Flaş / Gündəm / Azərbaycan / Publisistika
10:00, 27 sentyabr 2021
514
0

Qəhrəman diyarın igid övladı


Azərbaycan... Bu qəhrəman diyar uğrunda əsrlər boyu savaşlar baş verib və sərvətləri talan olunub. Bu qəhrəman torpağın yetişdiriyi igid övladlarımız hər zaman torpağın müdafiəsinə qalxıb və haqq uğrunda, torpaqlarımız naminə canlarını qurban veriblər. Ən yaxın keçmişdən başlasaq, 1990-1994-cü illərdə baş verən “20 Yanvar”, “I Qarabağ müharibəsi”, “Aprel döyüşləri”, 2017-ci il “Gəncə Döyüşləri” 2020-ci il iyul ayında “Tovuz döyüşləri”, 27.09.2020-ci ildə başlayan və 44 gün davam edən “Vətən müharibəsi” əyani sübutdur.

II Qarabağ müharibəsinin igid Qəhrəmanlarından biri Şəhid polkovnik leytenant Mehman Mirəziz oğlu Şirvanovdur. Şirvanov Mehman 1980-ci il fevralın 24-ü Lənkəran rayonun Ürgə(Marso) kəndində anadan olub. Mehman uşaqlıqdan sakit təbiətli olub, kənd həyatının çətinlikləriylə yanaşı dərslərində də fəal idi. Orta məktəbdə oxuyanda hərbi komissarlıqda hərbi xidmət üçün qeydiyyatdan keçərkən “Kim olacaqsan?” sualına qəhrəmanımız “zabit olacam” demişdi. Bu məsələ ilə bağlı hərbi komissarlıqdan Şirvanovun valideyninə zəng edilir və məlumatlandırılır. Atası bu barədə Mehmanla danışanda o bunu təsdiqləyir. Təbii ki, valideyni onun fikrinə hörmətlə yanaşır və onun qarşısına qoyduğu məqsədə çatmağa maneə törətmir, əksinə şərait yaradır. 1998-ci ildə ali məktəbə qəbul zamanı Ali Birləşmiş Kamandirlər Məktəbinə qəbul olur. O, vətəni canından çox sevən insan idi. Elə bu sevgi onu hərbə gətirmişdi. Buranı uğurla bitirən qəhrəmanımız 2002-ci il də leytenant hərbi rütbəsini alaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmətə davam edir. O, Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissəsində əvvəl Taborun Təminat üzrə komandir müavini, bir müddət sonra Taborun Qərərgah rəisi vəzifəsinə yüksəlir. 2015-ci ildə Yevlax rayonunu “N” saylı hərbi hissəyə təyinat alır və 2016-cı ildə “Aprel döyüşləri”ndə Tərtər rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edir, sonra briqadanın Döyüş Əməliyyatı şöbəsinin rəisi vəzifəsində çalışır. 2018-ci ildə Goranboy rayonunun “N” saylı hərbi hissəsində tabor komandiri vəzifəsinə təyinatla göndərilir və bura onun son xidmət yeri olur.

Gənc zabit vaxtından fəallığı ilə seçilirdi. Mehman xaricdə olan təlimlərdə iştirak edərək öz bilik və bacarığını daha da təkmilləşdirib, Azərbaycana döndükdə öz sahəsi üzrə tətbiq edib. O, Rumuniya, Türkiyə, NATO-nun ixtisas artırma kurslarında və s. ölkələrdə təlim alıb.

O, xidmət etdiyi vaxt ərzində heç vaxt heç nədən şikayətlənməzdi. Öz çətinlikləri barədə də heç kimə bir kəlimə belə olsun, heç nə deməzdi. Məsələn, onun 2016-cı il Aprel döyüşlərində iştirak etməsini valideyni 2018-ci ildə bilib.



