Flaş / Gündəm / Azərbaycan / Publisistika
10:48, 20 avqust 2021
335
0

Bu xalq Əhli-beyti 1400 ildir sevir



Ceyhun Qasimbəyli

Səhifələr də bu il üçün (2021) uşaqlara ən çox qoyulan adlar siyahısı paylaşılır. Oğlanlardan Əli, qızlardan isə Zəhra, ardınca da Zeynəb adı ən çox qoyulan adlardır.

Ümumiyyətlə illərdir ölkədə bu adlarla yanaşı Hüseyn, Yusif, Fatimə, Məhəmməd kimi adlar lider adlar içində gedirlər.
Qəribə olan isə ora yazılan bəzi gülünc rəylərdi.

Bəzisi yazıb ki, biz Türk adları qoymalıyıq, digəri yazıb Ərəbdən bizə nə, biri yazıb ki bəyəm ərəblər bizim adımızı qoyur? Və sair bu cür sicilləmələr.

Bunlar başa düşmür ki, birincisi hər kəs hansı adı qoyur özü bilər. Seçim onundur.

İkincisi türksən buyur istədiyin adı qoy. Mete, Beyrək, Qazan, Banuçiçək və s. Kimsə nəsə demir sənə.

Bir şeyi bilmək lazımdır ki, Əli, Hüseyn, Zəhra, Fatimə kimi adlar artıq Ərəb adından əlavə ən əsası dini məna daşıyan bir ad olub. Yəni bu adları hər bir xalq qoyur artıq.

İngiltərədə artıq Məhəmməd adı uşaqlara verilən adlar içərisində ilk onluğa düşüb.

Həmçinin Fatimə adı da Avropada yeni doğulan körpə adları içərisində hər keçən gün artmaqdadır.

Türkiyədə, İranda, Pakistanda milyonlarla Əli, Fatimə, Hüseyn adını daşıyan insanlar var.

Görəsən Avropa daxil olmaqla, adlarını sadaladığım ölkələrdə də kimsə durub deyirmi ki, Ərəbdən bizə nə?

Desə-desə az sayda radikal irqçi deyə bilər.

Çünki dediyim kimi bu adlar artıq Ərəb kimliyini yox, dini kimliyi bildirən bir ad olub.

Əgər Azərbaycanda kimsə ərəbçilik edib ad qoysaydı, övladına Səd, Huzeyfə, Mötəsim, Müaviyə kimi adlar da qoyardı. Demək ki, bu Əhli-beytə, peyğəmbər ailəsinə olan sevgidən qaynaqlanan bir məsələdir.

Son olaraq bunu da qeyd edim ki, bəzən deyirlər guya dini ad qoymaqla uşaq dindar olacaq? Bunu heç bir valideyn onsuz da iddia etmir. Bu sadəcə ortaya atılmış bir mülahizədir. Ona qalsa uşağa Atilla adı qoysaq sabah durub hökmdar olacaq? Yoxsa Qorqud qoysalar dönüb türk olacaq?
Odur ki bu tip mövzularda hər şeyə dil uzatmaq düz deyil.

Bu xalq Əhli-beyti 1400 ildir sevir deyə bunu adət ənənələrində, adlarda, məsəl və hikmətli kəlamlarında hər zaman saxlayır.
Və hər zaman da saxlayacaq.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)