Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
Ukrayna toqquşmasında məğlub ABŞ, qalib isə bütün dünyadır
1812 - 1814 - cü illərdə Rusiya İmperiyasının ordusunda xidmət etmiş alman Karl Fon Klazevits deyib ki, müharibə - siyasətin digər üsullar vasitəsilə yürüdülməsidir. Ona görə də Ukraynada baş verən hərbi konflikt haqqında danışarkən dərk etməliyik ki, bu, adi hərbi konflikt deyil, bu, Ukrayna və Rusiya ordusunun qarşıdurması deyil, bu daha böyük hadisədir. Bu qlobal güclərin toqquşduğu bir müharibədir və bu müharibənin nəticələri Amerika və Avropa üçün həddindən artıq vacibdir. Onların taleyi bu müharibədə həll edilir. Daha konkret danışsaq, əminliklə deyə bilərik ki, Rusiya bu konfliktdə qalib gəlməkdədir. ABŞ və NATO isə bunu dəyişə bilmir və dəyişə də bilməz. Onlar prosesi yubada, tərəflərin daha çox insan və digər resurs itkisi verməsinə səbəb ola bilərlər, lakin yekun nəticəni dəyişə biməzlər. Bunu Qərb elitası çox yaxşı başa düşür. Bir qədər əvvəl Fransanın BMT-dəki səfirinin Ukraynanın Donbası və Krımı qaytarılmasını arzulamağın ziyanlı olması, müharibənin Avropaya çox baha başa gəlməsi barədə dediyi fikirlər də bu cür qənaətin ictimaiyyətə “sızması”ndan başqa bir şey deyil. Münaqişə uzandıqca, qərbli elitaların daha çox hissəsi müharibənin ABŞ-a, Avropaya və bütün dünyaya necə baha başa gələcəyini və ümid etdikləri nəticəni əldə edə bilməyəcəklərini anlayır.
Nə ABŞ, nə NATO, nə də Ukrayna münaqişənin bu cür forma alacağını güman etmirdilər. Hesab edirəm ki, NATO, Avropa və Ukrayna 2015-ci ildən bəri Donbasın geri alınması üçün ciddi hazırlaşırdılar. Ukrayna ordusunun təchiz edilməsi, NATO standartlarına uyğun olaraq intensiv şəkildə hazırlanması məhz buna hazırlıq idi. Onlar güman edirdilər ki, Donbass könüllüllərindən ibarət separatçı qüvvələr və Rusiyanın ora gizli və məhdud sayda cəlb etdiyi qüvvələri məhv etmək gücünə malik bir ordu yaradıb həlledici hücuma keçəcəklər. Rusiyanın özünün Ukraynada birbaşa böyük miqyaslı münaqişəyə girəcəyini isə nə Amerikada, nə də Avropada güman etmirdilər. Yəni buna ehtimal vermirdilər. Çünki onlar hesab edirdilər ki, Rusiya beynəlxalq səviyyədə iqtisadi sanksiyaların tətbiq ediləcəyini bildiyi halda məsələyə bu formada müdaxilə etməyəcək. Əgər bunu etsə, sanksiyaların real təsirləri altında əziləcək və qısa müddət ərzində məğlubiyyətə uğrayacaq. Məhz bu səbəbdən Rusiyanın risqə getməyəcəyini düşünürdülər. Görünən odur ki, hesablamalarında yanılıblar. Belə düşünməyimizə səbəb müharibə etmək niyyətində olan tərəflərin hər bir həlledici hərbi toqquşmadan əvvəl onun hazırlığını görməsini bilməyimizdir. Yəni, hərtərəfli hazırlıq getməlidir. Bu proses səfərbərlik, logistik hazırlıq, hərbi qüvvələrin döyüş zonasına yaxın yerləşdirilməsi və s. vacib elementləri yerinə yetirməyi tələb edir. Lakin Qərb tərəfdən bunların heç biri edilməmişdi. Onlar yalnız Ukrayna silahlı qüvvələrinə dəstək olmaqla onların döyüş zonasında uğurlu əməliyyatını təmin etməyə köklənmişdilər. Bu, onu göstərir ki, onlar Rusiya ilə ehtimal olunan böyük toqquşmada döyüş meydanında deyil, banklar, biznes, iqtisadiyyat vasitəsilə qalib gələcəklərini düşünürdülər. Rusiyanı yalnız yanacaqdoldurma məntəqəsi kimi qiymətləndirənlər dəhşətli dərəcədə yanıldılar. Rusiya təkcə yanacaqdoldurma mərkəzi deyil, hərtərəfli iqtisadi-siyasi dayanıqlığı olan bir imperiya olduğunu sübut elədi. Hətta Rusiyanı yanacaqdoldurma məntəqəsi hesab edərkən belə gərək özün yanacağı bitmək üzrə olan avtomobil olmayasan. Bax məhz bu, Avropa və Amerika iqtisadiyyatının əsas siması idi – yanacağı bitmək üzrə olan, lakin YDM-ə yaxınlaşmaq istəməyən avtomobil.
