Flaş / Gündəm / Siyasət-Region / Siyasət-Analitika / Publisistika
14:11, 13 avqust 2021
486
0

Bir şəklin qalmaqalı. İslahatçılarla mühafizəkarların mübarizəsi fonunda


Vüsal Sadıxov 

ABŞ və İngiltərənin İranla düşmənçiliyi haqda danışmağa yəqin ki, ehtiyac yoxdur. Zəngin neft və qaz yataqları olan İranı ələ keçirmək üçün onlar hər bir cinayətə hazır olan tayfadılar. Hələ İran İslam İnqilabından öncə Musaddiqi devirməkləri buna bariz sübutdur. İslam İnqilabından sonra isə bu düşmənçilik "yağlı tikəni" itirməklə yanaşı, onların iç üzünü dünyaya tanıtdıran İrana qarşı daha da artmışdır. Amma bu iki dövlətlə yanaşı İranla strateji müttəfiq kimi görünən, amma əslində İranı özünə rəqib görən başqa bir dövlət də Rusiyadır. Hətta Suriyada terrorçulara qarşı bir yerdə fəaliyyətləri zamanı belə aralarında dəfələrlə narazılıqlar da olub. Cavad Zərif bir neçə ay öncə yayılmış səs yazısında da buna işarə etmişdi. Qeyd etdiyim kimi hal-hazırda strateji müttəfiq kimi tanınsalar da aralarında ciddi problemlər və fikir müxtəlifliyi mövcuddur. Ən başlıca məsələ İranın güclü olmasının heç Rusiyaya da sərf etməməsidir. Və əlbəttə siyasi baxımdan bu başa düşünüləndir. Eyni halı Türkiyə və Rusiya arasında olan münasibətlərdə də görürük. Ərdoğanın Rusiya ilə aralarının yüksək səviyyədə olmasını deməsinə və Putinin Türkiyəni strateji müttəfiq adlandırmasına baxmayaraq ağlı başında olan adamlar başa düşür ki, bu ancaq ikitərfli mənfəətlərin toqquşmasına görədir. Amma eyni halda hər ikisi bir-birindən çəkinir və biri o birini özünə təhlükə bilir.

Dünən Rusiyanın İrandakı səfiri Tvitter səhifəsində Böyük Britaniyanın İrandakı səfirilə birgə şəklini paylaşıb. Şəkil eynilə 1943-cü ildə Tehran Konfransı keçirilən binanın qarşısında Stalin, Ruzvelt və Çörçilin məşhur görüşü zamanı çəkilmiş şəkilə oxşar çəkilib. Bir fərqlə ki, ABŞ-ın İranda səfirinin olmadığına görə aralarında amerikalı nümayəndə yoxdur. Həmin görüşdə İranda özlərini İranın ağaları kimi aparan 3 ölkə başçısı Hitler Almaniyasına qarşı necə mübarizə aparacaqlarını müzakirə etmişdilər. İran şahı Məhəmməd Rza şah Pəhləvinin taxtda olmasına baxmayaraq heç bir ölkə başçısının üçlü görüşləri zamanı belə şah orada heç qonaq qismində belə iştirak etmir. Elə bu onu göstərir ki, ölkədə de-yure şah taxtda olsa da, ölkəninin idarəçiliyi de-fakto ingilislərin əlində idi. 

Rusiya səfirinin bu şəkli paylaşmasından sonra İranda bunun həmin vaxta eyham olaraq və İranı yenidən ələ keçirmək istəyirlər adıyla paylaşıldığı tirajlanmağa başlandı. İran mətbuatını və sosial şəbəkələrini izlədiyim üçün dəqiqliklə deyə bilərəm ki, bu şəklin belə tirajlanması hal-hazırda müxalifətdə olan islahatçılar və xaricdə yaşayıb İranda klerikal hakimiyyəti devirmək üçün çalışanlar tərəfindən baş verib. Deyə bilərsiz ki, fərqi nədir kim tərəfindən tirajlanıb? Əsas məsələ şəklin verdiyi mesajdır. Bu suala cavab vermək üçün gərək bir az geniş cavab verim.

