Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Azərbaycan / Publisistika
AVRASİYAÇILIQ NƏDİR - Nadir Qocabəylinin yazısı
Dostlardan biri məndən Avrasiyaçılıq haqqında qısaca yazmağımı xahiş etdi.
Avrasiyaçılıqla bağlı yazılarım çox olub. Üstəlik, Aleksandr Duqinin Avrasiya missiyası adlı proqram xarakterli kitabını tərcümə edib, hissə-hissə, daha sonra tam şəkildə paylaşmışam. Onun digər kitablarından da xeyli fraqmentləri tərcümə edərək, burada dostlarla bölüşmüşəm.
Bəli, Duqin akademik üslubda yazır. Yəni onu başa düşmək müəyyən savad, bilik, dünyagörüş səviyyəsii tələb edir. Hətta tərcümə edəndə də çox sadələşdirmək olmur. Ancaq mən bunu mümkün qədər etməyə çalışmışam. Həm tərcümələrimlə, həm də avrasiyaçılıq haqqında müstəqil fikirlərimlə.
Avrasiyaçılığı qısa şəkildə xarakterizə etsək, bunları deyə bilərik:
Avrasiyaçılıq nəzəriyyəsi Avrasiya məkanında, ümumiyyətlə bütün dünyada yaşayan xalqların, xüsusilə də qonşuların bir-birinə dost, qardaş, dözümlü münasibətini nəzərdə tutur. Bu ilk növbədə bir ölkə daxilində iç-içə yaşayan xalqlara, etnik qruplara, mədəniyyətlərə aiddir. Avrasiyaçıların bir düşməni var: o da dünyamızı qarışdıran, qaraldan, qanlara, aclığa, məhrumiyyətlərə, istismara, haqsızlığa səbəb olan qlobalist atlantistlərdir...
Bununla belə, avrasiyaçılar Avro-Atlantik məkanda yaşayan xalqları da özünə dost hesab edir. Biz sadəcə müstəmləkəçiliyə, assimilyasiyaya, iqtisadi anneksiyaya, siyasi ekspansiyaya qarşıyıq. İrqçilik, faşizm, nasizm, ksenofobiya, başqa xalqlara nifrət, yuxarıdan baxmaq, dözümsüzlük bizə yaddır..
Bizim əsas məqsədimiz bütün dünyanı öz əsarəti altına almağa çalışan Amerika imperiyasına mane olmaq, onun işğalının qarşısını almaqdır. Biz öz torpaqlarımızda amerikanların, ingilislərin, fransızların, almanların, ispanların ağalıq etməsini istəmirik. İstəyirik ki, buraların, yəni Avrasıyanın sahibləri onun öz sakinləri olsun.
Bunun üçün isə bütün səylərimizi, qüvvələrimizi və resurslarımızı birləşdirməliyik. Bacarmasaq, Amerika bizi parçalayıb özünə tabe və kölə edəcək. Artıq bu sahədə xeyli iş görüblər. Gündəlik həyatımızda rast gəldiyimiz, şikayətləndiyimiz, bəyənmədiyimiz bir çox təzahürlər, hadisələr bu işğalın bariz əlamətləridir. Məsələn, kasıbların hər gün artması, varlıların onları hər gün daha çox istismar etməsi, aldatması, hər cür saxtakarlıq, yalan, reklam, bütün media və televiziya məkanının əxlaqsız, yalançı, saxta adamlarla doldurulması, həqiqi, vicdanlı ziyalıların sıxışdırılması, başlarının hər vəchlə məişət problemləriylə qatılması, qonşu xalqların bir-birinə düşmən edilərək yaradılan vətənpərvərlik hay-küyü, ölümlərin adiləşdirilməsi, hətta ideallaşdırılması, yalanın qanunlaşdırılaraq cəza alətinə çevrilməsi (görürsünüzmü, açıq yaza bilmirəm, çünki təhlükə var, təhlükə isə birbaşa Amerikadan, onun qubernatorlarından gəlir) və s.
Bunların hamısını Amerika, onun müəyyən etdiyi adamlar edirlər. Məqsəd sadəcə bizim axırımıza çıxmaqdır. Çünki daha onlara lazım deyilik, yerlərini dar edirik. Onların fikrincə onların haqqı olan sərvətləri tükədirik.