Qərbin təkəbbürü onun iqtisadi xaosa düşməsinə səbəb oldu. Aşkar oldu ki, amerikalıların dünyadakı enerji dövriyyəsini idarə edə biləcəkləri və Rusiyaya sanksiya tətbiq etməklə onu çökdürəcəkləri ilə bağlı təsəvvürlərinin heç bir əsası yoxdur. Məlum oldu ki, Rusiya hakimiyyəti dünyanın enerji bazarını amerikanlardan və avropalılardan daha çox öyrənib və sanksiyalar zamanı nə etməli olduğunu dəqiq bilir. ABŞ, NATO, Aİ, G7 kimi təşkilatların liderlərinin az qala bir il ərzində eyni mənasız siyasəti yürütməsi, daim bununla bağlı bəyanatlar verməsi və Rusiyanın bu tədbirlərə qarşı əks-tədbirlər düşünüb həyata keçirə bilməyəcəyinə dair axmaqcasına təkəbbürlü düşüncələri sadəcə gülüş doğurur. Rusiya məhz bunu elədi. Sanksiyalardan yayınmaqla və yüngülvari cavab tədbirləri ilə enerji ticarətindən gələn gəlirlərini dəfələrlə artırdı. Lakin Qərbin bu vəziyyət üçün B planının olmadığı aşkar oldu. Hərbçilər çox yaxşı bilir ki, heç bir plan real döyüş əməliyyatları zamanı dayanıqlı olmur. Döyüş zamanı vəziyyət elə dinamik şəkildə dəyişir ki, həmin planı daim dəyişməli, müəyyən korrektələr etməli və ya ümumiyyətlə tamamilə başqa plana keçməli olursan. Çünki rəqib həmişə hansısa cavab zərbəsi vura bilər. İqtisadi müharibələrdə də eyni cürdür. Qərbin Rusiyanın cavab tədbirləri tətbiq etməsi və vəziyyətdən digər vasitələrlə çıxış yollarını tapması halı üçün B planının olmaması onun indiki vəziyyətə - iqtisadi xaos halında yaşamasına səbəb olub. Əgər metod və vasitələr dəyişməsə, Qərbin tamamilə kollapsını görmək heç də təəccüblü olmaz.
