Flaş / Dünya / Gündəm / Publisistika
15:17, 31 dekabr 2021
749
0

Təzə televizorumuz, Putin erasının başlanması


Uşaqlığımın keçdiyi Lənkəran rayonu, Şilavar kəndində babamgillə birgə yaşadığımız vaxtlarda yaxşı göstərən, o dövr üçün köhnə sayılmayan, sovet istehsalı olan rəngli bir televizor var idi. Uşaq vaxtı bütün bayram proqramlarına kiçik bibimlə proqramın sonuna qədər oyaq qalıb baxırdıq. Bəzən səhərə qədər gedərdi o konsertlər, filmlər...

Lakin babamgildən ayrı yaşamağa başladıqdan sonra özümüzə köhnə rəngsiz televizor alsaq da hər həftəbaşı usta çağırıb nəyinisə düzəltdirirdik. Qonşumuz və qohumumuz olan televizor ustası Firudin əmi və başqa bir kəndçimiz, televizor ustası Mürvət əmi şəxsən mənim üçün ən əziz qonaqlar idilər. Çünki onlardan umduğum qədər heç kəsdən ummurdum. Onlar mənim dünyaya açılan pəncərəmin – televizorumuzun  “həkimi” idilər.

3 il Firudin əmi və Mürvət əmi ilə tez-tez görüş şəraitində yaşadıqdan sonra maddi imkanımız az da olsa düzəlməyə başlamışdı. Artıq özümüzə o zaman “yaponski televizor” dediyimiz pultlu, rəngli, müasir televizor almağı rus demişkən “pozvolyat” eliyə bilərdik. İndiki kimi yadımdadır - 27 dekabr, 1999-cu il. Atamla bərabər köhnə, hər detalı bir rəngdə olan “Moskviç”imizlə Lənkəran şəhərində yerləşən, indi də məşhur olan “Samsung” mağazasına getdik. Çünki belə televizorlar ancaq orda satılırdı. Lənkərana müasir məişət texnikalarını kütləvi şəkildə ilk gətirən mağaza idi “Samsung”. Yadımdadır ki, hər dəfə o mağazanın qarşısından keçəndə vitrinə qoyulmuş, açıq olan, verilişləri nəfis şəkildə göstərən  xarici televizorlara həsrətlə baxıb keçirdim. Əlqərəz, bu dəfə mağazanın içərisinə daxil ola bildim. Alıcı kimi, əlbəttə ki, atamın yanında. Satıcı atamın cibində olan pula uyğun bir televizor təklif elədi. Daewo şirkətinin məhsulu idi. Səhv eləmirəmsə o vaxt 100 şirvandan çox pul verdik o televizora. Televizoru götürüb gəldik evə. Mağaza ilə ev arasındakı 15 dəqiqəlik maşın yolu elə bil mənim üçün bir il kimi keçdi. Bir an əvvəl evə çatmağı, televizoru qoşub baxmağı arzulayırdım və bunun üçün həddindən artıq tələsirdim. Həm də elə sevinirdim ki, elə bilirdim atam dünyanı alıb mənimçün. Çünki neçə il idi ki, televizora düzəməlli baxa bilmirdim. Üstəlik 14 yaşım var idi. Hələ qəzet oxumağa başlamadığımdan televiziya mənim üçün dünyadan xəbər tutmaq üçün yeganə vasitə idi. İnternet nədir bilmədiyimiz vaxtlar idi. Həm də zarafat deyildiyee, qarşıdan yeni il gəlirdi. İlk dəfə bayramla bağlı çəkilən konsertlərə, məşhur filmlərə, o cümlədən “Ирония судьбы, или С лёгким паром!” filminə öz evimizdə, öz “supper-pupper” televizorumuzda baxacaqdım. O vaxt Rusiyanın bir neçə federal kanalı da sərbəst yayımlanırdı ölkəmizdə. O kanallar yeni il bayramı günlərinə xüsusi bir gözəllik qatırdı. Hələ də mənəvi bağlar çox möhkəm idi “Bakı” ilə “Moskva” arasında. Türk serialları o vaxtlardan həyatımıza oturmağa başlasa da şəxsən bizim evdə daha çox Rusiya kanallarına baxılırdı.

