Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Analitika / Publisistika
14:00, 20 iyul 2022
410
0

ƏN DOĞRU YOL - Nadir Qocabəylinin yazısı


Tehranda baş tutan görüş məni sevindirir. Ən azı ona görə ki, regionun aparıcı dövlətləri burada yadları görmək istəmir və öz problemlərini özləri həll etmək üçün toplaşıblar.

Bəs Azərbaycanın bu görüşdə hansı marağı var? Əlbəttə, biz də öz problemlərimizi özümüz və tarixi qonşularımız, qohumlarımız ilə birlikdə həll etməkdə maraqlı olmalıyıq və maraqlıyıq. Nə Avropa, nə Amerika, nə də Çin bizə problem həll edən deyil. Balamıza dəyməsinlər, balalarını istəmirik.

Ancaq bəzi dostlar yazır ki, guya Rusiya, İran və Türkiyə hər üçü Azərbaycanı öz təsir dairəsinə almaq, hətta özünə qatmaq uğrunda mübarizə aparırlar. Bununla bağlı konkret misallar da çəkilir. İran "Kərimə dövləti"ni təbliğ edir, Türkiyə konfederasiya təbliğatı aparır, Naxşıvanla bağlı iddialar səsləndirir, Rusiya da SSRİ-nin bərpasından danışır.

Bu fikirdə müəyyən həqiqət ola bilər və hər üç dövlətin müəyyən dairələrini, vətəndaşlarını başa düşmək də olar. Ancaq həlledici rol, təbii ki, Azərbaycana, xalqımıza, vətəndaşlarımıza məxsusdur və son qərarı biz verəcəyik.

Azərbaycan 100 ildən artıqdır ki, müstəqil dövlətdir və bu yolda biz 3 mərhələdən keçmişik: Azərbaycan Xalq Cümhurriyyəti, Azərbaycan SSR və Azərbaycan Respublikası dövrləri. Mənə elə gəlir ki, Azərbaycan bundan sonra da həmişə müstəqil olacaq və olmalıdır. Çünki biz artıq buna öyrəşmişik və büün əyintilərə, pozuntulara, problemlərə baxmayaraq, bundan vaz keçməməkdə qərarlıyıq.

Təbii ki, mütləq mənada müstəqillik heç yerdə yoxdur, hətta bizdən daha böyük və güclü dövlətlər üçün də. Hamı özündən güclü ilə hesablaşır, zəiflər də güclülərin mübarizəsində özünəməxsus rollarını oynayır və müəyyən mənada müstəqil siyasət apara bilirlər. Ən azından elə görünür.

Bəli, bu gün malik olduğumuz müstəqillik hələ də xalqımızın maraqlarını tam ifadə edə, onun rifahını yüksəldə, onu xarici və daxili istismarçılardan qoruya bilmir. Ancaq sizi inandırım ki, bu məsələnin həlli müstəqillikdən imtina olunmasından keçmir. Əslində biz heç ondan imtina edə də bilmərik. Bəzən əsəbləşib nəsə desək də, nəyisə lağa qoysaq da, qəlbimizin dərinliyində, şüurumuzun altında bilirik ki, bizim istəyimiz əslində əsl, həqiqi müstəqilliyə nail olmaq, öz qazancımızı özümüz yemək, sərvətlərimizə sahib çıxmaq, onları ədalətlə bölüşməkdir.

SSRİ ilə bağlı nostalgiya da bu məsələlərin qismən həmin dövrdə ədalətli olmasıyla bağlıdır. Yoxsa formal baxımdan indiki dövlətimiz Azərbaycan SSR-dən daha müstəqil sayılır. Ondakından fərqli olaraq, ölkə rəhbəri birbaşa kənardan təyin olunmur, ayrıca pulumuz, sərhədimiz, gömrüyümüz, ordumuz var və s. Ancaq bunlar xalqın rifahına, ölkədəki düzgün idarəçiliyə, ədalətə müsbət təsir edirmi? Deyərdim ki, yox. Odur ki, xalqı da bu məsələlər ciddi narahat edir. Mövcud müstəqilliyimizin həqiqi, möhkəm, etibarlı ola bilməsi üçün bu məsələ üzərində ciddi düşünməliyik və əsas məsuliyyət də, təbii ki, hakimiyyətin üzərindədir.

Bu məsələni həll etsək, xalq da kənara meyil etməyəcək və kimlərsə 5-ci kolon axtarmayacaqlar, çünki kimsə Türkiyəyə, İrana, Rusiyaya, Avropaya, Amerikaya boylanmayacaq.

Ancaq gəlin görək bunu edəcək gücümüz, potensialımız, təpərimiz varmı? Biz bu müstəqilliyi bu şəkildə, bu formada uzun müddət qoruya biləcəyikmi? Məncə, yox. Dəyişməsək, mümkün deyil. Bəs dəyişməyə doğru hər hansı meyil, tərpəniş hiss olunurmu? Görə bilmirəm. Mən ancaq imitasiya, gözə külüfürmə, gözdən pərdəasma görürəm.

Bəs nə etməliyik? Əlbəttə ki, müstəqilliyimiz qalacaq və qalmalıdır. Ancaq bir nömrəli vəzifə onun keyfiyyətini artırmaqdır. Bunun üçün ilk növbədə xarici təsirlərdən, təzyiqlərdən asılılığımızı minimuma endirməli, hakimiyyəti birbaşa özümüz formalaşdırmağı, ona nəzarət etməyi bacarmalı, bir millət olaraq dürüst, ədalətli olmağı öyrənməliyik. Bunu təkbaşına, öz başımıza edə bilərikmi? Məncə, yox. Qabiliyyətimizin azlığı bir yana, həm də kənardan qoymazlar.

Burada çox incə bir məqam var. Biz həm müstəqil qalmağı bacarmalı, həm də digərlərinin müsbət təcrübəsindən faydalanmalıyıq. Əslində guya indi elə həmin vəziyyətdəyik və çoxvekrotlu siyasət aparılır. Ancaq düşünürəm ki, bunun bizə ziyanı faydasından çoxdur. Çünki xalqımız bundan qazanmır və udmur. Bəlkə də kimlərəsə bu sərfəlidir, kimlərsə hakmiyyətini, vəzifəsini, sərvətini qoruyur, amma Azərbaycan xalqının durumu getdikcə pisləşir. Ölkədə qanunlar lazımi şəkildə işləmir, sosial ədalətsizlik gün-gündən dərinləşir, qütbləşmə artır, çoxluq sürətlə yoxsullaşdığı halda, azlıq da sürətlə varlanır və harınlaşır. Qarşısı da alınmır. Yalnız gözə külüfürmə, başaldatma görürük.

Bəs neyləməli? Əlbəttə, təbii ki, ilk növbədə müsbət tarixi təcrübədən faydalanmalıyıq. O təcrübədən ki, həm müstəqilliyimiz olub, həm rifahımız indikindən yaxşı olub, həm ədalət daha yüksək olub, həm də haqsızlıq və harınlıq daha az olub. Bəli, SSRİ təcrübəsi.

Bizim üçün bütün hallarda Rusiya ilə yaxınlaşmaq, açıq deyirəm, onun himayəsini qəbul etmək ən məqbul variantdır. İran və Türkiyə haqqında danışmaq istəmirəm. Hər ikisi qardaşımız, qohumumuz, canımız-ciyərimizdir. Əlaqələrimiz, məhəbbətimiz də daim davam etməlidir. Ancaq onlarla hər hansı konfederasiya, federasiya, yaxud siyasi-ideoloji yaxınlıq durumumuzu daha da pisləşdirər. Səbəbləri haqda çox demişik və yazmışıq. Çoxdur. Ancaq birini xatırladacağam. Sovet dövründə Azərbaycan həm İrandan, həm də Türkiyədən hər cəhətcə irəli olub. Bunu hər kəs bilir. 
Ancaq SSRİ-nin bərpası, Rusiya ilə daha da yaxınlaşmaq, gələcək "SSRİ" haqqında danışanda, əlbəttə, bunu keçmişə qayıdış kimi qiymətləndirmək yanlış olardı. Söhbət yalnız keçmişin müsbət təcrübələrindən faydalanmaqdan gedə bilər. Qalan məsələlərə özümüz qərar verməliyik. Özümüz, yəni biz də daxil olmaqla bütün sovet xalqları.

Bu məslələylə bağlı müxtəlif fikirlər, yanaşmalar, modellər var. Bır sıra yeniləri də meydana çıxa bilər və çıxacaq da. Sırf SSRİ formatı, Avropa Birliyi forması, Rusiya imperiyası formatı tərəfdarı olanlar var. Ancaq mənə görə, biz ən müasir və sivil variantı qəbul etməliyik. Elə bir şey yaratmalıyıq ki, həm təhlükəsizliyimizə zəmanət versin, həm də rifahımız yüksəlsin və istismar olunmayaq. Daha ədalətli cəmiyyətdə yaşayaq, rəhbərlərimizi özümüz seçək, təyin edək. Bu günə qədər olmayan yerli idarəçilik strukturlarımızı formalaşdıraq və möhkəmlədək. Qanunlar kağız üzərində olmasın. Çox kasıblar və oğru, istismarçı, harın varlılar olmasın.

Əsl müstəqillik elə bunların olmasıdır. Yoxsa bayrağın rəngi, himnin müsiqisi, pulun üstündəki şəkil formal şeylərdir. Sərhədlərə gəldikdə, onlar nə qədər şəffaf olsa, bir o qədər yaxşıdır. Gömrük postlarının az olması, yaxud heç olmaması da. Orduya gəldikdə: artıq KTMT adlı qurum var və düşünürəm ki, biz də onun qurulmasında, təkmilləşməsində iştirak etməli, onun güclənməsində maraqlı olmalıyıq. Qonşularımızla münaqişəyə girməməli, mövcud münaqişəni də ədalətlə, mövcud beynəlxalq qanunlara, sərhədlərin dəyişdirilməməsinə uyğun həll etməliyik.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)