Flaş / Gündəm / Azərbaycan / Siyasət-Analitika
12:05, 30 sentyabr 2021
459
0

"Geosiyasi reallıqlarda yeni münasibət formalaşıb, bunu Azərbaycan edib" (ŞƏRH)


"Belə bir görüş ancaq Azərbaycan Prezidentinin bəyan etdiyi şərtlər daxilində baş tuta bilər”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu ATƏT-in Minsk Qrupunun təşkilatçılığı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında hələlik ehtimal səviyyəsində olan görüşdən nələri gözləmək olar sualını cavablandırarkən deyib. Ekspert bildirib ki, rəsmi Bakı danışıqlarda başqa bir model təklif edə bilər:

"Dövlət başçısının bu günə qədər verdiyi açıqlamalardan bəllidir ki, Bakı bundan sonra heç bir hada Dağlıq Qarabağa Azərbaycanın tərkibində status verməyəcək. Status verilməyəcəyi təqdirdə, İrəvanın danışıqların davam etdirilməsinə marağı azala bilər. Çünki Ermənistan danışıqlara məhz Dağlıq Qarabağa statusun verilməsi məqsədilə gedir. Azərbaycanın başqa bir model təklif edə, Qarabağda yaşayan ermənilərə bələdiyyələrlə bağlı əlahiddə status verilə bilər”.

Politoloq onu da vurğulayıb ki, ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlər arasında Moskvanın münaqişə zonasına öz sülhməramlılarını yeritdikdən sonra fikir ixtilafı yaranıb: 

"Xüsusən də Böyük Britaniyanın bölgəyə fəal müdaxiləsi, bu müdaxiləni Türkiyə vasitəsilə həyata keçirməsi Fransanı narazı salıb. Bu mənada düşünürəm ki, bir müddət sonra Parislə Moskvanın mövqeyində üst-üstə düşən məqamlar çox olacaq. Proses onu göstərir ki, ATƏT-in Minsk Qrupunda bölgə ilə bağlı geosiyasi reallıqlarda yeni münasibət formalaşıb. Bu geosiyasi reallığı isə sözsüz ki, Azərbaycan formalaşdırıb”. 

Politoloq qeyd edir ki, tərəflər arasında sülh sazişinin şərtlərinin müəyyən edilməsinə ehtiyac var:

"Azərbaycanla Ermənistan arasındakı münasibətlər hələlik atəşkəslə bağlı prinsiplərə istinad edir. Bu isə bölgədə nəqliyya-kommunikasiya xətlərinin açılmasına ciddi problemlər yaradır. Yalnız böyük sülh sazişinin şərtləri açıqlanandan sonra bölgədə gerçəkdən sülh və sabitliyin təminatı yolunda münbit şərait yaranacaq. Bu mənada sözügedən səviyyədə görüş baş tutacaqsa, şübhəsiz ki, sülh sazişinin əldə edilməsinə yönələcək. Bölgəyə investisiya yatırmaq istəyən dövlətlər, transmilli şirkətlər başa düşür ki, sülh sazişinin ilkin şərtləri müəyyən edilmədən gerçəkdən bölgəyə böyük investisiya yatırmaq bir qədər müşkül olacaq”.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)