Avropa üçün köklü problemlərdən biri budur ki, bütün bunlardan sonra “Avropanın birliyi”, “ümumi Avropa maraqları” ideyalarının böyük bir yalan olduğu üzə çıxıb. Qərb mətbuatında və dünyanın bütün liberal cameələrində iddia edirlər ki, Avropa Rusiyaya qarşı sıx birləşib. Lakin bu ağ yalandır. Avropa nəinki birləşməyib, hətta əvvəlkindən daha çox parçalanmaya məruz qalmaqdadır və yaxın gələcəkdə bundan da betər çatlar əmələ gələcək. Avropa Birliyi Ukraynanı dəstəkləməklə, ordakı nasizmi öz ağuşuna alıb bir növ bu nasionalizmin özünü dəstəkləmiş oldu və bununla da qurum özünün fəlsəfi - mənəvi baxımdan ölüm fərmanını vermiş oldu. Millətçiliyin arxa plana keçməsi, ümumi Avropa evi, demokratik dəyərlərə sadiq, rifah içində yaşayan avropalıların evi kimi təşəkkül tapmış, inkişaf etməyə başlamış Aİ ideyası və onun təşkilatı Ukrayna nasizmini öz içinə aldıqdan sonra Polşa, İtaliya, Almaniya, Fransa nasionalizminin intişar tapmasına və bu ölkələrin kifayət qədər güclü olan millətçi qüvvələrinin artıq ümumi Avropa üçün deyil, öz milli dövlətlərinin maraqları üçün siyasət yürütməsinə səbəb oldu. Avropanın parçalanması tendensiyası müşahidə edilməkdədir. Bunu kimsə görmürsə, sadəcə siyasi korafəhmdir. Bu parçalanmaya bariz nümunə kimi Macarıstanı göstərə bilərik. Aİ üzvü olan bu ölkə heç bir ümumi Avropa qaydalarına məhəl qoymayaraq Rusiya ilə enerji müqavilələri bağlayaraq özünün ayrıca bir ölkə kimi enerji təhlükəsizliyini təmin etdi. Qışın sərt vaxtları yaxınlaşdıqca qaz sərfiyyatı artacaq, qazın bahalaşması və qıtlığı yaranacaq. Avtomatik olaraq Avropanın digər dövlətlərinin də ümumi Avropa qaydalarına tüpürərək öz milli dövlətlərinin maraqlarını əsas tutan siyasət yürüdəcəklər. Proses sürətli getməsə də gedəcək. Çünki belə strateji sınmalar, dönüş nöqtələri sürətlə baş vermir. Tədricən, lakin inamlı şəkildə dönüş olur. Həmin dövlətlərin rəhbərliyində olan menecerlər xalqın və biznes subyektlərinin təkidi ilə buna getməyə məcbur olacaqlar. Əlahəzrət tələbat hər şeyi özü həll edəcək. Ukraynadakı müharibə Avropanın simasını dəyişib elə hala salacaq ki, Avropa 2-ci Dünya Müharibəsindən bu yana həmin hala düşmək istəmir. Avropanın ən çox istəmədiyi şey odur ki, Avropanın xəritəsi dəyişməsin.
Lakin onlar artıq bu istəkləri üzrə sərhədlərini qorumağın öhdəsindən gələ bilmirlər. Yuqoslaviyanın zorla məhv edilərək hissələrə bölünməsi və Ukrayna. Bütün bunlar Avropanın bu tabusunun çoxdan pozulmasından xəbər verir. Ukraynadakı müharibə nəticəsində ən azından Novorossiya adlandırılan ərazi Rusiyanın tərkib hissəsi olacaq. Minimum hədəf budur. Orta hədəf bütün Ukraynanın Rusiya tərəfindən “udulması”dır. Maksimum və baş hədəf isə Avropada yeni təhlükəsizlik qarantiyasının, strateji təhlükəsizlik məsələlərinin yeni qaydalarınn müəyyən edilməsidir. Bir sözlə, gözümüzün önündə Avropanın xəritəsi yenidən çəkilir. Rusiya bunu etdikcə digər dövlətlər də bunu etmək üçün ürəklənir. Düşünürlər ki, tabunun pozulduğu bir şəraitində yeni qaydalar müəyyənləşənə qədər vəziyyəti öz xeyirlərinə dəyişə bilərlər. Polşa Ukraynanın qərb torpaqlarının, 2-ci Dünya Müharibəsi nəticəsində Almaniyada qalan ərazilərin ilhaqı barədə düşünür. Almaniyanın siyasi kuluarlarında isə həmin müharibə nəticəsində onlardan