Flaş / Dünya / Gündəm / Azərbaycan / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
16:18, 10 yanvar 2022
528
0

Qərb ona görə varlıdır ki, biz kasıbıq...

Nadir Qocabəyli
Yazırlar ki, Kareliya belə gəldi, Manqışlaq elə getdi, Çukot acından ölür, Norilsk donur, Taymır boşalır və s. Yəni Rusiya öz ərazilərini saxlaya bilmir, Qazaxıstanı, Belarusu, Ukraynanı necə saxlayacaq?..

Əzizlər, sizə kim dedi ki, Rusiya kimisə saxlamağa hazırlaşır və ya saxlayacaq? Rusiya niyə kimisə saxlamalıdır? Ümumiyyətlə, niyə kimsə kimisə saxlamalıdır? Məgər hərənin iki əli, bir başı yoxdur? 
Hərə özünü saxlasın da...


Bu hər bir insana aid olduğu kimi, hər dövlətə, şəhərə, hətta  kəndə, qəsəbəyə də aiddir. Sadəcə, bu sistemi effektiv şəkildə qurmaq və işlətmək lazımdır. Ancaq bunu da hər ölkə, hər şəhər hər, kənd özü qurmalıdır. Yalnız qura bilməyənlər başqalarından imdad diləyir, kiminsə onları saxlayıb-saxlamayacağı haqda danışırlar. 

Yaşayış, güzəran, rifah yüzdə yüz bu məsələlərdən asılıdır, Avropaya, Avrasiyaya, nə bilim, Rusiyaya, Çinə inteqrasiya bunda az rol oynayır. Əlbəttə, gediş-gəlişin asanlaşması, ticarətin inkişafı baxımından böyük məkanlarda və birliklərdə təmsil olunmaq sərfəli ola bilər, ancaq bunun özünü də rentabelli, faydalı etmək hər bir subyektin özündən asılıdır. 

İşğaldan danışırlar. İndi klassik mənada işğal və istismar yoxdur. Yəni heç bir ölkənin əsgəri başqa ölkəyə soxulub, onun vətəndaşının mal-qarasını, toyuq-cücəsini, qızıl-gümüşünü, pulunu əlindən almır. İndi bunu yeni, modern üsullarla edirlər. İndi işğalçı Coca-Cola, Filipp Morris, Makdonalds, Microsoft, Apple, Google, Britiş Petrolium, Hollivud, Feysbuk, İnstaqram, Tik-Tok, Adidas, Nike, Pfizer və hazırda adını xatırladığım və xatırlamadığım onlarla, yüzlərlə transmilli şirkət, onların qeydiyyatda olduğu dövlətlər, onların məxsus olduğu beynəlxalq inhisarlar, milyarderlər və trilyonerlərdir. Görün onların arasında bir dənə də olsa Rusiya şirkəti  varmı? Məncə, yoxdur. Rusiyanın özünü də həmin subyektlər yetərincə işğal, istismar edir, olan-olmazını alıb aparırlar. Qalıb təkcə torpağı...

Torpağın, meşənin, qazın, neftin də çoxunu ələ keçiriblər, ancaq bu da onları qane etmir. Onlara tam arxayınlıq lazımdır və bunun üçün gərək Rusiyanın nəfəsini kəssinlər. Bunun üçün də Ukraynadan, Belorusdan, Moldovadan, Qazaxıstandan, Ermənistandan, Azərbaycandan və Rusiyanın əhatəsində olan digər ölkələrin ərazisindən istifadə etməyə çalışırlar. 

Rusiya isə müqavimət göstərir, xilas olmağa çalışır və bizlərə də deyir ki, gəlin bir olaq, mübarizə aparaq, yenilməyək bunlara. Öz sivilizasiyamızı quraq, öz müstəqil subyektlərimizi yaradaq, özümüz qazanıb özümüz yeyək, malımızı başqalarına yedirtməyək. 

Əlbəttə, nə qədər ədalətli idarəetmə sistemləri, müstəqil subyektlər qurmaq da özümüzdən asılıdır. Heç kəs onu bizə qurmayacaq. Avropa da qurmayacaq. Qursaydı, bu 30 ildə bizdə də onlardakı kimi, demokratik təsisatlar yaranardı. Amma yaranmayıb. 

Yazırlar ki, Finlandiya inkişaf edib, amma Kareliya geri qalıb, boşalır və bunun günahını Rusiyada axtarırlar. Bu tam doğru təsbit deyil, üzdəngetmədir. Əminəm ki, daha ciddi səbəblər var. Finlərin inkişafı bu gün başlamayıb, onlar SSRİ ilə də intensiv əməkdaşlıq ediblər və bu gün ixracatlarının üçdə birini Rusiyaya edirlər. Fin iqtisadiyyatının inkişafında Rusiya amilinin rolu böyükdür və Avropadan az deyil. Baltikyanı ölkələrdən danışanlar onların inkişaf etdiyini deyirlər. Amma onlar sovet vaxtı da inkişaf edir və yaxşı yaşayırdılar. 

Əlbəttə, ABŞ-ın, Aİ-nin üstünlükləri çoxdur, bunu danmaq olmaz. Ancaq ondan bizə heç nə düşməyəcək, bunu anlamaq lazımdır. Həmişə yazıram ki, onlar ona görə varlıdır ki, biz kasıbıq. Biz varlananda onlar kasıblayacaq və Qərb bunu çox gözəl anlayır. Buraları, xüsusilə də Rusiyanı tam işğal etməyə tələsməsi də bununla bağlıdır. Buralar onlar üçün öz zir-zibillərini satmaq, qiymətli xammalı, sərvətləri daşıyıb aparmaq yeridir. Bizə sintetik ətdən hazırlanan hamburgeri baha qıymətə sırıyır, əvəzində qara kürünü, ağ balığı daşıyırlar. Köhnə mersedesləri bizə sırıyır, əvəzində neft, qaz, ağac aparırlar. Bütün korrupsiya pulları İsveçrə bankına gedir, Monre Karlo, Las Veqas qumarxanalarında, Paris hotelləırində, restoranlarında xərclənir.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)