Vədə yetişdi, yeni ili qarşıladığımız 31 dekabr gecəsi gəldi çıxdı. Axşamüstü yığışdıq süfrənin başına, yeyib-içməklə bərabər təzə televizorumuzda Rusiyanın OPT 1 kanalına baxırdıq. O vaxt gecə yarısı dövlət başçılarının canlı yayımda əhalini təbrik etməsinə də maraqla baxırdıq. Çünki ölkə rəhbərliyinin hər kəlməsinə önəm verilən bir zəmanə idi. Çətin idi hər şey. Məlumat qıtlığı, sabaha olan inamın demək olar yoxluğu bizi siyasi şəxslərin dediklərinə çox diqqətlə qulaq asmağa və nəticələr çıxarmağa sövq edirdi. Bilmirəm kimdə necə idi, amma bizim evdə Heydər Əliyevin bayram çıxışını deyil, Boris Yeltsinin çıxışına baxdıq. Əslində hər il elə olurdu. Hər il Boris Nikolayeviçin həm də bizi təbrik etdiyinə inanırdıq. Hələ də özümüzü SSRİ-nin vətəndaşı hesab edirdik. Buna görə də avtomatik olaraq Rusiyanın vətəndaşı hesab edirdik.

Nəisə, Boris Nikolayeviç çıxışına başladı, biz isə hamımız sakitcə onu dinləyirdik. Axı ağsaqqal danışırdı?! Hüzurunda virtual olsaq da  hörmətsizlik etmirdik. Mən də o zaman rus dilində məişət səviyyəsində olan sözlərin çoxunu bilsəm də, siyasi məsələlərlə bağlı çox şeyi başa düşmürdüm. Lakin diqqətlə qulaq asdığım üçün onun “Я ухожу в отставку” deməsi və atamın “oqoo” reaksiyası məni həyəcanlandırdı və beynimdə suallar yaratdı. Tez atamdan bunun nə demək olduğunu soruşdum. Dedi ki, Yeltsin hakimiyyətdən gedir. Dedim bəs yerinə kim gəlir? Baş Nazir Putini təklif edir, seçkilərə qədər o idarə edəcək ölkəni - dedi. Mən o zaman Putini tanımırdım. Dedim o kimdir? Necə adamdır? Dedi  “baş nazirdir. Yaxşı adama oxşayır. KQB-dəndir. Ordandırsa hər halda yaxşı olar. Çox güman onu seçiləcəklər Yeltsinin yerinə”.

Həmin gecə belə bir siyasi xəbərlə yaddaşımda elə qaldı ki, heç bir yeni il bayramı gecəsi yadımda belə qalmayıb. Və düşünürəm ki, əbəs yerə  belə olmayıbmış. Doğrudan da böyük hadisəyə şahidlik etmişik. Çox sonralar dərk etdim ki, bu hadisə ilə dünyanın siyasi tarixində dönüş başladı. 22 il bundan əvvəl Şərqin yenidən dirçəlməsi, Rusiyanın tarixə qayıtması, 22 il ərzində dünyanın dəyişib indiki şəklə düşməsində və ən əsası Qərbin Şərqi tam məhv etməsinin qarşısının alınmasında əvəzsiz rol oynayan insanın dövrü, Putin erası başladı.

Bu bayram günündə böyük bir tarixi missiyanı çiyinlərində daşıyan dahi şəxsiyyətə - Putinə yalnız can sağlığı, daha çox əzm və uğur arzulayıram. Allah yardımçın olsun, böyük insan!

Cəmil Şirvanovun

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)