Şəhid Şirvanovun zabit yoldaşı, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik leytenant Nihat Abdullayev qəhrəmanımız haqqında xatirələrini bizimlə bölüşüb. “Mehman çox mərd, cəsur, incə detallara qədər ədalətli, vətənpərvər, əxlaq normalarını bilən, savadlı, intellektual səviyyəli,dürüst, nahaqqa boyun əyməyən, hər bir çətinliyə qarşı gedən, Vətənə xidmətdən yorulmayan, əsla doğru bildiyindən geri çəkilməyən, tabeliyində olanlara daima ədalətli davranan bir olub. Onun haqqında çox söz demək olar.
Mehman Aprel döyüşlərində düşməndən azad etdiyimiz “Bizim çay” postuna gecə etdiyi əks hücumun qarşısını canavar kimi alıb. Ona 2 ədəd düşməndən götürdüyüm qranatı vermişdim. Özüm isə “Bizim çay” postunu 1 gecəlik ona təhvil verərək növbəti tapşırıq olan Ruslan postunu azad etməyə getmişdim. Bu hadisə həmin gecə olmuşdu. Bunu xidmət etdiyimiz “N” saylı hərbi hissənin şəxsi heyəti gözəl bilir”



Mən özüm də onunla söhbət zamanı keçdiyi döyüş yolundan danışmağını istəmişdim. Cavabında isə “Biz nələrisə danışmaq üçün etmirik. Vətən üçün edirik” demişdi.
Mən bu xatirəni polkovnik leytenant N.Abdullayevlə bölüşəndə, o, da “Biz elə olmamışıq. Ona görə də bizim.barəmizdə heç kim heç nə bilmir. Biz VƏTƏNi o qədər sevmişik ki, gözümüz ondan başqa heç nəyi və heç kimi görməyib”

Qəhrəmanımızın tabeliyində xidmət etmiş, tərxis olmuş müddətli həqiqi hərbi qulluqçu Elmir Səftərovla həmsöhbət olduq. Komandiri haqqında: “2020 ci ilin aprel ayından müharibədə şəhid olana qədər tabor komandirim olub. Əsgərini həqiqətən də sevən biri idi. İslama sevgisi , hərbi savadı, vətənpərvərliyi ilə açıq aydın seçilirdi. Dediyinə görə, daha yüksək vəzifəyə gedəcəkdi, amma müharibə imkan vermədi. Düzgün bir insan kimi tanıyırdım. Dünya görüşü də zəngin idi. Taborda ilk gələndən yaxın olmasa da, sonradan ən güvənilən əsgərlərindən biri oldum. Hətta deyirdi ki, müharibə olsa, səndən çox şey gözləyirəm. Elə müharibə başlayandan bir neçə saat sonra dedi ki, hücuma keçirik AQS-30-dan iki nəfər gəlsin, mən gələndə dedi ki, sən yox, başqa bir əsgər və manqa komandiri gəlsin. Siz zampalitlə gedin. Onlar UAZ-la gedirlər, biz piyada. Biz mövqeyimizə çatanda rabitə ilə xəbər gəldi ki, Mehmanla birgə 34 şəhid vermişik. Bir neçə dəfə dəqiqləşdirdik və məlum oldu ki, şəhid olub. Hamımız şokda idik, o cür igid insanı və lideri itirdik. Elə özü də özünü lider kimi görürdü, həm də əraziyə bələd idi. Müharibədən bir neçə gün əvvəl də bizə müharibə haqqında məsləhətlər verirdi. Həqiqətən, dedikləri şeylər də olduğu kimi idi. Onun şəhid olduğu yer bizdən 300-400 metr məsafədə idi. Movqelərimiz fərqli idi. MHP ya da BTR-i ermənilər
vurmuşdu. İçində MAXE vardı . O yaralı idi. Ona kömək etmək üçün gedib və ərazi dik olduğu üçün kömək etmək istəyəndə orada şəhid olub. Döyüş mövqeyi Ağdərə istiqamətində idi. Olduğu hərbi hissə isə Goranboyda idi. Yanında olanların dediyinə görə, üzü gözəlləşmişdi. Ele bil şəhidliyə tələsirdi” bu sözləri deyən həmsöhbətimiz onu belə xarakterizə etdi


