Flaş / Gündəm / Azərbaycan / Siyasət-Azərbaycan / Publisistika
Bunun adı xəyanət, arxadan zərbədir
İdeallaşdırdığımız, kumir, lider saydığımız, hamıdan çox inandığımız insanların yalançı, qorxaq, satqın, xəyanətkar olduğunu qəbul etmək çox çətindir. Təsəvvür edin ki, atasını hamıdan güclü, cəsur sayan uşaq onun qorxaq və zəif olduğunu görəndə nələr keçirir. Lap elə övladını çox sevən, ona inanan valideyn olsun, xanımına hədsiz etibar edən kişi, ərinə güvənən arvad olsun... Bunların əksini eşidəndə, yaxud görəndə ilk reaksiyası nə olur? "Ola bilməz!" - o deyir....
Amma həyatın sərt üzü də var və təəssüf ki, həyatda belə şeylər olur. Mən də Elçibəyin, Etibarın 20 Yanvar hadisələrində günahkar olduğuna, xalqa xəyanət etdiklərinə, camaatı küçədə qoyub, evlərdə gizləndiyinə və sakitcə nə olacağını izlədiklərinə uzun müddət inanmamışam...
Daha doğrusu, inanmaq istəməmişəm. İnsanda belə hal olur. Böyük sevgini bir anda ürəkdən çıxarıb atmaq olmur axı, bu adama əzab verir. Bu, böyük bir gəminin yükünü boşaltmaq qədər ağır, üzücü bir prosesdir. Sən yanıldığınla barışmaq istəmir, özünü təhqir olunmuş sayırsan. Hətta sənə həqiqəti söyləyənlərə nifrət edirsən, onları dinləmək istəmirsən... Amma bir gün, haradasa, hansı şəraitdəsə hər şeyi dərk edirsən. Cəsarətin varsa, etiraf da edirsən...
Elə bilirsiniz, Elçibəy, yaxud Etibar haqqında bunları demək mənə asan olub? Xeyr! Mən uzun illər bunun əzabını çəkmişəm. İndi də düşünürəm ki, bəlkə səhv edirəm, belə olmalıdır. Elçibəy demişkən, torpaq o vaxt vətən olur ki, şəhid qanları ilə suvarılır. Ola bilər, topaq əgər uğrunda ölən varsa, vətəndirsə, birinci şəhid bunu deyən, yazan adamın özü olmalıdır. Heç kəsin kimisə güllə qabağına göndərib," sən get öl, buralar vətən olsun, mən də tribunaya çıxıb yekə-yekə danışım, sənin haqqında gurultulu sözlər səsləndirim" kimi sərsəm, absurd fikri deməyə, düşünməyə haqqı yoxdur.
Bəli, o gecə Əbülfəz də, Etibar da, Rəhim də, Nemət də, İsa da... bir sözlə, tribunaya çıxanların, xalqa müraciət edənlərin, yol göstərənlərin, onu yönləndirənlərin, rədd olsun imreriya, Kreml, Moskva deyənlərin hamısı mənim kimi küçələrdə, barrikadalarda, xalqın arasında olmalıydılar. Ya onları dağıtmalı, evlərinə göndərməliydilər, ya da onlarla birlikdə şəhid olmalıydılar...
Əgər o gecə, ya da ondan əvvəl, həmin gün hərəkat liderlərindən kimsə müraciət edib desəydi ki, qırmızı ordu atəş açacaq, Moskva cəza tədbiri planlaşdırıb, şəxsən mən evdə oturacaqdım və hesab edirəm ki, çoxları belə edəcək və qırğın da olmayacaqdı. Amma onlara edilən aşkar xəbərdarlığa baxmayaraq, bunu etmədilər.
Girenko Elçibəyə, Polyaniçko isə Etibara xəbərdarlıq etmişdilər. Ancaq onlar bununla razılaşmamış, əliyalın insanları tankların qabağına göndərmiş, özləri gizlənmişdilər. Bunun başqa adı yoxdur. Bu, aşkar xəyanətdir, xalqa, qanı-canı səndən olan millətə arxadan zərbədir.
Mövzu linkləri: