Flaş / Gündəm / Siyasət-Region / Siyasət-Analitika / Publisistika
10:40, 28 noyabr 2021
522
0

Ermənistan cəmiyyətində anti-Rusiya meylləri güclənir


Ermənistan mediası və cəmiyyətində ötən il baş verən 44 günlük müharibə ilə bağlı Rusiyaya qarşı səslənən ittihamlar səngimək bilmir. Məsələ anti-Rusiya, anti-Putin bəyanatları ilə bitmir. İstər müharibənin gedişində, istər müharibədən sonra, istərsə də indi Rusiya əleyhinə aksiyalar keçirilir. Ermənistandakı etirazçı kəsim bəyan edir ki, bu, Rusiya müstəmləkəçiliyinə qarşı başlanan milli-azadlıq hərəkatıdır.

Mitinqlərə çıxanlar ABŞ prezidenti Baydenin portretlərini qaldırır, onu xilaskar adlandırırlar. Bir sözlə, hazırda Ermənistan ictimai rəyində ən böyük düşmən, ən böyük xain Rusiyadır.

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Ermənistan Rusiya ilə xüsusi əlaqələrə malik olub. Lakin son savaşdan sonra erməni cəmiyyəti anti - Rusiya əhval-ruhiyyələrini üzə çıxarmış oldu. Son savaşa qədər ərazisində Rusiyanın hərbi bazası yerləşən Ermənistan özünü Moskvanın Qafqazdakı strateji müttəfiqi hesab edirdi. Energetika və dəmir yolları da daxil olmaqla Ermənistan iqtisadiyyatının əksər hissəsinə Rusiya nəzarət edir. Bir sözlə, Ermənistan Rusiyanın forpostudur və bu baxımdan İrəvanın Moskvaya qarşı demarşı düşündürücüdür.

Vurğulayaq ki, Paşinyan hakimiyyətə gəldiyi dövrdən anti-Rusiya mövqeyi tutub. O, bu gün Rusiya rəhbərliyi ilə tez-tez görüşlər keçirir, məsləhətləşmələr aparır. Lakin Rusiyaya münasibətdə fərqli mövqe sərgiləməsi göz önündədir. Paşinyanı hakimiyyətə gətirən dairələrin Rusiyaya münasibəti ilə rəsmi İrəvanın münasibəti eynidir.

Paşinyan hakimiyyətə gələn kimi bəyan edib ki, Ermənistan KTMT, Avrasiya İqtisadi İttifaqına üzv olmaqla yanlışlıq edib.
Həmçinin xatırlamaq yerinə düşərdi ki, Rusiyanın birbaşa təşəbbüsü və iradəsi ilə formalaşan KTMT-nin Baş katibi Yuri Xaçaturovun Paşinyanın hakimiyyətə gəlməsindən sonra həbs olunması, ona qarşı cinayət işinin başladılması da onun Rusiyaya münasibətdə sərgilədiyi mövqenin göstəricisi idi.

Artıq Rusiya rəsmiləri də Ermənistanın sərgilədiyi mövqedən ciddi narahatlıq keçirir. Ermənistanın “Hrapark” qəzetinin yazdığına görə, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandiri Aleksandr Petrov bu günlərdə şəxsi söhbət əsnasında şikayət edib ki, Ermənistanın müdafiə naziri Karapetyanla görüşəndən 4 gün sonra onu işdən qovdular: “Ya mənə nifrət edirlər, ya da çox mürəkkəb proseslər gedir, heç nə başa düşmürəm. Biz Ermənistanın təhlükəsizliyini təmin etmək üçün böyük bazayıq, amma bizdən uzaqlaşırlar və bizimlə əlaqə qurmaq istəmirlər. Yaxşı, dialoqdan yayınırsınız, öz işinizdir. Buna baxmayaraq, Ermənistana dəstək əlaməti olaraq bu günlərdə İrəvan səmasında aviaşou təşkil etdik, xüsusi olaraq müdafiə naziri Suren Papikyanı dəvət etdik, amma o, gəlmədi, hətta idarəsindən adam da göndərmədi. Bu nədir, müttəfiqlərimiz bizə nəyi anlatmağa çalışırlar?"