qoparılan torpaqların geri qaytarılması barədə pıçhapıç gedir. Bu proses daha geniş vüsət alacaq. Avropa Birliyinin “kağız pələng” olduğu hər gün daha qabarıq şəkildə üzə çıxır və bundan sonra da çıxmağa davam edəcək. Avropanın hərbi potensialından heç danışmaq istəmirəm. Çünki belə bir potensial demək olar ki, yoxdur. Uzun yazmadan demək istəyirəm ki, öz hərbi potensialını məhv edib müdafiə və təhlükəsizlik məsələlərini NATO-ya, əslində isə ABŞ-a tapşıran Avropanın NATO-nun Avropadakı hərbi potensialına baxıb nə boyda səhv etdikləri açıq-aşkar görürlər. NATO hazırda Avropanın təhlükəsizliyini qorumaq gücündə deyil. Həm Aİ-nin həm də NATO-nun “kağız pələng” olması günbəgün aşkara çıxır. Aİ-nin baş tutmayan iqtisadi birlik, NATO-nun isə baş tutmayan hərbi birlik olması artıq bir faktdır. Sadəcə bu faktı görənlər və görməyənlər var. NATO Avropada ciddi müharibə apara biləcək və ya Rusiya kimi hərbi potensialı olan düşmənlə müharibə apara biləcək səviyyədə deyil. ABŞ-ın Əfqanıstan çıxarkən NATO-nu “düzdə buraxması” faktiki olaraq NATO-nun buraxılması demək idi. ABŞ özü çıxdı və müttəfiqlərinin nə edəcəyi ilə heç maraqlanmadı da. Əfqanıstanda iflasa uğramış “NATO birliyi” mifinin qırıntıları ABŞ-a məhz Rusiyaya qarşı istifadə edilmək üçün lazımdır. Lakin ABŞ Avropadakı müttəfiqlərini müdafiə etmək üçün lazımi tədarükü görmür və görmək niyyətini büruzə belə vermir. Əgər böyük bir müharibə olsa, Avropa Rusiyanın əlində köməksiz vəziyyətdə qalacaq. Rusiya Avropanı şumlamaq potensialına malikdir. Lakin NATO-nun buna adekvat cavab vermək potensialı yoxdur. Avropa həqiqətən də Rusiya kimi dövlətə qarşı müdafiəsiz vəziyyətdə qalıb. NATO-nun ümumilikdə ikinci, Avropada isə birinci ən böyük ordusu olan Türkiyə ordusu Rusiya ilə müharibə etməz. Türkiyə ABŞ və NATO-nun digər üzvlərinin təkidi ilə nəinki Rusiyaya qarşı sanksiya tətbiq etmədi, hətta NATO-nun Finlandiya və İsveçlə genişlənməsinin qarşısını alır. NATO-nun ikinci dövləti sərbəst siyasət yürüdür, Amerika maraqlarına görə Rusiya ilə heç bir sahədə toqquşmaq istəmir. Və bütün bunları hesablayanda Avropa siyasi elitasında NATO-nun aktual olmaması, Avropanın öz ordusunun yaradılmasının vacibliyi ilə bağlı məsələlər qaldırılması təbii proses görünür. Bütün bunlar onu göstərir ki, ABŞ əslində NATO-dan imtina edib. Lakin hazırda mövcud olan zəif gücündən də olsa istifadə edərək NATO adlı sonatanın son akkordlarını çalır.
Bütün bunların ABŞ üçün xüsusi nəticəsi onun bir imperiya kimi məhv olmasına gətirib çıxarmasıdır. ABŞ-ın qlobal imperiya qurmaq və bütün dünyada yeganə dominant qüvvə olmaq barədə ambissiyası və bu ambissiyanın həyata keçirilməsi uğrunda etdikləri 2-ci Dünya Müharibəsinin sonunda yaradılmış, ABŞ-ın dominantlığını təmin edən beynəlxalq hüquq sisteminin aktiv şəkildə dağılmasına xidmət edib. Həmin sistem gözümüzün önündə dağılır. Və bu proses elə bir çağırışlar qarşısında dağılır ki, həmin çağırışların tələblərinə görə, beynəlxalq sistemdə başqa dövlətlərin də dominantlığı və suveren maraqları nəzərə alınmalıdır. Nəinki nəzərə alınmalı, hətta bu maraqlar yeni sistemin quruluşunda əsas amillər olmalıdır. Dünya ABŞ-ın hegemonluğu ilə deyil, bir çox dövlətlərin maraqlarının təmin olunması yolu ilə idarə edilməlidir.
