşulması qərarı Yaxın Şərqdə region ölkələrini Çin və Rusiya ilə yaxınlaşdıran bir sıra diplomatik təşəbbüslərdən birinə çevrildi. ŞƏT-ə üzv olmaq Ər-Riyadın krallığın xarici dövlətlərlə münasibətlər sistemində tarazlığı bərpa etmək strategiyasının bir hissəsidir. Krallıq ABŞ-ın ənənəvi üstünlüyünün olduğu yer idi " - deyə Newsweek yayılan xəbərə dair yazıb.

Nəşr qeyd edir ki, Vaşinqton indi kənarda qalıb. Amerika Xarici İşlər Nazirliyi Ər-Riyad və ŞƏT arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi ilə bağlı xəbərlərə təmkinlə reaksiya verib.

“Bu yeni xəbər deyil. Bildiyiniz kimi, Səudiyyə Ərəbistanının ŞƏT-ə tərəfdaş kimi daxil olması ilə bağlı dialoq artıq bir müddətdir ki, davam edir. Hər bir ölkənin öz münasibəti var və mən, əlbəttə ki, Səudiyyə Ərəbistanı hökumətinə bu məsələdə daha yaxşı söz deməyə imkan verərdim” - deyə ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib.

Bayden prezident olduqdan sonra Vaşinqtonla ərəb krallığı arasında münasibətlər xeyli mürəkkəbləşdi. Amerika lideri Səudiyyə Ərəbistanını insan haqlarının pozulmasına görə tənqid edərək, ABŞ-ın Rusiyanı cilovlamasına kömək etmək üçün onu neft hasilatını artırmağa çağırmışdı. Ər-Riyad da cavab olaraq əksini etdi. Sadəcə hasilatı azaltdı. Vaşinqton isə bu hərəkətləri cavabsız qoymayacağına söz verdi. Buna baxmayaraq, hər hansı əlaqələrin kəsilməsindən söhbət getmir. ABŞ və Səudiyyə Ərəbistanı arasındakı əlaqələr hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir.

Fikrimcə, Səudiyyə Ərəbistanının ŞƏT-ə daxil olması həm Ər-Riyadın, həm də təşkilatın özünə sərf edəcək. Bu, Ər-Riyadın İslam Əməkdaşlıq Təşkilatı və OPEK kimi qlobal təşkilatlarda yüksək statusuna görə ŞƏT-ə böyük beynəlxalq çəki verəcək. Bundan əlavə, qeyd etməliyik ki, Səudiyyə Ərəbistanı ərəb ölkələri arasında ən böyük iqtisadiyyat və G20 ölkələri arasında ən sürətlə inkişaf edən iqtisadiyyatdır.

Ayrıca ölkə kimi Çin və Səudiyyənin yaxınlaşması da hər iki ölkə üçün qarşılıqlı faydalı prosesdir. Pekin ABŞ-a alternativ olacaq yeni güc qütbünü formalaşdırmağa çalışır. Bu mənada neft hasil edən dövlətlərlə, xüsusən də Səudiyyə Ərəbistanı ilə yaxınlaşma Çin bazarına karbohidrogen tədarükünün təminatı kimi vacibdir. Bu əlaqələr Ər-Riyad üçün də çox vacibdir. Söhbət neftin ixracından yox, pölkədə daxili sabitliyin təmin olunmasından gedir. Çin daxili stabilliyin qarantı kimi çıxış edə bilər.

Səudiyyə Ərəbistanı ABŞ-ın müttəfiqidir, baxmayaraq ki, Vaşinqtonun müttəfiqi yoxdur, onun ancaq vassalı ola bilər, ya da prezervativ kimi istifadə edib tulladığı “müttəfiqi”. Amerikalılar istədikləri vaxt tərəfdaşı, müttəfiqi olan ölkələrdə xaos yaradıb hakimiyyətləri devirirlər.“Ərəb baharı” zamanı da belə oldu – Misirdə, Tunisdə, Liviyada... Səudiyyənin neftlə zəngin şərq əyalətlərində şiələrin yaşadığını nəzərə alsaq, krallığın daxili vəziyyətini qarışdırmaq üçün kifayət qədər imkanları var. Odur ki, ŞƏT ölkələrinin, xüsusilə də Çin və Rusiyanın Səud krallığının daxili stabilliyinin qarantı kimi çıxış etməsi bin Salman üçün vacibdir.