Avrasiyaçı olmaq ilk növbədə bunları dərk etməkdir. İkincisi, özünü, ailəsini, qardaşlarını, qonşularını bu bəladan qorumağa çalışmaqdır. Üçüncüsü, bunu dərk etməyənlərin gözünü açmaq, həqiqətləri onlara başa salmaqdır.
Avrasiyaçı başa düşməlidir ki, Amerika bəlasını yalnız AVRASİYA regionunda yaşayan bütün xalqların birgə səyi ilə dəf etmək olar. Bunun üçün birləşməli, yaxınlaşmalı, sıxlaşmalı, bütövləşməliyik.
Avrasiyaçı anlamalıdır ki, qonşu xalqla çəpər davası etməməlidir, bilməlidir ki, bu, əsas düşmənin, yəni Amerikanın dəyirmanına su tökməkdir, təxribatdır.
Avrasiyaçı erməni millətçilərinə, təcavüzkarlarına müstəqil düşmən kimi yox, Amerikanın qısqırtdığı itlər, casuslar kimi baxmalıdır. Ermənilərin ağıllılarına başa salmalıdır ki, bir-birimizi öldürməklə ancaq Amerikaya xidmət edirik. Bu davadan ancaq atlantistlər udur, ermənilər və azərbaycanlılar isə uduzur. Hansısa torpaq sahələrinin, kiçik ərazilərin əldən-ələ keçməsi müvəqqətidir və heç kəsə heç nə qazandırmır. Ancaq Amerikaya və onun əlaltılarına nəsə qazandıra bilər.
Bizim vətənimiz ucsuz-bucaqsız Avrasiya coğrafiyasıdır. Sahib çıxa bilsək, hamımıza istənilən qədər torpaq da var, sərvət də. Və biz bu coğrafiyada ədalətli nizam qurmalıyıq ki, kimsə kiminsə torpağını, mülkiyyətini, payını əlindən almağa çalışmasın. Ermənii öz evində, azərbaycanlı da öz evində yaşasın və bir-birinin malına-mülkünə göz dikməsin. Bu, axmaqlıq və qanmazlıqdır. Qəsb olunan hər şey bir gün qəsbkarın əlindən alınacaq. Necə ki, daşnaklar rəqs elədikləri Şuşadan çıxmağa məcbur oldular.
Avrasiyaçı ermənilərlə mənasız didişmədə iştirak etməməlidir, yalnız Amerika planına işləyən erməniliyi pisləməli, qalanlarını düz yola dəvət etməlidir.
Avrasiyaçı qonşu dövlətlərin ərazisində yerləşən və azərbaycanlıların yaşadıqları ərazilərə "bizimdir", yaxud "bizim olub" deməməlidir. Çünki bu da Amerika planına, Amerikanın əlinə oynamaqdır. Təbriz təbrizlilərin, Dərbənd dərbəndlilərin, Tiflis tiflislilərin, İrəvan irəvanlılarındır. Həm də hamımızındır, avrasiyalılarındır. Elə etməliyik ki, hamısı bizim olsun, yəni kefimiz istəyəndə gedək gəzək, ürəyimiz istəyəndə ev alaq, müəssisə açaq, alver edək, gedək, gələk, qız verək, qız alaq, konsertlər, idman oyunları təşkil edək, kitab sərgiləri keçirək və s.
Bəzi axmaqlar, yaxud Amerika casusları, ya da bunun arzusunda olanlar yazır ki, Avrasiyaçıların ideologiyası yoxdur. Guya biz Qərb liberalizminə qarşı nəsə qoya bilmirik. Bizim ideologiyamız elə avrasiyaçılıqdır. Bu sözün içərisində hər şey var. Siyasət də, iqtidasiyyat da, inkişaf da, tərəqqi də, həyat da. İdeologiya güclü, azad, suveren, inkişaf etmiş, Qərbə kölə olmayan BÖYÜK AVRASİYA-dır. Detalları işləyirik və yavaş-yavaş həyata keçirəcəyik. Ancaq biz birmənalı olaraq liberal olmayacağıq. Biz neo-mühafizəkarlarıq. Həm müasirləşəcək, həm də özümüz olaraq qalacağıq. Özümüzü, yurdumuzu, sərvətlərimizi, ağlımızı itirməyəcəyik...
Mövzu linkləri: