Flaş / Dünya / Gündəm / İqtisadiyyat-Dünya / İqtisadiyyat-Region / İqtisadiyyat-Analitika
16:02, 20 sentyabr 2021
549
0

Avropada “qaz böhranı”: Niyə yarandı, nə ilə bitəcək – Ekspert


Başa çatan həftənin ən maraqlı hadisələrindən biri Avropada qazın qiymətlərinin kəskin artması idi. Sentyabrın əvvəlində Avropa birjalarında qaz fyüçerslərinin qiyməti hər min kubmetr üçün 660 dollara olduğu halda, bu həftə 970 dollara çatdı. Bu, tarixdə görünməmiş bir qiymətdir.

Düzdür, “mavi yanacaq” sonrakı iki gündə korreksiya edərək, 750 dollara qədər ucuzlaşdı, amma buna “sabitləşmə” demək hələ çox tezdir. Məsələyə birja mexanizmləri nöqteyi-nəzərindən yanaşsaq, qiymət qrafikinin 1000 dollar kimi güclü psixoloji həddi bir həmləyə yarıb keçməsi mümkün deyildi. Ona görə, güman ki, “buğa”lar güc toplayandan sonra ikinci həmləni də edəcəklər. Biz isə hələlik məsələnin fundamental tərəflərinə baxaq.

Qazın qiymətinə təsir göstərən bir sıra amillərin eyni vaxtda bu şəkildə üst-üstə düşməsi sadəcə olaraq, fantastika idi. Sanki qaz bazarında “planetlərin paradı” yaşanırdı: Eyni vaxtda məlum oldu ki, Avropanın qaz anbarlarının yarısı boşdur, qış soyuq keçəcək, kömür çatışmır, Amerikadan sıxılmış qaz nəqli dayandırılıb (tankerləri cənub-şərqi Asiya ölkələrinə göndərmək daha sərfəlidir) , “Şimal Axını – 2” qışa qədər işə düşməyəcək, həmişə fırtınalı olan Şimal Dənizində isə havalar küləksiz keçdiyindən, yel dəyirmanları işləyə bilmirlər… Bu amillərin biri, ya ikisi olmasa, qiymət məslən, 850 dollardan yuxarı qalxmayacaqdı. Amma hamısının təsiri bir yerdə toplandığından, bazarı son həddə qədər “qızdırdı”.

Bu vəziyyət pandemiya böhranından yenicə çıxmış Avropa iqtisadiyyatı üçün çox təhlükəlidir. Əvvəla, Qoca Qitədə elektrik stansiyalarının əksəriyyəti qazla işləyir. Demək, avtomatil olaraq elektrik bahalaşacaq, bu isə biznesin xərcinin artması, bütün sahələrdə istehsalın azalması deməkdir. Daha doğrusu, elektrik artıq bahalaşıb: avqustdan bəri onun qiymətləri Britaniyada 3 dəfə, Almaniyada 30% qalxıb.

İkincisi, təbii qazdan həm də kimya sənayesində istifadə olunur. Artıq “CF Industries” şirkəti Britaniyada iki gübrə zavodunu bağlayıb, Norveçdə “Yara International ASA” ammiak istehsalını azaldıb. Çünki kubmetri 1000 dollara alınan qazdan istehsal olunan gübrə ilə yetişən meyvə-tərəvəzin qiyməti adamın ağzını yandırar.

Vəziyyət o qədər mürəkkəbdir ki, artıq Avropada konspirologiyaya baş vuraraq, bütün bu işlərdə Putinin barmağınmı axtarırlar. Çünki baş verənlər Rusiyanın maraqlarına çox uyğundur. Bəli, Putin həqiqətən də güclü siyasətçidir, amma mən inanmıram ki, o, Şimal Dənizində küləyi yatırmağa və qarşıdakı qışın soyuq keçməsini indidən təmin etməyə qadir olsun. ABŞ-ın və Qətərin sıxılmış qaz daşıyan tankerlərini Çin ilə Yaponiyaya yönəldən də o deyil.

Məsələ ondadır ki, Avropa hər şeyi birdən istəyir: Həm “yaşıl” energetikaya keçməyi, həm qiymətlərin qalxmamağını, həm isti evdə oturmağı, həm də Rusiyanın layihələrinə mane olmağı. Hər şeyi birdən əldə etmək isə mümkün deyil. Nəyisə əldə etmək üçün nədənsə keçməlisən. Bunu başa düşən ingilislər artıq kömür qazanxanalarını işə salıblar – baxmayaraq ki, ətraf mühitin qayğısına qalan Avropa üçün bu, geriyə addım olmaqla, hətta barbarlıq kimi görünür. Şaxtalı gecələrdə yorğanın altında donanda ətraf mühit heç kimin yadına düşməyəcək.

Bəs çıxış yolları nədir? Hər şeydən əvvəl, “Şimal axını-2” layihəsinin işə düşməsini sürətləndirmək üçün lazım olan güzəştlərə getmək. Tarixdə bir neçə dəfə şaxta Avropa liderlərinin Rusiyaya məğlub olmasını şərtləndirib, deyəsən, bu dəfə də elə olacaq. Sadəcə, əvvəllər bunu general Şaxta edibsə, indi diplomat Şaxta edəcək. Artıq “Qazprom”un rəhbərləri açıq şəkildə bildirirlər ki, bəli, Avropaya qaz ixracını artıra bilərlər, amma bir şərtlə: Həmin əlavə həcm “Şimal axını-2” ilə daşınmalıdır.

İkincisi, Avropa ölkələri energetika şirkətlərini sıxaraq, onların böhrandan qazandıqları fövqəlgəlirləri əllərindən alıb, digər sahələrə yönəldə bilərlər. Elektrik enerjisinin kifayət qədər baha olduğu İspaniyada artıq buna çalışırlar, amma aydındır ki, kifayət qədər çətin və hökumət-iri biznes qarşıdurmasına aparan yoldur.

Üçüncüsü, məlum oldu ki, alternativ energetikaya bel bağlamaq hətta inkişaf etmiş Avropa üçün də hələ çox tezdir, qonşuya ümid olduğuna görə gecə şamsız yatan adamın vəziyyətinə düşmək olar.
Bu vəziyyətdə ən acınacaqlısı dost ölkə Ukraynanın durumudur. Çünki o, Rusiyanın orbitindən çıxdığı (yaxud, çıxarıldığı – bizim kontekstdə bu, elə də fərq eləmir) üçün qazı Avropa qiymətlərilə almalıdır, amma dövlətin və əhalinin imkanları Avropa ilə müqayisə edilə bilməz axı. Güman ki, üzümüzə gələn qış Ukrayna üçün sosial problemlər baxımından çox ağır keçəcək.

Nəhayət, bu vəziyyətin bizə təsirinə gəlincə, Azərbaycanın qaz ixracından gəlirləri kəskin artıb. Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatdan məlum olur ki, Azərbaycanın ixrac etdiyi təbii qazın həcmi ötən ilin anoloji dövrü ilə müqayisədə 47,2%, dəyəri 38% çoxdur. Bu ilin avqust ayına qədər ölkəmiz 2 milyard 350 milyon dollar dəyərində təbii qaz ixrac edib.

Nəzərə almaq lazımdır ki, qaz bazarında iki cür qiymət var: spot qiyməti (birjalarda artan məhz odur) və müqavilə qiyməti. Əgər qazın nəqli ikitərəfli müqavilə əsasında həyata keçirilirsə, onda birja artımları həmin qiymətə təsir göstərmir. Ona görə də, qaz bazarındakı indiki vəziyyəti 2004-2008-ci illərdə neft bazarında müşahidə olunan ralli ilə müqayisə etmək olmaz, amma bütün hallarda, ölkəmizin gəlirləri nəzərdə tutulduğundan artıq olacaq. Bu isə Böyük Quruculuq dövründə bizə çox lazımdır.

Əlibala Məhərrəmzadə
İqtisad elmləri doktoru, professor


azvision.az

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)