Rusiya üçün isə ŞƏT daxilində koordinasiyanı gücləndirmək və Səudiyyə Ərəbistanı kimi üzvləri təşkilata qəbul etmək faydalıdır. Çinin və Rusiyanın himayəsi altında yeni bir güc mərkəzi formalaşır. Bu mərkəz ilk növbədə ABŞ-a qarşıdır. Bu güc mərkəzinə Səudiyyə Ərəbistanı kimi oyunçunu cəlb etmək çox vacibdir. Lakin bu, heç də Səudiyyə Ərəbistanının Çinin xeyrinə Amerikadan üz döndərəcəyi demək deyil. Səudlar yenə də Amerika ilə sıx əməkdaşlığı davam etdirəcəklər. Lakin daha güclü mövqedə, vassal kimi deyil bərabərhüquqlu tərəfdaş qismində.

Bin Salman bu və ya digər xarici güclü oyunçudan asılı olmadan öz daxili sabitliyini qorumaq üçün amerikalılarla çinlilər arasındakı ziddiyyətlər üzərində siyasi oyun oynamağa çalışacaq.

Moskva üçün bütün müsbət tərəflərinə baxmayaraq hələ də müəyyən risklər var. Səudiyyə Ərəbistanı neft ixracatçısıdır və onun Çinlə yaxınlaşması Pekinə enerji təchizatını diversifikasiya etməyə imkan verəcək. Bunun Rusiya üçün nə dərəcədə faydalı olması böyük sualdır. Belə bir təhlükə var ki, bu Pekin-Ər-Riyad-Moskva üçbucağında çinlilər Rusiya Federasiyasını neftə ciddi endirimlər alacaq.

Lakin məsələnin digər tərəfinə nəzər yetirdikdə görürük ki, çin-ərəb əməkdaşlığı nə qədər inkişaf etsə də Səudiyyənin Rusiya, ABŞ, Aİ və digər dövlətlərlə oturuşmuş əlaqələrini əvəz etməyəcək.

Səudiyyənin xarici siyasətində Fars körfəzi zonasının suverenləşdirilməsi və xarici siyasətini həyata keçirməkdə öz suverenliyini təsdiq etmək istəyi getdikcə daha da aydın görünməkdədir. Yəni, hakim xanədanın Qərb düşərgəsini yavaş-yavaş tərk etməsinə baxmayaraq, Qərblə əlaqələr tam kəsilməyəcək. İndiyədək oturuşmuş biznes və digər əlaqələr və əməkdaşlıq platformaları hələ bir neçə il, əhəmiyyətli effekt azalması olmasına baxmayaraq, davam edəcək. Krallığın Şərqə doğru sürətlə keçid etməsini nə qədər arzulasaq da, hazırki gedişat onu göstərir ki, Səudiyyə xanədanı əlaqələri şaxələndirərək ölkəni hər iki geopolitik qütbdən də maksimal istifadə edib daha çox suverenlik və dividentlər əldə etmək mərhələsinə keçirib. Bu mərhələnin nə qədər davam edəcəyini isə gələcək göstərəcək.

Dünya mediası Ər-Riyadla Tehran arasında münasibətlərin  normallaşmasını təkcə Çinin uğuru kimi qələmə verdi. Amma unutmaq lazım deyil ki, sözün əsl mənasında Ər-Riyad və Tehranda diplomatik missiyaların normallaşdırılması və bərpası haqqında saziş Moskvanın uğurudur. Sadəcə bu dəfə Moskva Pekinin son min ildə ilk dəfə dünya miqyasında hansısa tamaşada 1-ci dərəcəli rol almasını təmin etdi. Bu dəfə Moskvaözü rejissor kimi çıxış etdi. Sözü gedən sazişin dərcindən bir gün əvvəl Səudiyyənin xarici işlər naziri Moskvada səfərdə olması artıq çox şeydən xəbər verir. Obrazlı desək, Rusiya ilk dəfə olaraq ağacda oturan müdrik meymun, Çin isə yerdə gəzişən pələng rolunu ifa etdi.

Ər-Riyadın ŞƏT-də müşahidəçi statusu alması, deməli, gələcəkdə bu təşkilata tam hüquqlu üzv kimi inteqrasiyası, səudların həm Fars körfəzi subregionu zonasında, həm Yaxın Şərqdə, həm də bütün müsəlman dünyasında maraqlar formalaşdırması üçün imkanlar yaradır. Ölkə ənənəvi olaraq regionda lider olmağa çalışır. Bu isə İranla münasibətlərin normallaşmasını tələb edirdi. Ər-Riyad bunsuz uzun müddət Yəmən münaqişəsində iştirak etdiyinə görə xərclədiyi resursları kompensasiya edə bilməz. Danışıqlar həm də Fars körfəzindəki tanker müharibələrinin qızışması səbəbindən başladı. Səudiyyə Ərəbistanı və İran Körfəz bölgəsində sərbəst naviqasiyadan çox asılıdır. Ona görə də yaxınlaşma iqtisadi zərurət idi.

ŞƏT-in təkcə Çindən ibarət olmadığını, təşkilatdakı başlıca iki gücdən birinin Rusiya olduğunu nəzərə alsaq, Səudiyyə Ərəbistanının ŞƏT-də iştirakının Rusiya üçün faydalı olub-olmaması məsələsi də önəmli məsələdir. Rusiya ilə xanədan arasındakı əməkdaşlıq artıq OPEC+ platforması vasitəsilə və ikitərəfli qarşılıqlı əlaqələr səviyyəsində inkişaf edir. Krallığın öz suverenliyinin möhkəmləndirilməsi Rusiyadan əvvəl, ilk növbədə onun öz maraqlarına uyğundur, həm də post-Amerika Yaxın Şərqinin formalaşmasına kömək edir.

Nədənsə Vaşinqtonda əmin idilər ki, ərəb monarxiyaları ABŞ-ın onlara zorla boynuna qoyduğu müttəfiqlikdən üz döndərməyəcəklər. Sözün düzünü demək lazımdır ki, Səudiyyə Ərəbistanının indiki inkişas səviyyəsinə gəlib çatmasında ABŞ-ın alternativsiz tərəfdaşlığının rolu böyükdür. Lakin indi Səudiyyə Ərəbistanı kimi müəyyən qüdrətə malik dövlətdə köhnə vəziyyət əlverişsizdir. Yeni çağırışlara cavab vermir. Yaxın Şərqdə Çin və Rusiyanın daha üstün olduğu, başqa sözlə post-Amerika dövrünün başlaması üçün Səudiyyənin bu cür siyasət yürütməsi Rusiyanın maraqlarına cavab verir.

Bundan başqa, ŞƏT-də dialoq tərəfdaşı kimi statusu krallığın gələcək inkişafının mühüm göstəricisidir. Bir qədər əvvəl İranın qoşulduğu təşkilata daxil olmaq perspektivi olduqca böyükdür. Daha doğrusu, bugünkü addımlar gələcəkdə məhz bunun baş tutması üçün atılır. Tehran Ər-Riyadla münasibətlərin normallaşmasından əvvəl ŞƏT-ə üzvlüyü barədə Sazişi parlamentdə ratifikasiya etdi və bununla da Fars körfəzi zonası üçün mübarizədə daha çox xal almış oldu. Eyni zamanda isə Səudiyyə Ərəbistanı və ABŞ bölgə uğrunda mübarizədə siyasi, iqtisadi və hərbi baxımdan uduzur. Düşünürəm ki, Səudiyyənin ŞƏT və BRİCS-ə meyl etməsinin əsas səbəbi də budur ki, bölgə uğrunda mübarizədə gələcəkdə söz sahiblərindən biri olsun. Çünki yeni dünyanın yeni sahibləri və yeni qaydaları olacaq. Yaşayarıq, görərik.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)