Ondan başlayım ki, Həsən Ruhaninin 1-ci və 2-ci prezident seçilməsi və həmçinin prezidentliyi dövründə mühafizəkarların hücumlarından amanda qalması üçün ölkə xaricində fəaliyyət göstərən BBC İran, Azadlıq radiosu, İran İnternational və adlarını çəkmədiyim bir neçə məşhur fars dilində yayımlanan televiziya kanalları İranın yeganə xilaskarı olaraq Ruhanini təqdim edirdilər. Hökumətin mühafizəkarların əlinə düşməsilə ölkənin geriləyəcəyi, bərbad hala düşəcəyi təbliğ edilib. İranda baş verənləri, mollaları tənqid edən bu televiziya kanalları və xəbər saytları mövzu islahat-mühafizəkar mövzusu olan zaman həmişə islahatçıları müdafiə ediblər. Bunlardan başqa elə xarici media şirkətləri də islahatçı-mühafizəkar mövzusunda həmişə birinciləri dəstəkləyiblər. Sosial şəbəkələrdə də bu tendensiya daim müşahidə olunub. Yəni mühafizəkarlara qarşı islahatçılar bunu qəbul edib-etməmələrinə baxmayaraq İran düşmənlərilə eyni cəbhədə yer alıblar. Və mühafizəkarları vurmaq üçün Qərb texnologiyasından yararlanmağı belə özlərinə eyb bilməyiblər. Mühafizəkarlardan fərqli olaraq islahatçılar Qərbin PR texnologiyasından, insanlarla işləməyindən yaxşı baş çıxardıqları üçün bundan məharətlə istifadə ediblər. Hətta əgər bir gün Qərbin böyük PR şirkətlərinin onlara yardım etməsi dəqiq sübut olunsa mən təəccüblənmərəm. Məsələn Həsən Ruhaninin son prezident seçkiləri zamanı təbliğat videoçarxına baxdıqda eyni videoçarxın Obamanın ABŞ prezidentliyinə seçkilər zamanı çəkilmiş təbliğat videoçarxına nə qədər oxşadığını gördükdə bunun təsadüfi olmasını qəbul etmək gülünc olar. Hətta bu plagiat olsa belə dediyim kimi islahatçıların bu yöndə necə məharətli olmasını göstərir. 

Rəisinin prezident kürsüsünə oturmasından 3 gün keçməmiş müxalifətdə olan islahatçılar sosial şəbəkələrdə və onlara məxsus saytlarda koronavirus mövzusunda Rəisinin üstünə düşməyə başladılar. Bildiyiniz kimi İranda koronavirus 5-ci dalğasını və ümumiyyətlə ən pik dövrünü yaşayır. Günə 40.000 yolixma və 600-a yaxın ölüm İranda tibbi demək olar ki, laxladıb. İslahatçılar bu məsələyə görə sosial şəbəkədə Rəisiyə hara baxdığını və buna əncam çəkmədiyi onu tənqid edirlər. Halbuki koronavirus yaranandan bu yana il yarımdır hakimiyyətdə islahatçı hökuməti idi. Amma dediyim kimi islahatçılar mətbuatda çox məharətli olduqları üşün bu dəqiqə ox Rəisiyə yönəlib. Eynilə rusiyalı səfirin paylaşdığı şəkildə də bu baş verir. Tvitterdə islahatçı kəslər bu şəkli payalaşaraq hökuməti buna kəskin addım atmağa səsləyiblər. Həqiqətən məsələ ciddi olduğu üçün mühafizəkarlar da islahatçılarla bərabər haqlı olaraq buna etiraz ediblər. Amma məsələnin başqa bir tərəfi də var. Eyni belə şəkli rusiyalı səfir 2017-ci ildə də paylaşmışdı. Amma o zaman hakimiyyətdə islahatçıların olması səbəbindən buna heç diqqət də edilməmişdi. Və yenə dediyim kimi islahatçılar internet aləmində mühafizəkarlara "fora" verərlər deyə mühafizəkarların bu şəkildən istifadə etmələri baş vermədi. İşin maraqlı və eyni zamanda təəccüblü tərəfi rusiyalı səfirin bu şəklinə ən böyük etiraz edənlərdən biri də ABŞ-da yaşayan inqilabdan əvvəl İrandan qaçan Məhəmməd Rza şahın oğlu Rza Pəhləvidir. Halbuki 1943-cü ildə, yəni bu şəklin əsli çəkiləndə onun atası İranda şah idi və yuxarıda qeyd etdyim kimi heç sahib olaraq da yox, qonaq olaraq da ora dəvət edilməmişdi. 

Uzun sözün qısası bu şəkil eyham və ya başqa bir məqsəd üçün paylaşılsa belə bu şəklin tirajlanmasının arxasında başqa məqsədlər durur. Mühafizəkarlar islahatçılardan daha tünd olduqları üçün və islahatçıların da bunu qəşəng bildikləri üçün bu mövzunu yaxşı şişirtməyə müvəffəq oldular. Artıq mühafizəkarlar Rusiyaya qarşı sərt fikirlər söyləyirlər. Dediyim məqsəd isə İranın arasının yaxşı olduğu tək-tük dövlətlərdən biri olan Rusiya ilə arasının vurulmasıdır. Bu da İranın əsas nəfəsliklərindən birinin bağlanması ilə nəticələnə bilər. Bu isə dediyim kimi aranın pozulmasına gətirib çıxara bilər. Belə olacağı təqdirdə isə ölkədə vəziyyət daha da pisləşəcək, yəni mühafizəkarların onsuz da iqtisadi-siyasi problemlərlə yaşayan İranı düzəltməti alınmayacaq. Bu da islahatçıların əlinə fürsət verəcək ki, hökuməti haqlı olaraq tənqid eləsin və gələn seçkilərdə qalib gəlmə şanslarını artırsın. 

Aşağıdakı 1-ci şəkil 1943-cü ildə çəkilmiş şəkil, 2-ci şəkil dünən paylaşılmış şəkil, 3-cü şəkil isə 4 il bundan öncə çəkilmiş şəkildir.

Lap sonda isə sizə Obama ilə Ruhaninin seçkiqabağı təbliğat videorolikinin müqayisəsini təqdim edirik.






Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)