Buna çoxqütblü dünya deyirlər. Bu konsepsiyanın və hərəkatın avanqardı Rusiya və Çindir. Lakin son illərdə Hindistan, Braziliya, Cənubi Afrika Respublikası, İran və digər dövlətlər də bu baxımdan ön plana çıxmağa başlayıblar. Nə baş verməsindən asılı olmayaraq çoxqütblü dünyaya keçid baş verməli idi. İndiki şəraitdə formada keçid isə sırf şərti xarakter daşıyır. Tarix bizə öyrədir ki, bir növ təkamül prosesi gedir. İmperiyaların hamısı yox olub gedir. Gücləndikdən bir qədər sonra sönür, məhv olur. Bu gün bizim gördüyümüz odur ki, ABŞ imperiyası sönməkdə deyil, sözün əsl mənasında dağılmaqdadır. Ukrayna konflikti üzə çıxartdı ki, ABŞ və Avropa bu vəziyyətdə bütün - siyasi, iqtisadi, hərbi səviyyələrdə - strateji cəhətdən məğlub olub. Qalib isə Rusiyadır.
Bəs post münaqişə dövrü necə olsun? Düşünürəm ki, ABŞ-ın bəxti onda gətirib ki, Avropa və Rusiyanın, o cümlədən, Çinin ABŞ və NATO kimi dünyaya ağalıq etmək iddiası yoxdur. Rusiya sadəcə Avropada yeni təhlükəsizlik qaydaları əldə etməyə çalışır ki, özünün qanuni milli təhlükəsizlik maraqlarını təmin etsin. O, bunu təmin etməsə mövcud ola bilməz. Ona görə də Rusiyanın bu münaqişədə baş hədəfi də elə budur. Lakin bu, gələcəkdə baş verəcək. Rusiyanın qəti qələbəsi Avropanı məcbur edəcək ki, ABŞ-ın onları təhrik etdiyi intihar ssenarisindən əl çəkib Rusiya ilə birgəyaşayışın real şərtlərinə uyğun olaraq sülh şəraitində yaşamağa can atsınlar. Sülh içində yaşamaq dost kimi yaşamaq demək deyil. Onsuz da Avropa uzun müddətə Rusiyanın dostu olmaq kimi bir şansını itirib. Avropa elitası ABŞ-ın milli maraqları naminə axmaqcasına, həm də satqıncasına davranaraq Rusiya ilə münasibətlərdə kifayət qədər qarşıdurma yaradıb. Rusiya bundan sonra ümumiyyətlə Avropanı özünə dost hesab etməyəcək, ona heç vaxt etibar etməyəcək. Və düz də edəcək. Rusiya Avropaya etibar etməməlidir də. Heç kim kürəyindən bıçaq sancan biri ilə bir də dostluq eləməz. Lakin sülh içində birgə yaşamaq olar. İtlə dostluq elə, amma çomağını əldən vermə misalı. Ədalətli, hamının hörmət etdiyi və pozmadığı qaydalar çərçivəsində yaşamaq olar. Rusiya da buna can atır - ABŞ-ın hegemonluğunun mövcud olduğu sistemi dağıdıb yerinə yeni, daha ədalətli beynəlxalq münasibətlər sistemi gətirmək istəyir. Bunun baş verdiyi zaman uzunmüddətli perspektivdə strateji cəhətdən uduzan tərəf ABŞ, udan tərəf isə dünyanın qalan hissəsi olacaq.
Cəmil Şirvanov
Mövzu linkləri: