Flaş / Gündəm / Azərbaycan / Cəmiyyət-Mədəniyyət / Publisistika
Bu gün Yelda bayramıdır
Yelda gecəsi (farsca شب یلدا, Şəb-e Yəlda) və ya Çillə Gecəsi ilin ən uzun gecəsidir. Bu, şimal yarımkürəsində ən uzun gecə, ən qısa gündür. Bundan sonra günlər uzanır, gecələr isə qısalmaya doğru gedir. Odur ki, bu bayramı qədim zamanlardan bəri Günəşin doğuşu kimi qeyd edirlər.
Çillə gecəsi və ya Yelda gecəsi İranda 2000 ildən artıqdır ki qeyd edilir. Bu, hicri-şəmsi təqvimi ilə Azər ayının 30-dan Dey ayının 1-ə keçən gecə, yəni miladi təqvimi ilə dekabrın 21-dən 22-ə keçən gecə qeyd olunan və günlərin qısalmasının sonunu xəbər verən bayramın adıdır. Mənşəyini günəş tanrısı Mitranın doğulmasından götürən bu bayram hətta romalılara da təsir edib. Romalıların Saturnalia və “Sol Invicta” festivalları da Yelda gecəsinin izlərini daşıyır.
Niyə bəziləri bu gecəni Şəb-i Yəlda, digərləri isə Şəb-i Çelle(çillə) adlandırır?
Yelda sözü süryani dilindən gəlir. Doğum deməkdir - Əl-Biruni bu gecəni günəşin doğuşu adlandırmışdır. Çelle isə bu gecəyə verilən başqa bir addır. Qırx rəqəmi (çehel) ilə bağlıdır. Çünki ən güclü qış soyuğunun qırx günlük dövrü başlayır.
Bu bayram İranın bir sıra qonşu ölkələrində, o cümlədən, Pakistan, Əfqanıstan, Tacikistan, Azərbaycan və Türkiyədə də qeyd edilir. Ölkəmizdə bu bayram unudulmuşdur. Lakin Talış bölgəsi və Naxçıvanda bu bayram günümüzdə də qeyd edilir.
İranlılar bu bayramı xüsusilə qeyd edirlər və milli bayram səviyyəsindədir. Onlar payızın son günlərinin başlaması ilə Şəb-i Yəlda bayramını səbirsizliklə gözləyirlər. Bu gecə ilin digər gecələrindən cəmi bir dəqiqə uzundur. Həmin gecə ailə üzvləri yatmır, kürsünün ətrafında toplaşıb səhərə qədər nağıllar, hekayələr söyləyir, musiqilər səsləndirib əylənirlər.
Şəb-i Yəlda adət-ənənələri
Şahnamə oxumaq və Hafizin kitabı üzrə fal açmaq bu gecənin adətlərindən biridir. Bu gecə həmişəkindən çox Şahnamə və Hafizin sevgi şeirlərini oxuyur, özlərinə arzular söyləyir, sonra Hafizə görə fal açıb proqnozlar edirlər.
Şəb-i Yeldada süfrə qurulur, üzərinə meyvə və quru meyvələr düzülür. Qarpız, nar və pəşmək mütləq olur. Süfrə qurmaq ənənələri şəhərdən asılı olaraq fərqlənir. Müxtəlif yerlərdə müxtəlif təamlar ola bilir.
Lakin bu bayramın əsas simvolları qarpız və nardır.
Qarpız ən çox sevilən yay meyvələrindən biridir. Bəs iranlılar onu niyə Yelda gecəsi yeyirlər? Qədim İran inancına görə, Çillə gecəsi qarpız yemək soyuqdəymə və xəstəliyin sizə keçməsinin qarşısını alacaq. Nar isə şadlıq və bərəkət rəmzidir, həmin gecə yeyildikdə insana yeni güc verir. Əlbəttə ki, İran dörd fəsil ölkəsidir və onlar üçün qış vaxtı qarpız yemək problem deyil. Sovet dövründə sərhədlər qapalı olduğundan ölkəmizdə bu bayramı qeyd edənlər təzə qarpız əldə edə bilmədikləri üçün ya yayda qarpız sezonu zamanı bir neçə qarpızı müxtəlif üsullarla qışa saxlamağa cəhd edir, ya da adətdə dəyişiklik edib boranı istifadə edirdilər. Lakin hazırda belə bir məhdudiyyət olmadığı üçün çillə gecəsi qabağı tələbat olan ərazilərin, yəni Talış bölgəsinin və Naxçıvanın bazarları İrandan gətirilmiş təzə qarpızla dolu olur.
Çillə/Yelda bayramınız mübarək!
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin: Ukrayna rusları öldürən maşındır
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
AZƏRBAYCANA OSMANLI TƏCAVÜZÜ
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.