Mehman sanki yaxın zamanda müharibənin olacağını və o müharibədə , ŞƏHİDlik zirvəsinə yüksələcəyini hiss etmişdi. 2020 ci ilin avqust ayında son məzuniyyətində Lənkərana ailəsinin yanına gəlib. Nahar yeməyi zamanı atası ilə söhbət əsnasında “Ata, bizi qarşıda çətin imtahan gözləyir. Ola bilsin mən imtahanı tam keçə bilməyim” demişdi. Elə həmin məzuniyyəti zamanı anasının məzarını ziyarət edərkən atasına deyir. Bura çox balacadır. Bəs, müharibə olsa, şəhidlər harda dəfn olunacaq? Atası isə hər kəsin öz qohumu var, yəqin elə vəfat etmiş qohumunun yanında dəfn olunacaq. O isə atasına cavabında “Şəhid qohumun yox xalqındır, elindir”. Mən Şəhid olsam məni (əli ilə yer göstərir) orda dəfn edin”. Qəhrəmanımızın vəsiyyətinə uyğun olaraq elə göstərdiyi yerdə dəfn olunmuşdur.

Mənim onla son görüşüm 2020-ci il 26 yanvarda olmuşdu. Hərbə olan marağımı bilirdi. Suallarımı səbrlə cavablayırdı. Amma özü haqda danışmağı heç sevmirdi. 23 ildə nə etmisən? sualını ona verdim. Çoxlu sayda təltif və ordenləri olmasına baxmayaraq “Heç nə” dedi. Səbəbini soruşduqda “Qarabağ işğaldadırsa, heç nə etməmişəm” cavabını verdi. İngilis, rus və azərbaycanca mükəmməl bilirdi. Bədii ədəbiyyatla maraqlanırdı. Elə həmin gün M.S. Ordubadinin “Qılınc və qələm” romanını müzakirə etmişdik.

Səhər ayılanda şalvarımın cibində kiçik bir surpriz gördüm. Ona zarafatca: “Mən sən bildiyin rüşvət alan jurnalistlərdən deyiləm, buna ehtiyac yoxdu” demişdim. Mehman isə “Sənin hərbə marağını bilirəm, inanıram ki, sən hərbi jurnalist olacaqsan. Hərbdə isə rüşvət yoxdu, tələbə olduğun üçün bu sənə kiçik bir hədiyyədir” cavabını verdi. Hər suala anında cavab verirdi. Çox hazırcavab biri idi.

Şəhid polkovnik leytenant Mehman Şirvanov 27.09.2020 ci il də müharibənin başladığı vaxtdan 4-5 saat sonra döyüş yoldaşını xilas edərkən qəhrəmancasına şəhid olub. O, Murov dağının azad olunmasında igidlik göstərərək həlak olan 150 şəhiddən biridir. Xidməti ərzində qiymətləndirildiyi kimi, şəhidlik zirvəsinə yüksəldikdən sonra da qiymətləndirilmişdi.

Mehman Şirvanov xidməti ərzində bir neçə medallara layiq görülmüşdü. O, 26.06.2008-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, 26.06.2010-cu ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, 26.06.2013-cü ildə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, 26.06.2015-ci ildə "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, 26.06.2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, 26.06.2020-ci ildə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı ilə təltif olunub.

Ölümündən sonra isə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən, Mehman Şirvanov "Qarabağ" ordeni ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Şirvanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görəAzərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehman Şirvanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mehman Şirvanov ailəli idi. Onun xalqımıza yadigar qoyduğu Nuray adlı bir qızı var. Yaxınlarına isə təsəlli dövlətimizin bu döyüşlərdə Zəfər qazanmasıdır. Çünki, Mehman da daxil olmaqla şəhidlərimizin qanı yerdə qalmayıb. Onların qisası alınıb.

Emin Şirvanzadə

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)