Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
15:30, 07 may 2022
980
0

NATO-nun "5-ci maddə" mifi haqqında


Cəmil Şirvanov
Bu yazımızda dünyanın cahil insanları arasında yayılmış daha bir məşhur – NATO üzvlərinin kollektiv müdafiə barədə öhdəlik götürməsi barədə - mifi dağıdacağıq.

İnsanlarda belə bir fikir var ki, NATO üzvü olan ölkələrin hər hansı birinə silahlı hücum olarsa NATO-nun digər üzvləri onun müdafiəsinə qalxmağa borcludurlar və hücum edən tərəflə müharibə edib onu yerinə oturtmalıdırlar. Adətən bu tezisi əsaslandırmaq üçün Vaşinqton müqaviləsinin 5-ci maddəsini əsas gətirirlər. Bu müqavilədən və 5-ci maddədən xəbəri olanların hamısı yuxarıdakı tezisi irəli sürməklə yalan danışırlar, bilə-bilə yalançı təbliğat aparırlar. Bu müqavilədən və maddədən xəbəri olmayıb sadəcə “5-ci maddə” deyə yayılmış mifi eşidənlər isə cahilliklərindən belə düşünürlər.

Vaşinqton müqaviləsini NATO-nun rəsmi saytından açıb oxuya bilərsiniz. Həmin müqavilənin mətni bir çox dillərdə verilib. Düzdür, Azərbaycan dilində variant olmasa da mən bu vəzifəni üzərimə götürüb sizin üçün tərcümə etdim. Və çalışdım ki, ixtisasca hüquqşünas olduğum üçün bu sahədə bildiklərimdən istifadə edib həmin o məşhur 5-ci maddəni sizin üçün sadə dildə şərh edim.

Müqavilənin 5-ci maddəsini oxuduqda görürük ki, NATO dövlətləri onlardan birinə hücum olarsa heç də hamının bildiyi kimi kollektiv surətdə hücuma məruz qalan müttəfiqini qorumağa borclu deyillər. Beləliklə, Müqavilənin 5-ci maddəsinin mətni belədir:
“Tərəflər razılaşırlar ki, Avropada və ya Şimali Amerikada onlardan birinə və ya bir neçəsinə qarşı silahlı hücum bütövlükdə onlara qarşı hücum kimi qiymətləndiriləcək və buna görə də razılaşırlar ki, belə silahlı hücum baş verərsə, onların hər biri Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünümüdafiə hüququnu bu cür hücuma məruz qalan Tərəfə və ya Tərəflərə təcili şəkildə zəruri hesab etdiyi fərdi və ya kollektiv tədbirləri, o cümlədən, Şimali Atlantika regionunun təhlükəsizliyini bərpa etmək və sonradan qorumaq naminə silahlı qüvvələrdən də istifadəni həyata keçirə bilər.

Hər hansı belə silahlı hücum və onun nəticəsində görülən bütün tədbirlər dərhal BMT Təhlükəsizlik Şurasına bildirilməlidir. BMT Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin bərpası və qorunub saxlanılması üçün zəruri tədbirlər gördükdə bu cür tədbirlər dayandırılacaqdır”.

Bu maddənin hüquqi dildən adi dilə tərcüməsini konkret misalda göstərək. Variant kimi yaxın gələcəkdə baş verməsi ehtimal edilən ssenarini yazaq. Məsələn, təsvir edək ki, Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlar zamanı Polşanın prezidenti Duda Polşanın tarixi torpaqları saydıqları və ilk fürsətdə qaytarmağa çalışdıqları qərbi Ukrayna torpaqları uğrunda hərəkətə keçdi və öz silahlı qüvvələrini  Ukraynanın qərbinə yeridərək oranı ilhaq etməyə cəhd etdi. Bu vəziyyətlə qəti surətdə barışmayan Rusiya Polşa qoşunlarının Ukraynadan çıxarılması və Ukraynanın qərbinə də fiziki nəzarət etmək üçün xeyli silahlı qüvvələri cəlb etdi və Polşa ilə açıq müharibəyə girdi. Ukraynanın qərbi ilə kifayətlənməyib Polşanın öz ərazisini də bombaladı, onun infrastrukturunu məhv etməyə başladı. Belə lap bir az da dərin fantaziya edək: Rusiya həm də bu vəziyyəti fürsət bilib Polşanın ən azı bir hissəsini, ya da bütövlükdə öz nəzarətinə keçirməyi hədəfə alaraq hərbi əməliyyatları Ukrayna ərazisi ilə məhdudlaşdırmadı, deyək lap Varşava ətrafında döyüşlərədək gedib çıxdı. Fantaziya olsa da bu cür vəziyyəti təsəvvür edin. Etdinizsə onda yuxarıda tərcüməsini yazdığım məşhur 5-ci maddəni oxuyun və özünüzə belə bir sual verin: Belə olan halda bütün NATO ölkələri Rusiya ilə müharibə etməyə borcludurmu? Cavabını mən verim: yox, borclu deyillər! Yuxarıdakı maddə də qeyd edilir ki, tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit edilmiş fərdi və kollektiv özünümüdafiə hüquqlarından istifadə edə bilərlər. Bilərlər o deməkdir ki, kimsə kiməsə borclu deyil, sadəcə buna hüququ var. Yəni az əvvəl yazdığım ssenarini götürsək, ABŞ, İngiltərə, Fransa, Türkiyə və başqa NATO dövlətləri bunu özlərinə edilmiş hücum kimi qiymətləndirirlər, Şimali Atlantika regionunun təhlükəsizliyinin qorunması üçün müxtəlif vasitələrdən, o cümlədən silahlı qüvvələrdən istifadə etmək HÜQUQUNA malikdirlər. Lakin buna məcbur deyillər. NATO üzvü olan dövlətlər həm hər biri ayrı-ayrılıqda, həm də digər üzvlərlə birlikdə hansısa hücuma məruz qalan NATO ölkəsini müdafiə edə bilərlər.  Lakin bu qərarı verməkdə sərbəstdirlər. NATO-nun bütün üzvlərinin hərəkətə keçməsi üçün hər birinin müsbət rəyi – Alyans üzvləri arasında yekdil razılıq olmaldır. Bu, o deməkdir ki, hər bir üzv özünə cavabdehdir. Yəni Polşaya hücum olsa ABŞ müharibəyə girə bilər, amma digər NATO ölkələri girməyə bilər. Və ya bütün dövlətlər girə bilər, Türkiyə, ya da Yunanıstan girməyə bilər. Məsələn, sanksiyalarla kifayətlənə də bilərlər.

Beləliklə, burdan çıxan nəticə budur ki, sabah hər hansı bir NATO ölkəsinə hücum olarsa həmin hücuma məruz qalan dövlətin döyüş meydanında tək qalması ehtimalı böyükdür. Bu zaman digər NATO ölkələri Ukrayna ilə etdikləri kimi silah göndərib özləri birbaşa toqquşmadan kənarda dura bilərlər. Və düşünürəm ki, bu, çox güman ki, belə də olacaq. Nə deyirsiniz deyin, hansısa Litvaya, Latviyaya, Estoniyaya görə ABŞ Rusiya ilə nüvə müharibəsinə girməyi gözə almaz. Çünki latışlar, estonlar və ya litvalılar amerikalı deyillər ki, onların 2 binası terrora məruz qalsın və buna görə ABŞ bütün NATO dövlətlərini özü ilə birlikdə Əfqanıstana girməyə məcbur etsin.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)