Bundan başqa, noyabrın 23-də İrəvanda ABŞ səfirliyi qarşısında Vudro Vilson verdiktinin ildönümü ilə bağlı keçirilən “minnətdarlıq mitinqi”ndə də Rusiya hədəfə alınıb. Səfirliyə təqdim olunmuş və Con Baydenə ünvanlanmış məktubda təşkilatçılar ABŞ-ı Ermənistana “daha aktiv dəstək verməyə” çağırıblar və Rusiyadan şikayətləniblər.

Son günlər İrəvanı bürümüş mitinqlərdə səslənən şüarlar da ermənilərin Rusiyaya münasibətinin göstəricisidir. “Bizim xilasımız Amerika və birləşmiş Qərbdir!”, “Amerika Ermənistana dəstək verə bilər və Rusiya ilə Türkiyənin güclənməsinin qarşısını almalıdır”, “Ruslar burnundan uzağı görə bilmirlər, Amerika isə 100 il əvvəli proqramlaşdırır”, “Ermənistanda Vudro Vilsonun abidəsi qoyulmalıdır”, “Amerika kömək etmək istəyir, amma ona imkan vermirlər” kimi şüarlar birbaşa Rusiyaya qarşı aparılan siyasi kursun təzahürüdür.

Qeyd edək ki, Ermənistan hər zaman ilk imkan düşən kimi Rusiyaya arxa çevirib, onların mövcudluğunu təmin edəcək sahib axtarıb.

Maraqlı olan məqamlardan biri odur ki, hazırda Rusiya əleyhinə çıxış edən siyasətçilər bir müddət öncə Ermənistanın siyasi hakimiyyətini anti-Rusiya mövqeyində ittiham edənlərdir. Heç kimə sirr deyil ki, istər Vazgen Manukyan, istər Seyran Ohanyan, istərsə də digərləri müharibədən öncə Nikol Paşinyan və komandasını Rusiya əleyhinə fəaliyyətdə ittiham edirdi. Lakin indi onlar da Moskvaya qarşı daha sərt ritorika seçiblər. Bütövlükdə Ermənistanın cəmiyyətinin əhval-ruhiyyəsi Moskvaya nifrət üzərində köklənib. Ermənilər hesab edirlər ki, rus hərbçiləri onların əvəzinə Azərbaycan qarşı döyüşməli idi. Ermənistan günahı özündə axtarmır, bütün günahı Türkiyə və Rusiyaya yükləmək istəyir.

Ermənistan anti-Rusiya siyasəti ilə Kremlə müəyyən təzyiqlər göstərməyə çalışır. Ən azından Paşinyan çalışır ki, Ermənistan yekun sülh sazişini imzalayan zaman İrəvan üçün daha yüngül şərtlər qoyulmuş olsun.
Ermənistanın Rusiyanı bu formada şantaj etməsinin isə gözlənilən nəticə verməsi mümkün deyil. İqtisadi və siyasi baxımdan zəif durumda olan Ermənistan Rusiya kimi böyük bir ölkəyə nəyisə diktə, yaxud dolayısı ilə ona təsir edə bilməz.

Bu gün Rusiyanın Ermənistana görə Azərbaycanı cəzalandırması üçün xüsusi səbəbləri yoxdur. Azərbaycan Rusiyaya qarşı ggetmədən, Moskva ilə münasibətləri qoruyaraq, bütün ölkələrlə normal əlaqələr qura bilib. Nə Rusiya hökumətində, nə də rus cəmiyyətində Azərbaycana qarşı hərbi güc tətbiq etməyə səsləyən qüvvələr yoxdur. Rusiya Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Ermənistan isə Kremlə qarşı demarşla özünün vəziyyətini daha da qəlizləşdirir. Bu Ermənistan dövlətçiliyinin sonunu gətirə bilər. Hazırda Ermənistan uçurumdan sürüşüb aşağıya doğru sallanan birini, Rusiya isə onun əlindən tutub düşüb parça-parça olmağa qoymayan dostu xatırladır. Buna baxmayaraq, həyatının asılı olduğu dostuna o vəziyyətdə belə aşağıdan yuxarıya tüpürən Ermənistandır. Yuxarıdakı dostu hələ ki səbr edir. Bir gün gələcək dost bezib onun əlini buraxacaq, Ermənistan isə qayalara çırpıla-çırpıla dərənin dibinə düşüb tikə-tikə olacaq. Və belə görünür o gün çox da uzaqda deyil.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)